Siyasət

ABŞ Blatterə 2018-ci il Dünya Çempionatına görə təzyiq edir

28 May 2015 20:49
0 Şərh     Baxış: 662

"Cümə günü FİFA prezidentinin seçkiləri keçirilməli idi və cənab Blatterin yenidən seçilməsi üçün bütün şansları var. Biz bilirik ki, 2018-ci ildə futbol üzrə çempionatın Rusiyada keçirilməsinin yasaqlanması üçün ona təzyiq göstərilib", - Rusiya prezidenti Vladimir Putin bəyan edib.
Milli.Az BBC-yə istinadən bildirir ki, çərşənbə günü ABŞ hüquq-mühafizə orqanlarının sorğusu əsasında FİFA təşkilatının bir neçə rəsmisi saxlanılıb.
ABŞ müstəntiqləri onların böyük məbləğdə rüşvət aldığını hesab edirlər.
Korrupsiya ilə bağlı işdə cəmi 14 nəfər istintaqa cəlb olunub. Onlardan yalnız bir neçə nəfər saxlanılıb. Hüquq-mühafizəçilərin dəyərləndirməsinə görə yalnız son 20 il ərzində futbolu idarə edən qurum daxilində korrupsiyanın ümumi həcmi 10 milyard dollar təşkil edib.

"Qəribə"

Rusiya prezidenti ABŞ tərəfinin sorğusu ilə FİFA rəsmilərinin həbsinin "ən azı qəribə görsəndiyini" deyib.
"Onlardan bəzilərinin hansısa pozuntuya yol verdiyini güman etmək olar, mən bunu bilmirəm. Lakin birmənalı deyə bilərəm ki, ABŞ-ın buna heç bir aidiyyatı yoxdur. Bunlar, bu rəsmilər ABŞ vətəndaşları deyillər", - Vladimir Putin bildirib.
Bundan əvvəl Moskva Vaşinqtonu "öz hüquqi normaları çərçivəsində" ölkə hüdudlarından kənarda məhkəmə keçirməkdə təqsirləndirib.
"İrəli sürülmüş ittihamların mahiyyətinə varmayaraq diqqəti ABŞ qanunvericiliyinin eksterritorial tətbiqinin növbəti nümayişinə yönəltmək istəyirik", - Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksandr Lukaşeviç deyib.
"Ümid edirik ki, bu heç bir şəkildə bütovlükdə beynəlxalq futbol təşkilatına və o cümlədən onun kadr siyasətilə bağlı qərarlarına kölgə salmaq məqsədilə istifadə edilməyəcək".
İsveç prokurorluğundakı dindirilməyə dəvət edilmiş FİFA İcra Kömitəsinin fəaliyyətdə olan 10 üzvü arasında Rusiyanın idman naziri Vitali Mutko da var.
Çərşənbə günü ABŞ Ədliyyə Nazirliyi 2018, 2022-ci illərdə futbol üzrə Dünya Çempionatına ev sahiblərinin seçilməsi vaxtı iddia edilən pozuntularla bağlı cinayət işini açıb.
FİFA-nın Sürixdəki qərargahında axtarışlardan sonra əlavə materiallar müsadirə olunub.
Rusiyanın İdman Nazirliyi 2018-ci ildə çempionat keçirmək hüququndan məhrum olunmadığını bildirir.
"Çempionatı itirmək riski yoxdur. Blatter Rusiyanı dəstəkləyib, biz dünya çempionatını onun dəstəyilə qazandıq, çünki o Cənubi Afrika və Rusiya kimi ölkələri inkişaf etdirmək niyyətində olub. Biz FİFA-nın bu fəlsəfəsini anlayaraq öz ərizəmizi elə bunun üzərində qurduq", - Vitali Mutko deyib.
Bu arada Rusiya milli futbol qurumunun rəhbəri Nikolay Tolstıx FİFA rəhbəri seçkilərində Sepp Blatter-in namizədliyinə dəstək veriləcəyini bildirib.
FİFA Sepp Blatterin 5-ci müddətə prezident seçilmək istədiyi səsvermənin cümə günü keçiriləcəyini təsdiqləyib. Cənab Blatter nüfuzlu idman təşkilatına 1998-ci ildən bəri başçılıq edir.
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.