Siyasət

Hakimiyyət istəsə də, zorən bəxtəvərlik olmaz

25 Aprel 2015 10:14
2 Şərh     Baxış: 1 160

ABŞ-ın mədəni ideologiyasının əsas elementlərindən biri bu ölkənin istisna, fövqəladə olmasıdır. Yəni amerikalılar yaşadıqları ölkəni başqa dövlətlərdən fərqli, yaxşı, sərbəst, azad, qüdrətli sayırlar.
 

Əslinə baxsaq, amerikalıları tənqid etməyə, onları yalançı adlandırmağa tələsməyək. Xeyr, ABŞ, gerçəkdən də, istisnadır və bu ölkənin dünya düzənində tutduğu yer müstəsnadır.
 

Bəli, Birləşmiş Ştatlar dünyanın ən qüdrətli iqtisadiyyatına malikdir və ən böyük maliyyə gücüdür. Hər halda bütün ölkələr öz valyutalarını ABŞ dolları ilə hesablayırlar, kursu müəyyənləşdirirlər.
 

Amma "ən, ən, ən..." sayılan ölkə vətəndaşlarını normal səhiyyə ilə təmin edə bilməyib.

ABŞ-ın səhiyyə sistemi əfsuslar olsun ki, milyardlarla dollarlıq gəlirlər əldə etməyə istiqamətlənmiş böyük, parazit kommersiya struktudur. Ölkədəki özəl tibbi sığorta şirkətləri hər il amerikalıların ciblərindən təxminən 1 trilyon dolları çıxarır, kağızların və faylların yerini dəyişməklə iş görüntüsü yaradırlar.


 

Kommersiya hospitalları və özəl klinikalar hər il 300 milyard dollar xalis gəlir əldə edirlər. Farmasevtik şirkətlər, sadəcə, C hepatitinin müalicəsi üçün dərmanlara görə 94 min dollar tələb edirlər. Bu isə, məsələn, sarılıq xəstəliyinə tutulmuş adamın içdiyi hər həbə görə 1125 dollar ödəməsi deməkdir. Xərçəng xəstələrinin müalicəsi zamanı onlara vurulan iynələr və içdikləri dərmanlara görə 14 min dollardan 65 min dollaradək pul tələb olunur.

Üstəlik, dünyada ən yüksək maaş alan səhiyyə işçiləri ABŞ-dadır.
 

Birləşmiş Ştatlarda səhiyyə sisteminə hər il 3 trilyon dollardan artıq pul xərclənir və həmin məbləğ ilbəil, fasiləsiz artır. Bəhs etdiyimiz məbləğsə ABŞ-ın 17,4 trilyon dollarlıq illik ümumdaxili məhsulunun təqribən 18 faizini təşkil edir. Yəni ölkədə xərclənən hər 5 dollardan biri səhiyyəyə istiqamətlənir.

Yenə də bu rəqəmlər inkişaf etmiş ölkələr arasında ən yüksək səviyyədir.
 

Az qala fantastik rəqəmlərdir.

Di gəl, trilyonlarla dollarlıq xərclərə rəğmən ABŞ uşaq ölümləri statistikasına görə dünyada 39-cu, yaşlılar arasında ölüm statistikası baxımından 42-ci, yaşam sürəyi baxımından 36-cı yeri tutur.
 

Fövqəladəlik və müstəsnalıq budursa, ABŞ-ın ən yoxsul ştatından da kasıb Kubanın səhiyyə sisteminin keyfiyyətinə görə amerikalıları dəfələrlə qabaqlamasını Vaşinqton necə izah edə bilər?
 

ABŞ təhsil sahəsində fövqəladə, tayı-bərabəri olmayan ölkədir. Birləşmiş Ştatlardakı tələbələr "Ali təhsil almaq haqqında müqavilə" (Higher Education Debt) adlanan sənədə görə təhsil isteblişmenti, yüksək maaşlı klerklər və bankirlərin kölələrinə çevriliblər. Amerikalı yeniyetmələrin, sadəcə, kollecdə oxumaq üçün ödəməli olduqları təhsil borclarının ümumi məbləği 1,1 trilyon dolları keçib. Bu isə adambaşına düşən təhsil borcunun səviyyəsinə görə ABŞ-ı dünya "lideri"nə çevirib.
 

4 illik təhsil verən kollecdə oxumaq üçün amerikalı gənc orta hesabla 30-60 min dollar ödəməlidir. Kollecə pulu çatmayan gənclər üçün ciddi peşə hazırlığı proqramları artıq yoxdur.


 

Halbuki, Birləşmiş Ştatlardakı kolleclərdə çalışan professorlar və müəllimlərin 70 faizi müvəqqəti əməkdaşlar, ya da natamam iş gününü nəzərdə tutan müqavilə imzalamış şəxslərdir. Kollec professorları və müəllimlərinin tam əksəriyyəti çox az maaş alır, heç bir imtiyaza və güzəştlərə malik deyillər.

Hesab edirik ki, bu da bir müstəsnalıq, fövqəladəlikdir.
 

Amerikalı fəhlələrsə inkişaf etmiş ölkələr arasında ən uzun iş gününə "malik" olsalar da, onların ən qısa ödənişli məzuniyyətləri var. Amerikalı fəhlə ildə ən uzağı 7 günlük məzuniyyətdə olur. Belə fəhlə təqaüdə çıxanda onu ya yoxsulluq perspektivi, ya da işsizlik gözləyir. Sosial təminatlı pensiyaların maksimal aylıq məbləği 1100 dollardır. Amerikalıların "401K" adlandırdıqları özəl pensiyalar orta hesabla yaşları 60-dan yuxarı olanlar üçün 50 min dollardır. Amerikalı fəhlələrin yarıdan çoxu isə ümumiyyətlə, maaşdan maaşa yaşadıqları üçün onların bank hesablarında özəl pensiya bölümü yoxdur.

1945-ci ildən sonra doğulmuş 70 milyon amerikalı təqaüdə çıxmağa başladıqları zaman onların arasında on milyonlarla amerikalını hər hansı normal perspektivi olmayan qocalıq gözləyir.
 

Məhz buna görə də Birləşmiş Ştatlardakı işçi qüvvənin ən sürətlə artan seqmenti 65-74 yaş arasında olanlardır. Axı təqaüdə çıxanların çoxu ac qalmamaq üçün yenidən işləmək məcburiyyətində qalırlar.
 

ABŞ-da gəlirlər arasında fərq də inkişaf etmiş ölkələr arasında ən böyük göstəricilərdir və ildən ilə artır.

Ölkədəki iri korporasiyaların rəhbərləri başçılıq etdikləri şirkətlərdə çalışan orta statistik fəhlənin aylıq maaşından 400 dəfə artıq pul alırlar. Bu, inkişaf etmiş ölkələr arasında ən böyük rəqəmdir.
 

ABŞ-dakı ailələr arasında ən varlıları təşkil edən 1 faiz, yəni sərmayədarların praktiki olaraq hamısı 2010-cu ildən bəri ölkənin xalis illik gəlirlərinin 95 faizinə yiyələniblər.


 

Klintonun dönəmində bu rəqəm 45 faiz, Corc Buşun vaxtında 65 faiz idi.

Halbuki, ABŞ-dakı orta statistik ailənin aylıq gəlirləri ötən onillikdə hər il 1-2 faiz azalıb.
 

ABŞ-dakı fəhlələr iş yerini itirdikdən sonra yalnız 6 ay işsizlik müavinəti alırlar, o da əvvəlki maaşlarının 1/3 hissəsindən çox olmamaq şərtilə.

Almaniyada isə işsizlik müavinəti 2 il ödənilir və üstəlik də, işsiz qalmış adama yeni peşə əldə etmək imkanları yaradılır.

Amma nə olsun ki... Əvəzində almanlarla müqayisədə amerikalıların daha çox qırıcı təyyarələri, nüvə bombaları, gəmiləri və lənət şeytana, bombaladığı ölkələr var.

Hə, ABŞ fövqəladə, müstəsna ölkədir.
 

İnkişaf etmiş ölkələrin hamısı ilə müqayisədə ABŞ-da fəhlələr daha çox xəstələnir, daha çox borclara girir, iş yerində daha çox çalışır. Onlar başqa ölkələrlə müqayisədə daha az sosial hüquqlara malikdir, daha az təzminat alırlar və inkişaf etmiş istənilən ölkədəki fəhlələrə baxanda gələcəklərindən daha çox qorxurlar.

ABŞ həm də ona görə misilsiz, qüdrətli, fövqəladə dövlətdir ki, inkişaf etmiş bütün ölkələrin hərbi xərclərinin toplam həcmindən daha çox məbləği orduya və silahlara ayırır. Birləşmiş Ştatların real illik hərbi büdcəsi Pentaqonun bəyan etdiyi kimi 650 milyard dollar yox, 1 trilyon dollardır. Sadəcə, "əlavə" 350 milyard dollar yüzlərlə müxtəlif proqramlar vasitəsilə pərdələnir.


 

ABŞ dünyanın müxtəlif məkanlarında 1000-ə yaxın hərbi bazaya malikdir. İstənilən başqa ölkə ilə müqayisədə Birləşmiş Ştatlar indi daha çox hərbi əməliyyatlar aparır.

Və ən nəhayət, ölkənin vətəndaşları ilə yanaşı, başqa ölkələrdə yaşayan insanları hamıdan çox, hamıdan gizli şəkildə izləyən, yazışmaları gizlicə oxuyan, telefon danışıqlarına qulaq asan, daha çox agenti və casus olan dövlət də ABŞ-dır.
 

Göründüyü kimi, ABŞ-da heç bir real fövqəladəlik, qüdrət yoxdur: sadəcə, Vaşinqtonun ideoloji təbliğat maşınının məhsullarının məzmununu anlamaq yetər.

Fövqəladəliyə xitab amerikalıları ilbəil pisləşən yaşam şərtlərinin, əslində, pis olmadığına inandırmağa, insanların passivliyi təmin etməyə yönəlmiş ideoloji vasitədir.

Məqsəd amerikalıların ətraflarında baş verənləri qaçılmaz tale kimi qəbul etmələrinə nail olmaqdır.
 

Hədəf onların həyat şərtlərinin pisləşmələri ilə barışaraq "daha da pis ola bilərdi" anlamının yaşam prinsipinə çevrilməsidir.

Amma hər şey, doğrudan da, yaxşı deyil.
 

Orxan Hun

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.