Siyasət

Vəziyyət qəlizdir. Bundan sonra nə olacaq?

26 May 2015 09:27
0 Şərh     Baxış: 2 017

Savaş artıq başlayıb. Yaxın və Orta Şərqdə hadisələrin bir-birinə qarışması, gözlənilməyən olayların baş verməsi, geosiyasi ssenarilərin pozulması və gündəmə yeni oyunçuların gəlməsi ilə yanaşı, İraq və Suriyada İŞİD orduları, Orta Asiyada radikal ekstremizmin aktivləşməsi, Balkanlarda qaz qarşıdurmasının qanlı toqquşmalarla müşayiət olunması - planlar həyata keçirilir.

Yeni düzən, əslində, "ərəb baharı" ilə başlayıb. Yaxın Şərq və Şimali Afrikada dünyəvi rejimlərin devrilməsi 2003-cü ildə ABŞ-ın İraqı işğal etməsi ilə alovlandı. "Ərəb baharı"nın təkanverici qüvvəsi və hamisi ABŞ-ın Qətər və Səudiyyə Ərəbistanı ilə alyansı olduğundan, ölkələrin məqsədləri də fərqli idi.
Səudilər sünnilər arasında təsir və nüfuzlarını artırmaq istəyirdilər. Qətərin məqsədi bölgədə çəkisini gücləndirmək olduğundan Misirdə "Müsəlman qardaşlar"a dəstək verməklə Ər-Riyadı arxa plana itələməyə çalışırdı.
Ərəb monarxiyalarının məqsədləri bəlli idi:
1. "Ərəb baharı"na məruz qalmış ölkələrdə məhz onların nəzarət etdikləri islamçıların hakimiyyətə gəlişi.
2. Kütlələrin radikallaşması vasitəsilə dünyəvi cəmiyyətlərin Şəriətin "yüngül, mülayim" forması ilə yaşayan sistemə döndərilməsi.
3. "Ərəb baharı" ölkələrində siyasi və iqtisadi təsir imkanlarının gücləndirilməsi.
4.  Fars Körfəzindəki sünni monarxiyaların bütün ərəb ölkələrinə təsirinin təminatı.

Üstəlik, Qətərin məqsədi Suriya ərazisindən keçmək şərtilə Avropa Birliyinə təbii qaz borusunun çəkilməsi idi. Lakin Dəməşqdəki Bəşər Əsəd rejimi İranın müttəfiqi olduğundan buna etiraz edib və indi də edir.
ABŞ-ın maraqları daha prozaik, primitiv idi. Vaşinqton bütün regionda xaos yaratmağa çalışırdı. Bu planın Ağ Evin məqsədi olduğu və ya Vaşinqtondakı ayrı-ayrı elitaların istəklərinin məcmusu kimi ortaya çıxdığını söyləmək çətindir. Amma nə də olsa, sonradan hadisələrin məntiqi ilkin ssenarini pozdu. 
Yaxın Şərq bölgəsinin ABŞ-ın maraqlarına uyğun yenidən format edilməsinin zəruri komponenti isə təbii ki, yeni formalaşan hakimiyyət elitalarının ərəb monarxiyalarına yox, Vaşinqtona tabe olmasıydı.
Di gəl, "ərəb baharı" başlanan dövrdə İraqda həbsxanaları mərhum Səddam Hüseynin "Bəəs" Partiyasının mənsubları və İraq ordusunun sabiq zabitləri tərk etdilər. Onlar sonradan İŞİD-in özəyini təşkil etdilər, müxtəlif çaplı və formatlı islamçıları ətraflarında birləşdirdilər, terrorçular arasındakı qatı düşmənçiliyi yumşaltdılar və radikal islamçı qrupların dayanıqlılığını artırdılar.
Suriyanın şimalındakı Kobani şəhərində "səhvən" İŞİD terrorçularına silahların atılmasını, mənasız bombardmanlarını, İŞİD terrorçularına silah və pul verilməsini ABŞ-ın Yaxın Şərqdəki vəziyyəti daha da qızışdırmaq istəyi ilə izah etmək mümkündürmü?
Lakin Misirdə əks-inqilab və generalların hakimiyyətə gəlişi, Bəşər Əsədin Suriyada duruş gətirməsi amerikalıların Mərkəzi Afrikadan tutmuş Çinin Sinszyan-Uyğur Muxtar Mahalınadək uzanacaq səbatsızlıq qurşağı yaratmaq planlarını alt-üst etdi.
Bəhs etdiyimiz qurşaq islamçıların yeni savaşa başlamaq üçün gərəkli ərazilərə keçidlərinə xidmət edəcək tranzit dəhlizə çevrilməliydi. Bu səbəbdən də Afrika ölkələrindən olan miqrantları öz ərazisində saxlaya bilməyən, vətəndaş savaşında boğulan Liviya Avropanın zəiflədilməsi üçün pis vasitə deyil, amma Vaşinqton üçün yetərli sayılmaz.

Hər şeyə rəğmən amerikalılar planlarına yenidən baxmaq əvəzinə rəqibi əzmək və məhv etməyə üstünlük verirlər.
Vaşinqtonun minimum proqramı İranın bir dövlət kimi məhv edilərək müxtəlif kvaziölkələrə parçalanması, iranlıların neft yataqlarına yiyələnmək, sonra bütün Ön və Orta Asiyanı xaosa sürükləmək, yeni qarşıdurmalara başlamaqdı.
Orta Asiya əslində qaynayır, çünki:
1. Əfqanıstanla Pakistan arasındakı dövlət sərhədi "tayfalar zonası" adlanan məkanda faktiki olaraq yoxdur. Həmin tayfalar təpədən-dırnağadək silahlanıblar, "Kalaşnikov" avtomatından hətta uşaqlar da atəş aça bilirlər.
2. Tacikistanla Qırğızıstan arasında dövlət sərhədi nə xəritələrdə, nə yerlərdə dəqiqləşdirilməyib. Bu səbəbdən də sərhəddə atışmalar və münaqişələr adi hala çevrilib.
3. Tacikistan, Qırğızıstan və Özbəkistan arasında dağ çaylarının axarlarının bərabər bölünməməsi ilə bağlı ciddi münaqişə yarana bilər.
4. Tacikistan, Qırğızıstan və Özbəkistan subregionun qəlbi sayılan Fərqanə vadisini bölüşə bilmirlər.
5.  Tacikistan polisi ilə ordusu Əfqanıstanla yanaşı, Çinin Sinzyan-Uyğur Muxtar Mahalı ilə həmsərhəd Dağlıq-Bədəxşan Muxtar Vilayətinə tam nəzarət edə bilmir.
Bədəxşan isə qaçaqmalçılıq və narkoticarətin mərkəzlərindən birinə çevrilib.
6.  Tacikistanın Əfqanıstanla sərhədi 1300 kilometr uzunluğundadır, Düşənbə də bu uzun sərhədi yetərincə qoruya bilmir.
7.  Orta Asiya dövlətlərinin istisnasız olaraq hamısında yaşam səviyyəsi aşağı, işsizlik yüksək, hələlik "yuxulu" vəziyyətdəki radikal islamçıların mövqeləri güclüdür.
Region ABŞ-ın geosiyasi rəqibləri Rusiya, Çin və Hindistanla həmsərhəd olduğundan bölgənin döyüş meydanına çevriləcəyi vaxt uzaqda deyil.
Çin bu səbəbdən bölgədə çox fəallaşıb. 
ABŞ-ın pilotsuz təyyarələri dinc pakistanlıları öldürəndən və amerikalılar Usamə bin Ladini qətlə yetirəndən sonra Vaşinqtonun bölgədəki ən sadiq müttəfiqi Pakistan hamisindən üz döndərib Çinə yönəldi.
Çin pakistanlılara dərhal qırıcı təyyarələr eskadrilyasını hədiyyə etdi, indi də Pakistan iqtisadiyyatına 46 milyard dollar yatırmağa hazırdır.
İranla Səudiyyə Ərəbistanı arasındakı qarşıdurma da sürəkli güclənir.
ABŞ-ın məqsədi İranı əvvəlcə sanksiyalar vasitəsilə zəiflətmək, sonra da qonşu ölkələrdəki münaqişələrə bilavasitə və ya dolayı yolla cəlb etməkdi. Sanksiyalar işləyir, amma gözlənilən effekti vermir. İran neft satışından əldə etdiyi gəlirlərin əhəmiyyətli hissəsini itirsə də, yeni situasiyada, sanksiyalar şəraitində yaşamağa alışdı.
Səudiyyə Ərəbistanı, Qətər və ABŞ-ın yaratdıqları İŞİD-in də məqsədi Yaxın və Orta Şərqdə qüvvələr nisbətinin dəyişməsi idi. 
İŞİD-in hədəfə aldığı Suriya, Livan və İraqda vəziyyət pisləşdikcə Tehran münaqişələrə qatılmaq məcburiyyətində qalır.
İranın Yəməndəki situasiyaya bilavasitə müdaxilə etməsinin əsas səbəbi də budur, çünki ABŞ və Səudiyyə Ərəbistanı birləşərək İranla sərhəd bölgələrdə vəziyyəti ağırlaşdırdıqları üçün Tehran da Ər-Riyadı zəiflətmək üçün Yəməndəki husiləri dəstəklədi.
Bundan sonra nə olacaq?
İranla ABŞ arasında heç bir müttəfiqlik mümkün deyil. İran yaxşı bilir ki, amerikalılar nə onlara 100 milyard dollarlıq avuarları qaytaracaqlar, nə də maliyyə, texnologiyalarla yardım edəcəklər.
Bu baxımdan İran XİN-in "nüvə proqramı ilə danışıqlardakı razılaşma Tehranla Vaşinqtonun yaxınlaşması kimi anlaşılmamalıdır" deməsi təsadüf deyil.
Yaxın perspektivdə yaşanacaq olayları belə təxminləmək olar:
1. Orta Asiyada gərginləşmə davam edəcək. Yeni hədəf Qırğızıstandır.
2. "Taliban" İŞİD-ə qarışmağa davam edəcək, Əfqanıstan İŞİD-in vilayətinə çevriləcək.
3. İran mühasirəyə alınmış qala təki davranacaq, Səudiyyə Ərəbistanı ilə geosiyasi qarşıdurmanı daha da gücləndirəcək.
4. Yaxın Şərqdəki münaqişənin fəsadları Hindistana da sirayət edəcək.
5. ABŞ Balkan yarımadasındakı situasiyanı daha da gərginləşdirəcək.
Zəifləyən dünya hegemonuna çevrilmiş ABŞ-ın ambisiyalarının qarşısını almağın yeganə yolu bölgə dövlətlərinin Vaşinqtondan asılılıqdan qurtulmaları, müstəqil siyasət yürütmələridir.
Əks təqdirdə 3-cü dünya müharibəsi də başlana bilər.
 

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.