Siyasət

Müsavat Məclisində narazıların deputatlığa namizədliyi səsverməyə çıxarılacaq

1 Aprel 2015 17:00
Baxış: 738

Mustafa Hacıbəyli: "Ellada Məmmədli və Vurğun Əyyub tapşırıq yerinə yetirir"

"Ellada Məmmədli və Vurğun Əyyuba tapşırıblar ki, deputatlığa namizədlərin siyahısını hazırlayın. Məqsəd Müsavat Partiyasının deputatlığa namizədləri ilə bağlı iki siyahısı olduğu barədə cəmiyyətdə rəy yaratmaq, Müsavatdaxili çaxnaşmanı davam etdirmək və ictimai rəyin gündəmində daim Müsavatdaxili məsələləri saxlamaqdır".

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli deyib.

M.Hacıbəyli bildirib ki, əgər həmin şəxslərin başqa niyyəti olmasaydı, bu addımları atmaz, məsələn, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı adından öz namizədliklərini irəli sürərdilər. O, ADR sədrinin müavini və Müsavat Partiyası Qadınlar Birliyinin sədri Ellada Məmmədlinin Müsavat Qadınlar Birliyinin Şurasında deputatlığa namizədliyinin irəli sürülməsinə vadar edilməsi barədə söylədiklərinin səmimi görünmədiyini vurğulayıb: "Özü öz təşəbbüsü ilə, yaxud ona tapşırıq verən adamın sifarişi ilə bu addımı atıb. Bu yaxınlarda Qubad İbadoğlunun müavini Ellada Məmmədli mətbuata açıqlamasında bildirmişdi ki, xalq nə müxalifətə, nə də iqtidara inanmır, ona görə də parlament seçkilərində iştirak etməyin mənası yoxdur. Ellada Məmmədli elə həmin gün deputatlığa namizədliyini irəli sürdü. Dedikləri ilə atdığı addım uyğun gəlmədi. Həm də Ellada Məmmədli indiyə qədər keçirilən parlament seçkilərində iştirak etməyib, ötən prezident seçkilərində də ümumiyyətlə, prosesdə iştirak etməmişdi. İndi çox qəribədir ki, seçkiyə qatılmağın əleyhdarı kimi çıxış etdiyi halda deputatlığa namizədliyini irəli sürür".

M.Hacıbəyli ADR sədrinin birinci müavini, Müsavat Partiyasının Məclis üzvü V.Əyyubun da tapşırıq yerinə yetirdiyinin açıq-aydın göründüyünü söyləyib: "Vurğun Əyyub bir tərəfdən deyir ki, Məclisi, Müsavatı tanımıram, o biri tərəfdən də öz dostlarına protokol yazdırıb göndərir ki, məni deputatlığa namizəd edin. Bütün bunlar ziddiyyətli məqamlardır. Vurğun Əyyub da ötən parlament seçkilərində iştirak etməmişdi, prezident seçkiləri dövründə də seçki prosesinə qatılmamışdı".

M.Hacıbəyli bütün namizədlərin partiya Məclisində səsverməyə çıxarılacağını və yekun qərarı Məclisin verəcəyini bəyan edib.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının sədri Gülağa Aslanlı da qəti qərarın Məclisdə qəbul olunacağına diqqət çəkib: "Rayon təşkilatı partiya üzvünün namizədliyini irəli sürürsə, yenə də bu, Məclisdə təsdiqlənməlidir. Yəni Nizamnaməyə uyğun olaraq həmin namizədlər Məclis tərəfindən təsdiq olunmalıdır. Ona görə də kimin namizədliyinin rayon təşkilatından irəli sürülməsi, kimin müraciət edib-etməməsi xüsusi rol oynamır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.