Siyasət

ABŞ-ın "təsadüfi" qurbanları

25 Aprel 2015 14:04
0 Şərh     Baxış: 705
Amerikalı hərbçilər tərəfindən minlərlə günahsız insan qətlə yetirilib

Bununla artıq neçənci dəfədir ki, Birləşmiş Ştatlar rəhbərliyi ölkə xaricindəki sülhyaratma missiyalarında xidmət edən hərbçilərinin yerinə üzr istəməli olur. Bu dəfə isə, Ağ Evin bildirdiyinə görə, Əfqanıstanla Pakistan arasındakı sərhəd bölgədə ABŞ-ın antiterror əməliyyatı zamanı "Əl-Qaidə" tərəfindən ələ keçirilən iki girov təsadüfən öldürülüb. ABŞ prezidenti Barak Obama bir amerikalı yardım işçisi və bir italyanın qətlinə görə şəxsən üzr istəyib. O, Pakistanda çalışan Uorren Ueynşteyn və Covanni Lo Portonun ölümündən dərin kədər hissi keçirdiyini bildirib. ABŞ prezidenti deyib ki, həmin vaxt əldə edilən kəşfiyyat məlumatlarına görə, hücum edilən bölgədə mülki vətəndaşlar olmamalı idi.

Qeyd edək ki, 73 yaşlı U.Ueynşteyn Amerikanın Beynəlxalq İnkişaf Agentliyi, L.Porto isə Almaniyanın "Welthungerhilfe" yardım təşkilatında çalışırdı.
Əməliyyat zamanı ABŞ vətəndaşı olan "Əl-Qaidə" lideri Əhməd Faruq da öldürülüb. Digər bir əməliyyat nəticəsində isə terror şəbəkəsinin sözçüsü Adam Qadan qətlə yetirilib. Başqa bir ABŞ rəsmisi girovların hücum zamanı öldürüldüyünü deyib.

Qeyd edək ki, Birləşmiş Ştatlar bu dəfə də girovların öldürülməsini təsadüf kimi qələmə verir. Lakin artıq neçənci dəfədir ki, analoji hal yaşanır və müqəssirlər cəzasını almır. Bəhanə kimi isə müharibənin getdiyi göstərilir. Bu kimi hallara dəfələrlə rast gəlinib. Əfqanıstanda dinc sakinlərin bombardman edilməsi yaddaşlardan hələ də silinməyib. Bu dəfə isə bombardmana məruz qalanlar arasında üç kişi və iki yeniyetmə olub. Onların hamısının həlak olduğu bildirilir.

Bu yaxınlarda isə NATO hərbçiləri Zabol əyalətində apardıqları əməliyyat zamanı dinc sakinləri gülləbaran ediblər. NATO rəhbərliyi isə hər dəfə olduğu kimi, bunun səhv ucbatından baş verdiyini iddia edir. Hadisə Xan-Koro rayonunda baş verib. Əyalətin qubernatorunun müavini Məhəmməd Can Rasulyar bildirib ki, evə daxil olan hərbçilər ailə üzvlərinin hamısını güllələyib, daha sonra isə onların dinc sakinlər olduğu məlum olub.
Ümumiyyətlə, ABŞ hərbçilərinin bəşəriyyətin gözü qarşısında İraq və Əfqanıstanda həyata keçirdikləri insanlıq əleyhinə hərbi cinayətlər heç bir halda unudula və unutdurula bilməz.

"WikiLeaks" resursundakı İraqda "Reuters" agentliyi əməkdaşlarının ABŞ hərbçiləri tərəfindən öldürüldüyünü əks etdirən videoçarx da bunun əyani sübutudur. Bu fakt ABŞ hərbçilərinin hərbi cinayətlərini sübuta yetirərək, rəsmi Vaşinqtonun buna görə hüquqi məsuliyyət daşıdığını üzə çıxarır. Şübhəsiz ki, bu cinayətlərin təşkilatçıları və icraçıları beynəlxalq tribunal qarşısında cavab verməli və layiq olduqları cəzanı almalıdırlar.

Ən maraqlısı odur ki, Birləşmiş Ştatların hərbi qüvvələrinin İraq və Əfqanıstanda dinc sakinlərə qarşı həyata keçirdiyi amansız hərbi cinayətlər faktlarla sübuta yetirilir, lakin bütün bunlara görə rəsmi Vaşinqton beynəlxalq ictimaiyyətdən üzr istəməyi belə özünə rəva bilmir.
ABŞ hərbçilərinin sabitliyi qorumaq adı altında həyata keçirdiyi zorakılıqlara dair daha bir fakt. Əfqanıstanın informasiya agentliyinin məlumatına görə, ABŞ-ın xüsusi qüvvələri Bəlx vilayətinin Çahar Bulk məntəqəsinin kəndlərindən birinə gecə hücum edərək, dəhşətli cinayətə əl atıblar. ABŞ ordusunun xüsusi qüvvələri kəndlilərin mənzillərinə soxularaq, axtarış apardıqdan sonra bu kənddə yaşayan 15 ailənin kişi və qadınlarını bir-birindən ayırıb və bir qrup qadına təcavüz ediblər. ABŞ hərbçilərinin komandanı bu cinayətdən sonra kənd əhalisinə xəbərdarlıq edib ki, əlaqədar orqanlara istənilən şikayət olunduğu təqdirdə bu cinayətlə yenidən üzləşəcəklər. ABŞ ordu rəhbərliyinin məsələyə etinasızlığı öz cinayətlərini davam etdirmək istəyən qüvvələrin həyasızlaşmasına səbəb olub. Qəndəharın Pəncvayi kəndində əhalinin kütləvi şəkildə qətlə yetirilməsi məhz bu dəhşətli cinayətlərdəndir. ABŞ hərbçisi Robert Bils kəndlilərə hücum edərək, onlardan 16 nəfəri qanına qəltan edib və onların cəsədlərini yandırıb. Bu hücum Əfqanıstan işğalı ərzində amerikalı hərbçilərin ən dəhşətli hücumu adlandırılıb.

Amerikanın "Rolinq Ston" jurnalının yazdığına görə, Əfqanıstanın mülki vətəndaşlarının rəhmsizcəsinə qətlində ittiham olunan amerikalı hərbçilərin bir qrupu bu cinayətləri gizli şəkildə etməyib. Belə ki, onlar cinayətlərini öz bölükləri qarşısında törədiblər. Bu isə ABŞ ordusunun iddia etdiyinin əksinədir. Belə ki, ABŞ ordusu bildirir ki, bu hərbçilər öz komandanlarından xəbərsiz olaraq belə cinayət törədiblər.

Əfqanıstan xalqının milli və dini adət-ənənələrinə hörmətsizlik, özbaşına həbslər, əyləncə üçün əhalini kütləvi şəkildə öldürmək və cəsədləri saymaq üçün onların barmaqlarını kəsmək, partlayışdan həzz almaq üçün əhalinin mənzillərini partlatmaq və Qurani-Kərimi yandırmaq Əfqanıstanda yerləşən ABŞ və NATO qüvvələrinin cinayətlərinin bir hissəsidir. Bu da Əfqanıstan xalqı və rəsmilərinin kəskin qəzəbinə səbəb olub.

İraqın 2003-cü ilin mart ayında ABŞ hərbçiləri tərəfindən işğal edilməsindən sonra bu ölkənin vətəndaşı olan 100 min günahsız insan da bu işğalın qurbanıdır. "Reuters" xəbər agentliyinin hazırladığı araşdırmanın nəticələrinə görə, işğal tarixindən sonra İraqda 103 min 588 mülki vətəndaş, 6 min 375 iraqlı hərbçi ölüb. Bundan başqa, İraqda davam edən müharibədə 4 min 372 ABŞ, 179 ingilis və 139 nəfər başqa ölkələrin hərbçisi həlak olub.

Kaspi.az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.