Siyasət

"Prezidentin "Rədd olsunlar bizim torpaqlardan" sözləri bizim üçün göstərişdir" - FOTO

1 İyul 2015 11:47
Baxış: 1 190

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən yeni tikilərək müasir avadanlıqlarla tam təchiz edilən növbəti hərbi hissə istifadəyə verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirilyin rəhbərliyi cəbhəboyu zonada yerləşən hərbi hissənin açılışında iştirak edərək yeni inşa edilən qərargah, əsgər yataqxanaları, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana, qazanxana kompleksi və digər obyektlər ilə tanış olub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov yeni hərbi hissənin açılışı münasibətilə şəxsi heyət qarşısında çıxış edib. Nazir Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.

"Bu, növbəti dəfə Azərbaycan dövlətinin iqtisadiyyatının qüdrətinin təsdiqi və Silahlı Qüvvələrə göstərilən qayğının nəticəsidir.

Bir neçə gün əvvəl Hərbi Dəniz Qüvvələrinin yeni bazasının açılışını həyata keçirdik. Bu Xəzər dənizində müasir qurğu və avadanlıqlarla təmin edilmiş ən böyük hərbi-dəniz bazasıdır. Təntənəli açılış mərasimində çıxış edən prezidentimiz Silahlı Qüvvələrin fəaliyyətinə yüksək qiymət verdi. O, qeyd etdi ki, ordu gündən-günə inkişaf edir, döyüş hazırlığını artırır və nizam-intizam möhkəmlənir. Dövlətimizin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələr ən müasir döyüş texnikası, silah və sursatla təmin olunur. Bu gün Silahlı Qüvvələrimiz Azərbaycan xalqının və dövlətimizin etimadını doğrultmaq məqsədilə döyüş hazırlığını artırmaq və xidməti yüksək səviyyədə təşkil etməklə işğal olunmuş torpaqlarımızın azad edilməsi vəzifəsini yaxın vaxtda həyata keçirməyə qadirdir.

Prezidentin birmənalı şəkildə dediyi "Rədd olsunlar bizim torpaqlardan. Əgər erməni əsgəri ölmək istəmirsə, Ağdama, Füzuliyə gəlməsin" sözləri bizim üçün bir göstərişdir və biz bunu layiqincə yerinə yetirməliyik. Çünki bunu bizdən Azərbaycan xalqı gözləyir, Ali Baş Komandan tələb edir", - deyə nazir bildirib.

Şəxsi heyət təntənəli marşla tribuna önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar ediblər.

Sonra müdafiə naziri hərbi hissədə işlə təmin olunmuş mülki qulluqçularla söhbət edib, müvafiq göstəriş və tövsiyələrini verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.