Siyasət

Təfriqəçilik və bölücülüyün məntiqi sonluğu

5 May 2015 18:58
Baxış: 605

Avtoritar və aqressiv davranışın adi hal aldığı Müsavat Partiyasında əks-fikirlilərin "biçini" davam edir

Müsavat Partiyasının taleyi haqda verilən proqnozlar təsdiqini tapmaqdadır. Belə ki, qurultaydan dərhal sonra başladılan "qovma" kampaniyası hələ də davam etdirilir və növbəti hədəf ADR Hərəkatının sədr müavini Vurğun Əyyub olub. Hələ bir neçə ay öncə heç şübhəsiz qurumdan kənarlaşdırılacağı deyilən V.Əyyub özəyin iclaslarına qatılmamaq, həmçinin üzvlük haqqını ödəməməkdə ittiham olunaraq partiyadan xaric edilib.

Məsələyə münasibət bildirən V.Əyyub burada təəccüblü bir şey olmadığını deyib: "Məni Müsavat Partiyasından çıxarmağa çoxdan hazırlaşırdılar. Hesab edirəm ki, bu qərar tamamilə nizamnamə tələblərinə ziddir. Mayın 2-si tarixində mesaj aldım ki, ayın 3-də saat 15:00-da özəyin iclası olacaq. Mayın 2-də mən tələbələrimlə şəhərdən kənarda idim. Fikirləşirdim ki, iclasa gedəcəyəm, ancaq səfərdən qayıdandan sonra soyuqlamışdım. Ona görə də ayın 3-də saat 12:00-da mesaj yazdım ki, xəstə olduğum üçün iclasda iştirak edə bilməyəcəyəm. Mənim iştirakım olmadan və iclaslara qatılmadığımı bəhanə edərək partiyadan çıxarmaq nizamnamə tələblərinə ziddir. Üzvlük haqqının ödənilməməsi məsələsinə gəlincə isə, əvvəla, mənim Müsavat Partiyası üçün xərclədiklərim qədər bu adamlar həyatları boyu üzvlük haqqı verməyiblər. İkincisi, əgər üzvlük haqlarının toplanması və xərclənməsi barədə partiyada hesabatlılıq və şəffaflıq yoxdursa, ora üzvlük haqqı vermək niyyətində deyiləm. Bu, Müsavat Partiyası rəhbərliyini ələ keçirmiş bir qrupun Vurğun Əyyubdan intiqam almaq həvəsindən başqa bir şey deyil. Partiyadan çıxarılmağımla bağlı heç hara müraciət etməyəcəyəm. Çünki partiyanın indiki rəhbər strukturları qeyri-legitim şəkildə formalaşıb və sadəcə olaraq partiyanın başında dayanan adamların sifarişlərini yerinə yetirirlər. Bunların heç birinin ədalətli qərar verəcəyinə inanmıram və ona görə də onlara müraciət etməyəcəyəm".

V.Əyyub heç bir halda nə partiya qərarlarının əleyhinə getdiyini, nə də kiminsə ünvanına aşağılayıcı ifadə işlətdiyini də söyləyib: "Amma Arif Hacılının ətrafında olanların hamısı ünvanıma təhqiredici fikirlər deyiblər. Düşünürəm ki, müsavatçılıq ideologiyasına bağlı olmaq üçün mütləq Müsavat adında bir partiyanın üzvü olmaq şərt deyil. Bu qərarda İsa Qəmbərin rolunun olması barədə isə bir şey deyə bilmərəm. Amma onu bilirəm ki, bu cür ciddi məsələlərdə İsa Qəmbərin razılığı olmadan addım atmazlar".

Qeyd edək ki, Müsavat Partiyasının digər tanınmış üzvü professor Adil Qeybulla da üzvlükdən istefa verib və V.Əyyubun partiyadan absurd ittihamlarla çıxarıldığını bildirib: "Əslində, indiki Müsavat Partiyası daxilində çoxdan başlanmış təfriqəçilik və bölücülük siyasəti məntiqi sonluğuna çatdı. Bu gün qeyri-qanuni üsullarla partiya rəhbərliyini ələ keçirmiş məhdud bir qrup müsavatçılığın mahiyyəti ilə daban-dabana zidd olan avtoritar və aqressiv davranış nümayiş etdirir. Bu cür davranış böyük Rəsulzadənin və ləyaqət etalonu olan sıravi müsavatçıların ruhuna həqarətdir. Müsavatın genomunu təşkil edən ədalət və mərhəmət prinsipləri bu gün onun adını daşıyan partiyada ayaqlar altına atılıb. Qurultaydan bir müddət öncə partiyadan getməyim bütün bunlarla bağlı idi. Amma o vaxt bu naqisliklər ictimailəşmədiyindən istefama yanaşmalar fərqli idi. Qayıtdım, ümid etdim ki, qurultaydan sonra yeni mütərəqqi fəaliyyət istiqamətinin əsası qoyular. Lakin aparılan yanlış xətt, təəssüf ki, qurultay vasitəsilə rəsmiləşdirildi. Partiyanı işğal etmiş məhdud bir qrupun apardığı yanlış siyasətə və təşkilatda yaratdığı cılız qisasçılıq, avtoritarlıq fəaliyyətinə şərik olmaq niyyətim olmadığından partiya sıralarından istefa verdiyimi bəyan edirəm".

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı ittihamlara cavab verib və heç kimin sifariş əsasında qovulmadığını söyləyib: "Vurğun Əyyub Müsavat Partiyasından seçkili orqanları qeyri-legitim hesab etdiyi üçün xaric olunub. Partiyadakı bütün məsələlər Nizamnamə çərçivəsində həll edilir. VIII qurultaydan sonra Vurğun Əyyub dəfələrlə Müsavat Partiyasının seçilmiş orqanlarını-başqanını, Divanını, Məclisini, Mərkəzi Nəzarət-Təftiş Komissiyasını tanımadığını bildirirdi. Bunu heç gizlətmir, hər yerdə də deyir. İndi məlum olur ki, o, üzvü olduğu rayon təşkilatını da, özəyini də tanımır. Belə olan halda kimsə ona: "Biz də səni tanımırıq" - deməli idi. Bu, Nizamnamənin tələbi idi. Vurğun Əyyubla bağlı qərar verən özək bu məsələni partiya rəhbərliyi ilə müzakirə etməyib. Bundan əvvəl də bu məsələ özəkdə qaldırılıb, rayon təşkilatı onun xaric olunmasını bir qədər təxirə salıb. İndi isə özək bu məsələni, sadəcə, rəsmiləşdirib. Kimsə partiyanın strukturlarını tanımayacaqsa, təbii ki, o, özünü partiyadan kənarda qoymuş olacaq".

G.Aslanlı Adil Qeybullanın istefa verməsinə də münasibət bildirib: "Adil Qeybullanın Müsavatdan çıxarılması məsələsi heç vaxt partiyada müzakirə olunmayıb. Adil bəy özünün əsassız iddialarına görə belə qərar verib. Bu, Adil Qeybullanın Müsavat Partiyasından ikinci istefasıdır. Hər kəs öz işi ilə məşğul olsa, yaxşı olar. Böhtan, şər atmaq olmaz".

Göründüyü kimi, Müsavat Partiyasında diktatura hökm sürməkdədir və rəhbərliklə həmfikir olmayanların repressiyaları bitmək bilmir. V.Əyyubun partiya rəhbərliyinin maraqlarının növbəti qurbanı olması Müsavat tarixinə yazılmış digər bir ləkə hesab olunur. Bu fakt bir daha təsdiq edir ki, hazırkı Müsavat rəhbərliyi qisasçı təfəkkürlü, partiyanın gələcəyini düşünməyən və yalnız öz maraqlarını güdən bir neçə şəxsdən ibarət qrupdur.

Kaspi.az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.