Siyasət

"Qagik Sarukyanın ətrafında baş verənlər Ermənistanın keyfiyyətini müəyyənləşdirmək üçün ən təkmil barometrdir"

5 Mart 2015 15:54
Baxış: 809
"Çiçəklənən Ermənistan Partiyasının sədri, deputat Qagik Sarukyanın davranışı və onun ətrafında baş verənlər Ermənistanın keyfiyyətini müəyyənləşdirmək üçün ən təkmil barometrdir".

Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Çiçəklənən Ermənistan Partiyasının sədri, multimilyoner, "Multi" şirkətlər qrupu"nun rəhbəri, deputat, yerevanlı Q.Sarukyanın davranışı və onun ətrafında baş verənlər erməni cəmiyyətini, Ermənistanın daxili və xarici siyasətinin keyfiyyətini müəyyənləşdirmək üçün ən təkmil barometrdir: "Q.Sarukyan son vaxtlar Moskvaya səfərlərinin sayını artırmışdı. Moskvaya səfərlərinin mətbuatda işıqlanmasına xüsusi diqqət ayırırdı. Moskvada olarkən hakim Vahid Rusiya Partiyasının üzvləri ilə görüşlər keçirdiyi bildirilirdi. Guya bir neçə dəfə Moskvada eks-prezident R.Koçaryanla görüşüb. Q.Sarukyan Moskva amilindən blef elementi kimi istifadə etməyə başlamışdı. Amma Ermənistanın prezidenti S.Sarkisyan blef məsələsində, xüsusilə Moskva və antimoskva bleflərində Q.Sarukyandan bir neçə qat yuxarıdır. Ona görə də Q.Sarukyanın Moskva blefindən istifadəsinə qarşı mübarizə aparmalı idi. Q.Sarukyanın təcrübəsizliyi onu məğlub etdirdi".

Politoloq qeyd edib ki, S.Sarkisyan Q.Sarukyanın "Dodi Qaqo" ləqəbini hakim Respublika Partiyasının əsas müzakirə mövzusuna çevirdi: "Dodi" erməni dilində "küt" deməkdir. Amma prezident bu kütün parlamentə necə gəlib düşməsi, necə siyasi partiya rəhbəri olmasına aydınlıq gətirmədi. Ən azı, həmin kütü S.Sarkisyan özü əmrlə Ermənistan Təhlükəsizlik Şurasına üzv təyin etmişdi. S.Sarkisyan Q.Sarukyanı Təklükəsizlik Şurasının üzvlüyündən azad etdi. Onun tərəfdarlarına qarşı hücumlar başladı, həbslər aparıldı, partiyasına mənsub deputatlar istefa verməyə başladı. Q.Sarukyanın müəssisələrində yoxlamalar başladı. Q.Sarukyan Respublika Partiyasının iclasında S.Sarkisyanın çıxışına böyüdülmüş "güzgü" cavabı verdi: "Axmaq özünsən, beş də artıq". Xalqı mübarizəyə səslədi. Ölkədəki bütün problemlərin səbəbkarı kimi S.Sarkisyanı elan etdi. Q.Sarukyan az keçmiş siyasi səhnədən uzaqlaşdı. S.Sarkisyanın yaxın ətrafında hərlənən daşnaklar S.Sarkisyanla Q.Sarukyanın dialoqunu təklif etdilər. "Taşir" qrupunun başçısı, milyarder Samvel Karapetyan Moskvadan gəldi və bu görüşdə istirak etdi. Q.Sarukyan S.Sarkisyana tam təslim edildi. S.Karapetyan Moskvanın təmsilçisi rolunda çıxış edib".

M.Əhmədoğlu bildirib ki, Moskva uzun müddət Q.Sarukyana öz adamı kimi baxıb: "Amma Moskvanın fikrincə, Q.Sarukyan sınaqdan çıxa bilmədi. Moskva qarşısnda Q.Sarukyanın əsas səhvi sabiq xarici işlər naziri V.Oskanyanı partiyada özündən sonra ən əsas şəxslərdən ikincisinə çevirməsi idi. V.Oskanyan Suriya ermənisidir. ABŞ-da təhsil alıb. 10 il ərzində Ermənistanın xarici işlər naziri işlədiyi dövrdə komplementarlığı xarici siyasətin əsas xəttinə çevirmişdi. Bununla Ermənistanın xarici siyasətinin təkcə Rusiyaya xidmət etməməsinin bünövrəsini qoymuşdu. Deputat V.Oskanyanın da Moskva ilə heç bir bağlılığı yoxdur. Amma onun bütün maliyyə mənbələri, insani əlaqələri, mülkləri ancaq Qərbdə idi. Beləliklə, V.Oskanyan rusiyapərəst Q.Sarukyanı komplementar Q.Sarukyana çevirdi. Məhz V.Oskanyanın hesabına Q.Sarukyan Avropa Parlamentində və Qərbin digər ciddi təşkilatlarında ehtiramla qəbul edildi. Avropadakı ermənilərin böyük əksəriyyəti də V. Oskanyanın hesabına S.Sarkisyanın ətrafından aralanıb Q.Sarukyanın ətrafına toplanmışdı. Rusiyanı ən çox narahat edən Q.Sarukyanın Qərbə və Rusiyaya eyni dərəcədə yanaşması idi. Ermənilərin bu xüsusiyyəti Kremli çox qorxudur. Vardan Oskanyan faktoru Q.Sarukyanın "yeyilməsində" ən təsirli rola malik oldu. S.Srkisyan da V.Oskanyanın Q.Sarukyanın partiyasına qoşulmasını qəbul etmirdi. Onun "Sivilitas" fondunda yoxlamalar apardığı V.Oskanyanı həbsə hazırlaması ekspertlərin yadından çıxmayıb. İndi V.Oskanyan Ermənistanı hətta həmişəlik tərk etməyə hazırlaşır".

Politoloq vurğulayıb ki, Robert Koçaryanın davranışı diqqət çəkir: "S.Sarkisyanın Q.Sarukyanın üzərinə hücuma başlamasından dərhal sonra R.Koçaryan publik şəkildə Q.Sarukyanı müdafiə etdi. Amma sonradan səsini kəsdi. Q.Sarukyanın başına gətirilənlərə, onun siyasi səhnədən uzaqlaşdırılmasına, maliyyə imkanlarının və partiyasının əlindən alınmasına heç bir reaksiya verə bilmədi. Eks-prezident R.Koçaryanın bu davranışı sübut edir ki, Q.Sarukyanın sıradan çıxarılmasında Moskva maraqlıdır. S.Sarkisyan vaxtı düzgün seçib. Rusiya Ermənistanın ictimai-siyasi mühitini komplementarlardan təmizləmək niyyətindədir. Koçaryan bunu anlayan kimi Q.Sarukyanı dəstəkləmədi. Bu, R.Koçaryanın özünün də Moskva üçün əhəmiyyətli fiqur olmadığını göstərdi. R.Koçaryan Moskvada nüfuz sahibi olsaydı, hər halda Q.Sarukyandan ötrü Moskvaya xahiş edə bilərdi. Əksinə, bəzi dolayısı arqumentlər R.Koçaryanın Moskva ilə əlaqələrinin minimal olduğunu göstərir. Xarici səfərlərə meyilli olan R.Koçaryan son vaxtlar hətta Moskvadan tranzit ərazisi kimi istifadə edə bilmir. "Sistema" AFK-da yoxlamalar başa çatmayıb, cinayət işi R.Koçaryana tərəf də yönələ bilər. Eləcə də Kreml Ermənistanın komplementarlaşması adı altında tamamilə Qərbə qaçmasının, S.Sarkisyanın "Ənvər Sadat II"-yə çevrilməsinin, bugünkü Ermənistan cəmiyyətində 350 təşkilatın Qərbin lehinə, Rusiyanın əleyhinə fəaliyyət göstərməsinin günahkarı R.Koçaryanı hesab edir".

Onun sözlərinə görə, Çiçəklənən Ermənistan Partiyasından deputatlar istefa verir: "Baş nazir Q.Sarukyanın qohumu O.Abramyan Çiçəklənən Ermənistan Partiyasını "manual idarəçiliyə" keçirib. Naira Zöhrabyanın partiyaya sədr hazırlanacağı gözlənilir. Q.Sarukyanın deputat mandatı saxılanılır, maliyyə imkanları məhdudlaşdırılır. Q.Sarukyan Ermənistanın siyasi həyatında müəyyən rol oynamış üçlüyün liderlərindən biri idi. Son vaxtlar onunla üçlüyün digər iki üzvü eks-prezident Levon Ter-Petrosyan və İrs Partiyasının sədri R.Ovanisyanla fikirayrılıqları barədə mətbuat tez-tez yazırdı. S.Sarkisyanın Q.Sarukyana total hücumundan sonra Levon Ter-Petrosyan onu müdafiə etdi: "Q.Sarukyan indi çətin durumdadır. Onun xalqın dəstəyinə ehtiyacı var". Bunu ermənisayaq dəstək adlandırmaq olar. Ehtimal ki, L.Ter-Petrosyan mitinqlərin təşkilində Q.Sarukyanın maliyyəsinə ehtiyac hiss edir. Q.Sarukyan həm də baş nazir O.Abramyanın qohumudur. O.Abramyanın baş nazir təyinində Q.Sarukyanın neytrallaşdırılması faktoru da əhəmiyyətli rol oynamışdı. O da öz funksiyasını yerinə yetirdi. Q.Sarukyan indi bütün xeyriyyə tədbirlərini də dayandırıb. Təbii ki, onun maliyyə imkanları birdən-birə məhdudlaşmadı. Onun xeyriyyəçilikdən imtinası siyasi qərarının və ya şəxsi keyfiyyətinin göstərici ola bilər".

M.Əhmədoğlu deyib ki, Ermənistan prezidenti S.Sarkisyan qısa müddət ərzində demoktratiya, insan hüquqları, humanizm prinsiplərinə güclü zərbə vurdu: "Bütün bunlara Qərb tərəfdən heç kim reaksiya vermədi. Əksinə, Qərbdə hələ də Ermənistanı demokratiyanın inkişafına töhfə verən dövlət hesab edirlər. S.Sarkisyan yerevanlı Q.Sarukyana və komandasına hücuma başladığı andan Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində ermənilər tam sakitliyə riayət etdilər. Azərbaycan tərəfi bu vəziyyətdən sui-istifadə etmədi. Q.Sarukyanın məhv edilmə prosesi sona yaxınlaşdıqca qoşunların təmas xəttində ermənilərin hərbi aktivliyi də artır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.