Siyasət

"Dağlıq Qarabağda müharibənin başlanması..."

17 İyun 2015 14:21
Baxış: 1 248

"Bakıda keçirilən Avropa Oyunları ətrafında Avropa dövlətlərinin yaratdığı ajiotaj birbaşa Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqəlidir. Ermənilər və onların Avropadakı tərəfdarları başa düşüblər ki, Bakıdakı Avropa oyunlarından sonra Azərbaycanı Dağlıq Qarabağda müharibədən çəkindirəcək heç bir parametr qalmır. Ona görə həm Avropa oyunlarının Bakıda keçirilməsinin Azərbaycana gətirə biləcəyi dividenti zəiflətmək istəyirlər, digər tərəfdən də beynəlxalq ictimaiyyətin Azərbaycana təziyiqinin baş məşqini reallaşdırırlar".

Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq bildirib ki, bu baxımdan Avropa liderlərinin Azərbaycana təzyiqi erməni faktoru ilə əlaqəlidir və məqsəd Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə imkan verməməkdir: "Avropalıların bu sxemi bu günədək özünü göstərirdi. Amma indi artıq vəziyyət dəyişib. Vəziyyəti dəyişən Azərbaycanın güclənməsidir. Azərbaycan Avropanın təzyiqlərini neytrallaşdıra bilir. Süni yolla yaradılan saxta insan hüquqlarının pozulması statistikası vəziyyətə təsir etmir. Bu həm Avropa Oyunlarına münasibətində özünü göstərdi, həm də ATƏT MQ vasitəçilərinin davranışının indiki mərhələsi də bu dəyişikliyin bariz nümunəsidir. Amerikalı həmsədr C.Uorlik Yerevanda olarkən "Azadlıq" radiosunun erməni bölməsinə verdiyi müsahibəsində Dağlıq Qarabağda başlayacaq müharibəni təsvir etdi. Müharibə başlayacaqsa dinc tənzimlənmə prosesi dayanacaq. Amerikalı diplomatın bu sadə bəyanatında iki fikir var - diplomat müharibənin başlanması ehtimalından danışır. İkincisi, müharibənin başlanmasının nəticəsinin nə olacağını deyir. Dağlıq Qarabağda müharibənin başlanması beynəlxalq ictimaiyyətin aktivliyinə, ABŞ-ın Ermənistana dəstək verməsinə və s. səbəb olmayacaq".

Politoloq qeyd edib ki, C.Uorlik başda olmaqla digər həmsədrlər müharibə qorxusunun real olduğunu praktiki şəkildə nümayiş etdirdilər: "Bakıda olarkən Zəngilan rayonundan qovulmuş məcburi köçkünlərlə görüşdülər, işğal olunmuş ərazilərdən qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu tanıdılar. ATƏT MQ üzv ölkələrinin prezidentlərindən fərqli olaraq həmsədrlərin mövqeyindəki bu dəyişiklik ciddi dönüşdür. Həmsədrlərin mövqeyindəki bu dönüşün müəllifi Azərbaycan ordusudur. Dağlıq Qarabağ münaqişəsinin başlanmasından 27 il keçir. Münaqişənin tənzimlənməsi üçün Azərbaycan tərəfi külli miqdarda siyasi resurs sərf eləyib. Bütün diplomatik imkanlarını işə salıb. Azərbaycan Ermənistana yönəlik iqtisadi əməkdaşlıq təklifləri irəli sürüb. Ermənistanı Rusiyanın qaz asılılığından qurtarmaq üçün rəsmi Bakı Yerevana ucuz qiymətə qaz satmaq təklifi ilə çıxış edib. Azərbaycan Ermənistanı regional layihələrə qoşmaqla bağlı dəfələrlə fikir bildirib. Bütün siyasi, diplomatik, iqtisadi resurslar ermənilərin Dağlıq Qarabağ tənzimlənməsində mövqeyini dəyişməyib, ATƏT MQ vasitəçiləri Azərbaycanın siyasi və iqtisadi təşəbbüslərinə dəstək verməyiblər".

M.Əhmədoğlu qeyd edib ki, son 1 ildə Azərbaycan ordusu tamamilə yeni orduya çevrilib: "Yüksək silahlanma, müasir hərbi-texniki qüvvələrlə təchizat, yüksək döyüş ruhu, arası kəsilməyən müxtəlif növlü hərbi təlimlər Azərbaycanın ordusunu yeni keyfiyyət mərhələsinə qaldırıb. Məhz bu ordunun fəaliyyətinin nəticəsi ATƏT MQ-nin ermənipərəst mövqeyini dağıtmağa başlayıb, vasitəçiləri ədalətli olmağa təhrik edir. Həmsədrlər hərbi vasitələrlə siyasi vasitələrin fərqini bilməmiş deyillər. Eləcə də Azərbaycan ordusunun Ermənistanda yaratdığı effekti də görürlər. Ona görə Azərbaycan ordusunun real faəliyyətini görmək istəyirlərsə öz fəaliyyətlərinin zəiflədə bilərlər. Baz nazirin müavini Əli Həsənov həmsədrlərlə məcburi qaçqınların görüşündə çıxış edərkən bütün baş verənləri ölkənin Ali siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində baş verdiyini deyib. Avropa liderləri Azərbaycan rəhbərliyinin müstəqil siyasətinə təsir edə bilməyiblərsə, Qarabağ məsələsində də onların təsiri nəticə verməyəcək. Avropa liderlərinin heç birisinin iştirak etməməsinə baxmayaraq Bakıda keçirilən Avropa Oyunları əvvəlcədən nəzərdə tutulan nəticəsini göstərmək üzrədir. Azərbaycan Avropa ilə münasibətlərini Avropa liderlərinin informasiya blokadasından çıxarmaq istəyir, bu da tədricən baş verir. Yunanıstanın bugünkü vəziyyətinin siyasi korrupsiya sxemi ilə baş verməsi heç kimə sirr deyil. Avrokomissiyanın sədri Jan Klod Yunkerin Lüksemburqun baş naziri postunda korrupsiya ilə məşğul olması hay-küyü hələ də başa çatmayıb. Və ya ABŞ-ın Ukrayna proseslərində seçki prosedurunu inkar edərək öz adamı olan Arseniy Yasenyuku hakimiyyətə gətirməklə bağlı gizli fəaliyyəti də bəllidir. Azərbaycanda demokratiya və insan hüquqlarının vəziyyəti belə Qərb üçün prioritet ola bilməz. Liviyada baş vermiş və indi baş verənlər bunun ən əyani misalıdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.