Siyasət

Qarşıdurma güclənir, böhran dərinləşir - ARAŞDIRMA - FOTO

25 Aprel 2015 18:11
0 Şərh     Baxış: 1 423

Rusiya ilə Qərb arasında qarşıdurmanın artması fonunda Ukrayna böhranı getdikcə dərinləşir 

Ukrayna böhranında növbəti gərginlik mərhələsi başlayır. Qarşı-qarşıya duran tərəflər hələ də ümumi sülhə nail olunmasından çox uzaqdırlar. Son günlər Rusiya ilə ABŞ arasında münasibətlərin daha da pisləşməsi fonunda sülh praktiki olaraq, mümkünsüz görünür.
 

"Normand dördlüyü" (Ukrayna, Rusiya, Almaniya və Fransanın XİN başçıları) çərçivəsində Berlində baş tutmuş növbəti danışıqlar hər kəsdə ziddiyyətli təəssüratlar yaradıb. Bir tərəfdən Pavel Klimkin, Sergey Lavrov, Frank-Valter Ştaynmayer və Loran Fabius Minsk razılaşmasının tələblərinə əməl edilməsinin vacibliyini bildiriblər. Onlar xüsusilə Ukrayna hökumət qüvvələrilə rusiyapərəst qiyamçıların təmas xəttindən ağır silahların geri çəkilməli olduğunu bəyan ediblər. Digər yandan Berlində bir sıra prinsipial məqamlarla bağlı heç bir razılaşma əldə olunmayıb.

Danışıqların yekununda Ukraynanın XİN başçısı Pavel Klimkin bildirib ki, görüşdə müzakirəsi ən çətin keçən məsələ ATƏT-in monitorinq missiyasının fəaliyyətilə bağlı olub. Kiyev missiyanın Donetsk və Luqansk vilayətlərindəki vəziyyətə nəzarət etməsini istəyir. Tanınmamış "xalq respublikaları" isə ATƏT nümayəndələrini nəzarətlərində olan ərazilərə buraxmır. Onlar bunu "DXR" və "LXR"in Kiyev və ATƏT tərəfindən tanınmaması ilə əsaslandırırlar. İstənilən halda, Ukrayna hökuməti Donbasın yalnız Ukrayna qanunları və ATƏT meyarları ilə seçilmiş nümayəndələrilə danışıqlar apara biləcəyini deyir. Rusiyapərəst separatçılar isə təbii ki, Kiyevin dediyi bu meyarlara cavab vermir.
 

Donbasa beynəlxalq sülhməramlı missiyanın yerləşdirilməsi məsələsi də problemdir. Kiyev bu məsələnin BMT TŞ-də veto hüququna malik Rusiya ilə razılaşdırılmalı olduğunu etiraf edir. Bununla yanaşı, Ukrayna Moskvanın nə missiyanın təşkilində, nə də sülhməramlıların fəaliyyətinə nəzarətdə iştirak etməli olduğunu düşünür. Rusiya isə öz növbəsində, onunla razılaşdırılmadan, hətta Moskvanın iştirakı olmadan Ukraynanın cənub-şərqində heç bir beynəlxalq sülhməramlı missiyanın yerləşdirilməsinin mümkün olmadığına eyham vurur.
 

Moskva və Kiyevin iştirakı ilə aparılan danışıqlarda strateji irəliləyişin olmaması Donbas cəbhəsindəki vəziyyətə də öz təsirini göstərir. ATƏT missiyasının nümayəndələrinin bildirdiyinə görə, son günlərdə Donbasda Ukrayna hərbçilərilə rusiyapərəst qiyamçılar arasında toqquşmaların sayı xeyli artıb. Donetskin şimal hissəsində minomyotlardan da istifadə olunması ilə aparılan miqyaslı döyüşlər ara vermir. Yaşananlarla bağlı Moskvanın mövqeyini Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Andrey Kelin ortaya qoyub: Ukraynanın Donetskdə etdikləri Kiyevin ATƏT-in Xüsusi Monitorinq Missiyasının işini bilərəkdən pozduğunu göstərir. Diplomat hesab edir ki, Kiyevin Donbas ərazisinə BMT sülhməramlılarının yerləşdirilməsilə bağlı tələbləri də missiyanın işini pozmağa yönəlib.
 

Bununla yanaşı, Ukrayna böhranının dərinləşməsi Rusiya ilə Qərb arasında qarşıdurmanın daha da kəskinləşməsi fonunda baş verir. Rusiya prezidenti Vladimir Putin aprelin 16-da çıxdığı "birbaşa xətt"də Qərbin ölkəsinə tətbiq etdiyi sanksiyaların "yaxın zamanlarda aradan qaldırılacağının gözlənilmədiyini" söyləyib. Putinin fikrincə, bu, "siyasi xarakterli məsələ, Rusiyanın inkişafını əngəlləmək məqsədi güdən strateji hədəfdir".

Rusiya ilə Qərb arasındakı strateji qarşıdurmanın əsas məqamlarından birinə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov diqqət çəkib. O, Ukraynada gedən vətəndaş müharibəsinin Rusiya üçün hərbi təhlükə yaratdığını açıq şəkildə dilə gətirib. Müharibənin nə zaman bitəcəyini söyləməkdə çətinlik çəkən Gerasimov deyib: "Biz Ukraynanın yeni hökumətinin Qərbdəki kuratorlarından hansı göstərişləri aldıqlarını bilmirik". Baş qərargah rəisi NATO-nun Rusiya sərhədlərində gücünü artırmağa yönəlmiş səylərini də Qərblə qarşıdurma rakursunda qiymətləndirib. Onun fikrincə, ABŞ və NATO Rusiya ilə həmsərhəd bölgələrdə böhranlı vəziyyətlərin artmasında maraqlıdır: "Onlar, bununla, Rusiyanı yerinə otuzdurmağa çalışırlar". Gerasimov bildirib ki, söhbət yalnız ötən əsrin 90-cı illərində başlamış NATO-nun şərqə - Rusiyaya doğru genişləndirilməsi prosesindən getmir. "Burada söhbət həm də Moskvanın ənənəvi olaraq öz nüfuz dairəsi saydığı bəzi postsovet ölkələrində (Ukrayna, Gürcüstan, Moldova) təşkil olunmuş "rəngli inqilablar"dan gedir", - deyə o, qeyd edib.
 

Ukrayna böhranının başlaması ilə Rusiya ilə Şimali Atlantika Alyansı arasında dialoq o dərəcədə pozulub ki, Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov bu günlərdə Moskva-NATO münasibətlərinin iflasa uğradığını söyləməkdən belə, çəkinməyib. O, bunun səbəbini də açıqlayıb: "NATO əməkdaşlığın, qarşılıqlı inamın artırılması üçün tədbirlər görmək əvəzinə, qarşıdurma kursu seçiblər". Antonov alyansın Rusiya sərhədlərində "görünməmiş və heç bir əsası olmayan fəallığını" da bu cür qiymətləndirir.
 

Rusiya ilə ABŞ arasında münasibətlərin kəskin şəkildə pisləşməsinə də Ukraynada böhranın getdikcə dərinləşməsi, Moskva ilə bütünlükdə Qərb arasındakı qarşıdurmanın artması kontekstində yanaşmaq lazımdır. Moskva-Vaşinqton münasibətlərində gərginliyin artmasına səbəb bu günlərdə Baltik dənizi üzərindəki beynəlxalq hava məkanında baş verənlərdir. Pentaqonun məlumatına görə, Amerikanın RC-135U hərbi təyyarəsi Polşanın şimal hissəsi üzərindəki hava məkanında uçuş keçirən zaman Rusiyanın Su-27 qırıcısı yüksək sürətlə arxadan yaxınlaşaraq onu "yaxalama" əməliyyatı həyata keçirib. Daha sonra Rusiya təyyarəsi Amerika təyyarəsi ətrafında 2 dəfə dövrə vurub və "təhlükəli, qeyri-peşəkar manevrlər həyata keçirib".
 

Rusiya Müdafiə Nazirliyi isə məsələyə fərqli münasibət bildirib. Moskvanın versiyasına görə, Su-27-nin Amerikalılara məxsus kəşfiyyat təyyarəsinə yaxınlaşması RC-135U-nun inamla Rusiya sərhədlərinə doğru irəliləməyə başlamasından sonra baş verib. Məhz, bu səbəbdən, Su-27 ona tərəf hərəkətə başlayıb və Amerikanın kəşfiyyat təyyarəsini Rusiya sərhədlərindən uzaqlaşmağa məcbur edib.
 

İstənilən halda, Baltik dənizi üzərində baş verənlər ABŞ-la Rusiya arasında münasibətlərin daha da pisləşməsilə nəticələnə bilər. Vaşinqton artıq Moskvaya tərəflər arasında gərginliyin artmasının mümkünlüyünə dair xəbərdarlıq edib. Amerikalılar hava insidentinin "Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar, təhlükəsizlik sahəsində şəraitin dəyişməsi fonunda baş verdiyinə" diqqət çəkirlər.
 

Güman ki, Ukrayna böhranı müasir dünya düzəninə hələ bir çox xoş olmayan sürprizlər yaşadacaq. Postsovet məkanına nəzarət uğrunda savaşın həlledici mərhələsi olan bu böhran hələ çox uzana və "Avrasiyanın ürəyi"ni hələ uzun müddət permanent partlayış həddində saxlaya bilər.

"Region Plyus"


Böyütmək üçün şəkillərə klikləyin.


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.