Siyasət

"Bayrağımızı işğal altında olan əzəli və əbədi torpaqlarımızda dalğalandıracağıq"

27 May 2015 13:18
Baxış: 730

Ali Baş Komandanımızın Silahlı Qüvvələr qarşısında qoyduğu mühüm vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində ordumuzun döyüşə hazırlıq səviyyəsi, döyüş qabiliyyəti və şəxsi heyətin vətənpərvərlik ruhu dinamik surətdə intensiv olaraq artmaqdadır.

Trend xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov 28 May- Respublika Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə ünvanlanmış təbrikində belə qeyd edib.

Nazir bildirib ki, Azərbaycan Xalq Cumhuriyyətinin yaranması respublikamızın tarixində ən əlamətdar hadisələrdən biri olmaqla, xalqımızın azadlıq, müstəqillik arzusu ilə yaşaması əzmini bir daha nümayiş etdirmişdir: "1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etməsinə baxmayaraq, yalnız xalqımızın təkidli xahişi ilə ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra onun apardığı uğurlu daxili və xarici siyasət nəticəsində respublikamız müstəqilliyini, varlığını itirmək təhlükəsindən xilas olaraq sivil, demokratik inkişaf yoluna qədəm qoymuşdur. Bu gün möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadi inkişafı təmin edilmiş, demokratik hüquqi dövlət və ordu quruculuğu sahəsində böyük uğurlar qazanılmışdır".

Z.Həsənov qeyd edib ki, bir neçə gündən sonra Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları ölkəmizin beynəlxalq aləmdə nə qədər böyük nüfuza malik olduğunun və respublikamızın tərəqqisinin təzahürüdür: "İnanıram ki, siz Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və ictimai-siyasi hazırlıqda yeni uğurlar əldə edəcək və Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında üçrəngli dövlət bayrağımızı işğal altında olan əzəli və əbədi torpaqlarımızda dalğalandıracaqsınız.

Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə yeni müvəffəqiyyətlər arzulayıram".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.