Siyasət

Təlxəklər yalan danışmaya bilərlər?

25 May 2015 09:31
0 Şərh     Baxış: 1 169

İllərdən bəri verilən vədlərə rəğmən, Ermənistanda nə iqtisadi inkişaf var, nə investisiyaların artımı, nə də mühacirətin azalması. Olan sürəkli ağırlaşan böhran, artan işsizlik, səngimək bilməyən mühacirət dalğası və dayanmayan bahalaşmadır.

Bahalaşma artıq hiperinflyasiya səviyyəsinə çatıb.
Ermənistanda prezident Serj Sarkisyanın başçılıq etdiyi komanda Parisin Luvr muzeyindəki şedevrlər arasında bir əsərə bənzəyir.
O əsər İeronim Bosxun çəkdiyi "Axmaqlar gəmisi"dir. 
Alman dilində adı "Narrenschiff" olan bu tablodakı personajlardan biri də təlxəkdir. Əyyaşlıq, əxlaqsızlıq, işrət içində boğulan, mənəviyyatsızlıq içində sərsəm qəhqəhələr çəkən adamların arasında təlxək gəminin önündə tənha oturub.
Təlxəklər hökmdarların sarayının daimi sakinləri, canlı atributları idi.
Əslində, təlxək hökmdarın simvolik əkiz qardaşı sayılırdı. Ölkədə kimsənin hökmdara deyə bilmədiyini təlxək ona zarafat təki söyləyərdi. Amma bəlli, hər zarafatda bir həqiqət olur.
Hökmdarlar da təlxək dilində zarafat halına endirilmiş, sınmış, sındırılmış həqiqətə görə eşitdiyi sözləri ciddi qəbul etməzdi. Sarayın yazılmamış qaydalarından birinə görə, təlxəklər Tanrının qəzəbinə gələn və buna görə də uşaq səviyyəsində qalmış böyük adamlar sayılardılar.
Orta əsrlər Avropasında təlxəklər zadəganlar üçün mühüm rol oynayır, onların sözlərini hökmdara zarafatla, atılıb-düşməklə, ağız-göz əyməklə çatdıraraq vasitəçilik edirdilər.
Sarayda zadəganlar, təbii ki, hökmdarı aşkar tənqid edə bilməzdilər.
Hökmdar da çox vaxt asılı olduğu zadəganların ünvanına sərt sözlər deməkdən çəkinirdi.
Hər iki tərəfin dadına təlxək çatırdı.
Sarkisyanın təlxəyi "Çiçəklənən Ermənistan" Partiyasının sədri Qagik Sarukyan idi. Fəqət, oliqarx, milyarder, sabiq prezident Robert Köçəryanın yaratdığı və onu sədrlik kürsüsünə oturtduğu partiyasını illər əvvəl hakimiyyət koalisiyasına daxil edən, sonra oradan çıxararaq müxalifətə aparan və guya "müxalifətin real lideri" olduğunu bəyan edən Sarukyan, əslində, təlxək olduğunu unutmuş, siyasətçilik iddiasına düşmüş və Sarkisyana meydan oxumağa başlamışdı. 
Quduran təlxəyin cəzası ağır oldu və o, ümumiyyətlə, böyük siyasətdən kənarlaşdırıldı. "Könüllü" şəkildə, bundan sonra bizneslə məşğul olmağa davam edəcəyini söyləyib and-aman etmək şərtilə.
Serj Sarkisyan  indi yeni təlxək aramaqdadır, çünki siyasi proseslərdəki uğursuzluqlarına iqtisadiyyatda artan və güclənən çətinliklər də əlavə olunub.
Sarkisyandan tutmuş, onun partiyasının sıravi üzvlərinədək hər kəs bilir ki, Robert Köçəryan hakimiyyətə qayıtmaq fikrinə düşməklə yanaşı, iqtidarı kölgə əməllər vasitəsilə ələ keçirmək niyyətindədir.
Moskva Ermənistandakı "sevimli" təlxəyinə belə icazəni verib və Köçəryan da aldığı rüsxətdən faydalanmaq fikrindədir.
Köçəryanın naqis davranışlarına işarə vuran, amma onun adını çəkməkdən ehtiyatlanan Sarkisyan Moskva ilə münasibətlərini tamam-kamal korlamaqdan da xoflanır.
O, hakimiyyətdən kənarlaşdırdığı və ya iqtidar masasının arxasında qidalanmağa buraxacağını vəd etsə də, sonradan sözünün üstündə durmadığı siyasi qüvvələrin son vaxtlar çox fəallaşmasının arxasında Köçəryanın qulaqlarının göründüyünə işarə vurur.
Köçəryanın adı çəkilmir.
Necə ki, idarə etdiyi əyalətdə ona itaətdə olan, sonra qəflətən buynuz çıxaran zadəganların xəyanətlərinin arxasında təlxəyin rəngbərəng papağının qulaqlarının göründüyünü sezən kiçik "hökmdarcıq" bunu açıq deyərək asılı olduğu hökmdarın qəzəbinə gəlməkdən qorxurdu.
Belə qorxu könüllü aşağılanmadır və Ermənistandakı hakim partiyanın Köçəryanın yaramazlığına işarə vurub o yaramazın adını dilə gətirməkdən ehtiyat etməyinin özü də ən iyrənc yaramazlıqlardan biridir.
Amma Ermənistanda bahalaşma ilə bağlı kütlənin narazılıqlarının öhdəsindən yenidən prezident olmağa çalışan Robert Köçəryanın necə yararlanacağı, bu dəfə hansı vasitələrdən istifadə etməyə çalışacağı maraqlıdır.
Bahalaşma bütün ölkələrdə olur və heç bir ölkə, iqtisadiyyat belə haldan sığortalanmayıb. Üstəlik, bahalaşma birmənalı olaraq pis olay deyil, çünki hər şey qiymət artımını şərtləndirən, zəruri edən amillərdən asılıdır. 
Ağıllı insanların cəmləşdiyi hakimiyyət bahalaşmanın səbəblərini araşdıraraq bu problemin həll yollarını arayır, mexanizmləri müəyyənləşdirməyə çalışır.
Ermənistandakı iqtidar təki sərsəm yığını isə cəmiyyətə yalan danışmağa davam edərək zəiflik və bisavadlığını ört-basdır etməyə can atır.
İndi Yerevandakı iqtidar enerji tariflərini daha da artırmağa hazırlaşır. İqtidar mediası və hakimiyyəti tam nəzarətində olan, amma "müstəqil" adlanan media da sürəkli vurğulayır ki, əgər tariflər artırılmasa, ölkənin energetika sahəsi məhv olacaq. Beləcə, Sarkisyan hakimiyyəti yarıtmazlığını və bacarıqsızlığını ortaya qoyur, problem varsa da, onun ilkin mərhələsində situasiyanı yetərincə dəyərləndirə bilməməsini, acizliyini və qeyri-peşəkarlığını nümayiş etdirir.
Zahirən maraqlı situsiyadır. Əcəba, Ermənistan iqtidarı enerji tariflərinin bahalaşdırılmasının zəruri olduğunu indi anlayıblar, yoxsa bunu əvvəlcədən biliblər və yalnız kütləni qıcıqlandırmamaq üçün uzun müddət "daxili imkanlar hesabına" bahalaşma qərarına əl atmamağa çalışıblar?
Bəlkə, iqtidar enerji sahəsindəki böhran vəziyyətini bir qədər yumşaltmaq üçün alternativ həll yolları arayıblar, iqtisadiyyatın digər sahələrindəki vəziyyəti ilk əvvəl normallaşdırmağa çalışaraq energetikanı sonraya saxlayıblar? Və ya bahalaşmanın hava-su kimi gərək olduğunu anlayan iqtidar indiyədək nə işlə məşğuldu?
Suallar çox, cavablar isə praktiki olaraq yoxdur.
Daha doğrusu, cavab var: Sarkisyan rejimi Robert Köçəryanı zəiflətmək üçün ilk əvvəl Qagik Sarukyanı təlxək vəziyyətinə saldı, sonra da təlxəyin zınqırovlu papağını Köçəryana təklif edib.
Amma hələlik o papaq elə Serj Sarkisyanın özünün başındadır.
Ermənistanın sabiq energetika naziri Armen Movsisyan iki il sərasər yalan danışaraq deyirdi ki, təbii qazın tarifləri bahalaşmayıb. Amma iki il sonra bəlli oldu ki, təbii qaz əslində bahalaşıb və Ermənistanın da "mavi yanacağa" görə 300 milyon dollarlıq borcu var.
Sabiq nazirlər, həmişəki yalançılar cəzalandırılmayınca, onlara Sarkisyan iqtidarında yeni vəzifələr verildikcə yalanların indi də davam etmədiyinə kimsə təminat verə bilməz.
Təlxəklərə kim yalan danışmağı yasaqlayasıdır ki...
 

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.