Siyasət

Prezident İlham Əliyev: "Bu gün Azərbaycan bütün azadlıqlardan faydalanır, bizim cəmiyyət azaddır, bizdə bütün azadlıqlar təmin edilir" - YENİLƏNİB - FOTO

29 Aprel 2015 09:01
Baxış: 3 442

29.04.2015
09:01


Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından III Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.

Prezident İlham Əliyevin, xanımı Mehriban Əliyevanın və qızı Arzu Əliyevanın iştirak etdikləri ziyafətdə Bolqarıstanın və Makedoniyanın dövlət başçıları, Maltanın Baş naziri, bir sıra ölkələrin sabiq liderləri, dünya siyasətində əhəmiyyətli rol oynamış ictimai-siyasi xadimlər, ekspertlər və mütəxəssislər iştirak ediblər.

Ziyafətdə çıxış edən Latviyanın keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa Forumun yüksək səviyyədə təşkil olunduğunu və səmərəli müzakirələr aparıldığını qeyd etdi. O, Forumun yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə təşəkkür etdi. Sabiq Prezident Bakıya bir neçə dəfə səfərə gəldiyini və hər gəlişində böyük inkişafın şahidi olduğunu dedi. Xanım Vayra Vike-Freyberqa tədbirin yüksək səviyyədə təşkili ilə əlaqədar III Qlobal Bakı Forumunun iştirakçılarının təşəkkürlərinin ifadə olunduğu xatirə kitabını dövlətimizin başçısına hədiyyə etdi.

Prezident İlham Əliyev ziyafətdə çıxış etdi. Dövlətimizin başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qısa vaxtda mühüm təsisata çevrildiyini və Mərkəzin təşkil etdiyi III Qlobal Bakı Forumuna böyük maraq göstərildiyini dedi. Azərbaycan Prezidenti dəyişən və qloballaşan dünyada təcrübə və biliyə hər zaman ehtiyac olduğunu vurğuladı. Məhz bu baxımdan III Qlobal Bakı Forumunun əhəmiyyətini yüksək qiymətləndirdi. Prezident İlham Əliyev bu il Bakıda ilk Avropa Oyunlarının keçiriləcəyini xatırlatdı. Bildirdi ki, aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş verdi. Bakıda birinci Avropa Oyunlarının məşəli alovlandırıldı. Birinci Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq, Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək. Dövlətimizin başçısı III Qlobal Bakı Forumunun iştirakçılarını ilk Avropa Oyunlarının açılış mərasiminə dəvət etdi.

----------------
28.04.2015
23:54

Aprelin 28-də Azərbaycanın paytaxtında III Qlobal Bakı Forumu işə başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun rəsmi açılış mərasimində iştirak edib.

Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Forumu açaraq dedi:

- Zati-aliləri.

Xanımlar və cənablar sabahınız xeyir olsun.

Mən böyük şərəf hissi ilə Prezident İlham Əliyevin dəvətini qəbul edib buraya gəlmişəm.

Bugünkü görüşümüzün məqsədi yeni formalaşan dünya durumunda etimadın qurulmasına aiddir. Təbii ki, İkinci Dünya müharibəsindən sonra yaranmış vəziyyət və həmin vəziyyətdən sonrakı durum necə olmalıdır? Bizim qarşımızda problemlər var, çağırışlar mövcuddur, dövlətlər, xalqlar arasında etimad məsələləri gündəliyimizdə vacib yer tutur. Buna görə də, biz bu gün gündəlikdə duran həmin məsələləri fəal müzakirə etməliyik. Biz indi özümüz üçün müzakirələr aparmalıyıq ki, hansı yeni durum olmalıdır? Henri Kissincer əslində bu sahədə görüləcək tədbirlərin çərçivəsinin hüdudsuz olduğunu qeyd etmişdir. Biz müəyyənləşdirməliyik ki, bir siyasi sistemin digər siyasi sistemə mənfi təsirinin qarşısının alınması hansı tədbirlərə əsaslanmalıdır? Bu məsələ bu gün bizi narahat edir. Buna görə də aydınlaşdırmalıyıq ki, bu gün dünya durumunda məhz hansı yeni sərhədlər, üfüqlər açılır.

Bu gün Bakıya yüksək səviyyəli nümayəndələr, təmsilçilər təşrif gətiriblər. Bu, bizim üçün böyük şərəfdir. Biz Bakı Forumumuzu artıq illik əsaslarla keçiririk. Mən indi böyük məmnuniyyətlə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə söz vermək istəyirəm.

Dövlətimizin başçısı Forumun rəsmi açılışında nitq söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

- Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Sizi Azərbaycanda salamlayıram, hər birinizə "Xoş gəldiniz!" deyirəm. Çox şadam ki, bu gün biz Bakıda 60-dan çox dövlətin nümayəndələrinin iştirakı ilə belə bir vacib, mühüm tədbir təşkil etmişik. Hazırkı və keçmiş prezidentlər, baş nazirlər, siyasətçilər, dövlət və ictimai xadimlər bu gün Bakıda dünya siyasəti ilə bağlı məsələləri nəzərdən keçirəcəklər. Onların baxışları dəyərli bilikləri və təcrübələrinə əsaslanır. Düşünürəm, bu nadir fürsətdir ki, burada bu dərəcədə yüksək səviyyəli qonaqların sayəsində bizi gələcəkdə hansı işlərin, hansı çağırışların gözlədiyini və bu gün dünyanın bütün yerlərində mövcud olan gərginliyin azaldılması üçün hansı tədbirlərin görülməli olduğunu müzakirə edək.

Olduqca məmnunam və fəxr edirəm ki, qısa bir zaman kəsiyində çox mühüm beynəlxalq təsisata çevrilmiş bu Mərkəz dahi azərbaycanlı Nizami Gəncəvinin adını daşıyır. Nizami ilə fəxr etməyən azərbaycanlı tapmaq çox çətindir və mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - xanım Prezident Vayra Vike-Freyberqaya və cənab Serageldinə dünya səviyyəli beynəlxalq təsisatın yaradılması ilə bağlı diqqətəlayiq fəaliyyətləri və töhfələrinə görə minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi gələcəkdə dünya siyasətinin mühüm məsələlərinə müraciət edəcək və irəli getmək yollarının müəyyənləşdirilməsində, gərginliyin azaldılmasında, əməkdaşlıq və qarşılıqlı anlaşma mühitinin yaradılmasında daha da vacib rol oynayacaq.

Eyni zamanda, şadam ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi vaxtaşırı tədbirlərini Azərbaycanın qədim şəhəri və Nizaminin vətəni olan Gəncədə təşkil edir. Mərkəz əsasən humanitar məsələlərlə məşğul olan təsisatdan bu gün dünya siyasətinə aid bütün məsələləri - iqtisadi inkişafla, sosial problemlərlə, münaqişələrin həlli ilə bağlı məsələləri müzakirə edən bir təşkilata çevrilmişdir. Əlbəttə, humanitar aspekt də burada vacib rol oynayır.

Əsrlər boyu Azərbaycan sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Bizim coğrafi yerləşməmiz və xalqımızın tarixi irsi Azərbaycanda xüsusi ab-hava yaratmışdır. Azərbaycan Avropa və Asiya arasında təbii coğrafi körpüdür. Əminəm ki, Azərbaycan hazırda Avropa ilə müsəlman dünyası arasında mədəni və siyasi körpü rolunu oynayır. Bizim cəmiyyətdə multikulturalizm ənənələri dərin köklərə malikdir. Siyasi quruluşdan asılı olmayaraq, Azərbaycanda müxtəlif millətlərin, dinlərin və etnik azlıqların nümayəndələri hər zaman sülh və ləyaqət şəraitində yaşamışlar. Müstəqil olandan sonra Azərbaycan bu səbəbdən dünya multilkulturalizm mərkəzlərindən birinə çevrilmişdir. Gələn ay biz III Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcəyik.

Biz hər il Beynəlxalq Humanitar Forum təşkil edirik. Bu tədbir əsasən sülh şəraitində birgə yaşayış, etimadın artırılması və dünyada müxtəlif dövlətlər arasında mövcud olan gərginliyin azaldılması məsələlərini müzakirə edir. Ancaq böyük tarix və mədəniyyətimizə baxmayaraq, Azərbaycan 20 ildən bir qədər çoxdur ki, müstəqildir və bu illər diqqətəlayiq transformasiya illəri olmuşdur.

Bugünkü nailiyyətlərimiz aydın nümayiş etdirir ki, yalnız müstəqil olduğumuz illərdə bizim insanlar böyük uğur əldə edə bilər, öz gələcəyini müəyyən edə bilər, planlar qura bilər və dünyadakı mövqelərini müəyyən etməklə böyük iqtisadi transformasiya və uğura nail ola bilər.

Bəli, Azərbaycan hər zaman enerji resursları ilə zəngin ölkə olmuşdur. Ancaq, eyni zamanda, xatırlayırıq ki, Azərbaycan müstəqil olmayan dövrdə biz bu resursların bəhrəsini görə bilmirdik. XX əsrin əvvəlində Azərbaycan bütün dünyada hasil olunan neftin yarısından çoxunu istehsal edirdi. Siz o vaxtkı mənzərəyə baxsanız çiçəklənmə, bərabərlik və sosial firavanlıq görə bilməzsiniz. Sovet dövründə, xüsusilə də İkinci Dünya müharibəsi zamanı Azərbaycan nefti faşizmlə mübarizədə çox mühüm rol oynamışdır. Sovet İttifaqının neftinin 70 faizini Azərbaycan təmin etmişdir. Lakin müstəqil olandan sonra biz ekoloji fəlakət, neft sənayesinin dağılması, iqtisadi və sənaye tənəzzülü ilə üzləşdik. Yəni, çox qısa bir zamanda - yalnız taleyimiz öz əlimizdə olanda biz uğura nail ola bilmişik. Bu çox çətin dövr idi, çünki biz yalnız dövlət və dövlətçiliyin əsaslarını yaratmaqla kifayətlənməli deyildik. Biz, eyni zamanda, bütün sistemi transformasiya etməli idik - həm siyasi, həm də iqtisadi. Biz planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına, təkpartiyalı sistemdən çoxpartiyalı sistemə, totalitarizmdən demokratiyaya keçməli idik.

Düşünürəm ki, siyasi və iqtisadi islahatların paralel aparılması, sürətli transformasiya, sabitlik proqnozlaşdırıla bilən iqtisadi və sosial inkişafı təmin etmişdir. Bu gün Azərbaycan bütün azadlıqlardan faydalanır, bizim cəmiyyət azaddır, bizdə bütün azadlıqlar təmin edilir - media azadlığı, azad, senzurasız internet, ifadə və toplaşma azadlığı, din azadlığı var. Siyasi transformasiya davam edir. Biz bundan sonra da hüquq sistemimizin təkmilləşdirilməsi üzərində çalışmalıyıq. Çünki ədalət - cəmiyyətdə ədalət, ailədə ədalət və ümumiyyətlə, hər yerdə ədalət istənilən cəmiyyətin normal inkişafı və sabitliyi üçün ən əsas elementlərdəndir. Həmçinin Azərbaycan özünün dünya xəritəsindəki yerini müəyyən edə bilmişdir. Bizim ölkəmiz həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Biz dünyada çox az sayda dövlətlərdənik ki, hər iki təsisatın üzvüyük.

Azərbaycanın bu təşkilatlarda güclü mövqeyi var və biz fərqli tarixə, ənənəyə və mədəniyyətə sahib olan ölkələri daha da yaxınlaşdırmaqda mühüm rol oynayırıq. Azərbaycan həm də Qoşulmama Hərəkatının üzvüdür. Bu da bizim prioritetlərimizin göstəricisidir. Biz bir neçə il əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimizlə fəxr edirik. Bu da aydın göstərir ki, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir, Azərbaycana etibar edir və belə bir vacib səsvermə prosesində öz mövqeyini ifadə edir.

Dünyanın ən aparıcı beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçiləndə biz aydın şəkildə bildirdik ki, ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik. Təəssüf ki, beynəlxalq hüquq artıq heç də bütün dövlətlər tərəfindən hörmət olunan məfhum deyil. Bir daha təəssüf edirəm ki, artıq bu, reallıqdır. Belə bir təsəvvür yaranır ki, beynəlxalq hüquq yalnız kifayət qədər güclü olmayan ölkələrə mütləq şamil edilir və onlar digər vasitələrlə məqsədlərinə nail ola bilmirlər. Biz bunu aydın görürük ki, ara-sıra dünyanın aparıcı dövlətləri beynəlxalq hüquq normalarını kobud şəkildə pozur və bu da müharibədən sonrakı beynəlxalq münasibətlər sisteminin bütün konstruksiyasına xələl gətirir.

Düşünürəm ki, bu, bizim çox açıq və aydın şəkildə müzakirə etməli olduğumuz bir məsələdir. Biz imkanlarımızdan, intellektual potensialımızdan və beynəlxalq nüfuzumuzdan istifadə etməyə çalışmalıyıq ki, bu gün mövcud olan beynəlxalq münasibətlər sistemini gücləndirə bilək. Beynəlxalq hüquqa hörmət etməliyik. Beynəlxalq təşkilatların qətnamələrinə hörmətlə yanaşmalıyıq. Çünki bəzi hallarda qətnamələr dərhal icra olunur, - mən BMT Təhlükəsizlik Şurasının qətnamələrini nəzərdə tuturam,- digər hallarda isə onlar illər, onilliklər boyu icra edilmir.

O zaman, beynəlxalq hüquq, siyasi maraqlar və siyasi prioritetlər arasında ziddiyyət yaranır. Bu isə məyusluğa gətirib çıxarır. Belə bir vəziyyətin yaranmasına səbəb olur ki, ikili standartlar istisna deyil, bir qaydaya çevrilir. Bir ölkə olaraq biz bunun nə qədər ağrılı olduğunu yaxşı bilirik, çünki biz ikili standartlardan, beynəlxalq hüququn kobud şəkildə pozulmasından əziyyət çəkirik.

Bildiyiniz kimi, Azərbaycanın tarixi və beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalı uzun illərdir ki, davam edir. Baxmayaraq, BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir ki, onlar Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Dağlıq Qarabağ Azərbaycanın tarixi, ayrılmaz parçasıdır və dünyanın heç bir ölkəsi "Dağlıq Qarabağ Respublikası" adlanan bu qanunsuz qurumu müstəqil olaraq tanımamışdır.

Biz işğaldan əziyyət çəkirik. Bizim ərazimizin 20 faizdən artıq hissəsi hələ də işğal altındadır və bir milyondan artıq azərbaycanlı öz torpağında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Biz etnik təmizləmədən əziyyət çəkmişik, bizə qarşı Xocalı soyqırımı törədilib və bu soyqırımı artıq dünyanın 10 ölkəsi tərəfindən tanınıb və həmin proses davam edir.

Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir. Bu, BMT Nizamnaməsində əks olunub, bu, Helsinki Yekun Aktında da beynəlxalq hüququn fundamental prinsipi kimi təsbit edilib. Burada heç bir ziddiyyət olmamalıdır və aydın başa düşülməlidir ki, müqəddəratın müəyyən edilməsi hüququ dövlətlərin ərazi bütövlüyünü pozmamalıdır və istənilən dövlətin ərazi bütövlüyü ölkənin hökuməti və xalqının razılığı olmadan dəyişdirilə bilməz. Azərbaycanın ərazi bütövlüyü digər dövlətlərin ərazi bütövlüyü qədər dəyərlidir. Təəssüflər ki, dünyanın müxtəlif yerlərində aqressiv separatçılıq parçalanma siyasətini həyata keçirməyə çalışır. Ərazi bütövlüyünün pozulması münaqişələrin yaranmasına səbəb olur və Dağlıq Qarabağ münaqişəsi bu vaxta qədər həll edilsə idi, bəlkə də digər münaqişələrin şahidi olmazdıq.

Azərbaycan bu münaqişənin beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, sülh yolu ilə həll edilməsinə olduqca sadiqdir. Yeri gəlmişkən, digər vacib beynəlxalq təsisatlar - Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı buna bənzər qətnamələr qəbul etmişdir ki, münaqişə beynəlxalq hüquq prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Əlbəttə, bu, bizim ölkəmiz üçün ən böyük problem, inkişafımız üçün ən böyük maneədir. Lakin buna baxmayaraq, Azərbaycanın inkişafı çox uğurlu olmuşdur və son on il ərzində bizim iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Biz iqtisadiyyatımızın şaxələndirilməsi və enerji sektorundan asılılığı azaltmağa müvəffəq olmuşuq. Bu gün enerji sektoru ümumi daxili məhsulun təqribən 30 faizini təşkil edir. Beləliklə, şaxələndirmə siyasəti böyük tərəqqiyə səbəb olmuşdur və hətta bu gün neftin qiymətinin aşağı düşdüyü bir vaxtda, ilin birinci rübündə Azərbaycan iqtisadiyyatı 5 faizdən çox artmışdır.

Biz şaxələndirmə siyasəti, sərmayələr və müasir infrastrukturun, əlverişli işgüzar mühitin yaradılması sayəsində özümüzü neftin qiymətinin qeyri-sabitliyindən qoruya bilmişik. Azərbaycan xarici sərmayələr üçün açıq ölkədir. Müstəqillik illəri ərzində Azərbaycana 200 milyard ABŞ dollarından çox xarici sərmayə yatırılmışdır. Ötən il 27 milyard, yəni, 30 faiz birbaşa xarici sərmayə qoyulmuşdur. Beləliklə, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkədir. Çünki bizdə çox yaxşı işgüzar və sərmayə mühiti var. Davos Dünya İqtisadi Forumunun qiymətləndirilməsinə görə, rəqabət qabiliyyəti baxımından Azərbaycan iqtisadiyyatı 38-ci yerdədir.

Yəni, bir daha qeyd edirəm ki, bu, enerji resursları sayəsində deyil, islahatlar və son illər ərzində görülən işlər nəticəsində mümkün olmuşdur. Biz demək olar ki, işsizliyi tam aradan qaldıra bilmişik və hazırda bu göstərici 5 faizdən azdır. Yoxsulluq kəskin şəkildə azalaraq, 2003-cü ildə 49 faiz olduğu halda, 2013-cü ildə 5 faizə enmişdir. Hesab edirəm ki, iqtisadi və siyasi islahatlar, eyni zamanda, çox fəal sosial siyasət və insanların sosial müdafiəsi, enerji sektorunun inkişafından əldə edilən gəlirlərin toplanması, dövlət vəsaitinin xərclənməsində şəffaflıq bizim inkişafımız üçün, həmçinin vacib rol oynamışdır.

Növbəti illərdə biz daha çox saxələndirməyə diqqət yetirməliyik və bizim hökumətimizin diqqət yönəltdiyi sahələr müasir texnologiya və kənd təsərrüfatıdır. Azərbaycan artıq kosmik sənayeyə malik ölkədir, bizim iki peykimiz var və kosmik sənayenin sürətli inkişafı bizim planlarımızın göstəricisidir. Çünki əhalimiz artır, iqtisadiyyatımız da artmaqdadır. İqtisadiyyat əhalinin artımından daha sürətlə inkişaf etməlidir. Əks təqdirdə, müəyyən mərhələdə biz çətinliklərlə üzləşə bilərik. Bu səbəbdən islahatlar davam etməlidir. Biz heç zaman özümüzü arxayın hiss etməməliyik. Biz çox çalışmalıyıq, dövlətçiliyimizi və müstəqilliyimizi gücləndirməliyik. İqtisadi müstəqillik bizə müstəqil xarici siyasət yürütmək imkanı verir. Zəif və asılı olduqda, sən təsir altına düşürsən, fərq etməz kimdən, ancaq yenə də təsir altına düşürsən.

Güclü iqtisadiyyat qurmaqla biz özümüzü istənilən xarici təsirdən qorumuş olduq. Biz istədiyimiz kimi yaşamaq istəyirik. Əsrlər boyu Azərbaycan imperiyaların, digər dövlətlərin tərkibində olub. Bu gün biz azadıq və bizim insanlar müstəqillikdən həzz alır və onun üstünlüklərini görürlər. Biz öz seçimimizi müdafiə etməliyik və seçimimizi müdafiə edəcəyik. Bizim seçimimiz demokratiya, sosial firavanlıqdır. Bizim seçimimiz Azərbaycan xalqı daxilində sülhdür, multikulturalizm, dinlərarası dialoq, dünyanın bütün ölkələri ilə əməkdaşlıq, habelə regional və hamımız üçün faydalı qitə əhəmiyyətli layihələrin həyata keçirilməsidir.

Enerji təhlükəsizliyinə gəldikdə, enerji təminatının şaxələndirilməsində Azərbaycan öz vacib rolunu oynayır. 20 il ərzində biz elə bir neft strategiyası yürütmüşük ki, onun sayəsində regionda yeni enerji xəritəsi yaranmışdır. Biz bir neçə neft boru kəməri vasitəsilə Xəzər dənizini Qara və Aralıq dənizləri ilə birləşdirə bilmişik və bu gün Xəzər dənizinin nefti - təkcə Azərbaycanın resursları deyil, Xəzərin şərq sahillərinin nefti də beynəlxalq bazarlara məhz Azərbaycan vasitəsilə nəql edilir.

Hazırda biz Avropanın ən iri infrastruktur layihəsini həyata keçiririk. Azərbaycan burada da təşəbbüs irəli sürmüş və aparıcı rol oynamağa başlamışdır. Bu layihə "Cənub" Qaz Dəhlizi adlanır və o, 4 hissədən ibarətdir. Birincisi, dünyanın ən böyük qaz yataqlarından olan "Şahdəniz" yatağının işlənilməsi, növbəti mərhələ Azərbaycan və Gürcüstanı birləşdirən boru kəmərləri sisteminin inşasını nəzərdə tutan Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Boru Kəməridir ki, onun inşası nəzərdə tutulmuşdur. Hazırda artıq bütün Türkiyə ərazisində - ölkənin şərq sərhədindən qərb sərhədinədək tikinti işləri başlayıb və Trans-Adriatik Boru Kəməri - TAP-dır ki, Türkiyə-Yunanıstan sərhədindən başlayaraq inşa ediləcək və Albaniya ərazisindən İtaliyaya uzanacaq.

Bundan əlavə, Bolqarıstan da bizim enerji siyasətimizin bir hissəsidir. Biz görürük ki, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı daha böyük formata çevrilmişdir. Əminəm ki, qarşıdan gələn illərdə Balkan ölkələri bizim boru kəmərləri sistemimizə qoşulacaq, xüsusilə nəzərə alsaq ki, hazırda Avropada əlaqələndirici kəmərlər inşa edilir. Biz bunu tam dəstəkləyirik, çünki Azərbaycan nəhəng qaz ehtiyatlarına və tikilməkdə olan infrastruktura malikdir. Bizim planlarımıza görə, 2018-2020-ci illərdə mənim adını çəkdiyim bütün bu layihələr yekunlaşmalıdır. Bu, 45 milyard dollarlıq sərmayədir, texniki baxımdan olduqca mürəkkəbdir. Əlbəttə, bizim geniş əlaqələndirməyə və əməkdaşlığa ehtiyacımız var. Bu məqsədlə Azərbaycan "Cənub" Qaz Dəhlizinin Məşvərət Şurasını təsis etmiş və cari ilin fevral ayında onun ilk iclasını keçirmişdir.

Həmin iclas mənim sadaladığım ölkələrin, eləcə də Birləşmiş Ştatlar və Avropa Komissiyasının yüksək rütbəli nümayəndələrinə bu məsələni müzakirə etmək imkanını yaratdı. Biz mətbuat üçün birgə bəyanat da qəbul etdik ki, orada Azərbaycanın aparıcı rolu aydın şəkildə müəyyən edilmişdir. Bu, bizim Avropa İttifaqı ilə əməkdaşlığımızın bir hissəsidir, ancaq əməkdaşlığımız bununla bitmir. Bununla yanaşı, biz anlayırıq ki, Avropa İttifaqı üçün enerjinin şaxələndirilməsi deyərdim, milli təhlükəsizlik məsələsidir və biz həmin məsələyə məhz bu şəkildə yanaşmalıyıq. Enerji təhlükəsizliyi milli təhlükəsizlikdən ayrıla bilməz. Daha bir vacib məsələ mənbələrin şaxələndirilməsidir. Marşrutların şaxələndirilməsi də vacibdir. Ancaq mənbə eynidirsə, şaxələndirilmənin heç bir mənası yoxdur. Bizim halda, söhbət mənbələrin şaxələndirilməsindən gedir və Avropa üçün yeganə yeni qaz mənbəyi Azərbaycandır. Əlbəttə, mən demək istəmirəm ki, digər mənbələr əhəmiyyətli deyil və biz heç kimlə rəqabət aparmağa çalışmırıq. Lakin digər mənbələr artıq istifadə olunur və yeganə yeni mənbə Xəzərdir, Azərbaycandır. Hesab edirəm ki, biz burada vacib rol oynayırıq və bu, davam edəcəkdir.

Bununla yanaşı, bizim Avropa İttifaqı ilə əməkdaşlıq formatımız mövcuddur və gələn ay Riqada "Şərq Tərəfdaşlığı"nın növbəti Zirvə toplantısı keçiriləcəkdir. Azərbaycan bu proqramın fəal iştirakçısıdır və demək istərdim ki, biz, eyni zamanda, Avropa İttifaqının üzv dövlətləri ilə ikitərəfli əlaqələrimizi gücləndiririk. Bu günədək Azərbaycan artıq ittifaqın 7 ölkəsi ilə Strateji Tərəfdaşlığa dair saziş imzalamış və ya birgə bəyanat qəbul etmişdir. Bu, Avropa İttifaqı üzvlərinin dörddəbiridir və düşünürəm ki, növbəti illərdə Avropa İttifaqı tərəfindən "Şərq Tərəfdaşlığı" Proqramına üzv olan dövlətlərə qarşı daha da fərqləndirilmiş yanaşma olmalıdır. Çünki bunlar fərqli ölkələrdir, fərqli hədəflərə və fərqli iqtisadi inkişafa malik dövlətlərdir. Bu səbəbdən bizim üçün ən münasib format strateji tərəfdaşlıqdır. O, bizim münasibətlərimizin mahiyyətini və gələcəyini əks etdirəcəkdir.

Yekunda bizim üçün prioritet olan məsələ ilə bağlı bir neçə söz demək istərdim, bu da təhsildir. Təhsil bilikdir, təhsil gələcəkdir, bizim üçün təhsil müasirləşmə deməkdir. Bizim bəxtimiz gətirib ki, Azərbaycanda savadlılığın səviyyəsi 100 faizə bərabərdir. Hökumətimiz ildə 40 milyon avroya yaxın vəsait xərcləyir ki, bizim gənclər dünyanın aparıcı universitetlərində təhsil alsınlar. Təhsil həm də, radikallaşmadan müdafiədir. Bu da bu regionda yerləşən ölkə üçün çox vacibdir. Radikallaşmadan müdafiə əlbəttə ki, cəmiyyətdə sabitlik və ədalət, habelə onun iqtisadi inkişafı, yoxsulluğun və işsizliyin aradan qaldırılması deməkdir. Çünki radikallar yoxsulluq, işsizlik, sosial və siyasi ədalətsizlikdən istifadə edirlər. Radikallar bu vasitələrdən istifadə edərək gənclərin beyinlərini korlayırlar və özlərinin məqsədlərinə nail olmaq üçün onları öz sıralarına cəlb edirlər.

Bu səbəbdən bizim üçün təhsil radikallaşmadan müdafiə, müasirləşmə və inkişaf deməkdir. Biz Azərbaycanı məhz belə görmək istəyirik və Azərbaycanın hansı şəkildə inkişaf etməli olması ilə bağlı cəmiyyətimizdə tam konsensus var. Bizim inkişaf yolumuz azadlıq, demokratiya, iqtisadi və sosial tərəqqi, bütün tərəfdaşlarımızla yaxşı münasibətlər yoludur ki, müstəqilliyimizi gücləndirək və seçimimizi qoruya bilək.

Əziz dostlar, sizi bir daha Azərbaycanda salamlayıram və Foruma uğurlar diləyirəm.

----------
21:36


Aprelin 28-də Azərbaycanın paytaxtında III Qlobal Bakı Forumu işə başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun rəsmi açılış mərasimində iştirak edib.

Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin budəfəki Forumun mövzusunun yeni dünya düzənində etimadın qurulmasına həsr olunduğunu bildirdi, tədbirə onlarla ölkədən yüksək səviyyəli nümayəndə heyətlərinin gəldiyini diqqətə çatdırdı.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi. Dövlətimizin başçısı belə bir mühüm beynəlxalq tədbirin Bakıda keçirilməsindən məmnun olduğunu dedi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qısa vaxtda mühüm təsisata çevrildiyini deyən Azərbaycan Prezidenti onun müzakirə etdiyi məsələlərin çoxtərəfli olduğunu diqqətə çatdırdı.

Azərbaycanın əsrlər boyu Şərq ilə Qərb arasında körpü olduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin mehriban şəraitdə yaşadıqlarını bildirdi. Qeyd etdi ki, artıq Azərbaycan multikulturalizm mərkəzinə çevrilib və ölkəmiz müstəqillik baxımından gənc olsa da, ötən dövrdə mühüm nailiyyətlər qazanıb. Bu gün Azərbaycanda uğurlu islahatların həyata keçirildiyini, bütün azadlıqların təmin olunduğunu deyən dövlətimizin başçısı ölkədə hüquqi sistemin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlərin görüldüyünü bildirdi. "Azərbaycan beynəlxalq aləmdə də öz yerini tutub, ölkəmiz bir çox mötəbər beynəlxalq qurumların üzvüdür", - deyən Prezident İlham Əliyev vurğuladı ki, bir neçə il öncə 155 ölkənin səsi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ölkəmiz beynəlxalq münasibətlər sisteminə öz töhfəsini verir.

Hazırda dünyada ikili standartların bir qaydaya çevrildiyini, ölkəmizin işğal olunmuş ərazilərinin azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların icra olunmadığını deyən dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində üzləşdiyimiz çətinliklərdən danışdı, münaqişənin həlli ilə bağlı ölkəmizin qəti mövqeyini açıqladı. Son 10 ildə ölkəmizin iqtisadi baxımdan sürətlə inkişaf etdiyini, qeyri-neft sektorunun iqtisadiyyatda çəkisinin artdığını, əlverişli biznes mühitinin qurulduğunu və Azərbaycanın xarici sərmayələr üçün açıq ölkəyə çevrildiyini deyən Prezident İlham Əliyev işsizliyin, yoxsulluğun azaldılması istiqamətində görülən tədbirlərin davam etdirildiyini bildirdi. Kosmos sənayesinə malik Azərbaycanın iqtisadi nailiyyətlərinin müstəqil xarici siyasət yürütməyə imkan verdiyini vurğuladı. Enerji təhlükəsizliyinə gəlincə, Prezident İlham Əliyev bildirdi ki, bu sahədə şaxələndirilmə siyasəti davam etdirilir, ölkəmizdə hasil olunan enerji resurslarının xarici bazarlara ötürülməsi üçün yeni marşrutlar çəkilir.

Prezident İlham Əliyev ölkəmizdə təhsilin inkişafı ilə bağlı görülən işlərdən də danışdı. "Bizim üçün təhsil müasirliyə və inkişafa aparan yoldur", - deyən dövlətimizin başçısı bir daha Forumun işinə uğurlar arzuladı.

Bolqarıstan Prezidenti Rosen Plevneliev dünyadakı böhranların rekord həddə çatdığını dedi. Müasir dünyanın çağırışlarına toxunan dövlət başçısı qanunun aliliyinin təmin olunmasının, böhranların həllinin, qeyri-qanuni miqrasiyanın, terrorçuluğun qarşısının alınmasının vacibliyinə diqqəti cəlb etdi. "Sülh qanunun aliliyidir", - deyən Rosen Plevneliev indi dondurulmuş böhranların sayının artdığını bildirərək dünyada davamlı nizam-intizama nail olunmasının zəruriliyini diqqətə çatdırdı.

Makedoniya Prezidenti George İvanov çıxışında Avropa İttifaqının dəyərlərinə toxundu, bu qurumun yaratdığı dəyərlərin qitəni əhatə edən ölkələrin hər birində bərabər qaydada paylanmasının vacib olduğunu bildirdi. Avropa İttifaqının genişlənmə siyasətinin xeyli ləngidiyini deyən dövlət başçısı bu qurumun hələ də dünya nizamında layiqli yer uğrunda mübarizə apardığını dedi.

Maltanın Baş naziri Cozef Muskat dünyanın və cəmiyyətlərin dəyişdiyi indiki vaxtda ölkəsində həyata keçirilən islahatlardan danışdı, hazırda dünyanı narahat edən miqrasiya probleminin artıq ciddi fəsadlarının olduğunu dedi. Bu problemin həll olunmadığı təqdirdə onun Avropada böhrana səbəb ola biləcəyi ehtimalını irəli sürdü.

Sonra Almaniyanın Federal Kansleri Angela Merkelin və Böyük Britaniyanın Baş naziri Devid Kemeronun Foruma ünvanladığı məktublar oxundu. UNESCO-nun baş direktoru İrina Bokova və BMT-nin keçmiş baş katibi Butros Butros-Qali öz videomüraciətlərində Forumun işinə uğurlar arzuladılar, burada müzakirə edilən məsələlərin dünya üçün əhəmiyyətli olduğunu bildirdilər.

İsmail Serageldin ABŞ-ın sabiq dövlət katibi Henri Kissincerin salamlarını Forum iştirakçılarına çatdırdı, onun da bu Forumun işinə böyük əhəmiyyət verdiyini bildirdi.

Latviyanın keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa da çıxışında miqrasiya probleminin həlli istiqamətində təsirli addımların atılması vaxtının yetişdiyini dedi. Bundan əlavə, insanlar arasında ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı tədbirlərin də görülməsinin vacibliyinə diqqəti cəlb etdi. Bu ideyalar uğrunda mübarizənin daha güclü xarakter almasının zəruri olduğunu dedi. Vayra Vike-Freyberqa müxtəlif fikirləri dinləyərək ortaq məxrəcə gəlinməsi baxımından Bakı Forumunun əhəmiyyətli məkana çevrildiyini bildirdi, bu proseslərin uğurlu alınmasında Prezident İlham Əliyevin rolunu və xidmətlərini xüsusi vurğuladı.

Xatırladaq ki, üçüncü dəfə Bakıda keçirilən Foruma Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun üzvü olan sabiq dövlət və hökumət rəhbərləri, tanınmış ictimai və siyasi xadimlərdən ibarət 200-ə yaxın nümayəndə qatılıb. Aprelin 30-dək davam edəcək tədbirdə nüfuzlu siyasi liderlər qloballaşmanın geniş vüsət aldığı bir dövrdə dünyanı narahat edən məsələlər - etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya və digər sahələrdə mövcud problemləri geniş müzakirə edəcək, onların aradan qaldırılması istiqamətində qarşıda duran mühüm vəzifələrlə bağlı fikir mübadiləsi aparacaqlar.

---------
19:48

"Azərbaycan iqtisadiyyatı neftin qiymətləri azaldıqdan sonra da güclü olaraq qalır". Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 28-də Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumunın açılış mərasimində çıxışı zamanı deyib.
 

Dövlət başçısı bildirib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb: "İqtisadiyyatı şaxələndirməyə və enerji sektorundan asılılığı azaltmağa nail olduq. Enerji sektoru bizim ÜDM-in təqribən 30 faizini təşkil edir. Şaxələndirmə siyasəti əhəmiyyətli tərəqqiyə gətirib çıxardı və hətta hazırda neftin qiymətlərinin azaldığı dövrdə Azərbaycan iqtisadiyyatı cari ilin I rübündə 5 faizdən çox artıb. Şaxələndirmə, investisiya siyasəti və müasir infrastrukturun, əlverişli biznes mühitinin yaradılması yolu ilə özümüzü neftin dəyişkən qiymətlərindən qorumağa nail olduq".
 

Prezident qeyd edib ki, Azərbaycan xarici investisiyalar üçün açıq ölkədir: "Biz müstəqillik illərində 200 milyard dollardan çox investisiya əldə etmişik. Ötən il isə bu rəqəm 27 milyard dollardan çox olub və bu vəsaitin 30 faizini birbaşa xarici investisiyalar təşkil edib".
 

İlham Əliyev əlavə edib ki, Azərbaycan xarici investorlar üçün çox cəlbedici ölkədir, çünki ölkədə yaxşı biznes, investisiya mühiti var: "Biz hazırda 5 faizdən az olan işsizliyi, demək olar, aradan qaldıra bildik, 2015-ci ildə yoxsulluğun səviyyəsini 2003-cü ildəki 49 faizdən 5 faizədək azaltmaq təsiredici oldu".
 

Dövlət başçısı deyib ki, iqtisadi və siyasi islahatlar, eyni zamanda, çox fəal sosial siyasət və insanların sosial müdafiəsi, enerji sektorunun inkişafından gəlirlərin əldə edilməsində və dövlət vəsaitlərinin xərclənməsində şəffaflıq da ölkənin inkişafında böyük rol oynadı: "Biz yaxın illərdə şaxələndirməyə böyük diqqət ayıracağıq və hökumətimizin diqqətində olan sahələr müasir texnologiyalar və kənd təsərrüfatıdır".


Prezident bildirib ki, Azərbaycan artıq kosmik sənayenin inkişaf etdiyi ölkədir: "Bizim iki peykimiz var və kosmik sənayenin tez bir zamanda inkişafı planlarımızın göstəricisidir. Əhalimizin sayı, iqtisadiyyatımız artır. İqtisadiyyat əhalinin sayından tez artmalıdır, əks halda hansısa məqamda çətinliklərlə üzləşəcəyik. Beləliklə, biz heç vaxt rahatlaşmamalı, səylə çalışmalı, dövlətçiliyimizi, müstəqilliyimizi möhkəmləndirməliyik. İqtisadi müstəqillik bizə müstəqil xarici siyasət yürütməyə imkan verir, çünki siz zəif və asılı olarkən təzyiq altında olacaqsınız".


---------
16:25


"Təhsil Azərbaycan üçün ən prioritet məsələlərdən biridir". Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 28-də Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumunın açılış mərasimində çıxışı zamanı deyib.
 

Prezident bildirib ki, təhsil bilik, gələcək və modernləşmədir: "Hökumətimiz hər il gənclərimizin dünyanın aparıcı universitetlərində təhsil alması üçün ən azı 40 milyon avro xərcləyir. Azərbaycanda savadlılıq, demək olar ki, 100 faiz təmin edilib".
 

Dövlət başçısı qeyd edib ki, təhsil, həmçinin radikallaşmadan müdafiədir: "Cəmiyyətdə sabitlik və ədalət, onun iqtisadi inkişafı, yoxsulluq və işsizliyin tam aradan qaldırılması radikallaşmadan müdafiədir".
 

İlham Əliyev əlavə edib ki, yoxsulluq, işsizlik, siyasi və iqtisadi ədalətsizlik radikalları qidalandırır: "Radikallar gənc insanların beynini yumaq və onları öz məqsədləri naminə cəlb etmək üçün bu alətlərdən istifadə edirlər.
Beləliklə, təhsil bizim üçün modernləşmə, inkişaf, eləcə də radikalizmdən müdafiə anlamına gəlir. Bu, Azərbaycanı gələcəkdə necə görmək istədiyimizdir. Və cəmiyyətimizdə Azərbaycanın necə inkişaf etməli olduğuna münasibətdə tam həmrəylik var".


---------
15:34


"Azərbaycan Avropa üçün yeganə yeni qaz mənbəyidir". Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 28-də Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumunın açılış mərasimində çıxışında deyib.
 

Dövlət başçısı bildirib ki, Azərbaycan enerjidaşıyıcıların şaxələndirilməsində vacib rol oynayır: "Biz 20 ildir ki, regionda tamamilə yeni enerji xəritəsini yaradan neft strategiyasını reallaşdırırıq".
 

İlham Əliyev qeyd edib: "Hazırda Xəzər dənizindən neft təkcə Azərbaycandan deyil, həm də Xəzərin şərq sahillərindən beynəlxalq bazarlara çatdırılır".
 

Prezident Azərbaycanın yenidən təşəbbüskarı olduğu Avropanın iri infrastruktur layihəsinin reallaşdırılmasını vurğulayıb.

Dövlət başçısı əlavə edib ki, "Cənub Qaz Dəhlizi" bir neçə hissədən ibarətdir: "Bura dünyada ən iri qaz yataqlarından biri olan Azərbaycanın "Şahdəniz" yatağının işlənməsi, Cənubi Qafqaz boru kəməri, Transanadolu qaz kəməri və Transadriatik boru kəmərinin daxil olduğu yeni boru kəmərləri sisteminin tikilməsi aiddir".
 

İlham Əliyev bildirib ki, Bolqarıstan da Azərbaycanın enerji siyasətinin hissəsidir, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı isə daha böyük formata çevrildi: "Göstərilən layihələr texniki cəhətdən mürəkkəbdir və geniş əlaqələndirmə və əməkdaşlıq tələb edir. Bu məqsədlə fevralda Azərbaycanın təşəbbüsü ilə Bakıda "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının ilk iclası keçirildi. Həmin iclas sadaladığım ölkələrin bütün yüksəkvəzifəli nümayəndələrinə, eləcə də ABŞ və Avropa İttifaqı Komissiyasının nümayəndələrinə bu məsələni müzakirə etməyə imkan verdi. Və biz mətbuat üçün birgə bəyanat verdik. Azərbaycanın qabaqcıl rolu dəqiq müəyyənləşdirildi".
 

Prezident deyib ki, Azərbaycanın 2018-2019-cu illər üzrə planına uyğun olaraq, adıçəkilən bütün layihələr reallaşdırılmalıdır: "Əminəm ki, yaxın illərdə Balkan ölkələri bizim boru kəməri sistemimizə qoşulacaq. Üstəlik, hazırda Avropada interkonnektorlar tikilir, biz bunu tam dəstəkləyirik, çünki Azərbaycan iri qaz ehtiyatlarına və tikinti mərhələsində olan infrastruktura malikdir".
 

Dövlət başçısı xatırladıb ki, adıçəkilən layihələr Azərbaycanın Avropa ilə əməkdaşlığının yeganə hissəsi deyil: "Biz başa düşürük ki, Avropa üçün enerjinin şaxələndirilməsi həqiqətən də milli təhlükəsizlik məsələsidir və biz də bu məsələyə eyni münasibəti göstərməliyik. Enerji təhlükəsizliyi milli təhlükəsizlikdən ayrı götürülə bilməz".

---------
14:58

Aprelin 28-də Azərbaycanın paytaxtında III Qlobal Bakı Forumu işə başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun rəsmi açılış mərasimində iştirak edib.

Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin budəfəki Forumun mövzusunun yeni dünya düzənində etimadın qurulmasına həsr olunduğunu bildirdi, tədbirə onlarla ölkədən yüksək səviyyəli nümayəndə heyətlərinin gəldiyini diqqətə çatdırdı.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi. Dövlətimizin başçısı belə bir mühüm beynəlxalq tədbirin Bakıda keçirilməsindən məmnun olduğunu dedi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qısa vaxtda mühüm təsisata çevrildiyini deyən Azərbaycan Prezidenti onun müzakirə etdiyi məsələlərin çoxtərəfli olduğunu diqqətə çatdırdı.

Azərbaycanın əsrlər boyu Şərq ilə Qərb arasında körpü olduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin mehriban şəraitdə yaşadıqlarını bildirdi. Qeyd etdi ki, artıq Azərbaycan multikulturalizm mərkəzinə çevrilib və ölkəmiz müstəqillik baxımından gənc olsa da, ötən dövrdə mühüm nailiyyətlər qazanıb. Bu gün Azərbaycanda uğurlu islahatların həyata keçirildiyini, bütün azadlıqların təmin olunduğunu deyən dövlətimizin başçısı ölkədə hüquqi sistemin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlərin görüldüyünü bildirdi. "Azərbaycan beynəlxalq aləmdə də öz yerini tutub, ölkəmiz bir çox mötəbər beynəlxalq qurumların üzvüdür", - deyən Prezident İlham Əliyev vurğuladı ki, bir neçə il öncə 155 ölkənin səsi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ölkəmiz beynəlxalq münasibətlər sisteminə öz töhfəsini verir. Hazırda dünyada ikili standartların bir qaydaya çevrildiyini, ölkəmizin işğal olunmuş ərazilərinin azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların icra olunmadığını deyən dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində üzləşdiyimiz çətinliklərdən danışdı, münaqişənin həlli ilə bağlı ölkəmizin qəti mövqeyini açıqladı. Son 10 ildə ölkəmizin iqtisadi baxımdan sürətlə inkişaf etdiyini, qeyri-neft sektorunun iqtisadiyyatda çəkisinin artdığını, əlverişli biznes mühitinin qurulduğunu və Azərbaycanın xarici sərmayələr üçün açıq ölkəyə çevrildiyini deyən Prezident İlham Əliyev işsizliyin, yoxsulluğun azaldılması istiqamətində görülən tədbirlərin davam etdirildiyini bildirdi. Kosmos sənayesinə malik Azərbaycanın iqtisadi nailiyyətlərinin müstəqil xarici siyasət yürütməyə imkan verdiyini vurğuladı. Enerji təhlükəsizliyinə gəlincə, Prezident İlham Əliyev bildirdi ki, bu sahədə şaxələndirilmə siyasəti davam etdirilir, ölkəmizdə hasil olunan enerji resurslarının xarici bazarlara ötürülməsi üçün yeni marşrutlar çəkilir.

Prezident İlham Əliyev ölkəmizdə təhsilin inkişafı ilə bağlı görülən işlərdən də danışdı. "Bizim üçün təhsil müasirliyə və inkişafa aparan yoldur", - deyən dövlətimizin başçısı bir daha Forumun işinə uğurlar arzuladı.

Bolqarıstan Prezidenti Rosen Plevneliev dünyadakı böhranların rekord həddə çatdığını dedi. Müasir dünyanın çağırışlarına toxunan dövlət başçısı qanunun aliliyinin təmin olunmasının, böhranların həllinin, qeyri-qanuni miqrasiyanın, terrorçuluğun qarşısının alınmasının vacibliyinə diqqəti cəlb etdi. "Sülh qanunun aliliyidir", - deyən Rosen Plevneliev indi dondurulmuş böhranların sayının artdığını bildirərək dünyada davamlı nizam-intizama nail olunmasının zəruriliyini diqqətə çatdırdı.

Makedoniya Prezidenti George İvanov çıxışında Avropa İttifaqının dəyərlərinə toxundu, bu qurumun yaratdığı dəyərlərin qitəni əhatə edən ölkələrin hər birində bərabər qaydada paylanmasının vacib olduğunu bildirdi. Avropa İttifaqının genişlənmə siyasətinin xeyli ləngidiyini deyən dövlət başçısı bu qurumun hələ də dünya nizamında layiqli yer uğrunda mübarizə apardığını dedi.

Maltanın Baş naziri Cozef Muskat dünyanın və cəmiyyətlərin dəyişdiyi indiki vaxtda ölkəsində həyata keçirilən islahatlardan danışdı, hazırda dünyanı narahat edən miqrasiya probleminin artıq ciddi fəsadlarının olduğunu dedi. Bu problemin həll olunmadığı təqdirdə onun Avropada böhrana səbəb ola biləcəyi ehtimalını irəli sürdü.

Sonra Almaniyanın Federal Kansleri Angela Merkelin və Böyük Britaniyanın Baş naziri Devid Kemeronun Foruma ünvanladığı məktublar oxundu. UNESCO-nun baş direktoru İrina Bokova və BMT-nin keçmiş baş katibi Butros Butros-Qali öz videomüraciətlərində Forumun işinə uğurlar arzuladılar, burada müzakirə edilən məsələlərin dünya üçün əhəmiyyətli olduğunu bildirdilər.

İsmail Serageldin ABŞ-ın sabiq dövlət katibi Henri Kissincerin salamlarını Forum iştirakçılarına çatdırdı, onun da bu Forumun işinə böyük əhəmiyyət verdiyini bildirdi.

Latviyanın keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa da çıxışında miqrasiya probleminin həlli istiqamətində təsirli addımların atılması vaxtının yetişdiyini dedi. Bundan əlavə, insanlar arasında ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı tədbirlərin də görülməsinin vacibliyinə diqqəti cəlb etdi. Bu ideyalar uğrunda mübarizənin daha güclü xarakter almasının zəruri olduğunu dedi. Vayra Vike-Freyberqa müxtəlif fikirləri dinləyərək ortaq məxrəcə gəlinməsi baxımından Bakı Forumunun əhəmiyyətli məkana çevrildiyini bildirdi, bu proseslərin uğurlu alınmasında Prezident İlham Əliyevin rolunu və xidmətlərini xüsusi vurğuladı.

Xatırladaq ki, üçüncü dəfə Bakıda keçirilən Foruma Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun üzvü olan sabiq dövlət və hökumət rəhbərləri, tanınmış ictimai və siyasi xadimlərdən ibarət 200-ə yaxın nümayəndə qatılıb. Aprelin 30-dək davam edəcək tədbirdə nüfuzlu siyasi liderlər qloballaşmanın geniş vüsət aldığı bir dövrdə dünyanı narahat edən məsələlər - etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya və digər sahələrdə mövcud problemləri geniş müzakirə edəcək, onların aradan qaldırılması istiqamətində qarşıda duran mühüm vəzifələrlə bağlı fikir mübadiləsi aparacaqlar.

---------
14:05

"III Qlobal Açıq Cəmiyyətlər Forumu vacib məsələlərin həlli üçün sabiq prezidentlər, baş nazirlər, siyasətçilər, dövlət xadimlərinə gözəl imkan təqdim edir". Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 28-də Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumunın açılış mərasimində çıxışı zamanı deyib.

İlham Əliyev bildirib: "Mən çox şadam ki, hazırda biz Bakıda belə vacib, nəzərə çarpan beynəlxalq tədbir təşkil etmişik".

Prezidentin sözlərinə əsasən, Forum üzləşəcəyimiz məsələləri müzakirə etmək, eləcə də bütün dünyada müşahidə edilən gərginliyi azaltmaq üçün unikal imkan təqdim edir.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan əsrlər boyu sivilizasiyaların görüşdüyü yer olub: "Azərbaycan Avropa və Asiya arasında təbii coğrafi körpüdür. Və əminəm ki, bu hazırda Avropa və müsəlman dünyası arasında mədəni və siyasi körpüdür".

İlham Əliyev deyib: "Cəmiyyətimizdə multikultiralizm ənənələrinin çox dərin kökləri var. Azərbaycanda siyasi strukturun formasından asılı olmayaraq müxtəlif millətlər, etnik qruplar, bütün dinlərin nümayəndələri ölkəmizdə həmişə sülh şəraitində və ləyaqətlə yaşayıblar. Bax buna görə də Azərbaycan müstəqil dövlət olanda ölkə multikultiralizmin dünya mərkəzlərindən birinə çevrildi".

Prezidentin sözlərinə əsasən, Azərbaycan may ayında Mədəniyyətlərarası Dialoq üzrə III Beynəlxalq Forum keçirəcək: "Hər il Beynəlxalq Humanitar Forum təşkil edirik. Forumda ilk növbədə dünyanın müxtəlif millətləri arasında dinc yaşamaq, etimadın möhkəmləndirilməsi və gərginliyin azaldılması məsələləri müzakirə olunur".

Dövlət başçısı əlavə edib ki, dərin tarix və mədəniyyətə malik olan Azərbaycan 20 ildən artıqdır ki, müstəqil dövlət kimi mövcuddur.

---------
13:19

Aprelin 28-də Azərbaycanın paytaxtında III Qlobal Bakı Forumu işə başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun rəsmi açılış mərasimində iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Forum "Yeni dünya düzənində etimadın yaradılması" mövzusuna həsr olunub.

Forumu Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açdı.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

Sonra Bolqarıstanın Prezidenti Rosen Plevneliev, Makedoniyanın Prezidenti George İvanov, Maltanın Baş naziri Cozef Muskat çıxış etdilər.

Almaniyanın Kansleri Angela Merkelin, Böyük Britaniyanın Baş naziri Devid Kemeronun, BMT-nin sabiq baş katibi Butros Butros-Qalinin, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin müraciətləri dinlənildi.

Daha sonra Latviyanın sabiq Prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa çıxış etdi.

Forumda dünyanı narahat edən məsələlər - etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi, dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu və bir sıra qlobal problemlər geniş müzakirə ediləcək, onların həlli yollarının tapılması istiqamətində müzakirələr aparılacaq.

----------
12:47

"Azərbaycan dünyanın aparıcı beynəlxalq təşkilatı olan BMT Təhlükəsizlik Şurasına seçilən zaman aydın şəkildə bəyan etdik ki, ədaləti və beynəlxaq qanunu müdafiə edəcəyik. Təəssüflər olsun ki, bütün ölkələr beynəlxalq qanunlara hörmət etmir. Təəssüflər, ancaq bu, reallıqdır". Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 28-də Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumunın açılış mərasimində çıxışı zamanı deyib.

İlham Əliyev sonra deyib: "Bəzən elə görünür ki, beynəlxalq qanunlar yalnız müxtəlif vasitələrlə öz məqsədlərinə nail olmaqda kifayət qədər güclü olmayan ölkələr üçün məcburidir. Biz aydın şəkildə görürük ki, zaman-zaman dünyanın aparıcı ölkələri kobud şəkildə beynəlxalq qanunların normalarını pozur və bu da beynəlxalq münasibətlər sistemini pozur. Hesab edirəm ki, bu bizim çox açıq və aydın şəkildə həll etməli olduğumuz ən vacib məsələlərdən biridir və beynəlxalq münasibətlər sistemi, beynəlxalq qanunları gücləndirmək üçün biz öz imkanlarımızdan, intellektual potensialımızdan və dünyadakı nüfuzumuzdan istifadə etməyə çalışmalıyıq".

---------
11:53

"BMT Təhlükəsizslik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal etdiyi ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış tarixi ərazilərinin Ermənistan tərəfindən işğalı uzun illərdir davam edir". Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 28-də Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumunın açılış mərasimində çıxışı zamanı deyib.

Prezident qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisi və ayrılmaz hissəsidir: "Dünyada heç bir ölkə Dağlıq Qarabağın müstəqilliyini tanımır. Biz işğaldan əziyyət çəkirik, ərazilərimizin 20 faizi Ermənistanın işğalı altındadır və bir milyondan çox azərbaycanlı öz doğma yurdlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Biz etnik təmizləmədən, artıq dünyanın 10-dan artıq ölkəsi tərəfindən tanınan və tanınma prosesi davam edən Xocalı soyqırımından əziyyət çəkirik. Ərazi bütövlüyü beynəlxalq qanunun fundamental prinsipidir. Bu, BMT-nin Nizamnaməsində də təsbit olunub, bu, beynəlxalq qanunun ən vacib elementlərindən biridir və Helsinki Yekun Aktında müəyyən edildiyi kimi çox aydın şəkildə göstərilir ki, öz müqəddəratını təyinetmə hüququ ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və heç bir ölkənin ərazi bütövlüyü həmin ölkənin hökumətinin və xalqının razılığı olmadan dəyişə bilməz".

---------
10:43

Aprelin 28-də Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumu işə başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun rəsmi açılış mərasimində iştirak edir.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Forum "Yeni dünya düzənində etimadın yaradılması" mövzusuna həsr olunub.

Forumu Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açdı.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

--------
10:11

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumunun rəsmi açılış mərasimi başlayıb.

Trend-in məlumatına görə, Forumun açılışında Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.

Qeyd edək ki, Forumda iki ölkənin prezidenti, 4 ölkənin baş nazir və xarici işlər naziri, 41 ölkənin sabiq prezidenti olmaqla ümumilikdə 72 ölkənin rəsmiləri iştirak edirlər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

----------------
29.04.2015
09:01

Prezident İlham Əliyevin adından III Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib



------------------
28.04.2015
13:49

Üçüncü Qlobal Bakı Forumunun rəsmi açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib



Foto: AZƏRTAC

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.