Siyasət

Dünyanı dolaşan İŞİD kabusu: hər şey "insan haqları" və "demokratiya" adlı nağıllarla başladı

25 May 2015 11:34
2 Şərh     Baxış: 2 682

Ötən bir neçə gün ərzində İslam Dövləti (İŞİD) İraqın Rəmadi və Suriyanın Palmira şəhərlərini ələ keçirdi. Bundan başqa, Əl-Tanaf adlanan sərhəd qapısını tutmaqla İŞİD silahlıları İraqın Ramadi şəhəri ilə Suriyanın Palmira şəhəri arasında əlaqə yaratdılar.

Artıq iki ildir ki, mövcud olan İŞİD probleminin həlli elə də asan görünmür. Dünyanın ən çox pula sahib terror təşkilatı artıq Yaxın Şərqdə böyük ərazini və milyonlarla insanı idarə edir. Ələ keçirdikləri ərazilərdəki talanlar, neftin qara bazarda satılması və digər yollarla külli miqdarda qazanc əldə edən təşkilat artıq yenilməz hala gəlib. Qərb ölkələri, İraq və İran kimi ölkələrin səyləri hələ də İŞİD problemini aradan qaldıra bilmir.

Bu təşkilatın əsas üstünlükləri döyüşçülərin pula deyil, ideologiyaya xidmət etmələridir. Onlar mübarizələrində kamikadzelərin xidmətlərindən faydalanırlar. Facebook, Twitter kimi sosial şəbəkələrin xidmətlərindən yararlanaraq dünyanın müxtəlif ölkələrindən, o cümlədən ABŞ və Avropadan könüllülər cəlb edə bilirlər.

Əslində İŞİD Amerikanın illər boyu enerji resursları ilə zəngin Yaxın Şərqdəki hakimiyyətləri devirərək marionet hakimiyyətlər qurmaq cəhdlərinin nəticəsi olaraq meydana gəlib. Hər şey "insan haqları" və "demokratiya" kimi sehrli sözlərlə başlamışdı. İlkin mərhələdə Səddam Hüseyn rejimini devirdilər. Ölkənin illər boyu formalaşmış nizamını pozdular. İdarə olunan xaos yarada bildilər. Ancaq Suriya məsələsində arzular daşa dəydi. Çoxsaylı cəhdlər prezident Bəşər Əsədin hakimiyyətini devirə bilmədikdə silahlı münaqişəni ortaya atdılar. Bu münaqişədən faydalanaraq güc toplayan İŞİD gerçək qüvvə kimi meydana çıxdı.

İŞİD girdiyi ərazilərdə əhalinin ciddi müqaviməti ilə qarşılaşmır. Yalnız Qərbin aviasiya və media dəstəyinə arxalanan ordu qüvvələrinin müqaviməti də çox keçmir ki, sınır. Xalqın dəstəyindən məhrum olan hakimiyyətlər geniş əraziləri bir-birinin ardınca İŞİD-ə güzəştə getmək məcburiyyətində qalırlar.

Ağ Evin sözçüsü Josh Earnest İŞİD probleminin bir gecə içində çözülməyəcəyini, İraq və Suriyada bu qruplaşmaya qarşı mübarizə aparacaq ciddi qüvvələr olmayanadək çətinliklərin davam edəcəyini etiraf edir.

Əslində İŞİD problemi Amerikanın illər uzunu Azərbaycanda gerçəkləşdirə bilmədiyi arzularıdır. Bizim ölkəmizdə də tez-tez "insan haqları" və "demokratiya"dan dəm vururlar. Əllərində olan güclü media strukturlarının imkanlarından faydalanaraq ölkəmizi özlərinə tabe olan marionetə çevirməyə çalışırlar. Xoşbəxtlikdən, xalqımız belə provokasiyalara uymayıb. İllər boyu təmkinli davranmağı bacarıb.

ABŞ-ın İraqdakı fəaliyyəti, İŞİD-in meydana çıxması göstərdi ki, "demokratiyanı" zorla hansısa ölkəyə sırımaq cəhdi uğursuzdur. Hər bir ölkənin öz mental dəyərləri, dini dəyərləri və psixologiyası var. Hələ indiyə qədər Amerika güc yolu ilə devirdiyi hakimiyyətlərin yerində ölkəni tam olaraq idarə edən struktur formalaşdıra bilməyib. Bu isə o deməkdir ki, kənardan ən yüksək səviyyədə dəstək olsa belə, xalqın gücünə arxalanmayan marionetlər məğlubiyyətə düçardırlar.

Teymur Hacıyev
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.