Siyasət

Satılmış qadını yenə satacaqlar

31 Mart 2015 00:30
0 Şərh     Baxış: 3 562

"Ermənistanın siyasətinin zirvəsində durduqlarını düşünən insanlar və ən radikal olduqlarını bəyan edən təşkilatlar, əslində, vücudunu satan küçə qadınlarına bənzəyirlər. Onlar fürsət düşən kimi imkandan yararlanmağa, özlərini mümkün qədər baha satmağa can atırlar".

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan illər əvvəl, 1995-ci ildə ölkə siyasətini və oradakı fiqurları səciyyələndirəndə belə demişdi.

"Çiçəklənən Ermənistan" Partiyasının (ÇEP) Ermənistan parlamentindəki fraksiyası müxalifət təşkilatı olduqlarını və hakimiyyətə əks mövqedə durduğunu bəyan edib.
 

ÇEP-in bu açıqlaması bir neçə ay əvvəl Ermənistanın daxili siyasət məkanında, bəlkə də, ciddi rezonans doğurar, müxalifət düşərgəsində yerdəyişmələrə və iqtidarın narahatlığına səbəb ola bilərdi.
 

Amma indi bu açıqlama yalnız gülüş doğuraraq ermənilərin siyasi sisteminin absurd teatrına bənzədiyini göstərir.

Fevral ayında yaşanmış bəlli olaylardan, yəni ÇEP-in radikal müxalifət mövqelərindən geri çəkilməsindən, partiya sədri Qagik Sarukyanın vəzifəsindən istefa verməsindən və siyasəti tərk edərək bizneslə məşğul olmağa davam edəcəyini söyləməsindən sonra sözügedən qurumun mənsublarının istənilən açıqlaması baş verənlərin kölgəsində qalır.
 

Özünü müxalifət elan edən ÇEP-in sabiq prezident Robert Köçəryanın marionetkası durumunda qalmaqla yanaşı, müxalifət düşərgəsində sırf dekorativ funksiyaları yerinə yetirməyə məhkum olması qaçılmaz məqamlardır. Üstəlik, partiyanın bundan sonra siyasi mübarizəni hansı vasitələr və metodlarla aparacağı da bəlli deyil.
 

Məlum olan yalnız budur ki, Ermənistan prezidenti Serj Sarkisyan çox ciddi rəqib saydığı Robert Köçəryanın əsas istinad vasitəsi olan ÇEP-i faktiki darmadağına uğradaraq partiyanın sədrini istefaya vadar edəndən sonra bu strukturu müxalifətə ataraq ondan faydalanmaq niyyətindədir.

O da şübhəsizdir ki, ÇEP-in bundan sonrakı fəaliyyəti iqtidarın tam və total nəzarəti altında olacaq. Fəqət, vəziyyət ilk baxışdan göründüyü qədər sadə, bəsit deyil

Ermənistanda hakimiyyətdə olan dəstə eynicinsli deyil, iqtidar düşərgəsində də vəhdət müşahidə olunmur. Prezident Serj Sarkisyanın başçılıq etdiyi komanda müxtəlif düşərgələrə, çoxsaylı qruplara parçalanıb. Qruplar arasındakı mübarizə bir gün də səngimir və hər tərəf yalnız öz maraqlarını təmin etməyə, mənafelərini gerçəkləşdirməyə çalışır.
 

ÇEP indi Serj Sarkisyan üçün hər hansı formada təhlükə mənbəyi olmadığından Yerevandakı iqtidar bəzi məsələləri bu partiya vasitəsilə həll etməyi düşünür. O da istisna deyil ki, Robert Köçəryanın nəzarətindən çıxarılan ÇEP hakimiyyət daxilindəki ən güclü qruplaşmalar arasında yeni mübarizə obyektinə çevriləcək.

Qarşıdurmanın sonucunda partiyaya nəzarəti ələ keçirəcək qruplaşma ÇEP-i yeni formaya salaraq onun "müxalifətdəki fəaliyyət"inə start verəcək.

Bir şərtlə ki, partiya heç bir vəchlə Serj Sarkisyana qarşı çıxmamalı, prezidentin istefasını tələb etməməlidir.

Yaranmış situasiyada ÇEP-in "müxalifət" statusunun təminatçılarından biri də Ermənistanın baş naziri, partiyanın sabiq sədri Qagik Sarukyanın qudası Ovik Abramyandır.
 

Abramyan üçün partiya önəmli məsələ, iştahlı tikədir. Əvvəla, ağır maliyyə, sosial və iqtisadi böhranda olan Ermənistanda baş nazir postunun qorunması istiqamətində Abramyan üçün ÇEP yaxşı alət, effektiv vasitəyə çevrilə bilər. Digər tərəfdən, Ovik Abramyan iqtidardakı Ermənistan Respublika Partiyası ilə yaranan taktiki problemləri ÇEP vasitəsilə həll edərək hakimiyyət komandasındakı mövqelərini möhkəmləndirə bilər.
 

Bütün bunlar Ermənistanın baş nazirinin istəkləri, planlarıdır və Serj Sarkisyanın baş nazir üçün icazə verəcəyi fəaliyyət müstəvisinin çərçivələrindən asılıdır. Şübhəsiz ki, partiyanı darmadağın etmək üçün Sarkisyanın imkanları var və o, həmin rıçaqlardan hələlik istifadə etməmək qərarına gəlib.

Bir zamanlar bəyanatları və davranışları ilə ÇEP sədri Qagik Sarukyanı idiotik vəziyyətlərə salan partiya mənsubları gec açılan mina təki gözləmə mövqeyi tutublar: onlar Ovik Abramyan üçün də Sarkisyanın göstərişlərindən sonra istənilən an "sürpriz"lər yarada bilərlər.
 

Belədə Ermənistanın baş naziri O.Abramyan ÇEP-in qismində iqtidardakı düşmən qruplaşmalardan qorunmaq və hakimiyyətdən kənarlaşdırılandan sonra siyasi həyatını təmin etmək üçün qalxan yox, çox ciddi başağrısı əldə edə bilər.
 

ÇEP-in "bu gündən etibarən ən sərt, barışmaz müxalifətdəyik" bəyanatı həm də Ermənistan müxalifəti üçün ağır problemlər vəd edir. Başda sabiq prezident Levon Ter-Petrosyanın sədrlik etdiyi Erməni Milli Konqresi olmaqla müxalif qüvvələr ötən ilin sonlarınadək iqtidara qarşı "mübarizə"lərində ÇEP-lə tərəfdaş, hətta müttəfiq olduqlarını deyirdilər.
 

Təbii, onlar bilirdilər ki, ÇEP-in belə davranışı Serj Sarkisyanın göstərişlərindən sonra başlanmışdı. Amma müxalifətçilər oliqrax Qagik Sarukyanın təkliflərindən imtina edə bilmirdilər.

Çünki arada pul, maliyyə resursları vardı.
 

İndisə müxalifətçilər dalana dirəniblər.

Ötən ilin əvvəllərindən bəri müttəfiqlik etdikləri ÇEP-in indi müxalifətçi olmadığını, iqtidarın əmrlərini çoxdan bəri yerinə yetirdiyi və marionetka funksiyasını oynadığını söyləsələr, erməni müxalifətçilər özlərini axmaq vəziyyətə qoymaqla yanaşı, konyukturadan faydalanmağa çalışan, pulgir və iqtidarla sövdələşən insanlar toplusu olduğunu etiraf edəcəklər.
 

Beləcə, Serj Sarkisyan ÇEP-i müxalifətə "keçid"lə bağlı bəyanat verməyə vadar etməklə bütün erməni müxalifətini sözügedən partiyanın statusunun girovuna çevirib.
 

...Ermənistan siyasətində satılmış sayılan ÇEP-i yenə də satmaq, satışdan gəlir əldə etmək istəyirlər.

Orxan Hun

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.