Siyasət

Bakı dünya siyasətini araşdıracaq

28 Aprel 2015 08:59
0 Şərh     Baxış: 1 279

20-dən artıq dövlət və hökumət başçısı Bakıdadır. Onlar bu gün işə başlayacaq, sabah başa çatacaq III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edəcəklər.

Forumun iştirakçıları arasında BMT-nin sabiq baş katibi Butros Butros Qali, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer, Ərəb Dövlətləri Liqasının sabiq baş katibi Əmr Musa, Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzay və başqaları var.
 

Nizami irsi və forum
 

III Qlobal Açıq Cəmiyyətlər Forumu Bakını dünyanın və Avropanın siyasi və iqtisadi prioritetlərinin müzakirəsi və təyin edilməsi meydanına çevirəcək. Dünyada hələ bu qədər siyasi, elmi, intellektual və biznes elitanın bir yerə yığışaraq dünya ictimaiyyətini narahat edən problemləri müzakirə etdiyi ikinci bir intellektual meydan yoxdur. Bu forum nəinki Avropada, artıq bütün dünyada açıq və bərabərhüquqlu dialoq əsasında dünya problemlərinin müzakirə edildiyi ən böyük ictimai diplomatiya institutuna, Bakı isə dünyanın humanitar mərkəzlərindən birinə, müasir çağırışlara cavabların tapılması üçün beynəlxalq intellektual platformaya çevrilir.

Forumun təşkilində rəsmi Bakının məqsədi ilk növbədə özünü beynəlxalq proseslərin fəal iştirakçısı kimi təqdim və təsdiq etmək, dünyaya qlobal problemlərə biganə qalmayan bir ölkə olduğu mesajını vermək, beynəlxalq müstəvidə yeni tərəfdaşlar qazanmaq və özünə olan etimadı daha da dərinləşdirməkdir. Forumun keçirilməsində digər məqsəd isə Azərbaycanın dünyada müsbət təcrübələrini təqdim və təbliğ etməkdir.

Ötənilki Forumun rəsmi açılış mərasimində Prezident İlham Əliyev qeyd etmişdi ki, Azərbaycanın təcrübəsi ölkəni necə dəyişmək, vətəndaşlara daha yaxşı həyat təmin etmək üçün digərlərinə yaxşı nümunə ola bilər.
 

"Yeni dünya düzənində etimadın bərpa olunması" mövzusuna həsr olunan III Forumda nüfuzlu siyasi liderlər dünyanı narahat edən məsələləri, yeni dünya nizamının başlıca problemlərini - etnik və digər zəmində baş verən münaqişələri, terror təhdidlərini, demokratiyanın inkişafını, təhsil, ekologiya, təhlükəsizliyin təminatında yerli, milli və regional inteqrasiya məsələləri, eləcə də bir sıra digər qlobal problemləri geniş müzakirə edəcək, onların həll yollarının tapılması istiqamətində fikir mübadiləsi aparacaqlar.
 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) Azərbaycan Prezidentinin 23 dekabr 2011-ci il sərəncamına əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirlərinin keçirilməsi çərçivəsində 30 sentyabr 2012-ci il tarixində Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilib. Mərkəz Azərbaycanda təsis olunmasına baxmayaraq, onun qərarverici qurumu dünyanın nüfuzlu ictimai və siyasi xadimlərindən təşkil olunmuş Beynəlxalq İdarə Heyətidir.
 

NGBM-in həmsədri, Madrid Klubunun Prezidenti, Latviya Respublikasının sabiq Prezidenti (1999-2007) Vayra Vike-Freyberqa, digər həmsədri İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldindir. Mərkəzin Qəyyumlar Şurasının rəhbəri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur. Mərkəzin İdarə Heyətinin 15 üzvü (onlardan 6 nəfəri bir sıra ölkələrin sabiq prezidentidir), 7 üzvü (hamısı sabiq prezident) və 2 fəxri üzvü var.
 

Baş ofisi Bakıda yerləşən Mərkəzin Misirin İsgəndəriyyə şəhərində və ABŞ-ın paytaxtı Vaşinqton şəhərində nümayəndəliyi açılıb. Dünyanın tanınmış 16 qurumu NGBM ilə tərəfdaşdır. Mərkəzdə 221 orijinal qədim əlyazma və illüstrasiya saxlanılır. NGBM 2012-ci ildən bəri 63 ölkə ilə əməkdaşlıq edir və keçirdiyi tədbirlərdə müxtəlif ölkələrdən 75 sabiq prezident və baş nazir iştirak edib (Trend).

Qlobal nizamda etimadı necə yaratmalı?

BMT-nin VI baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəxri üzvü Butros Butros-Qali III Qlobal Bakı Forumu ilə bağlı Nizami Gəncəvi Beynəlxlq Mərkəzinə ünvanladığı müraciətində yeni dünya düzənində etimadın bərpası ilə bağlı fikirlərini bölüşərkən yeni, 3-cü nəsil beynəlxalq təşkilatların yaranması ehtimalına da toxunub: "Qlobal nizamda etimadı necə yaratmalı? Beynəlxalq dünya düzənində etimadı necə yaratmaq olar? Hazırda bu suala mənim yalnız bir cavabım var: yeni beynəlxalq təşkilatın yaradılması. Bir anlıq deyə bilərəm ki, texnoloji inqilab yeni mexanizm ixtira edənədək yeni beynəlxalq təşkilat bizə dünya siyasətində əsas oyunçuları idarə etməyə imkan verəcək".
 

BMT-nin keçmiş baş katibi hesab edir ki, bu gün, yeni əsrin başlanğıcında dövlət qarşılaşdığı problemləri təkbaşına həll etməyə qadir deyil. Buna görə də dövlətin həll edə bilmədiyi məsələlər beynəlxalq təşkilatlara ünvanlanmalıdır. Onun fikrincə, qlobal nizamda etimadı yaratmaq istəyiriksə, bu istək yeni qlobal təşkilatın qətnamə və qərarlarının hazırlanmasında qeyri-dövlət aktorlarının iştirakını təmin edəcək. Bu, 200 dövlətə arxalana bilər və minlərlə qeyri-dövlət aktoru arasından yeni təşkilata üzv qəbul edilmək üçün yeni meyarı inkişaf etdirəcək. Regional birliklər, parlamentlər, linqvistik təşkilatlar və "beynəlxalq vətəndaş cəmiyyəti"nə məxsus olan digər subyektlər yeni təşkilatın üzvləri olacaq və dövlətə bərabər tutulacaq.
 

B.Butros-Qalinin fikrincə, əgər biz III nəsil beynəlxalq təşkilata məxsus yeni institut (Nizami Gəncəvi Beynəlxalq Mərkəzi kimi) yaratmaq istəyiriksə, bu məsələlər hələ bir çox debatların müzakirə obyekti olacaq: "Bununla belə, bu yeni dünya təşkilatı BMT Baş Assambleyasına yaxın yaradılmalı, 1945-ci ildə yaradılmış hökumətlərarası təşkilatın demokratikləşməsi və cavanlaşması üçün qeyri-dövlət aktorlarını bir araya gətirməlidir. Yalnız dünya hökumətindəki dəyişikliklər bugünkü mühüm konfransın mövzusu olan qlobal nizamda etimadı yaradacaq".

Sabiqlər, Bakı və siyasət
 

Foruma qatılan fəxri qonaq statuslu iştirakçıların tam əksəriyyəti sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların keçmiş rəhbərləridir.

Onlar artıq vəzifədə deyillər və ilk baxışdan dünya siyasətindəki proseslərə ciddi təsir imkanlarına malik deyillər. Gerçəkdən də, sadəlövh obıvatelin fikrincə, BMT-nin indiki katibi qlobal siyasətdəki prosesləri idarə edə bilmirsə, keçmiş katib nə edə bilər ki?
 

Və ya Birləşmiş Ştatların indiki dövlət katibi Con Kerri dünya miqyasında artan güclənən və bəzi məkanlarda siyasi qasırğaya çevrilən antiamerikanizm təmayüllərinin qarşısının alınması, heç olmazsa zəiflədilməsi üçün Vaşinqtonun bitkin, effektiv siyasətə malik olduğunu göstərə bilmirsə, keçmiş dövlət katibi Henri Kissincer hansı hadisələrə təsir rıçaqlarına malikdir?
 

Ritorik suallar təsiri bağışlaya bilər.

Belədirmi?

Yox.
 

Siyasət incə və eyni zamanda həddən ziyadə mürəkkəb anlam olduğundan "sabiq siyasətçi" olmur.
 

Hazırda vəzifə səlahiyyətlərini icra etməyən, yaxud da dövlət və ya ya hökumət başçısı funksiyalarını icra etməyən şəxs var - amma siyasətdə olmuş adamın sonradan bu sahədən bütünlüklə ayrılması, guşənişinə çevrilməsi, özünü süni şəkildə, məcburən proseslərdən kənarlaşdırması mümkün deyil.

Bakıya gəlmiş "sabiq"lərin hər biri ölkəsinin daxili siyasətində önəmli siyasi və ictimai fiqur olmaqla yanaşı, həmin ölkələrin yürütdüyü xarici siyasətə birbaşa olmasa da, dolayısıyla təsir edə bilən, daha doğrusu, edən insanlardır.
 

Onlar dünya siyasətindəki prosesləri, onların məcrasını müzakirə etməklə yanaşı, bir sıra ölkələrdəki durumu da nəzərdən keçirəcəklər.

Məsələn, BMT bu il qarşısında duran əsas məsələlərdən biri kimi dünya miqyasında yoxsulluq səviyyəsinin azaldılmasını görür. Çünki yoxsul insanın radikallaşması, ekstremistlərin təbliğatına uyması, fərqli dini və ideoloji cərəyanların təsiri altına düşməsi daha asan prosesdir.

Yoxsul insan yaşamının ağırlığının səbəblərini arayanda ona "könüllü yardım" edənlər çox tapılır və həmin adamlar hədəf kimi varlıları, yəni dünyanın inkişaf etmiş ölkələrini göstərirlər.
 

İstisnasız olaraq bütün dini-radikal qruplaşmalarının ideoloji bazası yoxsulların "qızıl milyard"a, yəni "yoxsulları istismar etməklə varlanmış adamların yaşadıqları müstəmləkəçi, inhisarçı ölkələrə" qarşı nifrətə köklənməsidir.
 

ABŞ və Avropa Birliyini dünyadakı bütün bəlaların "səbəbkarı" kimi göstərən radikal qruplar, ideologiyalar və təşkilatlar mübarizənin ilkin mərhələsi kimi yoxsullara yaşadıqları ölkələrin hakimiyyətlərini devirməyi, sonra da başqa ölkələrdəki yoxsullarla "birləşməyi" məsləhət görürlər.

"Əl Qaidə", İŞİD, neonasizm, mağara millətçiliyi, hayizm belə yaranıb.
 

Bakıda bu gün başlayacaq forum da radikallaşmaya qarşı multikulturalizm, dini dözülməzliyə qarşı tolerantlıq, üsyan və qiyamlara qarşı sosial təkamül, insan haqlarının pozulmasına qarşı demokratik dəyərlər mexanizmlərindən effektiv vasitə qismində yararlanmağın yeni yollarını arayacaq.

Təbii, çağdaş siyasətdə kimsə hadisələrin arzuolunan, gərəkli sayılan istiqamətdə inkişaf edəcəyinə təminat verə bilməz.
 

Lakin siyasətin dövlət və cəmiyyətlərin inkişafına, konkret fərdin maddi rifah səviyyəsinin yüksəlməsinə yönəlməsinə çalışmaq gərəkdir.

Bakı forumu da bu məqsədə xidmət edir.
 

Elçin Alıoğlu

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.