Siyasət

"Bu kampaniya Azərbaycanı gözügötürməzlikdən irəli gəlir"

29 Mart 2015 13:40
Baxış: 827
"Bu qarayaxma kampaniyası Azərbaycana qarşı paxıllıq, gözügötürməzlikdən irəli gəlir". Bu barədə Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev ilk Avropa Oyunları ilə bağlı bəzi beynəlxalq qurumların Azərbaycana qarşı apardıqları çirkin kampaniyalara münasibət bildirərkən deyib.

R.Əliyev bildirib ki, dünyada böhran olduğu halda Azərbaycanın inkişaf etməsi, iri beynəlxalq layihələr həyata keçirməsi, dünyada nüfuzunun artması bəzi dairələrdə paxıllıq hissi yaradır: "İlk Avropa Oyunlarının da məhz Azərbaycanda keçirilməsi bunları narahat edir. Təəssüf ki, Azərbaycanın daxilində də bir sıra insanlar bu Oyunların ölkəmizdə keçirilməsini qəbul edə bilmirlər. Çünki onların istəyi odur ki, Azərbaycanın adı pis olsun, ölkədə heç bir irimiqyaslı tədbir keçirilməsin, Azərbaycanın adı yaxşı işlərdə hallanmasın".

Millət vəkili qeyd edib ki, Azərbaycana qarşı bu qarayaxma kampaniyası ilk dəfə deyil: "Hər dəfə beynəlxalq tədbirlər öncəsi bu cür çirkin kampaniyanın şahidi oluruq. "Eurovision" mahnı müsabiqəsi keçirilən zaman da belə kampaniyanın şahidi olduq. Aidiyyəti olmayan məsələləri ortaya atır və bundan təzyiq vasitəsi kimi istifadə edirlər".

O hesab edir ki, bütün bunlar əbəs yerədir: "Azərbaycan həmişə olduğu kimi, bu dəfə də bu mühüm tədbirə layiqli ev sahibliyi edəcək. Qısa müddət ərzində ilk Avropa Oyunları üçün idman infrastrukturu yaradılıb və bütün digər işlər yarışların başlanmasına qədər tamamlanacaq".

R.Əliyev ilk Avropa Oyunlarının Azərbaycan üçün faydalarından da danışıb: "İlk növbədə, Azərbaycana bu Oyunları izləmək üçün minlərlə turist, o cümlədən iş adamları, jurnalistlər gələcək. Azərbaycan bütün dünyanın diqqət mərkəzində olacaq ki, bu da ölkəmizin dünyada geniş təbliğinə imkan yaradacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.