Siyasət

"Rüstəm İbrahimbəyov bu sözləri deyərkən özünün kim olduğunu müəyyənləşdirməlidir"

25 İyun 2015 11:45
Baxış: 837

"Müxalif cəbhədə çırpınan Rüstəm İbrahimbəyovun "THE NEW TIMES"-a müsahibəsi çox səs-küy yaratdı. Müsahibədə deyilirdi ki, "<...> ...biz erməni xalqı ilə düşmən deyilik". İbrahimbəyov sonradan bildirdi ki, redaksiya onun sözlərini təhrif edib və müsahibəsində ermənilər tərəfindən Dağlıq Qarabağın və Azərbaycanın işğalını cinayət adlandırıb. Qəzet bu sözləri verməsə də, "... biz erməni xalqı ilə düşmən deyilik" sözlərini olduğu kimi saxlayıb.

Burada nə demək olar? Yaradıcı və humanist bir insan kimi İbrahimbəyovun belə sözlər deməyə haqqı var. Kino sahəsində onun erməni həmkarları Armen Ciqarxanyan, Roman Balayan və Karen Şahnazaryanın da analoji çıxışları ara-sıra mətbuatda yayılıb. Ancaq İbrahimbəyovdan fərqli olaraq onlar qeyd ediblər ki, siyasətdən tamamilə uzaqdırlar. Mən özümdə Rüstəm İbrahimbəyova öyüd-nəsihət vermək hüququnu görmürəm. O, adı-sanı olan bir insandır və elə bir yaşdadır ki, özünə lazım bildiyi sözləri deyə bilər. Mənim sözlərim kinorejissorun sözlərini birmənalı qarşılamayan cavanlaradır".

Milli.Az xəbər verir ki, bu sözləri özünün Facebook səhifəsində azərbaycanlı millət vəkili və politoloq Rasim Musabəyov yazıb.

Millət vəkili hesab edir ki, oxucular arasında xalqların günahsız quzular olduğunu, bütün müharibələrdə öz şəxsi mənafeləri üçün kütlələri manipulyasiya edən yaramaz siyasətçilərin günahkar olduğunu düşünən çoxlu sadəlöhv insan, çətin ki, olsun. Bu heç də belə deyil. Siyasətçilər isə adətən ictimai rəyi formalaşdırmırlar, onun arxasınca gedirlər.

"Regional layihələr çərçivəsində əvvəllər də keçirilən ictimai rəy sorğuları göstərib ki, ermənilərin azərbaycanlılara və azərbaycanlıların ermənilərə nifrəti səmimi və qarşılıqlıdır. Bu niyə baş verib, aranı kim qatıb sualları isə tarixçilərə aid məsələdir. Siyasətçilər isə yalnız faktlarla hesablaşmaq məcburiyyətindədirlər", - deyə o əlavə edib.

Musabəyov siyasət haqqında məşhur almaniyalı siyasətçi və hüquqşunas Karl Şmidtin dediklərinə istinad edərək bildirib ki, istənilən fəaliyyətin xüsusiyyətini ən çox həll edilməsi gərəkən problemlə müəyyənləşdirmək olar. Misal üçün, estetika gözəl və çirkinin fərqi problemini həll edir. Etika xeyir və şər, iqtisadiyyat qazanc və zərər problemini araşdırır. Şmidt iddia edir ki, siyasətdəki fərqlər isə dost və düşmən fərqləridir. Daha doğrusu, siyasətçi müəyyənləşdirməlidir ki, kim dostdur, kim düşmən.

"Belə olan halda kim vətəndaşlarını öz torpaqlarından qovan, Xocalıda soyqırım törədən dövləti və ya xalqı düşmən hesab etməyə bilər? Əlbəttə ki, bütün ermənilər azərbaycanlıların düşməni deyillər, ancaq Ermənistan dövləti və milləti, sözsüz ki, bizim düşmənlərimizdir", - o vurğulayıb.

Musabəyov hesab edir ki, bu düşmənçilik əbədi deyil. Yüzillik müharibədən sonra fransızlar ingilislərlə barışıblar. Almanlar polşalılarla, ruslar türklərlə barışıblar. Bizim xalqlar və dövlətlər arasında da barışıq olacaq.

"Ancaq indi əsas məsələ sülhün kimin hesabına qurulması və necə qurulmasıdır. Erməni silahlı qüvvələri hələ də bizim rayonlarımızı əllərində saxlayırlar və müharibə hələ də gündəmdədir", - o vurğulayıb.

"Siyasətçilər isə mövcud reallıqlardan çıxış etməlidirlər", - deyən millət vəkili hesab edir ki, kinorejissor və dramaturq fikirlərini səsləndirərkən bizi ayrı salan fərqlərə deyil, birləşdirə biləcək humanizmə istinad edir.

"Ancaq bu sözləri deyərkən özünün kim olduğunu müəyyənləşdirməlidir: siyasətçi, yazıçı, yoxsa sadə vətəndaş", - millət vəkili vurğulayıb.

Teymur Hacıyev
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.