Siyasət

Açar qıfıla yaxınlaşıb: Qarabağ probleminin həlli elə də uzaqda deyil

26 May 2015 17:09
Baxış: 2 908

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Gömrük ittifaqına və Avrasiya İttifaqına hansı şərtlər altında daxil ola biləcəyini açıqlayıb. Nazir "Rossiya 24" telekanalına müsahibəsində bildirib ki, Ermənistanın işğalçı siyasəti Azərbaycanın bu ittifaqda olmasını mümkünsüz edir.

"Əgər Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxararsa, sərhədlər açılarsa, vəziyyət normallaşarsa, Azərbaycan və Ermənistan arasında iqtisadi tərkib olarsa - kim bilir sabah nə baş verəcək?! Necə deyərlər, heç vaxt heç zaman demə", - nazir vurğulayıb.

Bir qədər haşiyəyə çıxaraq xatırladaq ki, bir neçə gün öncə Avropa Birliyinin Riqada keçirilən sammitində qəbul edilən bəyannamə Azərbaycan tərəfindən narazılıqla qarşılanıb. Azərbaycan nümayəndə heyəti bəyannamənin üçüncü bəndi ilə razılaşmadığı üçün sammitdə gərginlik də yarandığı barədə mətbuatda məlumatlar yayılıb.

Sammitin yekun bəyannaməsində Ukrayna və Gürcüstana siyasi qiymət verilib. Krımın, Cənubi Osetiya və Abxaziyanın işğala məruz qaldığı, ölkələrin suveren hüquqlarının pozulduğu bəyannamədə əks olunub. Ancaq avropalılar bu dəfə Qarabağ münaqişəsindən yan keçməyi qərara alıblar. Azərbaycanın belə bir bəyannaməyə etirazı sammitdə əlavə sənədin də qəbul olunması ilə nəticələnib.

Azərbaycan nümayiş etdirdi ki, onun siyasi kursu müstəqil və azaddır. Bununla belə, Riqa sammiti göstərdi ki, Avropaya bəslənən ümidlər özünü doğrultmur. Əraziləri erməni işğalında olan Azərbaycan Avropanın enerji təhlükəsizliyində həlledici ölkədir. Buna baxmayaraq, avropalılar Azərbaycanın suveren hüquqlarının təmin edilməsində elə də maraqlı görünmürlər. Əksinə, hər dəfə milli maraqlarımıza zidd olan yeni tələblərlə çıxış edirlər.

Məmmədyarovun Rusiyada verdiyi mesajların isə ünvanı bəllidir. Nazirin açıqlaması Azərbaycanın praqmatik siyasət yürütdüyünü göstərməklə yanaşı, milli maraqlarımıza cavab verəcəyi təqdirdə, Azərbaycanın Avrasiya İttifaqında iştirakının da mümkün olduğunu təsdiq etdi.

Bu gün Azərbaycan üçün bir nömrəli məsələ ərazilərinin işğaldan azad edilməsi və Dağlıq Qarabağ münaqişəsinin həllidir. Bu problemin açarının Rusiyanın əlində olduğu isə heç kimə sirr deyil. Moskva görüşləri ilə bağlı ekspertlər hesab edirlər ki, Azərbaycan və Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilkin razılığa gəlib.

Rusiya regionda Azərbaycanın əsas oyunçu, vacib tərəfdaş kimi dəyərini başa düşür. Azərbaycanla bir ittifaqda olmaq Rusiya üçün daha etibarlı seçimdir, nəinki Ermənistan. Bu səbəbdən də Rusiya Azərbaycanı öz yanında görmək üçün əlindəki açardan istifadə edəcək. Həmin hadisə elə də uzaqda deyil. Nazir Məmmədyarovun "Rusiya Dağlıq Qarabağ münaqişəsinə təkan vermək istəyir" sözləri də təsadüfi deyil.

İndiki halda Azərbaycanın milli maraqları Rusiya ilə ən yüksək səviyyədə münasibətlər qurmağı tələb edir. Bunu Avropada nə qədər bəyənməsələr belə...

Teymur Hacıyev
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.