Siyasət

Bu bədbəxt ölkənin halı nə olacaq? - FOTO

1 İyul 2015 10:25
6 Şərh     Baxış: 1 881

Bu günlər yunan iqtisadiyyatının və əslində isə avrozonanın gələcəyi həll olunur.

5 iyul tarixinə təyin olunmuş referendumda yunanlar yeni kreditlərin verilməsi müqabilində beynəlxalq kredit təşkilatlarının ölkə qarşısında qoyduğu şərtləri qəbul edib-etməmək barədə qərar verməlidirlər. Baş nazir Aleksis Tsipras özü ölkə vətəndaşlarını bu sərtlərə yox deməyə çağırır, Avropa liderləri isə deyirlər ki, yunanlara avrozonada qalıb-qalmamaq barədə qərar vermək təklif olunub. Beləliklə, hadisələr necə inkişaf edə bilər?

Son dəqiqədə saziş əldə olunur

Kredit verən təşkilatlar, o cümlədən avrozona ölkələri, Belnəlxalq Valyuta Fondu bə Avropa Mərkəzi Bankı siyasi sazişin bağlanmasına nail olunmasını və Yunanıstanın borclarını ödəməklə avrozonada qalmasına üstünlük verir.

Lakin belə sazişin əldə olunması üçün şans çox azdır, çünki onda Yunanıstan növbəti kredit alıb çərşənbə axşamı gecə yarısına kimi 1.6 milyard avro dəyərində Beynəlxalq Valyuta Fonduna borcu qaytarmalıdır.

Bəzi məlumatlara görə, Avropa Komissiyasının sədri Jan-Klod Yunker bazar ertəsi axşam Yunanıstanın baş nazirinə axırıncı təklifini edib, bir şərtlə ki, o, referendumda səs verənləri kredit verən təşkilatların təklifini dəstəkləməyə çağırsın. Lakin Afinanın ilkin cavabı mənfi olub.

Belə bir sazişin bağlanması üçün avrozonaya üzv ölkələr əvvəlcə Yunanıstana axırıncı dondurulmuş kreditinin verilməsinə razılıq verməlidir. Bu kreditin verilməsinin bərpa tarixi də çərşənbə axşamı bitir.

Lakin Yunanıstanın avrozonada qalıb-qalmamaq məsələsi yalnız bundan asılı olsaydı, çox güman ki, avrozona üzvü olan ölkələr bu kreditin verilməsinə, bəlkə, tərəddüd edər, amma dəstək verərdilər. Və bu halda onların bəziləri öz ölkələrinin parlamentlərinin müqaviməti ilə üzləşə bilərdi.

"Hə" desələr...

Bu məqsədə nail olmağın başqa yolu da var, yəni Yunanıstanda bazar gününə təyin olunmuş referendumun nəticələrinə görə bu şərtlər dəstəklənir. Bununla belə, yuxarıda qeyd olunan sazişin bağlanması üçün elə həmin çətinliklər aradan qaldırılmalıdır. Referendumda "yox" deməyə çağıran Tsiprasın "Siriza" partiyası üçün isə bu əlavə siyasi problemlərin əmələ gəlməsi deməkdir.

Bu solçu partiyanı koalisiya partnyorları, milliyətçi Müstəqil Yunanlar Partiyası və ultrasağçı "Qızıl Sübh Çağı" partiyası dəstəkləyir. Bu arada isə, əsas müxalifət partiyaları, misal üçün, Yeni Demokratiya, "hə" deməyə çağırir (BBC).

Bu yaxınlarda keçirilən ictimai rəy sorğusu göstərib ki, yunanlar avrozonadan çıxmağa yox, əsasən saziş bağlanmasına meyllidirlər. Lakin bu sorğular referendum elan olunmamışdan əvvəl keçirilib.

Bu iki ssenarinin ümumi problemi ondan ibarətdi ki, əgər "Siriza" partiyasının dominantlıq təşkil etdiyi hökumət avrozona üçün yararlı iqtisadi proqram haqqında qərar versə belə, başqa ölkələri bu proqramın həyata keçirilməsinə inandırmaq lazımdır.

Əgər referendumda "yox" nəticəyə ümid bəsləyən baş nazir Tsipras bu səsverməni uduzsa, onun nüfuzuna çox böyük zərbə dəyəcək və o istefa verə bilər.

"Yox" nəticəsi və xaotik çıxma

Bu ssenari qeyri-müəyyənlik və böhranla səciyyənələcək, finalda Yunanıstan avrozonanı tərk edəcək və yəqin ki, milli valyuta drahma dövriyyəyə buraxılacaq.

Bu proses çox xaotik ola bilər. Çox güman ki, Avropa Mərkəzi Bankı yunan banklarının hamısına, bəlkə də, çox hissəsinə, ödəmək iqtidarında olmadıqları üçün kredit verilməsinə qadağa qoyacaq.

Bundan qabaq bank hesablarından istifadəsinə məhdudiyyətlərin qoyulması kimi tədbirlər ola bilər ki, bu da artıq özünü biruzə verir. Bu böhran vəziyyətində olan yunan iqtisadiyyatı üçün çox ağrılı bir addım olacaq.

Bank sistemini dirçəltmək üçün hökumət milli valyutanın emissiyası barədə qərar qəbul etməlidir. Bu ya elektron formasında, ya da nəqd pul formasında ola bilər.

Bəs bərpa olunmuş drahmanın aqibəti necə olacaq? Ümumi rəyə görə, o tez bir zamanda dəyərini itirəcək. Bu, inflyasiyaya gətirib çıxara bilər, çünki idxal qiymətləri artacaq. Kontraktlarla bağlı maliyyə baxımından çətinliklər yaranacaq, yəni hansı valyutanı işlətməli: drahma, yaxud avro?

Ola bilər ki, hökumət tez bir zamanda qanunvericiliyə düzəlişlər etməli olsun ki, vəziyyətə nəzarət edə bilsin.

"Yox" nəticəsi və şərtlərlə çıxma

Yunanıstanın avrozonanı razılaşdırılmış şərtlər əsasında tərk etməsi variantlardan biri ola bilər. Bu bir balaca xaotik olmaya bilər. Lakin bank müştəriləri üçün bu yenə də əmanətlərin drahmaya konvertasiyası deməkdir.

"Yox" nəticəsini özündə ehtiva edən hər iki ssenari Yunanıstanın Avropa Birliyində üzvlüyünü açıq saxlayır. 2009-cu ildə Avropa Mərkəzi Bankının hüquqşünaslarından biri deyib ki, "üzv ölkələrindən birinin iqtisadi valyuta birliyini tərk etməsi eyni zamanda Avropa Birliyindən də çıxması olmadan qanunvericilik baxımından mümkün görünmür".

Bəs əgər Yunanıstan Avropa Birliyini tərk etmək istəməsə? Bir ölkənin Avropa Birliyindən çıxarılması proseduru işlənməyib, həm də başqa ölkələr istəməzlərmi ki, o avrozonanı tərk edəndən sonra heç olmazsa Avropa Birliyində qalsın?

Əlbəttə, Avropa Birliyinə üzvlük sazişini dəyişdirmək olar, lakin bu mürəkkəb bir prosesdir və çox maneələri var. Bu sıraya üzv ölkələrin çoxunda referendumlar keçirilməsi daxildir.

Başqa tərəfdən, şübhəli hüquqi bazaya fikir vermədən köhnə qayda ilə yaşamağa davam etmək də olar.

Bu baş verə biləcək ssenarilərin qisa bir siyahısıdır. Başqaları da ola bilər. Lakin Yunanıstanın bunlardan hansını seçməsindən asılı olmayaraq, indiki böhrandan asan və tez çıxış görünmür.

"Grexit" qaçılmazdırmı?

Yunanıstan bankları bağlanıb, bankomatlardan nəğd pulun çıxarılmasına sərt məhdudiyyət qoyulub.

Ölkə iyunun 30-da Beynəlxalq Valyuta Fonduna (BVF) 1.5 milyard avro borcu qaytarmalı olduğu halda, Yunanıstan hökuməti defolt elan etməyə hazırlaşır.

İyulun 5-də BVF və Aİ-nın yardım paketinin şərtlərinə dair ölkədə referendum təyin olunub.

Baş nazir Aleksis Tsipras sərt qənaəti nəzərdə tutan həmin yardımın şərtlərinə əhalini referendumda "yox" deməyə çağırıb.

Avropa Mərkəzi Bankı (ECB) Yunan banklarına təcili maliyyə yardımının göstərilməsi müddətini uzatmayacağını bildirib.

Yunanıstanda referendum bu həftənin bazar günü keçiriləcək.

Yunanıstanın avro məkanından çıxmağının "Grexit" adı verilmiş riski artmaqdadır.

BVF Yunanıstanın "borcu" qaytarmaq möhlətinin texniki cəhətdən artıq bitdiyini bildirib.

İyunun 30-da eləcə də Yunanıstana iqtisadi yardım paketinin də müddəti başa çatır.

Kreditorlar tərəfindən maliyyə yardımı ölkəyə son dəfə 2014-cü ilin avqustunda göstərilmişdi.

Aİ və BVF-in 7.2 milyard avro məbləğində yekun tranşı Yunanıstan üçün həyati əhəmiyyət daşıyır.

Tsipras hökumətinin kreditorlarla yanvar ayından davam edən danışıqları nəticə verməyib.

Yunanıstan yardım göstərilməsi müddətinin iyunun 30-dan sonra da uzadılmasını istədiyi halda avropalı kreditorlar buna rədd cavabı veriblər.

Bankların qarşısında pul çıxarmaq üçün növbələr yaranıb. Limit 60 avrodur.

Son günlərdə yunanlar banklardakı hesablarından nəğd pul çıxarmağa tələsdikləri bir vaxtda, ECB Yunan banklarına təcili maliyyə yardımı proqramını (89 milyard avroluq Təcili Likvidlik Yardımı - ELA) uzatmayacağını bildirib.

Yunanıstan hökuməti əhalini avropalı kreditorların islahat keçirmək şərtinə referendumda "yox" cavabını verməyə çağırıb.

Nəticədə ölkə defolta yaxınlaşıb.

Defolt avrozonadan çıxmaq deməkdirmi?

Avrozonanı tərk etmək presedenti indiyə qədər olmayıb və bunun necə baş verdiyini heç kim bilmir.

Lakin 5 iyul referendumunda yunanlar "yox" desələr, bu, Yunanıstanı çıxmaq ssenarisinə sürükləyə bilər.

Baxmayaraq ki, Yunanıstan maliyyə naziri deyir ki, 5 iyul referendumu "Grexit" demək deyil.

ECB vitse-prezidenti Vitor Konstansio hələ aprel ayında deyib ki, Yunanıstan borcunu hətta qaytara bilməsə belə, ölkənin avrozonadan çıxmasını tələb edən qanunvericilik mövcud deyil.

Yunanıstan məcburi defolta düşəcəyi halda ölkə drahmaya qayıtmalı olacaq, beynəlxalq bazarlardan təcrid olunmuş vəziyyətə düşəcək.

Yunanıstana xarici valyuta qazandıran əsas sahələrdən biri olan turizmə ağır zərbə vurulacaq, işsizlik səviyyəsi kəskin artacaq.

Bəzi iqtisadçılar hesab edirlər ki, ölkənin drahmaya qayıdışı Yunanıstan iqtisadiyyatına xeyir verə bilər, lakin qısa zaman kəsiyində bu addımın müsbət nəticə verəcəyinə ümid bəsləməyə dəyməz.

Yunanıstan defoltla avrozonada qala bilərmi?

Nəzəri cəhətdən bu mümkündür, ölkənin avrozonada qalması üçün müəyyən razılıq əldə oluna bilər.

Yunanıstandakı rəy sorğuları əhalinin sərt iqtisadi tədbirlər əleyhinə olduğu qədər də ölkənin avrozonada qalmasını arzuladığını göstərir.

Bu baxımdan referendumda "hə" cavabı verənlərin üstünlük təşkil edəcəyi variantı istisna olunmur.

Bəzi iqtisadçılar hesab edirlər ki, Yunanıstan üçün ən yaxşı çıxış yolu "idarə olunan defolt" ola bilərdı.

Bu istiqamətdə artıq ilk addımlar atılıb - misal üçün, kapitalın ölkədən axınının qarşısı alınıb, bankomatlardan nəğd pulun çıxarılmasına məhdudiyyət qoyulub.

Lakin digər iqtisadçılar hesab edirlər ki, son nəticədə bu variant da Grexit-ə aparır.

Yunanıstan böhranı yoluxucu ola bilərmi?

Aİ Yunanıstanın üzləşdiyi problemlərin Avropa İttifaqının digər dövlətlərinə yayılmaması üçün tədbirlər görməyə çalışır.

Lakin BVF xəbərdarlıq edib ki, qalan Aİ ölkələri üçün Yunanıstana görə yaranmış risklər qüvvədə qalmaqdadır.

Grexit barədə söhbətlər davam etdikcə, bazarlarda həyəcan da artmaqdadır.

Yunanıstanın defoltu ECB üçün böyuk itki demək olacaq - Avropa Mərkəzi Bankı Yunanıstan banklarına artıq 118 milyard avro həcmində borc verib, daha 20 milyard avro isə Yunanıstan hökumətinin buraxdığı bondların alınmasına xərcləyib.

Lakin iqtisadi bazarlardan daha vacib olan bir məsələ var: Avropanın öz ölkələrində avro əleyhinə hərəkatlarla üzləşmiş bir neçə hökuməti Yunanıstanda hadisələrin inkişafını həyəcanla izləyir.

Və...

Yunanıstanın borclarına nəzər salaq:

1. Ölkənin ümumi borcu - 320 milyard avro

2. Avropa Birliyindən alınmış təcili maliyyə yardımı paketinin dəyəri - 240 milyard avro

3. Yunanıstanın xarici dövlət borcunun ümumdaxili məhsula olan nisbəti - 177 faiz

3. 2010-cu ildən bəri ümumdaxili məhsulun geriləməsi - 25 faiz

4. Yunanıstanda işsizliyin rəsmi orta statistik səviyyəsi - 26%.

Orxan Hun

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.