Siyasət

Bizə ağıl öyrədən amerikalılar - iş "vnimatelnı" olmaqdadır

4 Mart 2015 08:49
0 Şərh     Baxış: 1 381

ABŞ-da da media bütün dünya ölkələrindəki təki, sadəcə kütləvi informasiya vasitələri yox, həm də təbliğat və təşviqat strukturlarıdır. Hə, doğrudur, Birləşmiş Ştatların ən məşhur telekanalları, qəzetləri və saytları fasiləsiz olaraq yazır, deyir və göstərirlər ki, onlar ən dəqiq, qərəzsiz, obyektivdirlər. Onu da vurğulayırlar ki, buna görə populyardırlar və bütün dünyada milyardlarla insan onlara inanır.
 

Yalandır və amerikalıların özləri də belə yalanlardan iyrənməyə başlayıblar.
 

Yaxın Şərqdə Vaşinqton siyasətini təbliğ etməyə yönəlmiş paradiqmanı təbliğata çevirən ABC, CNN, SBC, NBC, FOX, Sky TV, TBN, İBN və s. telekanalların yalanları ərəbləri o qədər iyrəndirdi ki, BBC-nin bir qrup sabiq jurnalisti Qətərdə "Al Jazeera" telekanalını yaradandan az sonra fenomenal dərəcədə məşhurlaşdı.

Yaxın Şərq, ərəb aləmi artıq "Al Arabia", "Al Jazeera", "Al Munavvar", MBC telekanallarına inanır.

Amerikalıların telekanalları isə "yalan və iftira mənbəyi" sayılır.
 

Bunu mən yazmıram - ərəb ölkələrinin tanınmış düşünənləri, siyasətçiləri, hərbçiləri və nəhayətdə, adi adamları deyirlər.

Birləşmiş Ştatların hakimiyyət dairələrinin nəzarətindəki radiostansiyalar və telekanallar isə açıq şəkildə Vaşinqtonun sifarişini yerinə yetirir, göstərişlərinə əməl edir və amerikalıların siyasətinin "bəşəri intibah" olduğunu iddia edirlər.
 

Müxtəlif ölkələr müxtəlif dillərdə yayımla çıxan radioların uğurlu media strukturları olmadıqlarını bundan əvvəl yazanda, opponentlərim qəzəblə buyururdular ki, pəs antiamerikanistəm, Vaşinqtonun uğurlarını pisləməyə çalışıram və ümumiyyətlə, "Azadlıq" və "Amerikanın səsi" radiostansiyaları kimi büllur həqiqət xiridarları yoxdur.
 

Ola bilər.

ABŞ-ın dövlət katibi Con Kerri də belə düşünmür.

Fevral ayının sonlarında Nümayəndələr Palatasının komitəsində çıxış edərkən Con Kerri bildirib ki, xarici dillərdə xidmətləri olan və ya bu dillərdə efirə çıxan radiolar, telekanallar, habelə saytlara əlavə maliyyə vəsaiti ayrılmalıdır.
 

Daha sonra o, bəhs etdiyimiz sahədə ABŞ-ın tam fiaskoya uğradığını etiraf edib.

Yəni "Amerikanın səsi" və "Azadlıq" radioları kimi strukturlar ayrılan yüz milyonlarla dollar pulları, ümidləri doğrultmayıblar, nəticədə də amerikalıların mediası beynəlxalq auditoriya uğrunda mübarizədə uduzur.
 

Konqresmen Nita Louey "bu sahədə məğlubiyyətimizin səbəblərini bilmək istərdim" deyəndə Con Kerri "Çünki biz bu sahəyə çox pul xərcləmirik" söyləyib.

Doğrudanmı?
 

ABŞ-ın dünyaca məşhur qəzet, telekanal, radio və saytlarından savayı - hansı ki, onların ümumi büdcəsi yüz milyardlarla dollardır - 1947-ci ildən bəri müxtəlif dillərdə efirə çıxan "Amerikanın səsi"ni unutmayaq. Üstəlik, ABŞ-da Yayım Məsələləri üzrə İdarəçilər Şurasının rəhbərlik etdiyi onlarla digər layihə var.

Həmin layihələrə toplam olaraq ildə təqribən 700 milyon dollar xərclənir.
 

Beynəlxalq miqyasda amerikalıların kobud və aqressiv təbliğat maşınlarını yerində saymağa, nüfuzdan düşməyə və yalançı imici "qazanmağa" vadar edən "Russia Today" telekanalının illik büdcəsi 220 milyon dollar, "Al Jazeera"nın büdcəsi isə 453 milyon dollardır.

Özünüz müqayisə edin.
 

İş pulda deyil, cənab dövlət katibi.

İş insanlarda, tamaşaçılarda, oxucularda, dinləyicilərdədir.

Onlar təbliğat pərdəsinin arxasındakı həqiqəti artıq görməyə başlayıblar.
 

ABŞ siyasətçiləri, prezident Barak Obamanın müşavirləri, dövlət katibinin müşavirinin baş məsləhətçisinin ikinci yardımçısının dördüncü köməkçisi və ya qeyri-mühüm insanlar Azərbaycanla bağlı istədiklərini deyə bilərlər. Amma azərbaycanlılarla bahəm, əfqanlar, fransızlar, kolumbiyalılar, ispanlar, zuluslar, finlər, irlandlar və ya taylar İraq, Əfqanıstan və Suriyadakı savaşlara xərclənən trilyonlarla dollarlar, Vaşinqtonun yaratdığı diktatorlar, xəyanətkarlar, cəlladlar və "şər oxları", habelə amerikalı siyasətçilərin unutduqları amerikalı əsgərlər, pilotsuz təyyarələrlə öldürdükləri dinc sakinlər, başladıqları savaşlarda əlil qalan və yaddan çıxarılan hərbçilər, Vaşinqtondakı siyasi isteblişmentin var gücü ilə qoruduğu, himayə etdiyi, əzizlədiyi zərbi-sənaye kompleksi və can atdığı dünya hegemoniyası barədə səhih məlumatlar əldə etmək istəyirlər.
 

Bütün medianı pulla ələ almaq, bütün jurnalistləri demokratiya dəyənəyi ilə qorxutmaq, qrant vədləri ilə şirnikləndirmək mümkün deyil.

Məşhur filmin qəhrəmanlarından birinin deyimi yadınızdamı: "İş sosiskada deyil - məsələ "vnimatelnı" olmaqdadır"...

Orxan Hun

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.