Siyasət

Ən sadiq müttəfiq də türkə xəyanət etdi

21 Aprel 2015 09:00
0 Şərh     Baxış: 9 355
Bütöv xalqları yer üzündən silməyə çalışmaqda almanların, bəlli, yaxşı təcrübələri var. Yəhudilər, qaraçılar, belaruslar, ruslar, ukraynalılar, polyaklar - bu xalqlardan olan milyonlarla, on milyonlarla insan İkinci Dünya Müharibəsində alman nasizminin qurbanları olub.

Milyonlarla alman müstəsna peşəkarlıqla Avropanı qan çanağına çevirmişdi. Almaniya rəhbərliyi və alman siyasətçiləri birdəfəlik bilməlidirlər ki, onlar ehiyatlı davranmalı, hərəkətlərinə və sözlərinə xüsusi diqqət yetirməlidirlər.
 

Xüsusilə də onlar başqa xalqlara, millətlərə və dövlətlərə öz tarixləri ilə bağlı nələri necə etmək barədə dərs keçməməli, məsləhətlər verməməlidirlər.

Axı "ayıbına kor olmaq" məsələsi var ortada.
 

Amma...

Berlin tanımağa hazırlaşır

Almaniyada hakimiyyətdə olan partiyaların nümayəndələri 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərin "soyqırım"a məruz qaldıqlarını tarixi fakt qismində tanımağa hazırlaşırlar.
 

Ən yaxın günlərdə bu məsələyə Almaniya bundestaqında baxılacaq.
 

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer (Frank-Walter Steinmeier) "erməni soyqırım"ının tanınması tərəfdarları arasındadır.

O, "Süddeutsche Zeitung" qəzetinə verdiyi müsahibəsində deyib: "1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərə qarşı törədilmiş hadisələri soyqırım anlayışında birləlşdirmək olar".
 

 

Alman sosial-demokratlarının liderlərindən birinin dediyinə görə, bununla belə, "soyqırım"la bağlı mübahisələrlə müzakirələrin daha da kəskinləşməsi Türkiyə və Ermənsitan arasında ciddi, birbaşa dialoqun başlanmasını çətinləşdirər, hətta mümkünsüz edər.
 

Bundestaqdakı Xristian-Demokratik İttifaqı (CDU) və Xristian-Sosialist İttifaqı (CSU) koalisiyası fraksiyasının sədr müavini Frans Yozef Yunq (Franz Josef Jung) isə hesab edir ki, onun partiyası rəsmi Ankaranın etirazlarına rəğmən 1915-ci ildə ermənilərin Osmanlı Türkiyəsində məruz qaldığı hadisələri "soyqırım" adlandırmaq niyyətindədir. "100 il əvvəl Türkiyədə törədilmiş soyqırımı yetərincə səciyyələndirəcək ifadəni tapacağıq", - o, "Saarbrücker Zeitung"a verdiyi müsahibəsində deyib.
 

"Bundestaqın bu günlərdə qəbul edəcəyi qətnamədə "soyqırım" ifadəsi əksini tapmalıdır. Əminəm ki, Almaniya prezidenti Yoahim Qauk da çıxışında bunu deyəcək", - Yunq söyləyib.
 

Almaniya rəhbərliyi Türkiyə ilə münasibətləri gərginləşdirməmək üçün indiyədək "erməni soyqırımı" iddialarını tanımayıb. Cümə günü bundestaqda "erməni soyqırımı"nın Berlin tərəfindən rəsmən tanınması ilə bağlı müzakirələr olacaq.


 

Berlində hakim koalisiyanı təşkil edən CDU/CSU və Almaniya Sosial-Demokrat partiyasın alyansı "erməni soyqırım"ını tanımaqda qərarlıdır.

Bu fraksiyaların bundestaqdakı liderləri aprelin 24-də "erməni soyqırımı" ilə bağlı qəbul ediləcək qətnamənin layihəsini dünən razılaşdırıblar.

Məsələ ilə bağlı fraksiyaların bütün üzvləri arasında səsvermə bu gün olacaq.
 

Almaniya baş nazirinin rəsmi nümayəndəsi Şteffen Zaybertin dediyinə görə, rəsmi Berlin fraksiyaların mövqelərini dəstəkləyir və "erməni soyqırımı"nın tanınmasına tərəfdardır: "Kansler Angela Merkelin bu məsələ ilə bağlı mövqeyi bəllidir və o, bundestaqdakı tələbləri dəstəkləyir".
 

Almaniya mediasında da Türkiyənin sərt tənqid olunduğu, qondarma erməni iddialarının dəstəkləndiyi yazılar, şərhlər və reportajların sayı kəskin artıb.

Məsələn, nüfuzlu "Tagesspiegel" qəzeti "Erməni məsələsi Ərdoğanın zəifliyini nümayiş etdirir" (Recep Tayyip Erdogan. Sein Kampf gegen das Wort Völkermord) başlıqlı yazı dərc edib. Yazıda deyilir: "Türkiyənin bu məsələ ilə bağlı tutduğu məsələ sadəcə, milli qürurla bağlı deyil. Əsas səbəb odur ki, Türkiyə prezidenti hətta rəhbərlik etdiyi partiyada sərt tənqid olunur və ermənilərin iddialarının tanınması opponentləri tərəfindən Ərdoğanın zəifliyi kimi qəbul oluna bilər".


 

Roland Nelles isə "Der Spiegel" həftəliyində dərc olunmuş "Soyqırım soyqırımdır, soyqırımdır, məhz soyqırımdır" (Ein Völkermord ist ein Völkermord ist ein Völkermord) yazısında bildirir: "1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərə qarşı törədilmiş cinayətlər soyqırımdır və Almaniya da bunu etiraf etməlidir. Tarixlə oynamaq, saxtakarlıq etmək yolverilməzdir. Soyqırım soyqırımdır və məhz, soyqırımdır.

Almaniya da hər şeyi öz adı ilə çağırmaq zərurətindən yaxa qurtara bilməyəcək. Berlində aprelin 24-də keçiriləcək diskussiya bizə çox gərəkdir. Hökumət, bundestaq və prezident müasir Almaniyanın əsaslandığı dəyərləri müdafiə etməlidir. Həmin dəyərlər insan haqları, azadlıq və xalqlar arasında barışıqdır. Tarixlə fırıldaqlar bizə yardım etməyəcək".
 

Almaniya prezidenti Yoahim Qauk aprelin 23-də Berlində "erməni soyqırımıın qurbanlarının anım"ına həsr olunmuş təntənəli liturgiyaya qatılacaq.

Dövlət başçısının mətbuat katibi "Zweites Deutsches Fernsehen"in suallarını cavablayarkən bunu təsdiqləyib. Beləcə, Qauk ermənilərin iddialarını təsdiqləyən və qəbul edən ilk Almaniya prezidenti olacaq.

Gözlənilən türk "sensasiyası"

Türkiyənin baş naziri Əhməd Davutoğlu Osmanlı dönəmində həlak olmuş ermənilərlə bağlı dünən rəsmi açıqlama verib: "Osmanlı İmperiyasının son illərində əsrlərdən bəri barış və qardaşlıq içində bir arada yaşamış fərqli etnik və dini kökəndən bir çox osmanlı vətəndaşı hafizələrdə dərin izlər buraxmış böyük acılar yaşadılar. Birinci Dünya Müharibəsi şərtlərində bu əzabları yaşayan, fərqli etnik və dini kökənlərə mənsub millətlərin nəvələri olaraq yaşananları anır, yaşamlarını itirmiş məsum Osmanlı ermənilərini sayğı ilə yada salır, onların nəvələrinə və nəticələrinə başsağlığı veririk. Osmanlı ermənilərinin xatirəsinə və erməni mədəni mirasına sahib çıxmaq Türkiyə üçün tarixi və insani görəvdir.

Ona görə də aprelin 24-də İstanbuldakı Erməni Patriarxiyasında təşkil ediləcək dini ayinlə Osmanlı erməniləri bütün dünyada olduğu kimi, Türkiyədə də anılacaqlar".
 

Davutoğlu daha sonra bildirib: "Lakin bununla bahəm, baş verənlərə görə məsuliyyəti yalnız türk millətinə yükləmək, hətta bunu nifrət izharlarıyla birləşdirmək vicdani və hüquqi baxımdan yolverilməzdir. Yüz il əvvəl Osmanlı Türkiyəsində türk və müsəlman vətəndaşlar da sürgünlərə, qətilamlara məruz qaldılar. Tarix siyasətə alət edilməyəndə türk və erməni millətlərinin Osmanlı ermənilərini birlikdə anmaları daha anlamlı olardı".


 

Göründüyü kimi, rəsmi Ankara ona edilən təzyiqlərin səbəbləri ilə yanaşı, məqsədlərini də anlayır.
 

Almaniyaya gəldikdə isə, rəsmi Berlin başqa xalqları və dövlətləri, konkret halda Türkiyəni iddialara əsaslanaraq soyqırımda suçlamazdan əvvəl qərinələr əvvəl etdiyi əməllərini yada salmalı, cinayətlərinin miqyasını kiçiltməyə çalışmamalıdır.

Alman siyasətçilər və yazarlar deyirlər: "Bizim cinayətlərimizi kiçiltmək mümkün deyil".
 

Berlin onu da unutmamalıdır ki, şüşə evdə yaşayan insan qonşularını daşa basmamalıdır.

Elementar məntiq bunu tələb edir.
 

Türklər "ən sadiq müttəfiqimiz də bizə xəyanət etdi" deyirlər. Baş verənlərə emosional qiymət versək, belədir.

Siyasətdə emosiyalar olmur və Berlinin erməni iddialarının "fakt" qismində qəbul etməyə hazırlaşması, Ankaraya arxa çevirməsi sırf geosiyasi məqamlarla bağlıdır.
 

Erməni uydurmaları olmasaydı, Türkiyə Aralıq dənizində balıqlara divan tutmaqda, yol kənarındakı çiçəklərin axırına çıxmaqda və ya Konstantinopolun fəthi zamanı insan haqlarının kobud şəkildə pozulmasında suçlanacaqdı.
 

Məqsəd Ankaraya "yerini göstərmək", Türkiyə rəsmiləri ilə siyasətçilərinin regional liderlik, geosiyasi aktivlik və xüsusən də Avropa Birliyinə üzvlüklə bağlı açıqlamalarının hələlik illüziya olduğunu "qatil osmanlıların inadkar nəvələri"nə anlatmaqdır.
 

Zatən, Avropa nə zaman türklərə məntiqli yanaşıb ki...
 

Elçin Alıoğlu

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.