Siyasət

Komitə sədri: "İşğalçı Ermənistan vurduğu ziyanın əvəzini ödəməli olacaq"

5 Mart 2015 13:36
Baxış: 652

"İşğalçı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycana vurduqları ziyana görə gec-tez cavab verməli və onun əvəzini ödəməli olacaq"

Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün "İşğal altında qalan abidələrimiz: vurulmuş ziyanın qiymətləndirilməsi" mövzusunda keçirilən konfransda deyib.

M.Qurbanlı qeyd edib ki, erməni işğalçılar milli-mədəni abidələrimizə, o cümlədən ekologiyamıza çox böyük ziyan vurublar. Vurulmuş ziyan Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş Qiymətləndirmə Komissiyası tərəfindən araşdırılır, toplanır, həmin sənədlərin əsasında Ermənistanın işğal nəticəsində vurduğu ziyan hesablanır: "Azərbaycan müvafiq olaraq işğalçı Ermənistanın vurduğu ziyanın əvəzini almaq üçün beynəlxalq hüquqa uyğun olaraq müraciətlər edir. Heç bir işğal əbədi ola bilməz. İşğalçılar gec-tez Azərbaycan torpaqlarından çıxarılacaqlar".

Komitə sədrinin sözlərinə görə, bütövlükdə işğal olunmuş torpaqlarda milli-mədəni dəyərlərimizə vurulmuş ziyanın qiymətləndirilməsi ilə əlaqədar mütəxəssislərlə fikir mübadiləsi aparılması və onun beynəlxalq ictimai rəyə çatdırılması ilə bağlı xeyli işlər görülüb.

Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun rəhbəri, millət vəkili Xanhüseyn Kazımlı isə jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan üçün Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində dəymiş ziyanın miqdarından çox, onun beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsi daha önəmlidir.

Onun sözlərinə görə, dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı rəqəmlər əvvəlcə ölkə rəhbərinin masasının üstünə qoyulmalı, müzakirələrdən keçməli, beynəlxalq ekspertlərin rəyi öyrənilməlidir. Yalnız bundan sonra yanaşdığımız metodologiya, itki və tələfatların hesablanması üçün lazım olan göstəricilər sisteminin məqsədəuyğun olub-olmaması barədə hansısa fikir söylənilməlidir.

Qrupun rəhbəri bildirib ki, bununla bağlı müxtəlif rəqəmlər səsləndirilməsi düzgün deyil: "Ayrı-ayrı nazirlik və komitələr tərəfindən işğal nəticəsində dəymiş ziyanla bağlı müxtəlif rəqəmlərin səsləndirilməsi milli maraqlar baxımından məqsədəuyğun deyil. Təsnifat üzrə ardıcıl qaydada, fəaliyyət planına və Prezident İlham Əliyevin qarşımızda qoyduğu vəzifəyə müvafiq olaraq əhaliyə, dövlət müəssislərinə dəyən zərəri, eyni zamanda, təbii sərvətlər, informasiya-kommunikasiya, torpaq fondu və digər səbəblər hesabına olan itkilər cəmləşdirilməli, həm iqtisadi, həm sosial sferada, həm də ümumiyyətlə, məhrumiyyətlər hesabına əmələ gələn itkilərin dəyəri yekunlaşdırılaraq beynəlxalq ekspertlərlə razılaşdırılmalıdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.