Siyasət

""RİA Novosti" ermənilərə informasiya dəstəyinin yeni formalarını ortalığa qoyub"

22 May 2015 11:25
Baxış: 539

""RİA Novosti"nin Dağlıq Qarabağ probleminə yeni münasibəti Rusiyanın dövlətçilik maraqları prizmasından o qədər də məntiqli görünmür. Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində mövqeyi aydındır. Ən azı, Rusiya Yenilənmiş Madrid Prinsiplərinin müəlliflərindən biridir".

Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, Yenilənmiş Madrid Prinsiplərində Dağlıq Qarabağın statusunun müəyyənləşməsi ATƏT-in Minsk Qrupunun səlahiyyətindədir: ""RİA Novosti" Dağlıq Qarabağda baş verən tədbirləri birtərəfli, erməni prizmasından işıqlandırmaqla Rusiya prezidentinin imzaladığı sənədin mahiyyətini danmaq istiqamətində addımlar atır, Dağlıq Qarabağın statusunun birtərəfli qaydada müəyyənləşməsinə təsir etmək kursu götürüb. Dağlıq Qarabağda keçirilən son parlament seçkilərində "RİA Novsti"nin tutduğu mövqe bunun aydın nümayişidir".

Onun sözlərinə görə, "RİA Novosti"nin Dağlıq Qarabağda mayın 3-dəki seçkilərə verdiyi informasiya dəstəyinin əvvəlki analoji aksiyalardan ciddi fərqi var: "Bu dəfə Rusiyanın deputatlarından, ciddi siyasətçilərindən, tanınmış şəxslərindən heç kəs Dağlıq Qarabağda keçirilən "parlament seçkiləri"ndə müşahidəçi qismində iştirak etmədi. Ermənistan mətbuatı açıqca bəyan etdi ki, Rusiya tərəfdən heç bir deputat, heç bir ciddi siyasi qüvvə, Kremlə yaxın ekspertlərdən heç kim Dağlıq Qarabağdakı "parlament seçkiləri"ni müşahidə etmədi. Ermənilərlə birbaşa qohumluq əlaqəsində olan cəmi 2-3 jurnalist və 2 siyasətçi bu "seçkilərin" monitorinqini apardı. Rusiyalı deputatların və ciddi siyasətçilərin Dağlıq Qarabağda keçirilən "parlament seçkiləri"ni müşahidə etməməsinin əsas səbəbi Kremlin götürdüyü kursdur. "RİA Novosti"nin Dağlıq Qarabağdakı "parlament seçkiləri"nə verdiyi informasiya dəstəyi isə əvvəlki dövrlərə nisbətən daha da artmışdı. Kremlin Dağlıq Qarabağ ermənilərinə marağının azaldığı fonda "RİA Novosti"nin Dağlıq Qarabağ ermənilərinə informasiya dəstəyini artırması Moskva ermənilərin bütün variantlarda öz ambisiyasını irəlilətməkdə qətiyyətli olduğunu göstərir. Bəllidir ki, "RİA Novosti"inin rəhbərlərindən biri Marqarita Simonyandır. İş o həddə çatıb ki, "RİA Novosti" tanınmamış Dağlıq Qarabağı Dağlıq Qarabağ Respublikası adı ilə KTMT üzv dövlətlər sirasına daxil edib; Guya orada da RF prezident administrasiyasının dəstəklədiyi "Qələbə valsı" keçirilib".

Politoloq deyib ki, "RİA Novosti" dünyanın digər dövlətlərindəki erməni icmalarının fəaliyyətinə xüsusi önəm verilir: "Rusiyadan kənarda erməni mənşəli politoloqları axtarıb tapıb onların adından Rusiyanın maraqlarına cavab verən şərhlər yerləşdirirlər.

ABŞ adından danışan bəzi politoloqlar erməni mənşəlidir. Bu, ərəb dövlətləri və İranla əlaqəli məsələlərdə də özünün göstərir. Suriyada bütün hakimiyyət yönlü politoloqların fikrincə, Suriya və Ukrayna hadisələri eyni mənşəli və paralel istiqamətlərdədir. "RİA Novosti"nin bunu Suriyadakı erməni politoloqun adından təqdim etməsi, təbii ki, erməniləri Rusiyaya daha yaxın prizmadan göstərmək məqsədi daşıyır.

"RT" televiziyasının uğurları M.Simonyanın fəaliyyətindən daha çox, Qərbdə alternativ fikrə və yanaşmaya ciddi ehtiyacdan irəli gəlir.

Ermənilərin Rusiya dövlətçiliyinə qarşı öz ambisiyalarını irəlilətmək kursu Azərbaycanda heç kimdə şübhə doğurmur. Diqqəti çəkən məqam orasındadır ki, Rusiyanın özündə bu prosesi kifayət qədər anlamaq istəmirlər.

Rusiyanın Qərb istiqamətində son illərdəki uğurlarının ən əsas mənbəyi Türkiyə ilə münasibətlərində idi. Məhz Moskvadakı ermənilərin davranışı Rusiya-Türkiyə münasibətlərində ciddi problemlər yaratdı. Rusiya Türkiyə hal-hazırda soyuq müharibə dövrünün münasibətlərini bərpa etmək ərəfəsindədirlər. "Erməni soyqırımı"nın 100 illiyi ərəfəsində Rusiyadakı ermənilərin təsiri altında olan mətbu orqanlarından heç birisi Rusiya-Türkiyə münasibətlərinə sağlam prizmadan informasiya dəstəyi vermədi. Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri D.Peskov, demək olar ki, vaxtaşırı V.Putinin Yerevanda "erməni soyqırımı"nın 100 illiyi tədbirində iştirakının Rusiya-Türkiyə münasibətlərinə təsir etməyəcəyini bəyan etsə də ermənilərin təsirində olan mətbu orqanların heç biri bu məsələdə ona dəstək vermədi. "RİA Novosti" bu barədə sadəcə məlumat yaydı, informasiya dəstəyi vermədi. "RİA Novosti"nin süurlu şəkildə "unutduğu" məsələlərdən biri Ukraynanın daxili işlər naziri A.Avakovdur. Ukrayna-Rusiya münasibətlərinin gərginləşməsində bu adamın müstəsna rolu var. A.Avakov Vatikanda "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı liturgiya keçirilən günün səhəri Vatikanda peyda oldu və erməni katoliklərinin başçısı XIX Nersos Bedrosla görüşdü. Məqsədi, XIX Nersos Bedrosun Roma Papası Fransiskin yanındakı nüfuzundan istifadə edərək Ukraynadakı Qolodomor hadisələrini "soyqırım" kimi tanıtmaq idi.

Eləcə də Amerika hərbçiləri hal-hazırda Ukraynadakı təlimləri A.Avakovla birlikdə keçirirlər. A.Avakov da ermənidir. "RİA Novosti" nədənsə dünya erməniliyini belə antirusiya istiqamətində fəaliyyət göstərən A.Avakov kimi ermənilərə qarşı yönəltmir və yaxud A.Avakov kimi ermənilərin fəaliyyətini şərh etdirmək istəmir.

Məşhur kinorejissor N.Mixalkovla Moskvadakı ermənilərin problemi var. RF-in kino industriyası ermənilərin monopoliyasındadır. N.Mixalkovun mövcudluğu onların bu monopoliyası üçün böyük təhlükədir. N.Mixalkovun ofisinin şüşəsinin daşla sındırılmasını "RİA Novosti" az qala güllə atəşi kimi təqdim etdi. Qısa müddət ərzində 150 (139+10) neqativ tutumlu şərhlərlə atəşə tutuldu.

Hər halda Azərbaycan regionda kifayət qədər nüfuza, gücə malik dövlətdir. Rusiya ilə münasibət Cənubi Qafqazda, xüsusilə Şimali Qafqazda stabilliyin dayaq sütunudur. Belə bir sütuna M. Simonyanın rəhbərlik etdiyi "RİA Novosti"nin barmaqarası yanaşması Rusiya üçün strateji təhlükənin artmasına xidmət edir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.