Siyasət

Amerika İmperiyası - ARAŞDIRMA

25 Aprel 2015 20:20
0 Şərh     Baxış: 1 667
"İmperiya" sözü nalayiq bir sözdür. Bir çox imperiyanın fəaliyyətini nəzə alsaq, bunun belə olması heç də əsassız deyil. Ancaq imperiya eyni zamanda çox vaxt planlaşdırılmamış bir vəziyyətin təsviridir. Bu, hakimiyyət daxilində tarazlığın pozulması ilə yaranır. Napoleonun Fransada yaratdığı imperiya ilə nasist Almaniyası kimi məqsədli şəkildə yaradılan imperiyaların nadir hallarda ömrü uzun olub. Əksər imperiyalarda bu gözlənilmir. İmperiyaya çevrildikdən sonra isə hər şey anlaşılır. Bəzən də imperiyalar nə olduqlarını anlaya bilmirlər, reallığın dərk edilməməsinin isə böyük nəticələri ola bilər.

II Dünya Müharibəsi və İmperiyanın Yaranması 

ABŞ 1945-ci ildə imperiyaya çevrildi. Doğrudur ki, İspaniya-Amerika müharibəsində ABŞ məqsədli şəkildə Filippinlərlə Kubanın idarəsini ələ keçirdi. Bu da doğrudur ki, ABŞ özünü imperiya kimi görməyə başladı, əslində isə belə deyildi. Kuba və Filippinlər imperiya fantaziyası idi və bu illuziya birinci dünya müharibəsində yoxa çıxdı. Sonrakı dövr isə özünütəcrid və böyük böhran dövrü oldu.

Sonradan yaranan əsl Amerika imperiyası isə başqa hadisələrin məhsulu oldu. Bunun üçün gizli bir plan yox idi. Bu imperiyanın yarandığı şərait müəyyən mənada onu daha da gücləndirdi. İkinci dünya müharibəsi Avropanın dağılmasına və Sovetlərlə amerikalılar tərəfindən işğalına gətirib çıxardı. Həmin müharibə ilə Yaponiya da işğal olundu və ABŞ de-fakto müstəmləkə kimi idarəni birbaşa ələ aldı.

ABŞ möhtəşəm bir imperiya ilə qarşılaşsa da, bunu istəmirdi. Bu, sırf təbliğat üçün yox, səmimi bir istək idi. Birincisi, ABŞ müasir dövrün ilk antiimperiya layihəsi idi. Prinsipcə, imperiyaya qarşı çıxırdı. Daha önəmlisi isə, ABŞ-ın ehtiyatlarını tükədən bu imperiya heç də sərvət mənbəyi deyildi. İkinci dünya müharibəsi həm Yaponiya, həm də qərbi Avropanı parçaladı. Son olaraq, ABŞ ikinci dünya müharibəsinin sonunda zərər dəyməmiş, bəlkə də, müharibədən faydalanmış az sayda ölkələrdən biri oldu. Pul imperiyada yox, ABŞ-da qazanılacaqdı. Qoşunlar və generallar ölkələrinə qayıtmaq istəyirdilər.

Ancaq birinci dünya müharibəsindən fərqli olaraq bu səfər amerikalılar gedə bilmədilər. Əvvəlki müharibə iştirakçıların, demək olar, hamısını məhv etmişdi. Heç kimin üstünlük iddia etməyə enerjisi yox idi. ABŞ Avropanı rahat buraxmağa razı idi. İkinci dünya müharibəsi isə fərqli şəkildə sonlandı. Sovet İttifaqına olduqca böyük zərər dəysə də, gücünü saxladı. Şərqdə hegemon olan Sovet İttifaqı ABŞ olmadığı müddətdə bütün Avropada ağalıq edə bilərdi. Bu isə Vaşinqton üçün problem yaradırdı, çünki istər könüllülüklə yaradılmış effektiv bir federasiya olsun, istərsə də, bir ölkə tərəfindən idarə edilsin, həqiqətən birləşmiş Avropanın ABŞ-ın gücünü təhlükəyə atmağa kifayət edəcək qədər imkanı var idi.

ABŞ buranı tərk edə bilməzdi. ABŞ özünü bir imperiyaya nəzarət edirmiş kimi görmür və Sovet İttifaqının öz regionunda imkan verdiyindən daha çox daxili siyasi muxtariyyətə imkan verirdi. ABŞ hərbi qüvvələrini regionda saxlamaqla bərabər Avropanın iqtisadiyyatını nizama saldı və Avropanın müdafiə sistemində iştirak etdi. Əgər suverenliyin mahiyyəti müharibəyə girib-girməmək qərarını verə bilmək imkanıdırsa, bu səlahiyyət London, Paris və ya Varşavanın yox, Moskva ilə Vaşinqtonun əlində idi.

ABŞ strategiyasının əsas prinsipi qarşı tərəfin nüfuzunun məhdudlaşdırılması idi. Sovet İttifaqını işğal edə bilməyən ABŞ bu ideyanı yoxlamaq strategiyasını seçdi. ABŞ-ın nüfuzu Avropadan İrana qədər yayıldı. Sovet İttifaqının strategiyası isə üsyanları və müttəfiq qüvvələri dəstəkləməklə bu sistemi dağıtmaq idi. Avropa imperiyaları dağılırdı. Sovet İttifaqı geriyə qalanlardan müttəfiqlik yaratmağa, ABŞ isə onlara qarşı fəaliyyət göstərməyə çalışırdı.

İmperiyanın İqtisadiyyatı 

Xüsusilə üsyançı qruplar olmaqla, Sovetlərlə ittifaq quranlar üçün üstünlüklərdən biri silahların bol şəkildə təmin edilməsi idi. ABŞ-la müttəfiqliyin müsbət tərəfi isə daima inkişaf edən ticarət zonasına daxil olunması, investisiya kapitalı və texnologiya əldə etmək imkanı idi. Cənubi Koreya kimi bəzi ölkələr bundan çox böyük fayda götürdülər. Digərləri üçün isə bunun əksi oldu. Nikaraqua kimi ölkələrin liderləri ABŞ-la ticarətdənsə, Sovet İttifaqının siyasi və hərbi dəstəyindən daha çox fayda götürə biləcəklərini düşünürdülər.

Dənizdə, dünyanın dörd bir yanındakı bazalarda və Amerika üçün strateji əhəmiyyət daşıyan ölkələrə fayda gətirən ticarət və investisiya sistemində tam nəzarəti əlinə almış ABŞ iqtisadi cəhətdən çox güclü bir ölkə idi. Elə bu dövrlərdə, soyuq müharibənin əvvəlində ABŞ özü də bilmədən imperiya kimi fəaliyyət göstərməyə başladı.

Amerika imperiyasının coğrafiyası qismən hərbi əlaqələr, əsasən isə iqtisadi əlaqələr üzrə qurulmuşdu. İlk vaxtlar bu iqtisadi əlaqələr ABŞ-ın biznesi üçün o qədər böyük əhəmiyyət daşımırdı. Ancaq sistem inkişaf etdikcə, idxal, ixrac və əmək bazarları ilə birgə investisiyaların dəyəri də artdı. Həqiqətən uğurlu olan istənilən imperiya kimi Amerika imperiyasında da bu, böyük bir planın nəticəsi deyildi. Bəzi böyük sənaye sahələri ən azından bəzi ölkələrdən asılı olana qədər strateji zərurət ölkə-ölkə iqtisadi reallığı yaratdı. Məsələn, nefti ABŞ-ın neft şirkətlərini inkişaf etdirən Səudiyyə Ərəbistanı və Venesuela iqtisadi cəhətdən önəm daşımağa başladı. Bu da bu ölkələrin əhəmiyyətini strateji cəhətdən artırdı.

İmperiya böyüdükcə, xüsusilə də, başqalarına təzyiq göstərməyəndə onun iqtisadi dəyəri artır. Təzyiq göstərilməsi həm baha başa gəlir, həm də imperiyanın dəyərini azaldır. İdeal müstəmləkə ümumiyyətlə müstəmləkə yox, həm imperiya hakimiyyəti, həm də imperiyaya daxil olan qalan ölkələrlə iqtisadi əlaqələrdən faydalanan ölkədir.

ABŞ da bu cür imperiyaya çevrildi. Birincisi, ABŞ varlı və güclü bir ölkə idi. İkincisi, bir çox ölkədə onun üçün qlobal səviyyədə təhlükə yarada biləcək potensial bir rəqiblə üzləşdi. Üçüncüsü, həmin ölkələrdən bəziləri ilə iqtisadi, sonra isə siyasi və hərbi əlaqələr qurmaq üçün iqtisadi üstünlüyündən istifadə etdi. Dördüncüsü, bu ölkələr Amerika iqtisadiyyatının müxtəlif sektorları üçün olduqca böyük əhəmiyyyət daşımağa başladılar.

Amerika İmperiyasının Məhdudiyyətləri

Amerika imperiyasının problemi soyuq müharibənin təsirinin qalmasıdır. Həmin dövrdə ABŞ ətrafındakı koalisiya ilə müharibəyə girməyi, ancaq eyni zamanda müharibənin əsas yükünü də daşımağı gözləyirdi. 1991-ci ildə "Səhrada tufan" əməliyyatı başladıqdan sonra əsas soyuq müharibə prinsipi təsirli oldu. 2009-cu il, 11 sentyabr hadisəsindən sonra isə Əfqanıstan və İraqda döyüş aparmaq qərarı verildi. Burda bir koalisiya olsa da, əsas hərbi qüvvə Amerikaya məxsus idi və güman edilirdi ki, ABŞ-la əlaqələr iqtisadi faydalar gətirəcək. 11 sentyabr hadisəsindən sonra baş verən müharibələr əsasını bir çox baxımdan ikinci dünya müharibəsindən götürmüşdü. İraq müharibəsini planlayanlar açıq şəkildə Almaniya və Yaponiyanın da işğalını müzakirə edirdilər.

Birbaşa hakimiyyətlə heç bir imperiyanın ömrü uzun ola bilməz. Bunun ən yaxşı nümunəsi, çox güman ki, nasistlər olub. Onlar Polşanı bilavasitə idarə etməyə çalışırdılar. Sovet İttifaqının torpaqlarını ələ keçirmişdilər. Fransanın yarısını yox, hamısı üzərində idarəni ələ almaq üçün Vişi şəhərini gözdən çıxarmışdılar. Hindistanı idarə edən britaniyalılar isə rəsmilərin sayını az, varlanmağa çalışan biznesmenlərin sayını isə çox tuturdular. Aydındır ki, onlar daha yaxşı nəticə çıxardılar. Almanlar bəzi ölkələrə birbaşa nəzarət etmək üçün qoşunları və administratorları bölməklə özlərini yordular. Britaniyalılar imperiyaları ilə qlobal sistemdə olduqca əhəmiyyətli yer tuta bilərdilər.

1992-ci ildən sonra ABŞ yeganə balanslı qlobal qüvvə oldu. Bu o deməkdir ki, ABŞ iqtisadi, siyasi və hərbi qüvvədən qlobal səviyyədə istifadə edə biləcək yeganə ölkə idi. ABŞ hədsiz dərəcədə böyük qüvvəsi olan bir ölkədir. Bununla belə, bu, məhdudiyyətsiz gücə malik olmaqdan çox fərqlidir. Rusiya, İran və ya Yəmən haqqında müzakirələr aparan siyasətçiləri dinləyərkən insana elə gəlir ki, ABŞ-ın gücünün sərhəddi yoxdur. Sərhəd həmişə var, imperiyalar bu sərhədləri görməklə və onlara hörmət etməklə xilas ola bilərlər.

Britaniya və Roma imperiyaları kimi Amerika imperiyasının da ilkin məhdudiyyəti demoqrafik xarakter daşıyır. Avrasiyaya ayaq basdıqları ilk andan etibarən amerikalıların burda sayı daha az olub. ABŞ-ın hərbi qüvvəsi potensialı artıran amillər, düşmən nisbətən az sayda olan qüvvələri məhv etməzdən əvvəl düşməni məhv edə biləcək silahlar əsasında qurulub. Bəzən bu strategiya işə yarayır. Uzun müddət üçün isə bu strategiya gözlənilən nəticəni verə bilməz. İraq 25 milyon əhalisi olan bir ölkədir. ABŞ isə 130 min nəfərlik ordu göndərdi. İstər-istəməz, ölənlərin sayı amerikalıları dəhşətə gətirdi. Amerikalıların müharibəyə dözümlü olmadıqlarını söyləyənlər unudurlar ki, Vyetnamda yeddi il döyüş aparan ABŞ İraqda da təxminən yeddi il müharibə aparıb.

Əsas qüvvənin Avrasiyaya səfərbər edilməsini yalnız o halda dəstəkləmək olar ki, qalib gəlinməsi önəmli olan bir yerdə böyük qüvvələr gətirilə bilər. Belə hallar nadir olur. Əks halda, yeganə strategiya dolayı yolla müharibə aparmaqdır: müharibə yükünü onu daşımaq istəyənlərə və ya bundan yayına bilməyəcək tərəflərə ötürmək. İkinci dünya müharibəsinin ilk illərində Birləşmiş Krallıqla Sovet İttifaqını Almaniyaya qarşı dəstəkləmək üçün bu strategiyadan istifadə olunmuşdu.

Dolayı yolla müharibənin iki növü var. Birincisi maraqları ortaq olan yerli qüvvələrin dəstəklənməsidir. Bu növdən Əfqanıstanda müharibənin ilkin mərhələlərində istifadə olunmuşdu. İkincisi ölkələr arasında siyasi müvazinətin qorunmasıdır. Bunun Yaxın Şərqdə şahidi oluruq. Belə ki, ABŞ regionun dörd əsas qüvvəsi - İran, Səudiyyə Ərəbistanı, İsrail və Türkiyə arasında gedib gəlir, əvvəlcə birini, sonra digərini dəstəkləyir. ABŞ qüvvələri İraqda hava hücumlarını İranın quru qüvvələri ilə birgə həyata keçirir. Yəməndə isə İrandan təlim almış husilərə qarşı Səudiyyənin hava hücumlarını dəstəkləyir.

İmperiyanın mahiyyəti də elə budur. Britaniyanın belə bir deyimi var ki, nə daimi dost, nə də daimi düşmən - sadəcə daimi maraqlar var. Əksər klişelər kimi bu klişe də doğrudur. ABŞ dost və düşmənlərini açıq şəkildə bildirərkən daha cəlbedici idi. Ancaq bu, imperiyaların əldə edə bilməyəcəyi bir zövqdür.

ABŞ tarazlıq yaradılmasını öyrənməklə öz strategiyasını yenidən balanslaşdırır. Qlobal səviyyəli bir qüvvə münaqişələrdə birbaşa iştirak etməyə davam gətirə bilməz. Müxtəlif vasitələrdən istifadə etməklə beynəlxalq suverenliyə toxunmadan regional və qlobal tarazlıq yaradılmalıdır.

Bu, çətin işdir. İlk addım digər ölkələrin fəaliyyətini formalaşdırmaq üçün iqtisadi stimullardan istifadə edilməsidir. Bunu edən isə ABŞ-ın Ticarət Departamenti yox, biznes müəssisələridir. İkincisi zəifləyən ölkələrə iqtisadi yardım göstərilməsidir. Üçüncüsü hərbi yardım, dördüncüsü məsləhətçilərin, beşincisi böyük sayda qüvvənin göndərilməsidir. Ən çətini dördüncü səviyyədən beşinciyə keçiddir. Böyük sayda qüvvə, demək olar, heç vaxt istifadə olunmamalıdır. Ancaq məsləhətçilər və yardım göndərilməsi təcili həll edilməsi lazım olan problemi aradan qaldırmırsa, istifadə edilə biləcək yeganə vasitə böyük sayda qüvvə göndərilməsidir. Nadir hallarda istifadə olunan Roma legionları istifadə ediləndə qarşısıalınmaz qüvvə yaradırdılar.

İmperiyanın Məsuliyyətləri

Doğrudur, ABŞ haqqında danışarkən imperiya sözündən istifadə edilməsi ziddiyət təşkil edir. ABŞ-ı imperiya adlandıranlar, adətən, bu sözü yaxşı mənada işlətmirlər. Əgər ABŞ özünü imperiya kimi görürsə, onda imperiya gücündən dərs almağa başlayacaq. Öz gücündən etinasızlıqla istifadə edən bir imperiyadan daha təhlükəli heç nə yoxdur.

Düzdür, ABŞ imperiyaya çevrilməyi planlaşdırmırdı. Bu da düzdür ki, onun məqsədlərinin də əhəmiyyəti yoxdur. Şərait, tarix və geosiyasət imperiya deyilsə belə, ona oxşar bir şey yaratdı. İmperiyalar zalım olmaya bilərlər. Farslar olduqca liberal fikirli idilər. Amerika ideologiyası və Amerika reallığı da əslində fərqli deyil. Ancaq iki şey qəbul edilməlidir: birincisi, ABŞ gücünü əldən verə bilməz. İkincisi, bu gücün böyüklüyünü nəzərə alsaq, ABŞ istəsə də, istəməsə, münaqişələrə girəcək. İmperiyalardan çox vaxt qorxulur, bəzən hörmət edilir, ancaq heç vaxt sevilmirlər. İmperiya deyilmiş kimi davranılması da heç kimi inandırmır.
 

4npress.com



 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.