Siyasət

Yenə "narahat" olacaqlar, keçib gedəcək

22 May 2015 15:50
0 Şərh     Baxış: 1 052

Ötən gün Latviyanın paytaxtı Riqa şәhәrindә Avropa İttifaqı "Şәrq tәrәfdaşlığı" sammiti başlayıb. Azərbaycan tədbirdə xarici işlər naziri Elmar Məmmədyarov və Prezident administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov səviyyəsində təmsil olunub. Prezident İlham Əliyev sammitə qatılmayıb.

Sammitin başlamasından bir neçə ay öncə də, indi də müzakirələr səngimək bilmir. Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk sammitin Rusiyaya qarşı olmadığını bildirib. Buna baxmayaraq, artıq uzun müddətdir ki, tədbirin gedən şərq-qərb ədavətindən kənarda qalması heç də inandırıcı deyil.

Son dövrlər "Qərb yönümlü", "Rusiya yönümlü" sözləri beynəlxalq siyasətdə çox işlənir. Belə gərgin bir dünyada tərəfsizliyi qorumaq da çətindir. Qərbə meyl edənləri Rusiya cəzalandırır, meyl etməyənləri isə Qərb tənqid edir.

Ən yaxın tarixə nəzər saldıqda Qərbə meyl edərək ciddi uğur qazanan ölkələrə rast gəlmək olmur. Bu ölkələrin siyahısına ən yaxın qonşumuz Gürcüstandan tutmuş, uzaq Honqkonqa qədər misallar çəkmək olar.

Bir zamanlar Gürcüstanda Mixeil Saakaşvili Qızılgül inqilabı edərək hakimiyyətə gəldi. Qərbə yönəldiyini bildirərək, Rusiyadan üz çevirdi. Şimal qonşusuna düşmən münasibətini heç yerdə gizlətmədi. Ölkədə bir sıra islahatlar apararaq uğura da nail oldu. Ancaq şimal qonşusunun qəzəbi tək Saakaşvili üçün deyil, başçılıq etdiyi ölkəyə də fayda vermədi. Ölkənin iki regionunu - Abxaziya və Şimali Osetiyanı birdəfəlik itirdi. Rusiyanın iqtisadi sanksiyaları ilə bacarmayan Gürcüstan 2008-ci ildəki beş günlük dağıdıcı müharibəyə rəğmən, yenidən Rusiya ilə münasibətləri bərpa etmək məcburiyyətində qaldı. Başqa çıxış yolu yox idi.

Rusiya tankları Tbilisi şəhərinin 30 kilometrliyində dayananda, Qərb "narahatıq" tipli bəyanatdan savayı heç nə edə bilmədi. Mixeil Saakaşvilini Rusiya təcavüzündən qoruyan Tbilisinin mərkəzi meydanına toplaşan əli yalın xalq oldu. Rusiya xalqı əzib keçəcək "cürəti" tapa bilmədi özündə.

Qərbə meyl edərək özünü "Qurdlar vadisi"nin içində tapan digər bir ölkə Ukrayna oldu. Ukrayna hadisələrindən elə də çox zaman ötməyib. Rusiyaya üz çevirmək bu ölkə üçün ağır nəticələrə yol açdı. Əvvəlcə Krım ilhaq edildi. Sonradan Donetsk və Luqansk bölgələrində separatçılar silaha əl atdılar. Ölkə faktiki olaraq üç yerə parçalandı. Hələ Ukraynanın başı üzərindən qala buludlar çəkilməyib.

Rusiya artıq dünyada qlobal gücə çevrilib. İllər boyu onu çökdürməyə çalışan Qərb özünün demokratiya, insan haqları kimi silahları ilə onu vura bilməyib. Və bu gün Qərb Azərbaycanı da şimal qonşusuna qarşı olan bir müqavilədə birləşməyə çağırır. Azərbaycanın Rusiya ilə günü-gündən inkişaf edən əməkdaşlıq münasibətləri olduğu halda, bizi şimal qonşumuza qarşı qoymaq istəyirlər. Nəyin müqabilində? Axı Azərbaycanın çətin günündə "narahatıq" bəyanatı versinlər deyəmi?

Teymur Hacıyev
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.