Siyasət

Robert Sekutaya ABŞ-da bəzi qurumların Azərbaycan əleyhinə fəaliyyətindən narazılıq çatdırıldı

29 İyun 2015 19:45
Baxış: 488

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Robert Lopes və səfirliyin siyasi işlər üzrə müşaviri Deniel Slaşerlə görüş keçirilib.

Milli.Az bildirir ki, Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Şura sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi təşkilatın vətəndaş cəmiyyəti institutlarının güclənməsi istiqamətində həyata keçirdiyi tədbirlər və QHT-lərə verilən maliyyə yardımı haqqında ətraflı məlumat verib.

ABŞ-ın ölkəmizdəki səfiri R.Sekuta Azərbaycanın I Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdiyini, xüsusilə də könüllülərin fəallığının təqdirəlayiq olduğunu qeyd edib. Diplomat ikitərəfli münasibətlərin perspektivləri haqqında danışıb və ABŞ-ın Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə müxtəlif sahələr üzrə çoxsaylı layihələr icra etdiyini deyib. R.Sekuta bundan sonra da ABŞ-Azərbaycan münasibətlərinin müsbət məcrada inkişafı üçün bütün potensialını sərf edəcəyini bildirib.

Səfir Azərbaycanın QHT qanunvericiliyinə edilən son əlavə və dəyişikliklərlə bağlı məlumat almaq istədiyini qeyd edib.

A.Quliyev qanunvericiliyə edilmiş dəyişikliklərin mahiyyəti haqqında danışaraq parlamentin bu addımının ictimai sektorda şəffaflığın və hesabatlılığın artmasına, mövcud resurslardan səmərəli istifadənin təmin edilməsinə və qanunsuz fəaliyyətin vaxtında aşkarlanmasına xidmət etdiyini bildirib.

Şura sədri son zamanlar ABŞ-da bəzi qurumların Azərbaycan əleyhinə fəaliyyətindən narazı qaldığını da qonağın diqqətinə çatdırıb. A.Quliyev təəssüflə bildirib ki, ABŞ-ın dövlət büdcəsindən maliyyələşən bir sıra QHT və media orqanları açıq şəkildə Azərbaycan haqqında mənfi rəy yaratmaq və qərəzli məlumatlar yaymaqla məşğuldurlar. O, ABŞ Dövlət Departamentinin "İnsan haqlarının durumu haqqında 2014-cü il hesabatı"nda Azərbaycanla bağlı qeyd olunan bir çox məqamlara da toxunaraq konkret faktlarla onların həqiqəti və reallığı əks etdirmədiyini qeyd edib.

Sonda hər iki tərəf qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.