Siyasət

Ermənilərin növbəti rüsvayçılığı - FOTO

25 Aprel 2015 22:27
2 Şərh     Baxış: 3 046

Bir müddət əvvəl Macarıstanın türk diasporuna müharibə edən Osmanlı İmperiyasında "Gənc türklər" hökumətinin milli təhlükəsizliyin təmin olunması üzrə əməliyyata başlamasının 100-cü ildönümündə - aprelin 24-də axşam saatlarında bu ölkənin erməni azlığı nümayəndələrinin Türkiyə səfirliyi qarşısında aksiya keçirmək niyyəti barədə xəbərdarlıq edilmişdi.

Müxtəsər xatırladaq ki, düz bir əsr əvvəl şanlı türk döyüşçüləri Birinci Dünya müharibəsi cəbhələrində doğma Vətəni müdafiə edərək həlak olduqları bir vaxtda, çoxəsrlik ənənələrinə sadiq olan erməni zabitləri və çağırışçıları adəti üzrə fərarilik edib düşmən tərəfə keçir, müəyyən "drujinalar" yaradır, arxa cəbhədə müdafiəsiz qalan dinc müsəlman əhalini misli görünməmiş qəddarlıqla qırıb-çatmaqla döyüşən Vətənin kürəyinə namərdcəsinə bıçaq saplayırdılar. Ümumilikdə təkcə Şərqi Anadoluda ermənilər tərəfindən təqribən bir milyon türk qətlə yetirilib ki, onların da 523.955 nəfərinin şəxsiyyəti dəqiq müəyyən edilib. İtkin düşmüş, qardaşlıq məzarlarında dəfn edilmiş, ailə başçısının ermənilər tərəfindən qətlə yetirilməsi nəticəsində aclıqdan və səfalətdən dünyasını dəyişmiş insanların sayı haqqında isə yalnız təxmini danışmaq olar. Bu, soyqırımı deyil, bəs nədir?

Xəbərdarlıqda bildirilib ki, erməni nümayişçiləri səfirliyə yaxınlaşacaq, nəhəng plakatları onun hasarına dayayacaq və şam yandıracaqlar.

Nə etməli? Biz belə aksiyalara öyrəşmişik və müxtəlif səfirliklərin və dövlət müəssisələrinin qarşısında özümüz də az aksiya keçirməmişik. Buna görə də türklər doğma dövlətə bir o qədər də loyal olmayan keçmiş həmvətənlərinin nəsillərini "qarşılamaq" və həmin vaxtda səfirlik qarşısında etiraz nümayişi təşkil etmək qərarına gəldilər. Səfirlik ölkədəki diaspora, o da öz növbəsində qardaş Azərbaycan, qazax, özbək, uyğur, tatar və ərəb diasporlarına xəbər verdi. Qardaş diasporların nümayəndələri bu çağırışa dərhal hay verərək, aksiyanı dəstəkləməyə hazır olduqlarını bildirdilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, saat 6-ya yaxın iş gününü başa çatdıran insanlar kimi bayraqla, kimi də transparantlarla əyinlərində türkçülük rəmzi olan futbolka, kepka və yüngül gödəkcələrdə səfirliyə yaxınlaşmağa başladılar. Səfirliyin hasarından Türkiyə, Azərbaycan, Macarıstan və Özbəkistan bayraqlarını asdılar. İnsanlar elə hey axışıb gəlir, ermənilər isə gözə dəymirdi. Artıq aydın idi ki, səfirliyin qarşısında onlar üçün yer yoxdur. Buna görə də Macarıstan polisi, ola bilsin, hansısa evin arxasında gizlənmiş erməni "karvanını" müşayiət edən həmkarları ilə ratsiya vasitəsilə əlaqə saxlayaraq, ermənilər üçün yeni yer təşkil etmək barədə təcili məsləhətləşmələrə başladı. Erməniləri səfirlikdən uzağa "itələmək" qərara alındı. Daha Türkiyə səfirliyinin qarşısında erməni plakatlarına yer qalmadı.

Ermənilər isə hələ də gözə dəymirdilər. Birdən səfirliyə maşın yaxınlaşdı. Maşından Türkiyənin böyük bayrağını çıxardılar. Başqa bir maşında türk restoranından ənənəvi isti türk simitləri, kökələri və içkilər gətirdilər.

Nəhayət, prospektin qarşı tərəfində 15 nəfərdən ibarət..... qrup çəkinə-çəkinə görünməyə başlayanda artıq hava qaralırdı. Transparantsız idilər. Cəmi bir balaca bayraqları vardı. Ümumtürk etiraz nümayişinə gələnlərin sayının ermənilərin sayından 20 dəfə çox olduğunu desək, mübaliğə olmaz. Hamı çaşıb qalmışdı. Bəs, ermənilərin səfirliyinin hasarından asmağa hazırlaşdıqları transparantlar haradadır? Onsuz da Türkiyənin və qardaş dövlətlərin bayraqları üzündən burada onlara yer qalmamışdı.

Kiçik haşiyə çıxaq: materialın əvvəlində türklər barəsində "diaspor", ermənilər barəsində "milli azlıq" terminlərini təsadüfən işlətmədik. Məsələ bundadır ki, ermənilər Macarıstanın milli azlıqlarından biri sayılır. Təkcə bu faktı nəzərə alsaq gözləmək olardı ki, milli azlıq diaspora nisbətən daha çox iştirakçı cəlb edəcək.

Türklər gözləyirdi ki, ermənilər müəyyən şüarlar səsləndirəcəklər. Axı, bu aksiya onların təşəbbüsü idi, türklər yalnız etiraz mitinqi ilə cavab verirdilər. Görünür, opponentlərin sayı ermənilərin dilini-ağzını bağladı. Onlar nə edəcəklərini bilmədən səfirliyi və onun ətrafına toplaşan insanları küt-küt seyr edirdilər.

Sakitliyi etiraz nümayişinin iştirakçıları pozdular: üç yüzdən çox adam bir ağızdan əvvəlcə Türkiyənin, sonra Azərbaycanın himnlərini oxumağa başladı.

Növbəti rüsvayçılığın acısını dadan ermənilər proqramı tələm-tələsik yekunlaşdırmaq qərarına gəldilər. İstər say, istərsə də qətiyyət baxımından onları üstələyən opponentlərə son dəfə nəzər salıb, hərə bir tərəfə dağılışdı.

Nümayişçilər qarşısına çıxan Türkiyənin və Azərbaycanın səfirləri Şakir Fakili və Vilayət Quliyev vətənpərvərlik nümayiş etdirdiklərinə görə aksiya iştirakçılarına təşəkkür etdilər. Onlar əmin olduqlarını bildirdilər ki, qardaş xalqların birliyi əbədi olacaq. Nümayişçilər onların qısa çıxışlarını gurultulu alqışlarla qarşıladılar.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.