Siyasət

İsa sağ olsaydı, bu ölkədə tutub çarmıxa çəkərdilər

27 Aprel 2015 08:56
0 Şərh     Baxış: 2 095
ABŞ ilə Qədim Roma İmperiyası arasında oxşarlıqlar varmı və əgər varsa, necədir?

Məşhur amerikalı jurnalist və yazar Con Uaythed nüfuzlu LewRockwell-də dərc etdirdiyi "Jesus Died in a Police State" məqaləsində ABŞ imperiyası ilə Qədim Roma İmperiyası arasında analogiyalar aparmaq qərarına gəlib.
 

Maraqlı yazıdır.


 

Qədim Roma İmperiyasının tarixindəki acınacaqlı, hətta faciəli olaylardan biri İsa Məsihin çarmıxa çəkilməsidir.

Məhz bu edamdan sonra Roma İmperiyasının süqutu başlandı və sonucda xristianlar bu imperiyanı idarə etməyə başladılar.

İsa Məsih ABŞ-da olsaydı, onu edam edərdilərmi?
 

Uaythed hesab edir ki, hə.

O, yanılmır. Yevangelist və ümumiyyətlə, xristian liderlərin, arxiyepiskopların, habelə Roma Papasının göstərişlərinə əməl edən xristianlar mütləq şəkildə hakimiyyəti dəstəkləməli, iqtidarda olan qüvvənin dediklərini şəksiz yerinə yetirməlidirlər.
 

ABŞ-da məşhur olan yevangelist Frenklin Qrehem də hakimiyyətə tam itaətə çağırır. O Qrehem ki, islamı "çox pis, pis, qəddar din" sayır.

Liderlərə inam və hakimiyyətə sədaqət isə ölkəni idarə edən rejimin dediklərini etmək, bərqərar olmuş sistemin tələblərini icra etmək, bu sistemlə rejimin "bel sütun"larından olan polisə tabe olmaqdır.
 

Polis əməkdaşının dediyini etmək, onun əmrlərinə və göstərişlərinə riayət etmək çağdaş dövlətin məhvər prinsiplərindən biridir.

ABŞ-da bu məsələ absolyut səviyyəsində, aksiom halındadır.


 

Özünü mömin xristian hesab edən hər amerikalı belə davranır.
 

Əlinə fürsət düşən kimi hakimiyyətə meydan oxuyan radikal nonkonformist olduğunu düşünən amerikalılar isə kilsənin yaydığı ideyalara, təbliğ etdiyi fikirlərə inanmır və əlində quzu tutmuş Müqəddəs Məryəmin ideallarını köhnəlmiş sayırlar. Belələri İsa Məsihin həyatı və ölümü arasındakı oxşarlıqları polis dövləti saydıqları Birləşmiş Ştatlardakı yaşam cəhdlərinə bənzədirlər.
 

Polisin fasiləsiz, daimi nəzarəti altında yaşam çətin təsir bağışlaya bilər. Fəqət amerikalılar belə həyatı yaşayan ilk və ya son millət deyillər. Son əsrlərdə texnologiyalar, dövlətlərin sərhədləri və siyasi sistemlər çox dəyişsə də, polis dövlətinin əsas prinsipləri eynidir: nəzarət, hakimiyyət və pul.

Polis dövləti hüquq-mühafizə orqanlarının sərhədlərindən çox kənardadır.
 

Belə dövlətin əsas prinsipləri bürokratiya, mənasız məxfilik, sonsuz savaşlar, militarlaşma, casusluq, polisin hər sahədə varlığı, şübhə mühiti və vətəndaşların imkan çatışmazlığı səbəbindən polisin əməllərinə qarşı real müqavimət göstərə bilməməsidir.
 

Şəhər və kəndləri dolaşan rahib İsa Məsih də müəyyən mənada inqilabçı idi. O, zəmanəsinin polis dövlətinə - Qədim Roma İmperiyasına meydan oxuduğuna və insanlar arasında itaətsizlik toxumları səpdiyinə görə çarmıxa çəkilmişdi.


 

Həmin toxumları sonradan gələn möminlərlə bahəm, allaha inanmayanlar cücərtdilər, Roma İmperiyası məhv oldu.

Roma İmperiyası və ABŞ arasında oxşarlıq barədə amerikalılar az danışsalar da, belə bənzərlik mövcuddur.
 

"Hakim sinif" və "varlılar" sözləri sinonimlərə çevrilib, real siyasi azadlıqlardan məhrum edilmiş orta sinif və kasıblar isə siyasətlə az maraqlanır, onlara təklif olunan şoularla baş qatırlar. Birləşmiş Ştatlarda hakimiyyətin fəaliyyətini şəffaf adlandırmaq çox çətin olduğu kimi, Qədim Roma İmperiyasının daxili işləri də məxfilik pərdəsi altında idi, liderlərsə istənilən potensial təhlükənin qarşısını almağa hazır olduqlarını deyirdilər.
 

Qədim Romada qaydalara riayət olunub qanunların pozulmamasına hərbçilər nəzarət edirdilər. Onlar müstəntiq, cəllad, həbsxana nəzarətçiləri və polis funksiyalarını yerinə yetirirdilər.

ABŞ-da isə bu rolu ölkənin hər yerindəki hərbçiləşdirilmiş polis birləşmələri oynayır.
 

Roma İmperiyası ordusundan "sülhü qorumaq" üçün istifadə edərək sadə insanların yaşamının hər sahəsinə müdaxilə edən polis dövlətinin məğzini daha da mürəkkəbləşdirirdi. Birləşmiş Ştatlarda isə polis, Federal Təhqiqat Bürosu, Ədliyyə Nazirliyi və daha 19 struktur insanları sürəkli izləyir, bəzən xırda cinayət törətmiş adamı təhlükəli terrorçu sayaraq güllələyir.


 

Roma İmperiyasının əraziləri böyüdükcə vətəndaşların hər birinin şəxsi azadlığı və müstəqilliyinin səviyyəsi azalırdı. Eyni zamanda milli özünüdərk, yerli idarəetmə istəkləri də zəifləyirdi.
 

Amerikalılar indi idarə etməyə aşiq federal hakimiyyətin qarşısında özlərini zəif, köməksiz, aciz hesab edirlər.

Roma İmperiyasının fəaliyyətinin əsasını müharibələr, işğallar təşkil edirdisə, ABŞ da yarandığı ilk gündən bəri savaşır. Vaşinqton "iztirab çəkən xalqları azad etmək" adı ilə indiyədək onlarla müharibə aparıb, yüzlərlə hərbi əməliyyatı gerçəkləşdirib. Amerikalı hərbçilərin "əvvəl atəş aç, sonra soruş" prinsipi isə həmişə dinc insanlar üçün xaosa dönür.
 

Qədim Roma İmperiyasında olduğu kimi, Birləşmiş Ştatlarda da vətəndaşın istənilən formada itaətsizliyyi hakimiyyətə birbaşa təhdid sayılır.

Roma İmperiasında qiyamçıların, sadəcə, mövcudluğu imperatora meydan oxumaq sayılırdı. İnqilabçılar aprior olaraq günahkar və ən ağır cəzaya, hətta edama layiq insanlar hesab olunurdular. Sakitliyi pozanlar hamının gözü qarşısında cəzalandırılırdılar ki, yerdə qalanlar dövlətin siyasətinə şəkk gətirməyə cəsarət etməsinlər.
 

İsa Məsihin çarmıxa çəkilməsi dediklərimizə bariz misaldır.
 

Yeri gəlmişkən: İsanın həbsinin özü romalıların onu inqilabçı saydıqlarını göstərirdi. Bu olay isə ABŞ-da indi xüsusi təyinatlı SWAT polislərin reydlərini və əməliyyatlarını xatırladır. İsa Məsihi təpədən-dırnağadək silahlanmış romalı hərbçilər "informator" Yəhudanı pulla ələ alaraq ələ keçirmişdilər.

Xəyanətkar Yəhuda əsgərlərə qurbanı göstərmək üçün xüsusi "marker"dən, öpüşdən istifadə etmişdi.


 

İşgəncə və edamlara gəldikdə isə, İsa Məsihin zamanında Qədim Romada şəhərləri dolaşaraq insanları İlahi Varlığa inanca dəvət edənləri həbsxanaya atmırdılar. Hərəkatların liderləri və inqilabçıların başçılarından isə hakimiyyət mümkün qədər tez yaxa qurtarmağa çalışırdı. İsa Məsihə qarşı irəli sürülmüş ittihamlar dini yox, siyasi səciyyəli idi. Prokurator Ponti Pilata yəhudi İsanı aranı qarışdıran, lider olmaq fikrinə düşən insan kimi təqdim etmişdilər. Ona görə də çarmıxa çəkilmə cəzası potensial siyasi cinayətkarları qorxutmaq məqsədi daşıyırdı.
 

İnqilabçı və siyasi dissident, polis dövlətinin edam etdiyi İsa Məsih barədə istənilən mühakimələr zamanı bir sıra amillər nəzərə alınmalıdır. Məsələn, İsa Məsih zorakılığa, dövlətin insanı nəyəsə məcbur etməsinə qarşı çıxırdı.
 

İsa hakimiyyət üçün təhlükə olduğu üçün ondan qorxmurdular.

İsa ölümdən qorxmayaraq həqiqəti danışdığı üçün təhlükəli idi.
 

ABŞ-da bütün dini bayramlarda simasında təbəssüm olan İsa Məsih real, radikal, inqilabçı İsanın obrazını üstələyib.
 

...İsa Məsih 20 il əvvəl edam olunsaydı, katolik məktəblərdə şagirdlər boyunlarından xaç əvəzinə elektrik stulunun fiqurunu asardılar yəqin. Bunu başqa tanınmış amerikalı Lenni Bryus deyib.
 

Elçin Alıoğlu

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.