Siyasət

Gürcüstanın bu hərəkəti Azərbaycana hörmətsizlikdir

1 İyul 2015 10:44
Baxış: 1 306

"BMT Baş Assambleyası Gürcüstanın işğal olunmuş ərazilərindəki qaçqın və məcburi köçkünlərin vəziyyətinə dair qətnamə qəbul etdi. Ötən il də təxminən bu məzmunda qətnamə qəbul edilmişdi. Bununla BMT Baş Assambleyasında Gürcüstanı dəstəkləyən dövlətlərin sayı artıb".

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, diqqət çəkən məsələ odur ki, Ermənistan BMT Baş Assambleyasında (BA) səsvermə zamanı Gürcüstanın əleyhinə səs verdi: "Buna baxmayaraq, bu fakt Gürcüstan-Ermənistan münasibətlərinə təsir etmədi. Əgər təsiri varsa da, bu təsir Gürcüstanın Ermənistana daha da yaxınlaşması ilə xarakterizə oluna bilər. Ermənistanda səfərdə olan Gürcüstanın ədliyyə naziri T.Sulukiani və cəzaların icra olunması və probasiyası naziri Q.Mqeribişvili "erməni soyqırımı" abidəsini ziyarət etdilər. Gürcü nazirlər erməni həmkarları ilə cinayət icra sahəsində əməkdaşlıq barədə memorandum imzaladılar. Ermənistan prezidenti onları qəbul etdi. Gürcü nazirlərin fikrincə, Ermənistan və Gürcüstanın yeganə silahı güclü demokratiyadır. Hər iki ölkənin nazirləri əməkdaşlıqlarının gələcəkdə regional əməkdaşlığa çevriləcəyini bildirdilər. Başqa sözlə, onların fikrincə, Azərbaycan da bu əməkdaşlığa qoşulacaq".

M.Əhmədoğlu hesab edir ki, Ermənistan müdafiə nazirinin müavini Y.Xaçaturov NATO çərçivəsində keçirilən tədbirlərdə iştirak məqsədi ilə Tbilisidə oldu: "Onu prezident Q.Marqvelaşvili və baş nazir İ.Qaribaşvili yüksək təntənə ilə qəbul etdilər. İki ölkənin təkcə hərb sahəsində əməkdaşlığını deyil, bütün sferaları müzakirə etdilər.

AŞPA-da Azərbaycanda demokratik institutların durumuna dair məsələ müzakirə olunarkən isə Gürcüstanın bəzi deputatları Azərbaycanın mövqeyini müdafiə etmədilər. Bu mövzuda Azərbaycan mətbuatında gedən yazıya "Vahid Milli Hərəkat"ın (rəhbəri eks-prezident M.Saakaşvili) təmsilçiləri dərhal reaksiya verdilər: "Vahid Milli Hərəkat" Azərbaycanın mövqeyini müdafiə edir və sonadək Azərbaycanla birlikdə olacaq".

Politoloqun fikrincə, osetinlərlə ermənilərin tarixi dostluğu, Şimali Osetiyanın paytaxtı Vladiqafqazda çoxsaylı erməninin yaşaması, Şimali Osetiya ilə Ermənistan ərazilərinin coğrafi baxımdan yaxınlığı ideyaları yenidən aktuallaşdırıldı: "Şimali Osetiya coğrafi baxımdan Ermənistana yaxındırsa, deməli, Cənubi Osetiya daha yaxındır. Bu ideyaların hamısının ikili mənası var. Bu Gürcüstanın ziyanınadır.

Beynəlxalq aləm ərazi bütövlüyü prinsipini dəstəkləməyə yeni stimul verdi. Aİ-nin Riqa sammiti Şərq tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünə dəstəyin zəruriliyini vurğuladı. Azərbaycan, Gürcüstan və Ermənistan Şərq tərəfdaşlığı proqramının üzvləridir. G-7-nin Almaniya sammiti dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipinə dəstək verilməsinə vacibliyi vurğuladı. Dövlətlərin ərazi bütövlüyünə dəstək G-7 sammitinin yekun sənədinin həm preambula, həm də "Xarici siyasət" bölmələrində yerləşdirilib. Sammitin yekun sənədində dünyada olan münaqişələrin həll edilməmiş qalmasını beynəlxalq hüquq prinsiplərinin erroziyası kimi qəbul olunur. Gürcüstan isə onun ərazi bütövlüyünə hörmət etməyən Ermənistanla əlaqələri daha da genişləndirir. Gürcüstanın bu hərəkəti Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir. İlk növbədə isə Gürcüstan özünün ərazi bütövlüyünə hörmətsizlik edir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.