Siyasət

Türk və Azərbaycan şahinləri necə məşq edirlər? - VİDEO - FOTO

1 Aprel 2015 12:27
0 Şərh     Baxış: 1 619
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin Konyada keçirilən "TURAZ Şahini 2015" birgə təlimləri çərçivəsində martın 31-də müşahidə və media turu keçirilib.

APA-nın "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, martın 31-də təlimləri Türkiyə Hava Qüvvələrinin komandanı, ordu generalı Akın Öztürk və Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov da izləyiblər.

Türkiyə Hərbi Hava Qüvvələrinin nümayəndəsi, polkovnik-leytenant Həsən Saffet Çelikəl təlimi izləyən jurnalistlərə məlumat verib ki, Şərq bloku və Qərb bloku təyyarələrinin birlikdə təhlükəsiz uçmalarını təmin edəcək üsullar reallaşdırılıb: "Uçuş qabiliyyətinin artırılması məqsədilə ciddi sınaqlar keçirilib, qarşılıqlı təcrübə mübadiləsi təmin edilib. Qarşılıqlı və faydalı əməkdaşlıq bundan sonra da yüksək səviyyədə davam edəcək. Bizim üçün bu manevrlərin əhəmiyyəti çox böyükdür. Təlimlərdə Türkiyə Hava Qüvvələrindən üç ədəd F-16, üç ədəd F-4E 2020, iki ədəd AS-532, iki ədəd UH-1H helikopterləri və havadan xəbərdarlıq-nəzarət təyyarəsi, Azərbaycan Hava Qüvvələrindən isə üç ədəd MİQ-29, üç ədəd SU-25 və dörd ədəd MI-17 helikopteri iştirak edir".

Daha sonra jurnalistlər təlimlərdə iştirak edən helikopterlərin yer aldığı anqarları gəzərək fotolar çəkiblər.

İkinci hissədə atış və xilasetmə təlimləri həyata keçirilib.

Təlimlərdə ilk olaraq Azərbaycan və Türkiyə təyyarələri hədəflərə hücum edərək yerdəki müdafiə sistemlərini vurublar. Daha sonra top atəşləri ilə hədəflər uğurla sıradan çıxarılıb. Sonra şərti düşmən ərazisində qalan bir pilot xilas edilib. Düşmən ərazisinə enən iki helikopterdən düşən əsgərlər ətrafı mühafizə edib və pilot helikopterə mindirilib. Sonda helikopterlərin yerə enməsinin təhlükəli olduğu vəziyyətdə düşmən ərazisində qalan pilot xilas edilib. Bu dəfə helikopterdən xüsusi iplərlə enən əsgərlər yaralı pilotu xərəyə qoyaraq xilas ediblər.

Qeyd edək ki, martın 2-də başlayan təlimlər aprelin 2-də yekunlaşacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Videonu izləmək üçün şəklə klikləyin.

фото

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.