Siyasət

"Azadlıq" Rauf Arifoğlunu Ümid Partiyasına "keçirir"

1 İyul 2015 20:15
Baxış: 1 106

"Azadlıq" qəzeti növbəti dəfə "Yeni Müsavat" qəzeti, daha doğrusu, onun baş redaktoru haqda diqqətçəkən iddialar dərc edib. Belə ki, "Rauf Arifoğlu Müsavatı Ümidə dəyişir" başlıqlı yazıda baş redaktorun sözügedən partiyaya keçməsi haqda danışıqlar aparıldığı iddia olunub: "Bir neçə gün əvvəl "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu mətbuata açıqlamasında Müsavat Partiyasından istefa verməyə hazırlaşdığını bildirib. "Azadlıq"a daxil olan məlumata görə, Rauf Arifoğlunun qəfildən belə bir açıqlama verməsi təsadüfi deyil. Baş redaktor Müsavatdan istefa verəcəyini jurnalistika fəaliyyətilə izah etsə də, əslində başqa planı var. Bu plan verdiyi açıqlamadan çox əvvəl hazırlanıb".

Qəzetin iddiasına görə, Rauf Arifoğlunun deputat İqbal Ağazadənin sədrlik etdiyi Ümid Partiyasında hansı statusda təmsil olunacağı hələlik bəlli deyil: "Qaynağımız deyir ki, hazırda Rauf Arifoğlu əlindəki imkanlardan istifadə edərək, Ümid Partiyasının güclənməsinə çalışır. Hətta mühacirlərin də bu partiyanın ətrafında birləşməsinə cəhdlər var. Məlumatda bildirilir ki, bir müddət əvvəl İqbal Ağazadə və Rauf Arifoğlu məxsusi olaraq mühacirləri Ümid Partiyasını dəstəkləməyə razı salmaq üçün Avropaya səfər ediblər. İsveçdə mühacirlərlə görüş keçirilib. Almaniyada isə planlaşdırılan görüş baş tutmayıb. İddia olunur ki, bunun səbəbi Müsavat Partiyası rəhbərliyinin məsələyə müdaxilə etməsidir. Bildirilir ki, Rauf Arifoğlu və İqbal Ağazadə xüsusilə mühacirətdə olan müsavatçıları "ovlamaq" istəyib".

Baş redaktor isə musavat.com-a açıqlamasında "Azadlıq"ın haqqında yazdığı iddiaları birmənalı şəkildə rədd edib və deyilənləri qəzetin növbəti yalanı adlandırıb: "Azadlıq" qəzeti yazıb ki, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu guya Müsavat Partiyasından istefa verərək, "Ümid" Partiyasına üzv olacaq. Bu mətbu orqan həmişə olduğu kimi yenə də yalan yazıb. Mən Müsavat Partiyasında fəaliyyətimi dayandıracağım təqdirdə, hər hansı bir partiyaya üzv olmağı düşünmürəm".

Baş redaktorun birinci müavini və kiçik qardaşı Azər Ayxan qəzetimizə açıqlamasında dedi ki, sözügedən qəzet R.Arifoğlu haqda yalan xəbərlər yazmağa adət edib: "Bu məlumatlar da "Azadlıq"ın Rauf Arifoğlu haqda növbəti böhtan dolu yazısıdır. Orada qeyd olunan iddiaların heç biri həqiqəti əks etdirmir. Yazı başdan-ayağa şər-böhtanla doludur. Onların məqsədləri çoxdan aydındır. İstəyirlər ki, Rauf Arifoğlunun imicini ləkələsinlər və nüfuzuna xələl gətirsinlər. Belə plan və təxribatlarla arzularına çata bilməyəcəklər. Çünki bu, mümkünsüz məsələdir".

A.Ayxanın fikrincə, R.Arifoğlu təkbaşına bəzi müxalif partiyalardan daha nüfuzludur: "Onun qəzeti ilə birlikdə nüfuzu deyərdim ki, hazırkı Azərbaycan müxalifətindən dəfələrlə güclüdür. Şəxsən özü 5-6 partiya gücündə olan bir adamdır. Ona görə də hansısa qəzetin ona qarşı qarayaxma kampaniyası aparması təbiidir. Onu da deyim ki, bu cür nüfuzlu bir şəxsin gedib hansısa partiyada funksioner kimi fəaliyyət göstərməsi sadəcə olaraq, mümkün deyil. Üstəlik də, Rauf Arifoğlunun Müsavat kimi partiyadan sonra başqa bir təşkilata keçməsi düzgün olmaz. Bir daha təkrar edirəm ki, bu, Rauf bəyə qarşı onların öz aləmlərində açdığı davanın göstəricisidir və təxribatdan başqa bir şey deyil. Rauf Arifoğlunun əlində olan media gücü Azərbaycanın ümumilikdə müxalifətinin imkanlarından qat-qat artıqdır. Onun sırf bir media patronu olaraq nüfuzu partiya sədri statusundan dəfələrlə yüksəkdir və təsiredici gücə malikdir. Faktiki olaraq "Azadlıq"ın bizə qarşı pis münasibəti səngimək bilmir. Bunun özü göstəricidir".

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı söylədi ki, mövzudan xəbəri yoxdur: "Qəzetin irəli sürdüyü iddiaları oxumamışam deyə, məsələdən bixəbərəm. Düşünürəm ki, bizim bu məsələyə şərh verməyimiz, münasibət bildirməyimiz doğru olmaz. Məncə, bu barədə danışmağa yalnız Rauf Arifoğlunun özünün haqqı çatır. Əslində onun fikirləri, etmək istədikləri haqda şərh verməyimizin anlamı yoxdur. Hər bir şəxs müstəqildir və atdığı hər bir addıma özü müstəqil şəkildə qərar verir. Biz bu məsələni heç partiyada da müzakirə etməmişik. Çünki heç bundan xəbərimiz yox idi. İlk dəfə bu haqda sizdən eşitdim".
Ümid Partiyası İcra Aparatının rəhbəri Taleh Əliyev isə məsələni qabartmaq istəmədiklərini dedi: "Mövzunu "Azadlıq" qəzeti ortaya atdığına görə bu haqda danışmağa ehtiyac görmürük. Bu barədə Rauf bəyin özünün danışmağı düzgündür və o özü də artıq deyilənlərin həqiqət olmadığını açıqlayıb. Düşünürəm ki, həmin şəxs özü təkzib veribsə, artıq hər şey aydındır. Bizim üçün belə bir məsələni məlum mətbuat orqanının qabartması kifayət edir ki, bu barədə danışmayaq. Belə ki, mövzunun çox da üstünə getməyə, münasibət bildirməyə ehtiyac olduğunu düşünmürük. Onların xeyli vaxtdır münasibətləri ortadadır. Sadəcə, onu deyə bilərəm ki, Rauf Arifoğlu ilə İqbal Ağazadə arasında çox yaxşı, yaxın dost münasibətləri var. "Yeni Müsavat" qəzeti ilə Ümid Partiyasının da münasibətləri çox yaxşıdır. Düşünürəm ki, bu münasibətləri bir partiya çərçivəsində təsəvvür etmək doğru deyil. Hər iki böyük şəxsin bir-birinə hörməti sonsuz və qarşılıqlıdır. Münasibətlərin daha da möhkəmlənməsi üçün Rauf bəyin Ümiddə olub-olmaması önəm daşımır. Bu mövzu partiyada da müzakirə olunmayıb. "Azadlıq" qəzetinin mövqeyi bəllidirsə, onun dediklərinin müzakirəsi mümkün deyil. İnanıram ki, hamı bunun yanlış məlumat olduğunu bilir".

Kaspi.az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.