Siyasət

"Tarixi" bəhanə: "Mən orada yox idim"

18 Aprel 2015 13:30
0 Şərh     Baxış: 783

Qurumun prezidenti Martin Şultz qətnamənin onun iştirak etmədiyi iclasda qəbul edildiyini bildirib

Avropa Parlamentinin qondarma erməni soyqırımını tanıyan qətnaməni qəbul etməsi elə qurumun özündə də narazılıq yaradıb. Qurumun prezidenti Martin Şultz Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə telefon əlaqəsi saxlayıb. Avropa Parlamentinin qondarma erməni soyqırımının tanınması haqda qətnamə qəbul etməsindən sonra Türkiyənin baş nazirinə zəng vuran Şultz qətnamənin onun iştirak etmədiyi iclasda qəbul edildiyini bildirib.

Türkiyənin Avropa Parlamentinin qərarına sərt reaksiyasını Şultza kəskin ifadələrlə çatdıran Davudoğlu tarixi-siyası məqsədlərlə işləyən çevrələrin bu qərarlarının Türkiyə-Avropa Parlamenti münasibətlərinə zərər verəcəyi kimi, Türkiyə ilə Ermənistan arasında sülh yolu ilə razılığa gəlməyə xidmət etməyəcəyini də vurğulayıb və Türkiyənin Avropa Parlamentinin qərarını rədd etdiyini bildirib. Bundan başqa, baş nazir Davudoğlu siyasi böhranlar qarşısında Türkiyə ilə Avropa qurumları arasındakı işbirliyinin ən yüksək səviyyədə olduğu bir zamanda Avropa Parlamentinin bu qərarının bütün sahələrə zərər verəcəyini söyləyib.

Maraqlıdır ki, Avropa İttifaqının Xarici işlər üzrə ali nümayəndəsi Federika Moqerininin mətbuat sözçüsü Maya Koçiyançik 1915-ci il hadisələrindən danışarkən "soyqırımı" sözünü işlətməyib. Mətbuat konfransında çıxış edən Koçiyançik daha əvvəl olduğu kimi, 1915-ci il hadisələrini faciə adlandırıb. "Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinə ehtiyac olduğunu vurğulayırıq. Sülhə, əlavə addımlar atmağa və keçmişi müzakirə etməyə ehtiyac olduğunu vurğulayırıq", - deyə Koçiyançik bildirib. Xatırladaq ki, Koçiyançık iki gün əvvəl Avropa Parlamentinin qərarı nə olursa-olsun, Avropa İttifaqının öz mövqeyinə sadiq qalacağını bildirmişdi.

Qondarma erməni soyqırımının 100-cü ildönümü ilə əlaqədar keçirilən mərasimdə ermənilərə dəstəyini bildirən Papaya etirazlar da səngimir. Katoliklərin ruhani liderinin 1915-ci il hadisələri ilə bağlı işlətdiyi sözlər nəinki Türkiyədə yaşayan türk mənşəli əhalini, hətta erməni əsilli vətəndaşları da narahat edib. Bu vətəndaşlardan biri də Hatay vilayətinin Samandağ rayonu sakini, eləcə də yaşadığı kənddəki erməni icmasının sədri Cem Çapardır. "Kimliyimizdən asılı olmayaraq; türk, erməni, xristian, müsəlman, ələvi, sünni qarışıq, biz bu ölkədə qardaş kimi yaşayırıq. Bu tip hadisələrin siyasiləşdirilməsi və insanlarla əlaqələndirilməsindən narahatlıq hissi keçiririk", - deyə Çapar bildirib. Onun kimi digər kənd sakinləri də dünyada sülhün bərqərar olmasını, qan tökülməməsini bəyan ediblər. Qeyd edək ki, sözügedən kənddə 35 evdə 135-ə yaxın erməni əsilli Türkiyə vətəndaşı yaşayır.

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) da Avropa Parlamentinin 1915-ci il hadisələri ilə bağlı qərarını pisləyir. Bunu CHP lideri Kamal Kılıçdaroğlu deyib. Onun sözlərinə görə, bu bəyanat Türkiyəyə qarşı qəbuledilməzdir. Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək və parlamentdə təmsil olunan partiyalar Avropa Parlamentinin qətnaməsini pisləyən birgə bəyanat qəbul ediblər. Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) birgə bəyanata qoşulublar. Bəyanatda deyilir: "Biz Avropa Parlamentinin sülh, dözümlülük, eləcə də ümumi gələcəyin yaradılması ideyalarına uyğun gəlməyən qərəzli yanaşmasını qəti şəkildə qınayırıq".

Qondarma soyqırımının ildönümü ərəfəsində bütün diqqət Birləşmiş Ştatlara yönəlib. ABŞ prezidenti ənənəsinə sadiq qalaraq "faciə", yoxsa "soyqırımı" işlədəcək? Belə bir durumda Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-a səfərə gedir. 18-21 aprel tarixində baş tutacaq bu səfərin əsas məqsədi qondarma erməni soyqırımı ilə bağlı Ağ Evin verəcəyi bəyanatlarla bağlı mövqe bildirməkdir. Çavuşoğlu dövlət katibi Con Kerri ilə, Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Süzan Rays və Senat çoxluğunun rəhbəri senator Mitç Makkonellə görüşəcək.

Türkiyə rəsmilərindən Avropa Parlamentinin məlum qərarı ilə bağlı sərt bəyanatların ardı-arası kəsilmir. "Avropa Parlamenti Ermənistanın maraqlarından çıxış edir", - deyə Türkiyə parlamentinin sədri Cəmil Çiçək bildirib. O qeyd edib ki, Ankara Avropa Parlamentinin 1915-ci il hadisələri ilə bağlı qətnaməsini qəbuledilməz sayır: "Türkiyə dəfələrlə bəyan edib ki, 1915-ci il hadisələri ilə bağlı arxivlərini açmağa və müştərək komissiya yaratmağa hazırdır. Amma Ermənistan bu təklifi rədd edir. Bu isə onu deməyə əsas verir ki, Ermənistan dünyanın 1915-ci il hadisələri barədə gerçəkləri öyrənməsindən ehtiyat edir".

Öz növbəsində AKP-dən İstanbul millət vəkili olan İsmail Safi hesab edir ki, Avropa parlamentinin bu qərarı məcburi xarakter daşımır: "Avropa Parlamentinin qərarı Türkiyəyə heç bir təsir göstərə bilməz". Onun sözlərinə görə, bu kimi addımlar Türkiyəyə təzyiq vasitəsidir: "Bu gün, təəssüf ki, Avropanın bəzi dövlətləri uydurma və tarixi gerçəkliyi olmayan erməni yalanlarının arxasınca gedirlər. Onlar tarixi faktlara yox, siyasi konyukturaya inanırlar. Həmin qüvvələr diqqətlərini Qarabağ məsələsinə yönəltsələr, daha yaxşı olar".

Yeri gəlmişkən, Türkiyənin saxta "erməni soyqırımı" məsələsi ilə bağlı arxiv məlumatlarının araşdırılması üzrə xüsusi beynəlxalq komissiyanın yaradılmasını və ya ekspert rəyinin təqdim edilməsini tələb edə biləcəyi fikirləri səslənir. Moldovanın ombudsmanı Aureliya Qriqoriunun sözlərinə görə, Türkiyə, həmçinin bu məsələ üzrə istənilən məhkəmə prosesində öz sübutlarını təqdim etməyə hazır olduğunu bəyan edə bilər. O, bildirib ki, Türkiyə, Ermənistanın həmişə etdiyi kimi, Avropa Parlamentinin qərarına məhəl qoymaya da bilər. A.Qriqoriunun fikrincə, Avropa Parlamentinin qəbul etdiyi qərar erməni lobbisinin Parlamentdə və ona üzv olan ölkələrin hər birində uzun illər apardığı işin nəticəsidir. Ombudsman əlavə edib ki, Avropa Parlamentinin qətnaməsi yəhudi soyqırımını XX əsrin ilk soyqırımı adlandırmış Nürnberq tribunalının qərarı ilə ziddiyyət təşkil edir.

Kaspi.az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.