Siyasət

Oyun bitir. Uduzan biz olacağıq?

25 May 2015 09:06
0 Şərh     Baxış: 1 631

Amerika Birləşmiş Ştatları, yəni ABŞ - dilənçilər, səfillər, evsizlər, yoxsullar, fəhlələr, orta sinif mənsubları, varlılar, milyonçular, multimilyonçular, milyarderlər və multimilyarderlərdən ibarət ölkədir.

İctimai iyerarxiyanın ən aşağı pilləsindəki adamla pilləkənin ən yuxarısında olan insan arasındakı varidat fərqi milyon dəfələrlədir. 
Bu insanlar arasında "orta səviyyəli milyonçular" da var ki, həmin insanlar pullarının az olmamasına rəğmən, ölkə miqyasında ciddi məsələlərin həllinə qatıla bilmirlər.
Milyonçular son illərdə ABŞ-ı tərk edir, vergilərin və nəzarətin daha mülayim olduğu ölkələrə üz tuturdular. İndisə multimilyarder və məşhur milyonçular da Birləşmiş Ştatlardan qaçaraq müxtəlif ölkələrdə bizneslə məşğul olurlar.
Belələrinin üz tutduqları regionlar arasında Latın Amerikası ölkələri xüsusi yer tutur.
İndisə vəziyyət lap qəlizləşib.


Məşuqəsinə hər gün 1 milyon dollarlıq çek yazan və buna rəğmən ömrünün sonunadək yoxsullaşmayacaq insanlar da Birləşmiş Ştatları tərk etməyə başlayıblar. O şəxslər ki, qlobal proseslərə birbaşa təsir edirlər, dünya iqtisadiyyatının idarə olunmasına qatılırlar və yaxın gələcəkdə nələr olacağı ilə uzaq perspektivdəki hadisələrlə bağlı dəqiq təxminlərə malikdirlər.
Konkretlik istəyirsiniz? Buyurun.
Ötən ilin ortalarından bəri Çili və Argentinada daşınmaz əmlak, biznes strukturları, torpaq sahələri alan amerikalı milyarderlərin sayı sürətlə artır.
Rokfellerlər, Törnerlər, Holdrenlər, Fordlar, Uoltonlar. Birləşmiş Ştatlardan kapital axınının miqyasını anlamaq üçün sadəcə, onu yazaq ki, "Rokfeller Fondu" və Ted Törner Argentinada təqribən 8200 kvadrat kilometrlik ərazilər alıblar. Özü də həmin ərazilər dərələr, təpələr, meşəliklər və ya çimərliklər yox, münbit torpaqlar, əkin-biçin yerləridir. Torpaqların alışı Çili və Argentinadakı ətraf mühititn mühafizəsi ilə ekologiya sahəsində fəaliyyət göstərən fondlar vasitəsilə həyata keçirilib.
Ford ailəsi Çili və Argentina ilə yanaşı, Venesuela, Kolumbiya, Boliviya, Peru və Surinamda da sürəkli şəkildə torpaqlar, şirkətlər alır.
2014-cü ilin ortalarından üzübəri ABŞ-dan Latın Amerikası ölkələrinə təqribən 17 milyard dollarlıq kapital axını qeydə alınıb. Bu, yalnız rəsmi rəqəmdir. Faktiki olaraqsa kapital axını 560 milyard dolları keçib.


O da maraqlıdır ki, amerikalı milyarderlər bir zaman nasist cinayətkarların qaçdıqları ölkələrə üz tuturlar.
İsraildəki milyarder və milyonçu yəhudilərsə Avropa Birliyi ölkələrinə üz tuturlar.
Təsadüfdürmü? Yəhudilərin milli xüsusiyyətləri arasında praqmatizm və baş verənləri qiymətləndirmə məharətini nəzərə alsaq, onların Birləşmiş Ştatlara inamlarının azalması aşkardır. İsrail Yaxın Şərqdə ABŞ-ın ən önəmli strateji və hərbi müttəfiqi olmaqla yanaşı, geosiyasi məsələlərdə bütünlükdə Vaşinqtondan asılı dövlətdir.
Yəhudi milyonçular da Birləşmiş Ştatların iqtisadiyyatının zəifləməyə başladığını, bunun da bir müddət sonra Vaşinqtonla Təl-Əviv arasındakı münasibətlərə təsir edəcəyini və İsrailə veriləcək dəstəyin azalacağını düşünürlər.
Amerikalıların İsrailə yardımları azalarsa, hər tərəfi Təl-Əvivə əsla dost mövqe tutmayan ölkələr olan yəhudilərin durumunun asan olacağını düşünmək sadəlövhlükdür.
Dünyanın ən zəngin, qüdrətli ailələrindən biri sayılan Rotşildlər də aktivlərini sürətlə ABŞ-dan çıxarmağa başlayıblar. Bu ailəni ABŞ iqtisadiyyatının dollar defoltuna hesablanmış proseslərə stavka edən "Zero Corporation" da adlandırırlar.
Dollar ABŞ-ın qüdrəti olmaqla yanaşı, bəlasıdır. Çünki məhz dollar amerikalılara qlobal süpergüc olmağa imkan yaradıb, virtual zənginlik və qüdrət yaradıb. Amma bununla belə, elə həmin dollar ABŞ-ın dövlət borcunu virtual piramidaya çevirib və amerikalıların milli valyutasını qızıl unsiyaları ilə hesabda puç anlama döndərib.
Rotşildlər ailəsi beynəlxaq iqtisadiyyat müstəvisində oyunları dünyanın ən böyük qlobal maliyyə şəbəkəsi sayılan HSBC (Hongkong and Shanghai Banking Corporation) bankı, habelə başqa affilə olunmuş strukturlar vasitəsilə aparırlar.


Rotşild ailəsinin maliyyə qruplaşması valyutaların mübadilə kursları, maliyyə piramidaları, habelə silah və hərbi texnika alveri təki "ehtiyat likvidliyi" vasitələri üzərində nəzarət vasitəsilə pullarını daha da artırırlar. Eyni zamanda, onlar trivial sələmçiliyi də unutmurlar.
Birləşmiş Ştatların iqtisadiyyatında yaşanan çox ağır, böhranlı vəziyyətə dəlalət edən daha bir məqam Rotşild ailəsinin ciddi mövqelərə malik olduğu BP neft-qaz korporasiyası və Rusiyanın "Rosneft" şirkəti arasında anlaşmadır.
Rəsmi açıqlamalara görə, BP səhmlərinin 5 faizini "Rosneft"in səhmlərinin 9,5 faizinə dəyişib. Anlaşmanın şərtlərinə görə, tərəflərin hər biri səhmlərini 7,8 milyard dollar dəyərində qiymətləndirib.
Təbii, neft və "anlaşmanın şəffaflığı, təmizliyi" anlayışları tam antonimlərdir. Ekspertlərin fikrincə, Rotşildlər dəyəri fasiləsiz azalan BP-nin səhmlərini "Rosneft"ə məxsus daha perspektiv neft resurslarına dəyişməklə pullarını itirmək istəməyiblər.
Birləşmiş Ştatların iqtisadiyyatı artıq qlobal supergüc deyil və elə BP-nin davranışı da bunu göstərir. Bu korporasiya Meksika Körfəzindəki neft hasilatı strategiyasını tamamən dəyişib, Qrenlandiya adasının yaxınlarında yeni platformalar tikir. 
Şimaldakı yataqları Rotşildlərə məxsus "Cairn Energy" şirkəti istismar edəcək.
Sanki təbiət də ABŞ-a qarşıdır. Atlantik Okeanını isti su ilə təmin edən və 3 qitənin iqlimini müəyyənləşdirən Qolfstrim cərəyanı soyumağa başlayıb.


Qolfstrimdə suyun temperaturunun aşağı düşməsi isə Şimali Amerika ilə yanaşı, Avropada da havanın orta statistik göstəricilərinin aşağı düşməsi, bunun da nəticəsində xam neftə və təbii qaza tələbatın artması deməkdir.
Enerjidaşıyıcıları, bəlli, iri maliyyə qruplaşmalarının nəzarətindədir. 
Neft və qazın dünya bazarlarındakı qiymətlərinə müəyyən təsir imkanlarına malik olan qruplaşmalar gəlirlərini daha da artırmaqla yanaşı, virtual valyutaya çevrilməkdə olan dolları daha da zəiflətmək, ABŞ iqtisadiyyatını iflic etmək gücünü qazanmaqdadır.
Özü də indiyədək müşahidə olunan durumlardan fərqli olaraq, oyun qaydalarını bu dəfə Vaşinqton yox, transmilli korporasiyalar müəyyənləşdirəcəklər.
ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) istəsə belə, dolların defoltunu elan edə bilməyəcək. Əks təqdirdə, ali maliyyə oliqarxiyası dünya miqyasında laxlayacaq, legitimliyini itirəcək, Birləşmiş Ştatlardasa elə etiraz aksiyaları və iğtişaşlar başlayacaq ki, Fergüsson və ya Nyu-Yorkdakı yürüşlər, yanğınlar, polislə toqquşmalar uşaq əyləncəsi təsiri bağışlayacaq.
ABŞ 20-ci əsrdə problemlərini həll etmək üçün iki dəfə qlobal münaqişə yaratmışdı. Amma indi, onlarla dövlətin nüvə silahına yiyələndiyi və ya yiyələnmək ərəfəsində olduğu bir dönəmdə belə münaqişə hamının hər kəs tərəfindən məhvi ilə başa çata bilər. Di gəl, guya qəflətən, özbaşına yaşanası, Hollivudun onillərdən bəri sadəlövhləri psixoloji cəhətdən hazırladığı qlobal ekoloji və ya təbii fəlakətsə az qala ideal çıxış yoludur.


Belə "qəfil" hadisədən sonra situasyia dəyişəcək.
İndi pullarını ABŞ-dan çıxaran milyarderlər və transmilli korporasiyalar xilaskarlar təki ortaya çıxaraq daha yaxşı həyatı qurmağa başlayacaqlar.
O həyat yalnız onlar üçün yaxşı olacaq.
Həmişə olduğu kimi.
 

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.