Siyasət

Müharibədən başqa yol qalmayıb

19 İyun 2015 16:30
Baxış: 2 262

ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar dalana dirənib. Çünki Azərbaycana təzyiq etmək üçün əsas olmadığı halda Ermənistana özləri təzyiq etmək istəmirlər.

Milli.Az xəbər verir ki, bu sözləri azərbaycanlı millət vəkili, politoloq Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, iyunun 19-da Yerevanda NATO-nun Rose-Roth Parlament Assambleyası keçirilib. Həmin tədbirdə erməni deputat Tevan Poqosyanın Azərbaycana təzyiq göstərməklə bağlı təxribatçı suala Minsk qrupunun keçmiş həmsədri Jak For belə cavab verib: "Azərbaycana təzyiq etmək üçün rıçaqlar olduqca azdır".

O etiraf edib ki, nə maliyyə təzyiqi, nə də ki beynəlxalq təşkilatlar vasitəsi ilə təzyiq mümkün deyil.

"Maraqlıdır ki, For Azərbaycana təzyiqin lazım olmadığını deməyib. Çünki bizim tələblərimiz yalnız beynəlxalq hüquqa əsaslanır. For onu da deməyib ki, elə həmin beynəlxalq hüquqa əsasən, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyən, qoşunlarını Azərbaycan torpaqlarından çıxarmayan Ermənistanın özü təzyiq altında olmalıdır. Axı Ermənistana təzyiq etmək üçün beynəlxalq təşkilatlarda hər cür əsas var. Hər zaman maliyyə yardımları istəyən ölkəyə də təsir göstərmək çətin deyil. Nə Forun, nə də ki digər həmkarlarının ağıllarına Yerevana təzyiq göstərmək gəlməyib", - politoloq qeyd edib.

Millət vəkili hesab edir ki, bu kiçik epizod bir daha göstərir ki, Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar dalana dirənib. Azərbaycana təzyiq etmək üçün əsasları yoxdur. Ermənistana isə təzyiq etmək istəmirlər.

"Bizi məcbur etmək istəyirlər ki, az da olsa, ermənilərin ərazi iddiaları ilə razılaşaq. Nahaq yerə. Hələ çox gözləyəcəklər. Beynəlxalq ictimaiyyət Azərbaycana hərbi qüdrətini artırmaqdan və Ermənistanı iqtisadi cəhətdən çökdürməkdən başqa çıxış yolu qoymur", - R.Musabəyov əlavə edib.

Teymur Hacıyev
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.