Siyasət

Ailələrin siyasət və biznesdə gücü - ARAŞDIRMA

25 Aprel 2015 20:50
0 Şərh     Baxış: 878
Biznes və siyasətdə ailələrin davamlı gücü meritokratiya tərəfdarlarını narahat etməlidir.

"Belə düşünülür ki, ABŞ demokratik bir ölkə kimi eyni sülalədən olan ailələrdən əl çəkməyi bacarmalıdır" - bunlar ABŞ-ın ən tanınmış tarixçilərindən biri Artur Şlezinqerin 1947-ci ildə yazdığı sözlərdir. Ancaq 70 ilə yaxın vaxt keçməsinə baxmayaraq, növbəti il keçiriləcək prezident seçkisi ailə işi ola bilər. Belə ki, ötən doqquz rəqabətin yeddisində Klintonlar və ya Buşlardan biri namizədliyini irəli sürmüşdü.

İnsanlar üçün maraqlıdır ki, irsi kral hakimiyyətindən qurtulmaq üçün müharibəyə girən bir ölkədə bu necə baş verə bilər? Qoyulan sual isə yanlışdır. Bütün dünyada istər siyasət, istər biznes olsun, güc ailələrin əlindədir. Gücü əlində tutan ailələr və sülalər hamılıqla qəbul edilir. Əsas məsələ isə onların bu gücdən yaxşı yöndə istifadə edəcəklərinə necə əmin olmaqdır.

İkili standartlar

Siyasətdə Klintonlar və Buşlar heç də istisna deyillər. Yaponiya, Cənubi Koreya, Filippinlər və Banqladeş liderlərinin hamısının əvvəlki siyasi rəhbərlərlə qohumluqları var. Hindistanda Qandilər, Pakistanda Bhuttolar mübarizə aparır. Keniyada Kenyattalar liderlik edir, Peruda isə yeni bir Fuximori səsvermədə öndə gedir. Kanadada isə Pyer Trüdonun davamçısının mübarizə şansı var. Kommunist Partiyası kübarlarının uşaqları, yəni Çin "şahzadələri"-nin uzun siyahısı elə prezident Si Szinpinlə başlayır.

Bu yaxınlarda buraxılmış Britaniya Parlamentinin 650 üzvündən 57-sinin keçmiş parlament üzvləri ilə qohumluq əlaqəsi var. Fransa prezidenti Fransua Olandla 2007-ci ildə prezidentliyə namizəd olmuş Segolen Royalın dörd uşağı var. Belçikanın baş naziri isə keçmiş xarici işlər naziri və Avropa komissarının oğludur. Papandreu və Karamanlis adları Yunanıstanda hələ də önəm daşıyır.

Siyasətdə olduğu kimi biznesdə də ailə şirkətləri inkişaf etməyə davam edir. Dünyadakı biznes müəssisələrinin 90 faizi bir ailəyə mənsub şəxslər tərəfindən idarə olunur. Bunlara misal olaraq "News Corp" media korporasiyası ilə "Volkswagen" avtomobil şirkətini göstərmək olar. "The Boston Consulting Group" şirkətinin hesablamalarına görə, ABŞ şirkətlərinin 33 faizini, bir ildə bir milyard dollardan çox gəlir gətirən Fransa və Almaniya şirkətlərinin isə 40 faizini qohumluğu olan şəxslər idarə edir.

Bu vəziyyət, yəqin ki, müasir iqtisadi və siyasi nəzəriyyənin banilərini təəccübləndirərdi. Sıravi insanlara səs verildikcə siyasətdə ailələrin nəzarətinin tədricən zəifləməsi, dövlət şirkətləri kiçik investorlar sayəsində milyonlarla pul əldə etdikcə isə ailə bizneslərinin mövqelərini itirmələri gözlənilirdi. Ancaq gözlənildiyi kimi olmadı. Bunun bir səbəbi odur ki, qohumluq əlaqələrinin yaratdığı bir çox üstünlüklər davamlı oldu. Belə ki, siyasətdə davamlı iştirak edən ailələr artıq adlarını eşitdirib və güclü əlaqələr qurublar. Ailə şirkətləri də dövlət şirkətlərindən daha çevik və uzaqgörən ola bilirlər. Adətən, öz şirkətlərini gələcək nəsillərə ötürmək istəyən ailələr dərhal mənfəət götürməyə çalışan səhmdarlar haqqında narahat olmadan uzunmüddətli investisiyalar qoya bilərlər.

Hakimiyyətdə olan ailələrin önə çıxması, ənənəvi olaraq, böyük rol oynadıqları Asiyada rifah halının gücləndiyini göstərir. Qadınların azadlığının təmin edilməsi istedadlı kadrlar sayını ikiqat artırır. Əvvəlki vaxtlar olsaydı, siyasi şovinizm Cənubi Koreyanın Prezidenti Pak Kın He, Keyko Fuximori və Hillari Klintonu təcrid etmiş olardı. İspaniyanın "Santander" bankı, Avstraliyanın "Hancock Prospecting" şirkəti və Səudiyyə Ərəbistanının "Olayan Financing Company" şirkətində də qadınlar idarəni ələ alıblar.

Bununla belə, ailə hakimiyyəti bir sıra problemlər yaradır. Liberallar şəxsi mülkiyyətin qorunması və sahibkarların öz istedadlarından bəhrələnmələrinə imkan verilməsinin mühüm olduğunu düşünürlər. Ancaq eyni zamanda onlar inanırlar ki, insanlar ailə əlaqələrinə və adlarının tanınmasına görə yox, şəxsi bacarıqlarına görə qiymətləndirilməlidirlər. "The New York Times" qəzetinin hesablamasına görə, bir qubernator oğlunun qubernator olması ehtimalı sıravi bir amerikalının qubernator olması ehtimalından 6000 dəfə, senator oğlunun senator olması ehtimalı isə 8500 dəfə çoxdur. Güc və sərvətin kiçik bir elitanın əlində cəmlənməsi legitimlik üçün şübhə yaradır.

Ailə hakimiyyətinin qaranlıq tərəfi də var, xüsusilə bizneslə siyasət pul və nüfuz arasında müstəsna əlaqədə birləşirsə. Klintonları götürək: xarici hökumətlər daxil olmaqla, bir çox insan Klinton fonduna milyonlar verib. Bunun bir səbəbi, bəlkə də, odur ki, bunun onlara gələcək prezident üzərində təsir gücü olmasına imkan verəcəyini düşünürlər. Hazırda vəzifədə olan şəxslər o qədər tənbəldirlər ki, onlar özlərini rəqabətdən qorumaq üçün siyasi əlaqələrdən istifadə edirlər. Bu isə korrupsiyaya gətirib çıxara bilər. Aparılan tədqiqatlardan biri göstərir ki, 2003-cü ildə dünya üzrə bazar kapitallaşmasının hardasa 8 faizini təmsil edən şirkətlər öz ölkələrinin siyasi liderlərinin qohumları tərəfindən idarə olunurmuş. Siyasi əlaqələr olmadan belə, biznesin ailələr tərəfindən idarə olunması iqtisadiyyata mənfi təsir göstərə bilər. Başqa bir araşdırmaya görə isə, Portuqaliyada bazar kapitallaşmasının 34, Fransa və İsveçrədə isə 29 faizini ən varlı on ailə idarə edib.

Sağlam ailə hakimiyyətinin sirri rəqabətdir. Azad bazarların olduğu, qanun aliliyi ilə idarə edilən və azad mətbuat tərəfindən məsul tutulan açıq bir sistemdə qohumbazlığın o qədər də əhəmiyyəti olmur. ABŞ-ın həddən artıq baha başa gələn seçkiləri siyasi vasitə rolunu oynayan təşkilatları dəstəkləyir, bu da seçki kampaniyalarının maliyyələşdirilməsini yenidən araşdırmaq üçün başqa bir səbəbdir. Ailə biznesləri kapital bazarlarını bağlayır. ABŞ 1930-cu illərdə bu tip strukturları məhdudlaşdırdı. Britaniya da 1960-cı illərin sonunda bu yoldan getdi, İsrail isə hal-hazırda bu nümunəni izləyir. Digər ölkələr də bunu etməlidirlər. Digər bütün hakimiyyət növləri kimi ailə hakimiyyətinə də nəzarət edilməlidir.

4npress.com

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.