Siyasət

Nişangahdakı şərəfsiz hələ də danışır

5 Mart 2015 09:33
Baxış: 4 873
Ermənistanın müdafiə naziri Seyran Ohanyan hərbi geyimdə dolaşır, general sayılır, müdafiə naziri kimi qəbul olunur və bu statusda da açıqlamalar verir.

O, fevralın 28-də iki erməni diversantının cəbhə xəttini keçərək Azərbaycan ordusunun mövqelərinə tərəf adlamağa çalışdıqları zaman vurularaq cəhənnəmə vasil olmasından sinirlənib.
 

Ötən ilin sonlarından bəri Ermənistan ordusu artıq neçənci uğursuz diversiyasının acı sonluğunu həzm etmək məcburiyyətində qalıb və bu səbəbdən də Ohanyan çılğına dönüb.
 

"Azərbaycan bunun hesabını ödəyəcək, biz azərbaycanlılara göstərəcəyik!" - deyib Seyran Ohanyan.
 

Ermənistanın müdafiə naziri Seyran Ohanyanın bəyanatı vicdanını və şərəfini günahsız dinc insanların qanı ilə ləkələmiş cəlladın növbəti uydurmasıdır.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı açıqlama ermənilər üçün Ernest Heminqueyin "Əlvida, silah" romanındakı xəbərdarlıq kimi səslənir,

"Xocalıda, digər işğal olunmuş Azərbaycan ərazilərində mülki əhaliyə, o cümlədən körpələrə, qadınlara və ahıllara divan tutan bir şəxsin öz torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşən Azərbaycan xalqını təhqir edərək insaniyyətdən danışmağa mənəvi haqqı və hüququ yoxdur: "Yüzlərlə uşaqları qanına qəltan edən bir cani və varvar valideyn olaraq öz övladlarının və Azərbaycanın işğal olunmuş ərazilərində nahaq yerə məhv edilən, yaralanaraq şikəst olan ermənilərin uşaqları və yaxınlarının gözünə baxa bilirsə, bu onun psixi cəhətdən anormal olmasını açıq-aydın sübut edir.
 

Bu gün və illərdir S.Ohanyanın və cinayətkar erməni rəhbərliyinin ağılasığmaz təkəbbürünün əvəzini erməni xalqı hər gün qapılarına gətirilən tabutlarla ödəyir.

Biz erməni valideynlərə müraciət edərək övladlarını mənasız xəyallar uğrunda ölümə yollamamağa çağırırıq. Çünki son erməni işğalçısı Azərbaycan torpaqlarını tərk edən günədək siz bundan da ağır və sarsıdıcı itkilərlə qarşılaşacaqsınız", - açıqlamada deyilir.
 

Xatırladaq ki, fevralın 28-də işğal edilmiş ərazilərdə Azərbaycan Ordusu tərəfindən məhv edilmiş erməni hərbçilərinin martın 3-də keçirilən dəfn mərasimində çıxış edən Ermənistanın müdafiə naziri Seyran Ohanyan Azərbaycanın ünvanına hədə-qorxu və təhqirəmiz ifadələrlə dolu fikirlər söyləyib.

Söyləsin - ilk dəfəsi deyil və bu maniakal-şizoidal təfəkkürlü insan Ermənistanın rusiyalı hərbçilərə əsaslanan müdafiəsinin "nazir"i olmağa davam etdikcə, hələ çox belə "ultimatum"lar səslənəsidir.
 

Ermənistan silahlı qüvvələrinin əsgərlərinin Dağlıq Qarabağda və Azərbaycanla sərhəd bölgələrdə həlak olmalarını erməni analara başa salmaq rəsmi Yerevan üçün asan deyil.

Rəsmiyyətə qalarsa, Azərbaycana qarşı müharibə elan olunmayıb, Dağlıq Qarabağda da "yerli ermənilər müqavimət göstərir və yaşayırlar". Belədirsə, Ermənistan ordusunun sıravilərindən tutmuş, polkovnik-leytenantlarına qədər ən müxtəlif rütbədə və yaşdakı hərbçilərinin Azərbaycan əsgərlərinin güllələrindən həlak olmalarını ermənilərə necə izah etməli?!
 

Özü də həlak olanların heç biri arxadan vurulmayıb ki, rəsmi Yerevanın əlinə fürsət düşsün, "azərbaycanlı snayperlərin atışları"ndan bəhs etsin.

Ölənlərin hamısı diversiya cəhdlərində, Azərbaycan Ordusunun mövqelərinə keçmək istəyəndə öldürülüb.

Ermənistan vətəndaşları da illərdir ki, ölkə rəhbərliyinə konkret suallar ünvanlayaraq bilmək istəyirlər: əgər erməni əsgərlər döyüşmürlərsə, hərbi əməliyyatlara cəlb olunmayıblarsa, onları kim və niyə öldürür?
 

Yerevan bu suala dəqiq cavab verə bilmir.

Əslində Ermənistan vətəndaşları kütləvi marazma tutulmayıblar və ölkələrinin Azərbaycana qarşı işğalçılıq müharibəsi apardıqlarını bilirlər, çünki özləri, övladları və qohumları bu savaşın bilavasitə iştirakçılarıdır.
 

Fəqət bıçaq sümüyə dirənib və ermənilər bundan sonra da efemer ideyalar, ölkə rəhbərliyinin dövlət siyasəti səviyyəsinə yüksəltdikləri terrorçuluq ideologiysı uğrunda ölmək istəmirlər.
 

Ermənistanın müdafiə naziri Seyran Ohanyanın son bəyanatları isə isteriyadır. Bunu Yerevandakılar da anlayır, amma durumla barışmaq məcburiyyətində qaldıqlarından "qəhrəman" nazirin sərsəm bəyanatları ilə təskinlik tapmağa çalışırlar.
 

Cəbhədəki uğursuzluqlar, ordudakı xaos, korrupsiya, yüksk rütbəli zabitlərin az qala ucdantutma oğurluq və mənimsəmələrlə məşğul olmaları, döyüş hazırlığının çox aşağı səviyyəsi, hərbi texnika və silah təminatının Azərbaycanla müqayisədə dəfələrlə geridə qalması, Rusiyanın vəd etdiyi silahları hələ də ermənilərə verməməsi və görünən budur ki, ümumiyyətlə, vermək niyyətində olmaması, Gümrüdəki 102-ci hərbi bazanın rus əsgərinin erməni ailəni qanına qəltan etməsindən sonra ermənilərin rus paqonlulara nifrətlə baxmaları, dövlət büdcəsində müdafiə xərclərinə ayrılan vəsaitin artmaması və bu kimi problemlər Ermənistanın müdafiə potensialını olduqca aşağı səviyyəyə salıb.
 

Seyran Ohanyan həddən artıq hiyləgər adam olduğundan yaranmış vəziyyətdə "günah keçisi"inə çevrilə biləcəyini, prezident Serj Sarkisyanın kütləvi etirazların və narazılıqların qarşısını almaq üçün onu vəzifəsindən səs-küylü şəkildə, qalmaqalla kənarlaşdıra biləcəyini istisna etmir.

O, Sarkisyanın sədaqətli, itaətli "yavər"i olmasına, bir də Rusiyanın verdiyi "dəstək vədləri"nə bel bağlayır, amma kütlənin səbr kasasının daşacağı halda bəhs olunan amillərin işlək olmayacağını da bilir.
 

Məhz bu səbəbdən Seyran Ohanyan son aylardakı ampluasına sadiq qalaraq Azərbaycanı hədələyir, "ağır cavab zərbəsi" vurulacağını deyir.

Amma hələ ki, ağır zərbələr alan Ermənistan ordusudur və ermənilərin hər diversiya cəhdindən sonra onlar cəbhə xəttində leşləri qoyaraq geri çəkilirlər.

Ermənistanın müdafiə naziri də özünü cəbhə xəttində nişangahdakı diversant kimi hiss etdiyindən, ləkələnmiş ləyaqətinə uyğun çıxışlarını səngitmir.

Təccüblənməyə dəyməz.
 

Düşmənimiz hiyləgər və məkrli olduğu qədər, mənəviyyatsızdır.
 

Elçin Alıoğlu

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.