Siyasət

Böyük fırıldağın iflası və ya Niyə aprelin 24-ü?

26 Aprel 2015 12:51
0 Şərh     Baxış: 1 057
Türk dünyası zaman-zaman tarixi unutqanlığın acı nəticələrini taleyində yaşamalı olub. Bu tarixi unutqanlıq erməni ideoloqlarını türklərə və azərbaycanlılara qarşı müxtəlif tarixi mərhələlərdə ərazi ilhaqı, terror və soyqırımı törətməyə daha da şirnikləndirib. İki əsrə yaxın müddətdə bədxah qonşularımız "böyük Ermənistan" yaratmaq xülyası ilə təcavüzkarlıq siyasətini dövlət səviyyəsində "milli mübarizə" yoluna çeviriblər. Bu, müəyyən xarici qüvvələrin maraqlarının təmin edilməsində iyrənc vasitə rolunu oynayıb, bəzi dövlətlər isə Cənubi Qafqaz və Qərbi Asiyada möhkəmlənmək üçün daim "erməni məsələsi"ndən öz mənafelərinə uyğun şəkildə istifadə etməyə çalışıblar. "Ermənilərin guya 1915-ci ildə türklər tərəfindən soyqırımına məruz qalması" kimi heç bir tarixi əsası olmayan cəfəng iddialar isə Türkiyəyə, eləcə də Azərbaycana qarşı təzyiq vasitəsi kimi nəzərdən keçirilib.

Katolik kilsəsinin dini rəhbəri - Roma papası I Fransiskin ardınca Avropa Parlamentinin də qondarma erməni soyqırımını tanımaq barədə qərarı Avropanın bir sıra ölkələrinin ümumən türk və müsəlman dünyasına qarşı başladıqları "səlib yürüşü"nün yeni mərhələsi kimi diqqəti çəkir. Əslində istər Roma papasının, istərsə də Avropa Parlamentinin ilk baxışda, sadəcə, "erməni sevgisi" kimi dəyərləndirilən, əslində məkrli siyasi məqsədlər güdən bu qərəzli yanaşmaları Türkiyə və Azərbaycan üçün "sürpriz" olmadı. Çünki hər iki dost və müttəfiq ölkə zaman-zaman Avropanın ədalətsiz və "ikili standart" yanaşmalarının şahidi olub. Tarixi faktlar göstərir ki, Roma papası və Vatikan daim Türkiyə əleyhinə təbliğatla, fitnə-fəsadla məşğul olub. Argentinada doğulmuş və həmin ölkədəki erməni icması ilə yaxın münasibəti olan Roma papası I Frensiskin "erməni sevgisi" həm də bu amillə əlaqələndirilir. Eyni zamanda Roma papasının mövqeyi son illər Avropada daha ifrat xarakter alan antiturk və antiislam ovqatının aşkar inikasıdır.

Uydurma erməni soyqırımı ilə bağlı qəbul edilmiş qətnamənin hüquqi gücü olmasa da, məsələnin siyasi məqsədlərlə gündəmə gətirilməsi Avropa Parlamentində bəzi qüvvələrin hələ də erməni lobbisinin ciddi təsiri altında olmasının göstəricisidir. Birinci Dünya müharibəsi illərində baş vermiş hadisələrin mahiyyətinin təhrif edilməsi fonunda ermənilərin uydurma iddiaları tarixçilər tərəfindən araşdırılmalı olduğu halda bu məsələyə hadisələrin mahiyyətindən uzaq insanlar tərəfindən qiymət verilməsi yalnız təəssüf doğurur.

Tarixi faktlar göstərir ki, həmin dövrdə çar Rusiyası ilə ittifaqa girən ermənilər Türkiyənin əraziləri hesabına "böyük Ermənistan" dövləti yaratmaq üçün müxtəlif təxribatlara əl atmış, terrorçu təşkilatlar yaratmış, türklərə qarşı amansız cinayətlər törətmişlər. Həmin dövrdə erməni könüllü dəstələrinin Şərqi Anadoluya doğru hərəkətindən ruhlanan Türkiyə erməniləri müstəqil dövlət qurmaq fürsətini əldən verməmək üçün silahlı basqınlar təşkil edərək türkləri məhv etməyə başlamışdılar. İngilis tarixçisi Stevord C.Şou tarixi sənədlər əsasında yazır: "Erməni könüllülərinin köməyi ilə rus ordusu Van istiqamətində hücuma keçərək mayın 14-də oranı tutan kimi iki gün ərzində yerli müsəlman əhalini kütləvi surətdə qırmağa başladılar. Rusların himayəsi altında Vanda erməni hökuməti qurulmuşdu. İyulun ortalarında hər tərəfdən 250 min erməni Vanda toplanmışdı. Türkiyə hökuməti məcburiyyət qarşısında qalıb ermənilərin türk ordusuna arxadan zərbəsinin qarşısını almaq məqsədilə müharibə rayonundan erməniləri ölkənin içərilərinə köçürmək haqqında qərar qəbul etmişdi. Hər cür hazırlıqdan sonra mühafizə dəstələrinin müşayiəti ilə mayın 28-də köçürmə işlərinə başlanmışdı. Köçürmə şərtləri aşağıdakı kimi idi: "Boşaldılan erməni evləri möhürlənərək mühafizə altına alınacaqdır; geridə buraxılan hər cür mal və əşya sahibinə qaytarılacaqdır; daşınmaz mallar, tez xarab olan qida məhsulları satılacaq, pulları sahibinin adına əmanətə qoyulacaqdır; kilsələrdəki rəsm və kitablar inventarlaşdırılıcaq, yaşadıqları kənddə kilsəsi olan ermənilərin Şərqi Anadoluda yerləşəcəkləri kənddə yeni kilsələri olacaqdır; bütün bunlara riayət etməyənlər üçün sərt tədbirlər görüləcəkdir".

Tarixçi alimlər haqlı olaraq bildirirlər ki, ermənilər həmin vaxt "Qərbi Ermənistan" dövləti yaratmağa nail olmadıqlarına görə hər il aprelin 24-nü "genosid günü" kimi təqdim edirlər. Başqa sözlə, məhz həmin gün erməni ideoloqlarının "böyük Ermənistan" dövləti yaratmaq iddiaları puça çıxıb. Erməni "tarixçiləri" 1915-ci ilin aprel-may aylarında Şərqi Anadoluda 1 milyon 500 min erməninin guya "türklər tərəfindən qətlə yetirildiyini" iddia edirlər. Halbuki Osmanlı imperiyasında keçirilən əhalinin siyahıyaalınmasına görə, o vaxt bütövlükdə Türkiyədə cəmi 1 milyon 200 min erməni yaşayıb. Bu faktın özü qondarma erməni soyqırımının reallıqdan uzaq, böhtan xarakterli iddia olduğunu təsdiqləyir. Erməni soyqırımını təsdiqləyən bir dənə də olsa kütləvi məzarlıq yoxdur. Əksinə, həmin vaxt ermənilər Osmanlı dövlətinin ərazisində soyqırımı törədiblər. Türk xalqı və bütövlükdə İslam dininə sitayiş edən xalq başqa xalqa qarşı soyqırımı etməyib. Çünki bu, türk və İslam dəyərlərinə yaddır. İslam dini sülhə çağırmaqla soyqırımını inkar edir. Osmanlı dövləti dünyanın ən böyük imperiyalarından biri kimi əsrlərlə mövcud olduğu dövrdə ermənilərə qarşı soyqırımı həyata keçirməyibsə, bunu Birinci Dünya müharibəsinin gedişində zəiflədiyi bir vaxtda etməsinə inanmaq da mümkün deyil. Tarix də təsdiqləyir ki, Osmanlı imperiyasının tərkibində olan heç bir xalq, etnos assimliyasiyaya, soyqırımına məruz qalmamış, dilini və dinini itirməmiş, hətta kilsə sökülməmişdir.

Bədnam qonşularımızdan fərqli olaraq, Azərbaycan öz əhalisinin ermənilərin kütləvi soyqırımına məruz qalmasını real faktlar əsasında sübuta yetirir. Quba şəhərindəki soyqırımı məzarlığı ermənilərin 1918-1920-ci illərdə Azərbaycanda törətdikləri vəhşilikləri sübuta yetirən tarixi məkandır və milli həqiqətlərimizin dünyaya çatdırılması baxımından vacib əhəmiyyət kəsb edir. Tarixi faktlar sübut edir ki, ermənilər soyqırımının daha iyrənc formasını nümayiş etdiriblər. Belə ki, qurbanlarının şəxsiyyətini, ləyaqətini qeyri-insani işgəncələrlə alçaltmaqla "klassik soyqırımı"nın "erməni versiyası"nı dünyaya tanıdıblar.

Bununla belə, erməni millətçiləri 100 ilə yaxındır ki, qondarma soyqırımı iddiaları ilə dünyada özləri haqqında "təcavüzə məruz qalan, əzilən xalq" obrazı yaratmağa çalışır, dünyadakı lobbi təşkilatları vasitəsilə məkrli təbliğatlarını davam etdirirlər. Məqsəd Türkiyə, Azərbaycan və Gürcüstan əraziləri hesabına erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "böyük Ermənistan" dövlətini qurmaqdır.

İqtisadi cəhətdən tamamilə çökən, xaricdəki diaspor və lobbi təşkilatlarının ianələrinə, yardımlarına göz dikən Ermənistanın apardığı kampaniyanın digər bir məqsədi də var. Obrazlı desək, ermənilər uydurma soyqırımı məsələsini, bir növ, siyasi biznesə çevirməklə xaricdən külli miqdarda yardım almağa nail olublar. Bədxah qonşularımız hər il "Hayastan" fondu vasitəsilə telemarafonlar təşkil edir, Dağlıq Qarabağ separatçı rejimi üçün vəsait toplayırlar. İanə toplamaq üçün təbliğat işi bir neçə həftə erməni diasporunun güclü olduğu ölkələrdə - Rusiya, Fransa, ABŞ, Livan və digər ölkələrdə aparılır. Hesablamalara görə, hər il ermənilər "soyqırımı biznesi" vasitəsilə orta hesabla 100 milyon dollar vəsait toplayırlar.

Türkiyənin son 15 ildə yüksək tərəqqi yoluna qədəm qoyması, sənayeləşmə sahəsində böyük uğurlar qazanması, regional liderliyi ələ alması və ən başlıcası, Qərbin imperialist iddialarına qarşı cəsarətli, prinsipial, barışmaz mövqe sərgiləməsi müəyyən ölkələri qətiyyən razı salmır. Türkiyəni Avropa İttifaqına buraxmamaq üçün dəridən-qabıqdan çıxan həmin dövlətlər qardaş ölkənin geridə qalmış ərəb ölkələrindən heç nə ilə fərqlənmədiyini sərgiləmək üçün hələ 2 il öncə müəyyən təxribatçı aksiyalara aşkar dəstək verdilər. Bu məqamda "Gəzi parkı" ətrafında cərəyan edən məlum hadisələri xatırlatmaq kifayətdir. Bunun nəticəsi idi ki, ərəb ölkələrində ABŞ səfirliyini darmadağın edərək səfiri qətlə yetirənlər ekstremist-islamçı qüvvələr, Türkiyədə "Gəzi parkı"nda oxşar iğtişaşları törədənlər isə "demokratlar" adlandırıldılar. Lakin xalqdan ciddi dəstək alan Türkiyə iqtidarı bu ölkənin imicinə xələl gətirmək, burada zorakı yolla hakimiyyət dəyişikliyinə nail olmaq istəyənlərin çirkin niyyətlərini ifşa etdi.

Hədəflərinin boşa çıxdığını görən Avropadakı müəyyən qüvvələr Türkiyəyə yenidən "erməni soyqırımı" kartı ilə təzyiq göstərməyə, onun regiondakı nüfuzunu sarsıtmağa çalışırlar. Özlərini "demokratiyanın beşiyi" sayan Qərb ölkələri, əslində, öz geosiyasi və geoiqtisadi maraqlarını gerçəkləşdirmək naminə çirkin, saxta kampaniyalar aparmaqdan, yalanlara həqiqət donu geydirməkdən belə çəkinmirlər. Bu məqsədlə təkcə Türkiyə deyil, Azərbaycan da əsassız ittihamlarla, təzyiq cəhdləri ilə üzləşir. Türkiyə-Azərbaycan strateji müttəfiqliyindən narahat olan bəzi Avropa dövlətləri, xüsusən də Ermənistanı açıq şəkildə müdafiə edən Fransanın təşəbbüsləri ilə Avropa İttifaqı hər iki ölkəyə qarşı qərəzli qətnamələr qəbul edir. İki strateji müttəfiq ölkənin regionda potensial güc kimi çıxış etmələri, habelə türk dünyasını birləşdirmək səyləri ermənipərəst dairələri, o cümlədən Avropanın bir sıra dövlətlərini çox narahat edir.

Türkiyə və Azərbaycan əleyhinə ənənəvi çirkin kampaniyaya son illər Avropa və dünya miqyasında müəyyən nüfuza malik təşkilatların da qoşulması təəssüf hissi doğurur. Xüsusən də Avropa İttifaqının nümayiş etdirdiyi nihilist və inkarçı mövqeyin erməni lobbisinin maraqları ilə tam uzlaşdığı aydın görünür. Xatırladaq ki, hələ 2012-ci ilin mayında təşkilatın Azərbaycanla bağlı qəbul etdiyi "İnsan hüquqları, demokratiya və hüququn aliliyinin pozulmasına dair" qətnamə ölkə ictimaiyyətinin haqlı narazılığı ilə qarşılanmışdı. Sənəddə Azərbaycanda guya "Söz və mətbuat, sərbəst toplaşmaq azadlıqlarının həyata keçirilməsi ilə bağlı problemlərin mövcudluğu" vurğulanırdı. Avropa İttifaqının həmin "qətnaməsi" sadəcə "Eurovision-2012" kimi məşhur musiqi yarışması ərəfəsində respublikamızın nüfuzuna zərbə vurmaq, onu ləkələmək cəhdindən başqa bir şey deyildi. I Avropa Oyunları ərəfəsində də eyni ssenari, eyni "oyunçu"lar, eyni dəst-xətt və eyni "pərdəarxası əlləri" görməmək mümkün deyil.

Əksər Avropa dövlətlərində müsəlmanlar açıq-aşkar təqib olunur, dini inanclarına görə təhqir edilir, sıxışdırılırlar. Bir sıra terror aktlarının məhz müsəlmanlara qarşı həyata keçirilməsi bu geosiyasi arealda ekstremist millətçilik və "islamofobiya" əhvali-ruhiyyəsinin gücləndiyini təsdiqləyir. Müxtəlif insanlar və dövlətlər tərəfindən törədilən analoji hadisələrə əks münasibətlərin sərgilənməsi də özünü "ikili standart"ların bariz nümunəsi kimi göstərir.

Avropa Parlamentinin ermənilərin bu saxta iddialarını dəstəkləməsi bir tərəfdən təşkilata ermənipərəst qüvvələrin təsiri ilə bağlıdırsa, digər tərəfdən geosiyasi arealda yerləşən ölkələrin Türkiyəyə qarşı ifrat qərəzinin bariz təcəssümüdür. Bu gün Avropa müsəlman dünyasını "geridə qalmış", "insan hüquqlarının addımbaşı pozulduğu", "sabitliyin, inkişafın olmadığı" ölkələr kimi qələmə verməyə çalışır, eyni zamanda İslamın Avrasiya materikində geniş yayılmasını narahatlıqla qarşılayır.

Əlbəttə, tarixdə baş vermiş soyqırımı aktları dözümsüzlüyün ən iyrənc və qorxulu formalarından biridir. Çünki bu cinayət digər topluma aid insanların irqi, milli, etnik və dini zəmində tamamilə məhv edilməsi məqsədinə yönəlir. 1992-ci ildə Xocalı soyqırımını törədən ermənilər də bu baxımdan tolerantlıq düşüncəsindən məhrum olduqlarını nümayiş etdirdilər. Eyni zamanda, Ermənistanda azərbaycanlılara aid mədəni-tarixi abidələrin, məscidlərin, qəbiristanlıqların dağıdılması milli-dini dözümsüzlüyün ifrat forması kimi diqqəti çəkir.

Bu gün Ermənistan MDB məkanında ən monoetnik respublikalardan biridir - burada hətta rusların da normal yaşayışına imkan verilmir. Belə olan halda Türkiyəni ermənilərə qarşı guya "soyqırımı törətməkdə" ittiham edən Avropa Parlamenti ötən əsrin 90-cı illərində baş verən, konkret faktlarla təsdiqlənən Xocalı soyqırımını "görmür". Onlar təcavüzkara təsir göstərmək, beynəlxalq hüquq normalarını təmin etmək əvəzinə ermənilərin qondarma, tarixi faktlardan tamamilə uzaq olan "soyqırımı" iddialarını dəstəkləyir, Ermənistanı regionda üzləşdiyi təcrid vəziyyətindən çıxarmağa çalışırlar.

Əslində Türkiyə və Azərbaycana qarşı təzyiq cəhdləri həm də Avropada hökm sürən islamofobiyanın göstəricisidir. Bir qayda olaraq, İslam dininin, müsəlmanların terrorla əlaqələndirilməsi daha çox etnik-dini ziddiyyətlərin təzahürü kimi özünü göstərir. Təəssüflə vurğulamaq lazımdır ki, İslam əxlaqı, İslam həyat tərzi və bütövlükdə İslam dininə dözümlü münasibətin qloballaşan dünyada birgəyaşayışın əsas normalarından birinə çevrilməsinə mane olan qüvvələr var. Son illər Belçikada məscidə hücum edilərək yandırılması, Almaniyada "İslama yox deyək" kimi qondarma plakatların küçələrdə, ictimai yerlərdə yerləşdirilməsi, bir qrup rasistin Almaniyanın Düren şəhərindəki məscidə hücumu, Fransada "Fransa fransızlar üçündür" kimi tələblərin səsləndirilməsi, bu ölkənin paytaxtında məscidin imamının ölkədən çıxarılmasına dair çıxışlar deyilənləri bir daha təsdiqləyir.

Uydurma erməni soyqırımı iddiaları ilə Türkiyə və Azərbaycana təzyiq göstərmək cəhdlərinin heç bir nəticə verməyəcəyini xüsusi vurğulamağa ehtiyac yoxdur. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Roma papasının qərəzli yanaşmasına cavab olaraq qətiyyətlə bildirib: "Hər dəfə siyasətçilər və dini xadimlər tarixçilərin vəzifəsini üzərlərinə götürərkən həqiqət əvəzinə cəfəngiyat olur. Mən papanın dediklərini pisləyirəm və onu bir daha bu səhvi təkrarlamamağa çağırıram". Türkiyə Prezidenti yenidən erməni tərəfinə səslənərək 1915-ci il hadisələri üzrə arxiv sənədlərinin araşdırılması üçün tarixçilərdən ibarət birgə komissiya yaratmağa çağırıb. Ərdoğan Ankaranın arxivlərini tarixçilər üçün açdığını və analoji addımın Ermənistan tərəfindən atılmasını gözlədiyini qeyd edib. Ərdoğan tarixi hadisələrin ölkə və xalqa qarşı kampaniya üçün istifadə edilməsinə yol verməyəcəyini bəyan edib.

Onu da xüsusi vurğulamaq lazımdır ki, qardaş Türkiyə Cümhuriyyətinin 1915-ci il aprelin 24-də baş vermiş Çanaqqala döyüşündəki möhtəşəm zəfərinin 100-cü ildönümünə həsr olunmuş möhtəşəm "Sülh konfransı" keçirməsi də cəfəng erməni iddialarına adekvat cavabdır. Xatırladaq ki, 3 minə qədər azərbaycanlının da iştirak etdiyi Çanaqqala döyüşü Birinci Dünya müharibəsi zamanı Osmanlı Dövləti ilə  Antanta dövlətləri - İngiltərə, Fransa və onların müttəfiqləri arasında baş vermiş dəniz və quru döyüşü olmuşdur. Çanaqqala döyüşü türklər tərəfindən müdafiə xarakterli və ədalətli idi. Müttəfiq qoşunları isə işğalçı döyüş aparmaqla Osmanlı dövlətindən qisas almaq, onu parçalayıb monopoliyaya çevirmək məqsədi güdürdülər.

Ermənilər anlamalıdırlar ki, qondarma soyqırımını həyasızcasına dünyaya tanıtmaq cəhdlərinin nəticəsidir ki, bütün tərəqqipərvər dövlətlər Çanaqqala zəfərinin 100 illiyinə gəlməklə yalanın yox, həqiqətin yanında oldular. Xatırladaq ki, aprelin 24-də Türkiyədə Çanaqqala zəfərinin 100 illiyi münasibətilə keçirilən mərasimdə Azərbaycan Prezidenti başda olmaqla ölkəmizin nümayəndə heyəti, 21 dövlət başçısı, 70-dən çox ölkədən rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər. Bədnam "erməni soyqırımı"nın "yubileyinə" gələn ölkələrin sayının cüzi olması da artıq beynəlxalq aləmdə bu "soyqırımı biznesi"nin iflasa uğramasının, Çanaqqala zəfərinin isə təntənəsinin nümayişi oldu.

Ümumiyyətlə, bu gün Türkiyə və Azərbaycanın yüksək iqtisadi, siyasi, hüquqi və mədəni inkişafı hər iki ölkəyə "geridə qalmış Şərq ölkələri" yarlığını yapışdırmaq istəyən qüvvələrin məkrli niyyətlərini puça çıxarıb, bu ölkələrin sivil Avropa dəyərlərinə sadiqliyini sübuta yetirib. Hər iki müttəfiq ölkənin regionda tam müstəqil siyasət yeritmələri və əsas söz sahiblərindən birinə çevrilmələri  Avropada müəyyən dairələri, o cümlədən bəzi dövlətləri bərk narahat edir. Onlar Türkiyənin və Azərbaycanın Avropa məkanında yeni iqtisadi və siyasi güc mərkəzinə çevrilməsini, inkişaf etmiş ölkələrlə bir cərgədə dayanmaq iddiasını qətiyyən "həzm edə" bilmirlər.

Bu gün uydurma soyqırımını tanımaqla erməniləri şirnikləndirmək yolu tutan dövlətlər, o cümlədən Avropa Parlamenti Ermənistana necə böyük zərbə vurduqlarının, yəqin ki, fərqində deyillər. Şübhəsiz, Avropa Parlamentinin məlum qərarı Ermənistanın regiondakı özünütəcrid vəziyyətini daha da pisləşdirəcək. Təcavüzkar ölkə özünü Cənubi Qafqazda gerçəkləşən bütün strateji layihələrdən kənarda qoymuşdur. Ermənistan bu gün Cənubi Qafqaz regionunun iqtisadi inkişafını ləngidən, başqa dövlətin "forpost"una çevrilərək sülh danışıqlarını süni şəkildə uzatmağa, vaxt udmağa çalışan qeyri-konstruktiv dövlət kimi tanınır. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, Bakı-Ceyhan neft kəmərinin Ermənistan Respublikasının ərazisindən - 48 kilometr bir ərazidən keçəcəyi təqdirdə İrəvan ildə azı 8 milyon dollar qazanc əldə edə biləcəkdi. Bu fakta qaz kəməri, beynəlxalq dəmir yolu və şose yolları layihələrini də əlavə etsək, Ermənistanın Azərbaycan hesabına nə qədər gəlir əldə edə biləcəyini təsəvvür etmək olardı. Lakin bu gün Ermənistan özünü bu cür imkanlardan tamamilə təcrid etmiş və beynəlxalq qınaq obyektinə çevrilmiş bir dövlətdir.

Ermənistanın xarici borcları getdikcə artır, ölkədə sosial-iqtisadi tənəzzülün qarşısının alınmaması əhalinin vəziyyətinin pisləşməsi ilə müşayiət olunur. Rusiyaya olan borclarını ödəmək iqtidarında olmayan Ermənistan getdikcə bu ölkənin vassalına çevrilir, bütün strateji əhəmiyyətli müəssisələrini itirir. Yoxsulluğun səviyyəsinə görə MDB-də "lider"liyi əldən verməyən Ermənistan siyasi sahədə də ciddi problemlərlə üz-üzədir.

Ermənistan prezidenti indi daha çox öz hakimiyyətini saxlamaq üçün qondarma erməni soyqırımı şouları təşkil etməklə münaqişə ilə bağlı mövcud "status-kvo"nun saxlanılmasına səy göstərir. Lakin bu vəziyyətin özü işğalçı ölkəni iflic vəziyyətdən çıxmağa qoymur. İqtisadiyyata yönəldilməli olan xərclər işğalçı ordunun, separatçı rejimin saxlanılmasına sərf edilir. Ermənistanda sosial-iqtisadi vəziyyətin müsbətə doğru dəyişmədiyini, insanların aclıq və səfalət içində yaşadığını müxtəlif beynəlxalq təşkilatların hesabatları da təsdiqləyir. Hakim rejimin bütün səylərinə baxmayaraq, ölkədən köçüb gedənlərin sayı durmadan artır.

Danışıqları imitasiya xatirinə davam etdirən Ermənistanın hərəkətlərini Azərbaycan iqtidarı təmkinlə izləyir və problemin sülh yolu ilə həllinin dalana dirənmədiyi qənaətindədir. Ermənistan yaranmış fürsəti düzgün dəyərləndirib konstruktivlik nümayiş etdirməyəcəyi təqdirdə münaqişənin güc tətbiqi ilə həlli Azərbaycan üçün qaçılmaz varianta çevriləcək. Ölkə rəhbərliyinin bu qətiyyətli mövqeyi həm də xalqın milli maraqlarını sonadək müdafiə etmək əzmindən qaynaqlanır.

Azərbaycan

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.