Siyasət

Əli Həsənov: "Bir sıra hallarda mediaya qərəzli informasiyanın yol tapması beynəlxalq aləmdə ikitərəfli münasibətlərə zərər vurur"

2 Mart 2015 11:02
Baxış: 972
"Sizi - Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakıda keçirilən növbəti iclasının iştirakçılarını və AZƏRTAC-ın 95 illik yubileyi mərasimində iştirak edən yaxın-uzaq xarici ölkələrin informasiya agentliklərinin rəhbərlərini qədim tarixi və zəngin mədəniyyətə, demokratik ənənələrə malik Azərbaycanın paytaxtında salamlayıram. Bildiyiniz kimi, Dünya Xəbər Agentliklərinin V Konqresinin 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar 2013-cü ilin noyabrında Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyadda - qurumun IV Konqresində qəbul olunub. Qərara əsasən, AZƏRTAC 2016-2019-cu illərdə Konqresə sədrlik edəcək. Azərbaycana göstərilən bu yüksək etimada görə Konqres Şurasının və üzv agentliklərin rəhbərlərinə minnətdarlığımı bildirirəm".

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakıda keçirilən Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) iclası və AZƏRTAC-ın 95 illik yubileyi mərasimində çıxışı zamanı deyib.

Ə.Həsənov bildirib ki, həmçinin 2016-cı ildə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası Dünya Xəbər Agentliklərinin V Konqresi ilə eyni vaxtda Bakıda keçiriləcək OANA da UNESCO-nun qərarı ilə yaradılan nüfuzlu beynəlxalq media qurumlarından biridir: "OANA-nın növbəti Baş Assambleyasının Azərbaycanda keçirilməsi barədə qərar 2013-cü ilin sentyabrında Moskva toplantısında qəbul olunub. Biz bu qərarları Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasının, həmçinin ölkənin milli informasiya agentliyi olan AZƏRTAC-ın dünya informasiya məkanına inteqrasiyasının daha bir təsdiqi kimi qiymətləndiririk. Bu gün siz Bakıda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının ikinci iclasını keçirirsiniz. Sizin bir çoxunuz Azərbaycanda dəfələrlə olmusunuz, bəziləriniz isə ölkəmizi və şəhərimizi ilk dəfədir görürsünüz. Əminəm ki, bu səfər sizə ölkəmizlə daha yaxından tanış olmaq imkanı yaradacaq. Xanımlar və cənablar, Azərbaycan tarixən Şərq ilə Qərbin, sivilizasiyaların qovuşduğu və bütün dövrlərdə yüksək tolerantlığı, qonaqpərvərliyi ilə tanınan ölkədir. Azərbaycan həm də müsəlman Şərqində 97 il əvvəl parlamentli ilk demokratik respublikanın qurulduğu, 142 il əvvəl ilk dünyəvi teatrın, 107 il əvvəl ilk operanın yarandığı, 140 il əvvəl ilk qəzetin nəşrə, 95 il əvvəl isə ilk milli informasiya agentliyinin fəaliyyətə başladığı ölkədir. Qeyd etdiyim kimi, Azərbaycanda yaradılan demokratik respublika 1920-ci ildə Sovet imperiyasının hərbi təcavüzü nəticəsində süquta uğradı. Azərbaycan 70 il Sovet imperiyasının tərkibində yaşamağa məcbur oldu. Bu illərdə respublikamızın dünya informasiya məkanına birbaşa çıxış imkanları yox dərəcəsində idi. Azərbaycan öz mədəniyyətini, tarixi həqiqətlərini sərbəst şəkildə dünyaya çatdıra bilmirdi. Bu illərdə sovet ideologiyasına uyğun jurnalistika ənənələri formalaşmışdı. Yalnız 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə mediamız beynəlxalq informasiya məkanına inteqrasiya etməyə, dünyada formalaşan jurnalistika ənənələrindən bəhrələnməyə başladı, ölkədə azad media formalaşdı. Bunun üçün çox mühüm siyasi və hüquqi islahatlar həyata keçirildi, qanunvericilik bazası formalaşdırıldı".

Ə.Həsənov xatırladıb ki, 1998-ci ildə mətbuat üzərində senzura ləğv edildi. Daha bir il sonra "Kütləvi İnformasiya Vasitələri haqqında" Avropa standartlarına cavab verən Qanun qəbul olundu: "Bu demokratik islahatlar sırasına, həmçinin mətbuatın fəaliyyətinə nəzarət funksiyasını həyata keçirən nazirliyin ləğv olunması, "Televiziya və radio yayımı haqqında", "İnformasiya əldə etmək haqqında" qanunların qəbul edilməsi və digər tədbirlər daxildir. 2008-ci ildə media ilə bağlı daha bir mühüm hüquqi sənəd qüvvəyə mindi. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" adlanan bu sənəddə fikir, söz və mətbuat azadlığının inkişaf etdirilməsinin əsas müddəaları əksini tapıb. Bütün bunları sadalamaqda məqsədim odur ki, Azərbaycanda azad, demokratik, dünyəvi informasiya mühiti formalaşdırılması istiqamətində davamlı və məqsədyönlü iş aparıldığı barədə sizdə aydın təsəvvür yaransın. İndi Azərbaycan dövləti özünün daxili həyatını azad mediasız təsəvvür etmir. Hazırda ölkə mediası tam sərbəstdir və istənilən mövzuda yaza bilir, istədiyi məsələni qaldırır, ictimai müzakirəyə çıxarır".

Ə.Həsənov daha sonra bildirib: "Təsəvvür edin ki, Azərbaycanda 5 minə yaxın KİV qeydiyyatdan keçib, 40-a yaxın gündəlik, 300-dən çox həftəlik və aylıq qəzet, 100-dən çox jurnal, 55 televiziya və radio kanalı, çoxsaylı internet resursları, 20-yə yaxın informasiya agentliyi fəaliyyət göstərir. Ölkədə internetə giriş də tam sərbəstdir. Respublikanın ən ucqar regionunda belə həm mobil, həm də digər internet kanallarına çıxış var. Bu, eyni zamanda, ölkəmizdə sosial medianın əhatə dairəsinin genişlənməsinə şərait yaradır. Yalnız Facebook istifadəçilərinin sayı 1 milyon yarıma yaxınlaşır. Bu gün dünyada gedən qloballaşma proseslərində müasir media qarşısında mühüm vəzifələr durur. Onlar müəyyən problemlərlə, deyərdim ki, bəzən hətta ciddi, taleyüklü problemlərlə qarşılaşırlar. Kəskin rəqabət gedir. Əlbəttə, media qurumları arasında rəqabət təbiidir. Amma gərək bu rəqabət sağlam zəmin üzərində aparılsın, dünyada qəbul edilən dəyərləri gözdən salmağa deyil, onları daha da zənginləşdirməyə yönəlsin. Təəssüf ki, bəzən biz bunun əksi ilə qarşılaşmalı oluruq. Dünyada cərəyan edən hadisələr hətta çox nüfuzlu xəbər agentlikləri tərəfindən müxtəlif rakursda işıqlandırılır, siyasi mənafelərə uyğun şəkildə təqdim olunur. Bir sıra hallarda mediaya yoxlanılmamış və ya qərəzli informasiya, yaxud sifariş xarakterli informasiya yol tapır. Bu isə beynəlxalq aləmdə ikitərəfli münasibətlərə zərər vurur".

Onun sözlərinə görə, müxtəlif media qurumlarının, xəbər agentliklərinin əlbəttə, öz informasiya siyasəti var: "Bu belə də olmalıdır. Lakin obyektivlik, qərəzsizlik, faktın dəqiqliyi jurnalistika üçün çox vacibdir. Biz yalnız bu halda sağlam düşüncəyə əsaslanan ümumi anlaşmaya nail ola bilərik. Bu, xüsusən indi - bəşəriyyətin siyasi qarşıdurmalar, terrorizm, separatçılıq, dini ekstremizm, transmilli cinayətkarlıq kimi təhlükələrlə üzləşdiyi bir vaxtda daha vacibdir. İnsanların obyektiv informasiya ala bilməsi onlara təkcə öz ölkələrində deyil, həm də ümumən dünyada baş verən hadisələri doğru-düzgün qiymətləndirmək imkanı verir. Fikirlərimi tamamlayaraq sizə bu mötəbər iclasınızda səmərəli dialoq, qarşıya qoyduğunuz vəzifələrin həlli yollarının tapılmasında uğurlar arzulayıram. Hamınızı 2016-cı ilin noyabrında Bakıda keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresində görməyə şad olacağıq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.