Siyasət

Ya Avropa, ya ölüm - ARAŞDIRMA

23 May 2015 23:05
Baxış: 984

Avropa İkinci Dünya müharibəsindən sonra az qala ən ciddi problemlə qarşı-qarşıyadır. O, miqrant axınını qarşısında qalıb. Bu sayda qaçqını qəbul etmək iqtidarında olmayan Aİ öz prinsiplərinin girovuna çevrilib və indi o, özünün hər an car çəkdiyi həmrəylik, insan haqları dəyərlərinə qarşı çıxmaq məcburiyyətindədir.

Avropaya üz tutanlar əsasən Yaxın Şərqdə və Afrikadakı müharibələrdən, aclıqdan qaçanlardır. Onların bir çoxu Aralıq dənizini normadan artıq dolmuş, dəniz səyahətinə hazır olmayan gəmilərlə keçməyə çalışır və bu ehtiyatsızlıq onlara həyatları bahasına başa gəlir - miqrantların əksəriyyəti yolda boğulurlar.

Geniş ictimaiyyət bu mövzudan yalnız İtaliyanın Lampeduza adası yaxınlığında baş vermiş faciədən sonra xəbər tutub. Aprelin 19-da qeyri-leqal miqrantları daşıyan iki gəminin ada yaxınlığında batması 900-dək insanın ölümü ilə nəticələnmişdi. Bundan bir gün sonra Aİ miqrasiya siyasətinin dəyişdiyini bəyan edib. Ötən ay Avropanın liderləri bu məsələnin müzakirəsinə, bəlkə də, Aİ-nin mövcud olduğu tarix ərzində olduğundan daha çox vaxt ayırıblar. Vəziyyət bu qədər ciddidir.

Amsterdam Azad Universitetinin professoru Tomas Speykerburqun sözlərinə görə, əslində, qaçqınların dənizlərdə məhv olması problemi 25 ildir mövcuddur. Onun fikrincə, sadəcə, bu dövrdə məsələ avropalı siyasətçilərin diqqətini çəkməyib. Professor hesab edir ki, Cənubi Avropanın sərhədlərinə nəzarətin gücləndirilməsi qaçqınların ölüm hallarının çoxalmasına səbəb olub.

BMT-nin Qaçqınlar üzrə Agentliyinin məlumatına görə, 23 il ərzində - 1990-2013 - 3188 qaçqının ölümü qeyd alınmışdısa, yalnız 2014-cü ildə artıq 3500-dən çox qaçqın dünyasını dəyişib. Ümumilikdə, ötən il Aralıq dənizi vasitəsilə Avropaya ən azı 218 min miqrant gəlib. 2015-ci ilin ilk 4 ayında dənizdə 1800-dən artıq qaçqın dünyasını dəyişib.

Avropanın sərhədlərinə nəzarətin gücləndirilməsi qaçqın axınını azaltmayıb. Sadəcə, indi axın istiqamətini dəyişib. Miqrantlar daha təhlükəli marşrutlar seçmək məcburiyyətində qalıblar. Məsələn, Afrika Buynuzu adlandırılan yerdən (Somali və Efiopiyaya aid yarımada) İtaliyaya yetişmək üçün onlar Saxara səhrası kimi son dərəcə təhlükəli marşrutdan istifadə edirlər. Sağ qalmağı bacaranlar Liviyaya yetişir, orada onları gözləyən qaçaqmalçıları adambaşına, orta hesabla, 2000 dollar ödəməklə Aralıq dənizi vasitəsilə Avropaya üz tuturlar.

Ən qısa yollardan biri qayıq vasitəsilə Türkiyənin İzmir şəhərindən Yunanıstana getməkdir. Burada söhbət cəmi 3-5 kilometrlik yoldan gedir. Bu halda qaçaqmalçılara, orta hesabla, 1800-2400 dollar ödənilir. Digər yol Bolqarıstan-Türkiyə sərhədilə axan Marisa çayı vasitəsilədir. Burada bir tərəfə bilet 500 avroya başa gəlir. Bolqarıstan tərəfə keçən qaçqını orada qarşılayır və müəyyən məbləğ qarşılığında Qərbi Avropa ölkələrindən birinə çatdırırlar. Məsələn, Almaniyaya "bilet"in qiyməti 3000 avrodur.

Paşa, Saher və Aid adlı İraq yezidləri "Die Welt" nəşrinə açıqlamalarında indiyədək müxtəlif qaçaqmalçılara, təxminən, 11 min dollar ödədiklərini bildiriblər. Onlar ölkəni "İslam dövləti"nin terrorundan xilas olmaq üçün tərk etmək fikrinə düşüblər. İndi bu şəxslər Serbiya-Macarıstan sərhədini keçmək üçün adambaşına daha 1700 avro ödəməlidirlər.

Avropaya gedib çıxmağa nail olmuş qaçqınların əksəriyyəti yollarının üstündəki ilk dövlətlərin ərazisində qalmaqda o qədər də maraqlı deyillər. Söhbət İtaliya, Yunanıstan, Bolqarıstan və s. ölkələrdən gedir. Əksər miqrantlar Alaniyaya, Fransaya, İsveçə can atırlar. Çünki bu ölkələrdə geniş immiqrant icmaları var və orada möhkəmlənmək, iş, mənzil tapmaq daha asandır.

Və bu yerdə növbəti təhlükə meydana çıxır. Mayın əvvəlində Makedoniyada 14 qaçqın qatarın altında qalaraq ölüb. Onlar dəmir yolundan oriyentir kimi istifadə edərək, qatar yolu ilə hərəkət edirlərmiş. Rəsmi məlumata görə, son 12 ayda bu ölkədə ən azı 30 nəfər bənzər şəraitdə dünyasını dəyişib. Bu, heç də yeganə təhlükə deyil. Makedoniyada olduğu kimi, qonşu Serbiyada da KİV yerli cinayətkar dəstələrin qaçqınlardan ibarət kolona mütəmadi hücumları haqda materiallar dərc edir. Bununla yanaşı, hər iki ölkənin hökuməti və rəsmi dairələri əksər hallarda qaçqınların müdafiəsi üçün heç bir addım atmır.

Əksər miqrantları polis aşkarlayaraq xüsusi düşərgələrə salır. Onlar düşərgənin yerləşdiyi ölkədən asılı olaraq, orada 6 aydan bir neçə ilədək qala bilərlər. Son statistikaya görə, Yunanıstanda 470 min miqrant var və onların yalnız 2%-i bütün qayda və qanunlara uyğun qeydiyyata alınıblar. İtaliyada bu, 6% təşkil edir.

Bundan başqa, əksər düşərgələrdə həyat şəraiti inanılmaz dərəcədə acınacaqlıdır. Şahidlərin sözlərinə görə, Makedoniya paytaxtı Skopyedə düşərgələr "ağzına qədər" doludur. Burada hətta bəzi hallarda çarpayı çatışmır. Qaçqınların qidalanması üçün yemək də kifayət edəcək qədər deyil. Sanitar şərait çox pisdir.

Yunanıstanda isə belə insanlar həbsxana kameralarından, demək olar ki, fərqlənməyən, "ağzına qədər" dolu olan kameralarda saxlanılırlar.

Böyük Britaniyada bütün yataqxanalar özəl şirkətlərin tabeliyindədir. Onlar isə, ilk növbədə, öz iqtisadi maraqlarını güdürlər. Hər halda, qeyri-hökumət humanitar təşkilatların nümayəndələri belə deyir. Nəticədə, orada "paslı vanna otaqları, nəm divarlar, qaranlıq dəhlizlərdən başqa, heç nə yoxdur".

Fransa hökuməti isə qaçqınları hər zaman yaşayış yerilə təmin edə bilmir. Bu ölkədə yaşamağa yer axtaran qaçqınların, təxminən, 30%-i küçələrdə qalır. Amma, yaxşı nümunələr də var. Məsələn, Niderlanda sığınacaq almaq haqda qərarı gözləyənlər böyük korpuslarda yaşayırlar. Belə korpusda bir otaqda uzağı 5 nəfər qalır. Onlar da bir otağa cinsinə, milliyyətinə görə seçilərək yerləşdirilirlər. Ailələr isə ayrıca balaca mənzillərdə yaşayır.

Avropa Statistika Agentliyinin məlumatına görə, 2014-cü ildə, ümumilikdə, Aİ ölkələrində üçüncü ölkələrdən gəlmiş 185 min nəfərə qaçqın statusu verilib. Bu, 2013-cü ilin göstəricisilə müqayisədə, təxminən, 60% çoxdur. Qaçqın statusu almaq üçün müraciət edən insanların 80%-i bu istəklə İsveç, Almaniya, Fransa, İtaliya və Böyük Britaniyaya üz tutublar.

Beləliklə, Avropa Komissiyası mayın 13-də miqrantlarla bağlı böhranın çözülməsi üçün yeni layihəsini ictimaiyyətə açıqlayıb. Yeni layihənin ən mübahisəli maddəsi qeyri-leqal miqrantların milli kvota sistemi əsasında qəbulu planıdır. Onlar ölkələrin ərazisinə, iqtisadiyyatının durumuna, əhalisinin sıxlığına, həmçinin əvvəllər oraya qaçqın statusu almaq istəyilə müraciət etmiş miqrantların sayına əsasən müəyyənləşdirilir. Komissiyanın hesablamalarına görə, Aİ ölkələri arasında ən çox qaçqını Almaniya qəbul etməlidir - 18,4%. Kipr bu sırada son pillədədir - 0,39%.

Avropa Komissiyası miqrant axınının qarşısının alınması üçün də təkliflər hazırlayıb. Burada söhbət xilasetmə əməliyyatlarının maliyyələşdirilməsinin artırılmasından, Aİ-də qalmaq icazəsi olmayan şəxslərin operativ olaraq geri göndərilməsindən, miqrantların yolunun bağlanması üçün Liviya ilə qonşu dövlətlərlə əməkdaşlıq edilməsindən gedir. Yeni siyasət Avropaya üz tutmuş miqrantlara hüquqi dəstəyin verilməsini də nəzərdə tutur. Məsələ ondadır ki, onlar bir çox hallarda yardım üçün cinayətkarlara müraciət edirlər. Avropa liderləri bu təklifləri iyunun sonunda keçiriləcək sammitdə müzakirə edəcəklər.

Bundan başqa, Aİ diplomatiyasının rəhbəri Federika Moqerini BMT TŞ-yə müraciət edərək, Aralıq dənizində insan alverilə məşğul olan qüvvələrə hərbi zərbələrin endirilməsinə icazə istəyib. BMT mandatı olmadan Liviya sularında, yaxud beynəlxalq sularda insan alverilə məşğul olanların katerlərinin, qayıqlarının məhvinə, dayandırılmasına istənilən cəhd qanunsuz sayılacaq.

Almaniya və Fransa yeni planın əsas tərəfdarlarıdır. Britaniya isə qaçqınların qəbulu ilə bağlı kvotanın müəyyənləşdirilməsinə qarşıdır. London qaçqınların ölkələrinə geri qaytarılmasını, onlara vətənlərində humanitar yardımların göstərilməsini təklif edir. Danimarka, Macarıstan, Çexiya və Baltikyanı ölkələr də kvotanın müəyyənləşdirməsinin əleyhinədirlər. Böyük Britaniyanın daxili işlər naziri Tereza Mey bildirib ki, Avropa Komissiyasının təklif etdiyi plan daha çox insanda qaçqına çevrilmək həvəsi yaradacaq və Aralıq dənizinə təhlükəli səyahətə çıxanların sayı artacaq. Nazir bunu Federika Moqerininin BMT-nin tribunasından etdiyi çıxışa cavab olaraq bildirib. Moqerini çıxışında bildirib ki, dənizdə xilas olunmuş miqrantların heç biri iradəsinin əksinə olaraq, vətəninə qaytarılmamalıdır.

Gözlənildiyi kimi, Liviyanın BMT yanındakı daimi nümayəndəsi İbrahim Dabbaşi də deyilənləri etirazla qarşılayıb. O, VVS-yə açıqlamasında deyib: "Avropa İttifaqı Liviya hökumətilə məsləhətləşməyib. Ərazi sularımızda hərbi əməliyyatlar keçirməyi düşündükləri haqda, bu əməliyyatların miqyası haqda bizi məlumatlandırmayıblar".

Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brasserin "Azadlıq" radiosuna müsahibəsi isə bu bəyanata cavab sayıla bilər. Onun sözlərinə görə, hazırda Liviyada prinsipcə, müzakirələr aparacaq qüvvə yoxdur. Orada hökumət parçalanıb, kriminal elementlər hakimiyyətə qarışıb və bu elementlər arasında hətta Aralıq dənizilə insanların qanunsuz olaraq Aİ-yə daşınması biznesilə məşğul olanlar da var.

Bu arada Liviyanın daxili işlər naziri Salah Majekin ötən ilin mayında söylədiyi bir fikri xatırlatmaq yerinə düşər. O, ölkəsinin minlərlə afrikalı qaçqının tez bir zamanda Aİ-yə göndərilməsinə "yardım göstərə" biləcəyini demişdi. Nazir fikrini qaçqınların Liviya ərazisilə hərəkət edən zaman xəstəlik yaymaları, cinayətlər törətmələri, narkotik satmaları ilə əsaslandırmışdı. "Liviya öz qurbanını verib. İndi növbə Avropa İttifaqınındır", - deyə o, qeyd etmişdi.

Bu bəyanat xüsusilə "İslam dövləti"nin Avropaya ünvanladığı hədə fonunda xüsusilə uğursuz səslənir. Bir neçə ay əvvəl İD ilə əlaqəli liviyalı yaraqlılar internetdə 21 misirli kopt xristianın Aralıq dənizi sahillərində gerçəkləşdirdikləri edam kadrlarını yaymışdılar. Kadrlar Avropaya qisas hədəsilə müşayiət olunurdu: "Biz burada, Romadan cənubda, islam torpağı olan Liviyadayıq. Sizə daha bir xəbərdarlıq ünvanlayırıq".

Avropada artıq İD yaraqlılarının Aİ-yə üz tutmuş qaçqınlar arasında yer ala biləcəklərindən ehtiyatlanırlar. Bəzi məlumatlara görə, İD yaraqlıları artıq Türkiyəyə üz tutan miqrant axınına qoşulmağa başlayıblar.

Brüsselin siyasətindən narazı olan bir çox avropalı artıq öz gələcəyini heç də yaxşı görmür. Tarixçi David Engelsin sözlərinə görə, "qeyri-leqal miqrasiya bizim hazırkı sistemimizin riyakarlığını üzə çıxarır". O, bildirir ki, bu sistem hazırda iki faciəvi, sabitliyi pozacaq alternativlə üz-üzədir: "Ya universallıqda sonadək gedərək Avropanı nəhəng qaçqın düşərgəsinə çevirməli, bununla da, tezliklə yalnız miqrantların deyil, köklü avropalıların da dəhşətli şəraitdə yaşamasına yol açmalı, ya da "ümumi" dəyərlərdən imtina etməli, Berlin divarlarının dağıdılmasından sonra meydana çıxmış ultraliberal və multikulturalizm sistemini məhv etməli...".
"Region Plyus"

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.