Siyasət

Naxçıvanda Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin döyüş atışlı birgə taktiki təlimləri - VİDEO

22 May 2015 20:44
Baxış: 851

Azərbaycanla Türkiyə arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən mayın 12-dən Naxçıvanda keçirilmiş iki ölkənin Silahlı Qüvvələrinin birgə taktiki təlimlərinin videosu yayılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündar birgə taktiki təlimi izləyiblər.

Təlimdə 1000-dən artıq şəxsi heyət, 150-dən artıq döyüş və digər texnika, 50-ə yaxın artilleriya və reaktiv qurğu, 4 atəş dəstək vertolyotu, 6 ədəd zenit-raket qurğusu iştirak edib. Təlimlərin keçirilməsində əsas məqsəd Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə koordinasiyanı inkişaf etdirmək, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.

Üç mərhələdə keçirilən təlimlərdə bölmələr tərəfindən qarşılıqlı uzlaşma şəraitində müxtəlif döyüş tapşırıqları praktiki şəkildə icra olunub. Təlimdə birgə əks-hücum əməliyyatlarının təşkili və aparılması, zirehli qrupların düşmənin müdafiə xəttini yarmaqla təyin olunmuş istiqamətdə əlverişli həddi ələ keçirməsi, taktiki-hava desantının düşmən bölmələrinin arxasına atılması və hakim yüksəkliklərin ələ keçirilməsi, hücumda olan qoşunların dəstəyi üzrə hava-hücumundan müdafiə qoşunlarının qarşılıqlı fəaliyyətinin öyrənilməsi mövzularında tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri və vertolyotlar döyüş atışları və raket buraxılışlarını həyata keçiriblər.

Təlim ssenarisinə əsasən hava hücumundan müdafiə bölmələri zenit-raket kompleks vasitələri ilə dövlət sərhədini pozan düşmən təyyarələrini məhv edib. Hərbi birləşmələrimiz yaylım atəşli reaktiv silahlar vasitəsilə hücuma keçən düşmənin idarəetmə məntəqələrini, canlı qüvvəsini, döyüş texnikalarını, artilleriya və minaatan batareyalarını zərərsizləşdirib, dayaq məntəqələrini və qovşaqlarını dağıdıb. Sonra atəş dəstək və döyüş-nəqliyyat vertolyotlarının müşayiəti ilə düşmən müdafiəsinin yaxın dərinlikdəki zirehli obyektlərinə zərbələr endirilib və düşmən üzərində atəş üstünlüyü əldə edilib.

Təmas xətti boyu mövqelərini gücləndirən və atəş üstünlüyünə yiyələnən Əlahiddə Ümumqoşun Ordusu bundan sonra düşmənə qarşı əks-hücum əmrini yerinə yetirib. Əvvəlcə özüyeriyən artilleriya qurğuları, müxtəlif çaplı toplar və minaatanlardan açılan atəşlə düşmənin canlı qüvvəsi məhv edilib. Ardınca tanklar, piyada döyüş maşınları, tank əleyhinə idarə olunan raket kompleksləri hücuma dəstək verərək düşmən müdafiəsinin ön xəttindəki atəş vasitələrinə zərbələr endirib. Bu zaman qarşı tərəfin müdafiə istehkamları və digər səhra qurğuları dağıdılıb, hərəkətdə olan və hərəkətsiz zirehli texnikalar yararsız hala salınıb. Əks-hücum əməliyyatına atəş-dəstək vertolyotları da qoşularaq düşmənin müdafiə dərinliyində aşkarlanmış canlı qüvvəsini və zirehli obyektlərini atəşə tutub.

Daha sonra Əlahiddə Ümumqoşun Ordusunun birləşmələri Türkiyə Respublikası Silahlı Qüvvələrinin gücləndirilmiş tabor taktiki qrupları ilə birlikdə düşmən müdafiəsinin ön xəttini yarıb, piyada döyüş maşınları və tanklar dərinliklərə nüfuz ediblər. Artilleriya bölmələri atəş mövqeyini dəyişməklə hücum edən bölmələrə dəstək verib, Əlahiddə Ümumqoşun Ordusunun ön dəstələri sürətli hücum təşkil edərək qarşı tərəfin mühüm rayonlarını və həddini ələ keçiriblər. Hərbi təlimdə səyyar tibb və təmir təxliyə qrupları da fəallıq nümayiş etdiriblər.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun birləşmələri və Türkiyə Silahlı Qüvvələrinin bölmələri qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirib, birgə hərbi təlim müvəffəqiyyətlə başa çatıb.

Sonda hərbi vertolyotlar Azərbaycan və Türkiyə bayraqlarını səmada nümayiş etdirib, ümummilli lider Heydər Əliyevin "Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" fikirləri səsləndirilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.