Siyasət

Əli Həsənov: "Jurnalistlərimiz müstəqil şəkildə qərəzli yazılara tutarlı cavab verə bilirlər"

29 İyun 2015 13:07
Baxış: 549

Bu gün Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Milli Mətbuatının 140 illik yubileyinə həsr olunan "Azərbaycan Milli Mətbuatı-140: "Əkinçi" ənənələri və müasir jurnalistika" mövzusunda elmi-praktik konfrans keçirilib.

Trend-in məlumatına görə, konfransı açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov ilk olaraq I Avropa Oyunlarının çox uğurla baş tutduğunu xatırladıb: "17 gün ərzində baş verən yüksək nailiyyətlərin mediada düzgün işıqlandırılması "Əkinçi" qəzetindən bu günə qədər davam edən uğur idi. İştirak edən dövlətləri bir tərəfə qoyub, digərlərinə bütün baş verənləri nümayiş etdirmək düşünən qədər asan deyil. I Avropa Oyunları da bu baxımdan gözəl şərait idi. Odur ki, dövlətçilik fikirlərini dünyaya düzgün şəkildə çatdırmaq lazım idi. Sevindirici haldır ki, bunun da öhdəsindən layiqincə gələ bildik. Bir sözlə, Azərbaycan bu gün Avropa müstəvisində özünü çox gözəl nümayiş etdirə bildi".

Rektor, həmçinin Azərbaycanın yenidən müstəqiliyinə qovuşduqdan sonra demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən ölkədə söz və mətbuat azadlığının təmin edilməsindən, KİV-in sərbəst fəaliyyətinə yaradılan şəraitdən danışıb.

O deyib ki, ümummilli lider Heydər Əliyevin fərman və sərəncamları ilə mətbuatın maddi-texniki bazası, iqtisadi müstəqilliyi daha da gücləndirilib, jurnalistlərin azad fəaliyyəti üçün əlverişli şərait yaradılıb: "Azərbaycan mətbuatının kadr hazırlığı, elmi müstəvidə mətbuatın formalaşdırılması əsas məsələlərdəndir ki, bizim universitetdə bu istiqamət hər zaman əsas götürülüb".

Əksər KİV nümayəndələrinin BDU-nun yetirmələri olduğunu deyən A. Məhhərəmov çıxışının sonunda mətbuat işçilərini təbrik edib.

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkə başçısı İlham Əliyevin milli mətbuatımızın 140 illik yubileyi ilə bağlı imzaladığı sərəncamın əhəmiyyətindən danışıb.

Bugünkü tədbirin BDU-da keçirilməsinin təsadüfi saymayan Ə.Həsənov bildirib ki, universitet hər zaman mətbuat sahəsində öz töhfələri ilə seçilib, mətbuat tarixinin araşdırılmasında, jurnalist kadrların yetişdirilməsində danılmaz xidmətlər göstərib.

Ə.Həsənov onu da qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq yubiley mərasimləri iyun-iyul və avqust aylarını əhatə edəcək: "3 ay müddətində paytaxt və rayonlarda milli mətbuatın 140 illik yubileyi qeyd olunacaq. Bu zaman kəsiyində mətbuatımızın inkişafı yada salınacaq, mətbuat tarixi təkrar şərh olunacaq. Tanınmış ziyalılar və mətbuatın inkişafında mühüm rolu olan ayrı-ayrı şəxslər yada salınacaq. Eyni zamanda, milli strategiya və platformamızı formlaşadıracağıq. Mətbuatın inkişafında mühüm nailiyyətlər əldə olunmalı və buna müvafiq olaraq jurnalistkanın bugünkü durumunu özündə əks etdirən strategiya hazırlanmalıdır. Elit təbəqə müasir geosiyasətdə yerimizi bilməli, kimlərlə qonşuyuq, xarici və daxili təzyiqlərin nədən qaynaqlandığını bilməlidir".

Müstəqil Azərbaycan mediasınının faktiki olaraq təməlini qoyan şəxsiyyətin ulu öndər Heydər Əliyevin olduğunu diqqətə çatdıran Prezidentin köməkçisi Ə.Həsənov bildirib ki, senzuranın ləğvi də buna bariz nümunədir: "Milli medianın banisi isə Həsən bəy Zərdabidir. Xalq Cümhuriyyətinin süqutundan sonra müstəqil ölkəmizin mediası yüksələn xətlə inkişaf edib. Müstəqillik illərinin başlanğıcında media sahəsində müəyyən böhran yaşadı. Bu zaman bəzi siyasi qüvvələr özlərinə müəyyən adda mətbuat yaradaq ayrı-ayrı siyasi qüvvələrin tərkibində dövlətimizə qarşı çıxış edirdilər. Lakin çox keçmədi ki, onlar da sıradan çıxdı".

"Qanunvericilik sahəsində 1998-ci ildən bu günə qədər mühüm addımlar atılıb. 1995-ci ildə qəbul olunan konstitusiyada söz, fikir və mətbuat azadlığı müddəası yer aldı. 2000-ci ildə isə Mətbuat Şurası yaradıldı. Jurnalistika ilə bağlı normativ və hüquqi sənədləri məhz bu Şura qəbul edir. Nə qədər qərarlar qəbul edilsə də, mətbuatın maddi-texniki bazasının yaxşılaşdırılmasına geniş şəraitin yaradılması xüsusi qeyd edilməlidir. Mediaya güzəştli kreditlərin verilməsi, müəyyən vergilərdən azad edilməsi əsas amillərdən biri idi. 2008-ci ildən mediaya dövlət dəstəyi şəffaf şəkildə həyata keçirilməyə başladı. Çünki əvvəllər bu istiqamətdə müəyyən işlər görülsə də, işlər elə də şəffaf deyildi. Bu gün jurnalistikamız əhalinin informasiya almaq hüququnu tam ödəyir", - deyə Ə.Həsənov məsələ ilə bağlı fikirlərinə əlavə edib.

Ə.Həsənov sonra vurğulayıb ki, mediamızın işi bir çox dövlətlərin qəzəbinə səbəb olursa, deməli, hər şey düzgün istiqamətdə gedir: "Jurnalistlərimiz müstəqil şəkildə Azərbaycan problemlərinin altına öz çiyinlərini verib qərəzli yazılara tutarlı cavab verə bilirlər. Müasir dünyada o qədər çox standartlar yaranıb ki, qərb və digər sistemlər obyektiv gerçəkliklə çıxış edərək həqiqəti qəbul etmək istəmirlər. Qərbin təmsil etdiyi transmilli mediada bəlli mərkəzlərin sifarişi əsasında informasiyalar hazırlanır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.