Siyasət

Azərbaycan siyasəti - əsas əqidə yox, puldur?

29 May 2015 11:10
Baxış: 1 122

Corc Oruelin məşhur "1984" romanında maraqlı bir səhnə var. Böyük meydanda mitinq keçirilir və natiq Okeaniyanın düşməni Avrasiya haqda odlu-alovlu çıxışlar edir. Düşmənin tezliklə məhv ediləcəyini bildirir. Elə mitinq gedən vaxt yuxarıdan qərar gəlir ki, artıq düşmən Avrasiya deyil, Ostasiyadır. Bunu görən natiq dərhal nitqindəki bütün odlu-alovlu cümlələri iki dəqiqə əvvələ qədər dost olan Ostasiyaya yönəldir.

"1984" romanında hadisələrin cərəyan etdiyi Okeaniya ölkəsində belə şeylər tez-tez baş verir. Orada həqiqət nazirliyi dünən düşmən, bu gün isə dost olanlar haqqında bütün məlumatları silir. Keçmişi də dəyişir. Hər şey partiyanın maraqlarına uyğunlaşdırılır. Marionet vətəndaşların isə bu qaydalara tabe olmaqdan başqa çıxışı qalmır.

"1984" antiutopiyasını yada salmağımız heç də təsadüfi deyil. Sözlərimiz Azərbaycan müxalifətinə yönəlib. Düzdür, siyasətdə daimi dostluq və daimi düşmənçilik yoxdur. Yalnız dəyişən maraqlar var. Maraqların isə "1984"dəki kimi anidən dəyişməsi ən azından gülüncdür.

Bir neçə həftə bundan öncəyə qədər dövlət əmlakının mənimsənilməsindən, talançılıqdan ağız dolusu dəm vuran müxalif partiyalar, bu gün qanadlı mələklərə çevriliblər. Onlar "əzabkeş" iş adamlarının talelərinə acıyırlar. Bəyanatlar verirlər, çıxışlar edirlər. Təzyiqlərin dayandırılmasını tələb edirlər. Həm də dünənə qədər elə özlərinin ittiham etdikləri adamlar haqqında.

Azərbaycanda belə hadisələr ilk dəfə deyil ki, təkrarlanır. Müxalifət bir zamanlar rüşvətxorluqda suçladığı Əli İnsanovu, Fərhad Əliyevi, Rəsul Quliyevi də bu cür dəstəkləmişdi. İqtidardan üz çevirmiş istənilən adamı öz tərəflərinə çəkməyə ümid edirlər.

Siyasət yeni adamlar cəlb edilməsini tələb edir. Ancaq yeni adamları cəlb edərkən, elə etmək olmazdı ki, gülünc görünməsin?

Teymur Hacıyev
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.