Siyasət

Oyunlar bitdi. Kim nəylə yadda qaldı?

29 İyun 2015 17:20
Baxış: 1 673

Hə, gəlib çıxdıq sona. 1-ci Avropa Oyunları uğurla başa çatdı. Yaddaqalan oldu. Xoş bir bayram əhvalında keçdi bu oyunlar. Hər kəs məmnun qaldı. İstər xarici qonaqlar, istərsə də idmançılar və cəlb edilmiş bütün heyət bu oyunların xoş xatirəsini uzun müddət yaşadacaq.

Hər işdə olduğu kimi bu işdə də kimin nə ilə yadda qaldığı, kimin hansı əməlilə diqqət çəkdiyi, yəqin ki, müzakirə edilməlidir. Müzakirə edilməlidir ki, gələcəkdə təcrübə olaraq işimizə yarar.

Biz oyunlardan öncə də qeyd edirdik ki, çox möhtəşəm bir idman bayramı gözləyirik. Haqlı çıxdıq. Sözün həqiqi mənasında möhtəşəm alındı.

İyunun 12-də açılış mərasimindən dərhal sonra təkcə bu 2 saatlıq tədbir dünyaya səs saldı. Müqayisələr aparıldı və yüksək səviyyəli mütəxəssislər açılışı 2012-ci ilin London Yay Olimpiyadasıyla tutuşdurub "London+" qiymətini verdilər. Hərçənd 1-ci Avropa Oyunları Olimpiyada deyildi. Amma Olimpiyadadan belə yüksək səviyyədə təşkil edilmişdi.

Oyunların ayrı-ayrı idman məkanlarında təşkili, tamaşaçı marağı, dünya mediasının geniş işıqlandırması da öz yerində idi. Bəzi dairələrin qanqaraldıcı cəhdləri olsa da heç nə dəyişmədi, hər şey plan üzrə getdi və oyunlar qüsursuz şəkildə baş tutdu.

Qapanış tədbiri də öz möhtəşəmliyilə diqqət çəkdi. Açılışın səs-sorağı o qədər geniş yayılmışdı ki, qapanış üçün biletlər bir neçə günün içində satılıb qurtarmışdı. Ölkə içindən də, xaricdən də bu möhtəşəm tədbirə can atanların bir çoxu bilet tapa bilmədiyi üçün arzusunu gerçəkləşdirə bilmədi. Amma təşkilatçılar alternativ olaraq Bakı Bulvarında geniş ekranda canlı yayım verməklə bu insanlara yardımçı oldular. Təbii ki, bir çox xarici TV kanalların da canlı yayıma qoşulması milyonlarla insanın bu bayrama şahidlik etməsinə şərait yaratdı.

Rəsmi rəqəmlərə görə, bu oyunları TV kanalları vasitəsilə ümumilikdə 1 milyarda yaxın insan izləyə bildi. Açığı, Azərbaycan kimi kiçik bir ölkə üçün olduqca nəhəng rəqəmdir.

Ümumi qənaətimiz budur ki, oyunların təşkili və icrası ən yüksək səviyyədə, qüsursuz həyata keçirildi. Hər kəs üzərinə düşən vəzifəni artıqlamasıyla yerinə yetirdi, kimsə özünü kənara çəkmədi. Bir millət olaraq bu oyunların gerçəkləşməsində ən yüksək səviyyədə birlik və bərabərlik nümayiş etdirə bildik.

1-ci Avropa Oyunlarının ən yüksək səviyyədə təşkilində rolu olan hər kəsə təşəkkür düşür.

Sırasıyla adlarını qeyd edək.

Təbii ki, hamıdan öncə ölkə rəhbəri olaraq Prezident İlham Əliyevə təşəkkür düşür. Qətiyyət və təmkinlə bu oyunların keçirilməsi üçün iradə nümayiş etdirdiyinə, eyni zamanda son anadək bütün proseslərin önündə olduğuna görə.

1-ci Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri, ölkənin 1-ci Xanımı Mehriban Əliyeva bu qədər mükəmməl təşkilatçılığıyla bir daha göstərdi ki, ona göstərilən etimad heç bir zaman təsadüfi olmayıb. Məhz 1-ci Xanımın təşkilatçılıq bacarığı, yorulmaz fəaliyyəti, həm də təcrübəsi bu oyunların bu qədər yüksək səviyyədə təşkilində ən önəmli amil rolunu oynadı. Əlbəttə, təşəkkür edirik.

Azərbaycanın gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov öz komandasıyla ən uyğun şəkildə üzərinə düşən vəzifələri yerinə yetirə bildi. Onun məsuliyyət dairəsinə daxil olan bütün məsələlər də heç bir qüsursuz həllini tapdı və bu işinə görə cənab nazirə böyük təşəkkür düşür.

Patrik Hikki. Bu şəxs də Avropa Oyunlarının təşkilinə öz damğasını vurmuş əsas fiqurlardan biridir. Təmkinli davrandı, çalışqanlığıyla diqqət çəkdi, təxribatlardan ustalıqla yayına bildi. Təcrübəsi və öz işinin ağası olmaq bu şəxsin də işinə görə ən yüksək təşəkkürə layiq olduğunu göstərir.

BAOƏK-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq öz çevik və intizamlı komandasıyla hər kəsin təqdirini qazana bildi. O da digər məsul şəxslər kimi bu oyunların yüksək səviyyədə baş tutmasında öz damğasını vurmaqla təşəkkür haqqı qazanmışdır.

Ən böyük təşəkkürlərdən biri də minlərlə könüllüyə düşür. Bu gənclər ordusu gecəli-gündüzlü çalışıb çoxu Azərbaycana ilk dəfə gəlmiş idmançıları, qonaqları məmnun edəcək xidmət göstərdilər. Bizdə olan məlumatlar gənclərimizin, ümumilikdə könüllülərimizin mükəmməl xidmət göstərdiyi yönündədir.

Ayrı-ayrı xidmətlərə məsuliyyət daşıyan dövlət qurumları, vəzifəli şəxslər mümkün olan hər şeyi etməyi bacardılar. Biz bir daha hiss edə bildik ki, güclü bir Azərbaycan dövlətinin vətəndaşıyıq. Xoş oldu bizim üçün. Sevindik. Sevindik ki, bu qədər mükəmməl, dünyanın oturuşmuş dövlətlərinin belə qibtə edə biləcəyi mütəşəkkillik məhz bizim ölkəmizdə var.

Oyunların açılışına qədər olan dönəmdə bəzi dairələrin xalqla hakimiyyət arasında uçurum yaratmaq üçün zəif də olsa cəhdlər etdilər. Amma alınmadı. Nəinki alınmadı, bu oyunlar hazırkı hakimiyyətlə xalqın birliyinin ən yüksək səviyyəsini bir daha təsdiq etdi. Vətəndaş öz dövlətinə, onun rəhbərinə güvənini bir daha sərgiləmiş oldu bu oyunlar zamanı.

Oyunların açılışını belə gözdən salmaq istəyənlər sonrakı günlərdə özləri də bilmədən Bakıdakı nizam-intizamdan yazmağa başladılar.

Hətta ölkəyə guya heç bir xarici turistin gəlmədiyini iddia edib də qarayaxmalarla məşğul olanlar sonrakı günlərdə hesablamalar aparıb sübut etməyə çalışdılar ki, Bakının bütün otelləri dolub-daşır. Özləri özlərini dolaşdırdılar. Başlarını itirmişdilər. Qüsur axtarıb tapa bilməyəndə dünən dediklərini unudub bu gün onun tamam əksini tirajlamaqla əməllərinə sadiq qalmağa çalışdılar. Amma yenə də alınmadı. Çünki hər şey göz qabağında idi, heç bir gizli əməl yox idi.

Bu oyunları gözdən salmaq üçün çalışanlar ortalıqda ala qarğa kimi göründülər. Kiçik bir qrup idilər. Qan qaraltmaq üçün hətta qəzaya uğramış bir idmançının ölüm xəbərini də uydurdular. Düzdür, sonradan utanmadan bu yalan xəbəri başqalarının adına yazıb təkzib də verdilər. Amma yenə də ala qarğadan başqa bir şey olmadıqlarını gizlədə bilmədilər.

Bu ala qarğaların da daxil olduğu kiçik qrup oyunların davam etdiyi hər gün ərzində bayquş kimi xarabalıq axtardı. Gözəlliklər gözlərini deşsə də zibilliklər üçün eşələndilər. Amma bu xəbis niyyətləri içlərində qaldı. Nə bir xarabalıq, nə də bir zibillik tapa bilmədi bu ünsürlər.

Hər kəs öz əməlilə yadda qaldı 1-ci Avropa Oyunları zamanı. Kimisi (mütləq çoxluq) bu ümumxalq, ümumölkə təntənəsinə ürəkdən sevindi, bütün emosiyalarıyla, sevinc göz yaşlarıyla Azərbaycanın uğurunu öz uğuru kimi qəbul etdi, kimisi də (3-5 adam) qəhr oldu, həzm edə bilmədi, özünü daşa-divara çırpdı ki, bəlkə bir şey çıxa. Çıxmadı.

Biz oyunları bitirdik. Alnımızın ağıyla bitirdik. Prezident başda olmaqla hər bir insanımız mümkün olandan da artığını etdi ki, kimlərinsə dilinə düşməyək. Düşmədik. Göstərdik ki, biz bacararıq.

Biz Avropaya göstərdik ki, Avropalıyıq. Biz həm də onu göstərdik ki, bir Avropalı kimliyilə bərabər özümüzə xas milli kimliyimizi də ayaqda tutmaq fikrindəyik.

Biz biz olduğumuzu göstərdik, indi sıra Avropadadır.

Azər Həsrət
[email protected]

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.