Siyasət

Yaxın Şərqdə İran qalib gəlir - ARAŞDIRMA

25 Aprel 2015 19:20
0 Şərh     Baxış: 1 093
Yəməndə gedən müharibə və İranla ABŞ arasında əldə edilən nüvə razılaşması onsuz da nəzarətdən çıxmış Yaxın Şərqi böhran vəziyyətinə gətirib. Bu hadisələr İraqın Tikrit şəhərini azad etməsi, şimali və cənubi Suriyada üsyançıların irəliləməsi və Tunislə Sənada bir çox insan itkisi ilə nəticələnən terrorist hücumları kimi izlənilə bilməyəcək qədər çox olan dəyişiklərin ardından gəlir.

Ancaq bunlar bizi Yaxın Şərqdəki daha böyük hadisələrdən yayındırmamalıdır. İki sərbəst və dəyişkən koalisiya arasında regional üstünlük uğrunda gedən mübarizə şahidi oluruq. Bu koalisiyalardan biri Səudiyyə Ərəbistanı, digəri isə İran ətrafında qruplaşıb. Koalisiyalar arasında məzhəb fərqi olmasına baxmayaraq, şiə-sünni düşmənçiliyi bu gün regionda gedən müharibənin əsas səbəbi deyil. Bu, güc uğrunda açıq mübarizədir. Bu koalisiyalardan heç birinin nə sabit üzvlüyü, nə sabit ideologiyası, nə də regionda idarəetmənin keyfiyyətini artıracaq əsaslı məsələlər üzrə öhdəliyi var.

Bu, müəyyən mənada 1950 və 1960-cı illərdə ərəb dünyasını lərzəyə gətirmiş böyük və qanlı hegemonluq mübarizəsinin yeni versiyasıdır. O dövrdə mübarizə Səudiyyə Ərəbistanının başçılıq etdiyi mürtəce monarxlar koalisiyası ilə Misir prezidenti Camal Əbdül Nasirin rəhbərlik etdiyi millətçi hərbi diktatorlar koalisiyası arasında gedirdi. O vaxtlar da olduğu kimi, indi də hər iki tərəf əsl islahat və xalqın suverenliyinə qarşı çıxır.

Bu günün nüfuzlu rejimləri Ərəb baharından qalan mürtəce və əzəli düşməndirlər. 2009-cu ildə Yaşıl İnqilabı insafsızcasına yatıran İran İraq və Suriyada avtoritar tərəfdaşlarına, Hizbullah kimi hərbiləşmiş qruplara, Bəhreyn və Yəməndə qeyri-demokratik hərəkatlara çox böyük maddi dəstək verib.

Səudiyyənin rəhbərlik etdiyi birliyin əksəriyyətini sünnilər təşkil etsə də, onun tək bir məzhəbə qullu etdiyini demək yanlış olardı. Qısa müddət əvvəl zeydilərə zəmanət verən Səudiyyə Ərəbistanı indi Yəməndə onları bombalayır. Hazırkı koalisiya Misirə olan etibara inanır. Belə ki, Misirin hakim təbəqəsində dünyəvi, antiislamçı hərbi zabitlər üstünlük təşkil edir. Bu koalisiya Suriya və Fələstin torpaqlarında Müsəlman Qardaşları və cihadçılarla yaxınlaşmaları izləməkdən zövq alır. Birlik ABŞ-dan və bəzən də əzəli düşməni hesab olunan İsraildən çox böyük kömək alıb.

Səudiyyənin başçılıq etdiyi ittifaqın məqsədləri Küveyt əmiri Sabah əl-Sabahın martın sonunda, Yəməndə müharibəni başladan görüşdə Ərəb Dövlətləri Liqasına müraciətində ən yaxşı şəkildə özünü göstərdi. Əmir qızğın çıxışında bildirdi: "Bəzilərinin Ərəb baharı adlandırdığı dörd illik xaos və qeyri-sabitlik regionumuzun təhlükəsizliyini sarsıtdı və sabitliyə mənfi təsir göstərdi." Əmir qeyd etdi ki, üsyanlar regionun yenidən formalaşdırılması kimi "qeyri-real düşüncələr" yaradıb. Bu, bəlkə də, İranın regional nüfuz ambisiyalarına, ya da ərəb islahatçılarının körfəz ölkələrinin monarxları tərəfindən dəstəklənən repressiv dövlətlərin nüfuzunu məhdudlaşdırmaq ambisiyalarına işarə idi. Əmirin fikrincə, artımın kəskin azalması və regionun tərəqqi və inkişafında nəzərə çarpan geriləmə üsyanların yeganə nəticəsi olub.

Regional mübarizənin həlledici nöqtəsi burda özünü göstərir - köhnə nizam, yoxsa siyasi müvazinəti dəyişəcək yeni nizam. Səudiyyə koalisiyası üsyanlardan əvvəlki vəziyyətə qayıtmağa çalışır. İran koalisiyası isə regionun siyasi müvazinətini birdəfəlik dəyişmək istəyir. Hər iki fraksiya qeyri-şəffaf, repressiv və zorakı liderlər tərəfindən idarə olunur. Tərəflərin heç biri xalqın etimadı, idarəetmənin yaxşılaşdırılması və ya vətəndaş hüquqları ilə maraqlanmır.

Səudiyyə Ərəbistanının mürəkkəb strategiya hazırlayıb tətbiqetmə qabiliyyətinə şübhəsi olanlar üçün deyə bilərik ki, krallıq çox güclü bir koalisiya yaradıb. Belə ki, krallıq Mərakeş, İordaniya, Küveyt, Bəhreyn, Qatar, Sudan, Misir və Birləşmiş Ərəb Əmirlikləri daxil olmaqla öz tərəfdaşlarını çox tez bir zamanda hava hücumuna cəlb etdi. ABŞ şərtlər qoymasına baxmayaraq, müharibəni dəstəklədi. Krallığın yaxın müttəfiqlərindən hələ ki yalnız Pakistan müharibəyə qoşulmayıb.

Hələ keçən il iki ani dəyişikliyin şahidi olduq. Riyad Prezident Əbdül Fəttah əl-Sisinin hakimiyyətə gəlməsinə yardım edərək Misirdə rejimin dəyişilməsinə kömək etdi. Saxta demokratiyanı və güclü körfəz monarxiyalarına qarşı gələn Müsəlman Qardaşlarının prezidentliyini təcrübədən keçirdikən sonra Qahirə artıq Riyada uyğun fəaliyyət göstərən hərbi diktator tərəfindən idarə olunur. Bu diktator hətta, çox güman ki, birdəfəlik qurtulmaq istəyəcəyi quru qoşunlarını Yəməndəki müharibəyə göndərmək vədi verib. Uzun müddət müstəqil xarici siyasət yeritmiş, inanılmaz dərəcədə zəngin bir əmirlik olan Qətər də Səudiyyə Ərəbistanı tərəfindən güclü silahlarla təchiz edildi və sonda o da tabe oldu. Qətər əmiri siyasi təcrübəsi olmayan 34 yaşlı oğlunun xeyrinə hakimiyyətdən əl çəkdi. Beləliklə bu gün Doha Səudiyyə Ərəbistanının verdiyi istiqamətlərə uyğun hərəkət edir.

Hər iki nümunə göstərir ki, Səudiyyə koalisiyası sünni üstünlüyü olan avtoritar hakimiyyət ideyaları ilə yaradılmayıb. Əksinə, bu, ortaq maraqlarla, bəzən də rüşvət və şantajla bir araya gətirilmiş, ideologiyalara əsaslanmayan dağınıq bir koalisiyadır. Koalisiya üzvləri hər şeydə həmfikir deyillər: Səudiyyə Ərəbistanı Rusiyaya nifrət edir, bunun bir səbəbi Rusiyanın İran və Suriyanı dəstəkləməsidir. Riyad Misirin iqtisadiyyatını ayaqda saxladığına görə, Səudiyyə Ərəbistanının tərəfində olan Misir Rusiyaya da pis münasibət bəsləmir, çünki ABŞ əleyhinə Vladimir Putindən hərbi yardım əldə edə bilər. Prezident Sisi ictimaiyyət qarşısında körfəz ölkələrinin liderlərini tərifləsə də, əldə edilən şəxsi səsyazmalar bunun əksini deyir. Qətər artıq açıq şəkildə Səudiyyə Ərəbistanına qarşı gəlməsə də, bacardığı qədər Suriyada Müsəlman Qardaşlarını və cihadçıları hələ də dəstəkləyir.

Regiondakı sünnilər bir növ rahatlıq tapıblar: nəhayət İran nüfuzuna qarşı çıxmaq üçün kimsə nəsə edir. Ancaq İran da hər bir münaqişə zonasında hərbi qrupları dəstəkləməklə və həmişə geri çəkilə biləcəyini təmin etməklə iddialarını siğortalayıb. İnvestisiyaları uğursuz olsa belə, İran iştirak etdiyi elan edilən müharibədə məğlub olmayacaq. Bu plan İranın Livan və İraqa 30 ildən çox sürən müdaxiləsində və Suriyada dörd il idarə etdiyi böyük döyüşdə işinə yarayıb. Səudiyyə Ərəbistanı isə Yəməndəki müharibəyə birbaşa daxil olaraq heç bir çıxış yolu qoymadı.

Bu mübarizədə tarix Səudiyyə Ərəbistanının tərəfində deyil. Regional müharibələr, adətən, işğalçılar üçün yaxşı nəticələnmir. Bunun üçün sadəcə İraqın Küveyti işğalına və ya 1960-cı illərdə Yəməndə gedən müharibəyə baxmaq kifayətdir. ABŞ-ın İraqı işğal etməsindən də ibrət götürmək lazımdır.

ABŞ bu münaqişədə xüsusilə diqqətli olmalıdır. Səudiyyə Ərəbistanı ilə güclü ittifaqlar quran Amerika Misirlə pozulmuş əlaqələrini düzəltmək üçün həddindən artıq tərəddüdlü olub. ABŞ Səudiyyə Ərəbistanının Yəməndə sərhədi keçmiş gözləntilərini məhdudlaşdıracaq bir vasitə rolunu oynamalı və burdakı müharibəyə verdiyi istənilən dəstəyin əvəzini tələb etməlidir. Yəməndə istənilən əməliyyat terrorla mübarizə səylərini sarsıtmamalı, əksinə gücləndirməli, ABŞ isə hərbi texnikasını Səudiyyənin İran razılaşmasında əməkdaşlığı müqabilində paylaşmalıdır.

Əlbəttə, ABŞ-ın hərbi qüvvələrinin İraqda İslam dövlətinə qarşı İranla, Yəməndə isə İrana qarşı vuruşduğunu görmək olduqca qəribədir. Xarici siyasət budur. ABŞ həm münaqişədə iştirak edir, həm də Amerikanın maraqlarını təbliğ etmək üçün yollar tapır. ABŞ-ın yeni vəzifəsi isə İran kimi rəqiblərinə və Səudiyyə Ərəbistanı kimi sözə baxmayan müttəfiqlərinə eyni anda təzyiq göstərmək üçün yeni üsullar tapmaqdır.

Ancaq müəyyən mənada əsas iştirakçı ABŞ deyil: əsas hadisə İran və Səudiyyə Ərəbistanı arasında regional nüfuz uğrunda gedən mübarizədir. Burda kimin qalib gəlməkdə olduğunu anlamaq üçün iki əsas məsələyə baxmaq lazımdır - İranla nüvə razılaşması və onun hərbi məsləhətçilərinin köməyi ilə Tikrit şəhərinin ələ keçirilməsi. Amerikanın üstünlük verdiyi, güclü silahlarla təmin olunan və qaneedici olmayan nəticələr verəcəyi ehtimalı yüksək olan hərbi əməliyyatlar başladan tərəfdə böhranın ardı-arası kəsilməyib. İran tərəfi isə Suriya və keçmiş düşməni İraqla sıx əlaqələr yaradıb, Əfqanıstan, Livan, Bəhreyn və Yəməndə nüfuzunu gücləndirib. İranın şiə ayətullahlarının dini ehkamlarına baxmayaraq, dövlət rejimi plüralizm və azlıqların regional mübarizi kimi mövqeyini göstərə bilib.

Səudiyyə Ərəbistanı və müttəfiqlərinin öz qüvvələrini yeni, daha davamlı tərzdə göstərə bilmədikləri müddətdə yalançı hücumları onlara yalnız qısamüddətli nailiyyətlər qazandıracaq. Krallıq husiləri geri çəkilməyə məcbur etsə də, suriyalılar Əsəddən daha çox şəhər alsalar da, uzunmüddətli tendensiya mübarizədən İranın qalib çıxacağını göstərir.
 

4npress.com

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.