Siyasət

Müxalifət xarici səfirliklərə "donos" ötürür

28 Fevral 2015 13:11
Baxış: 1 001

Partiya sədrlərinin fikrincə, böyük dövlətlər belə qüvvələrin davranışından yararlanmağa çalışırlar

Məlum olduğu kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, "Region" Beynəlxalq Analitik Mərkəzinin rəhbəri Razi Nurullayev partiyadan istefa verib. Keçirdiyi mətbuat konfransında o, AXCP sədri Əli Kərimlinin onu aşağılamasına etiraz əlaməti olaraq belə bir addım atdığını söyləyib. Qeyd edib ki, istefa verməzdən əvvəl AXCP sədri ilə onun evində görüşüb və bu barədə müzakirə aparıblar. Söhbət əsnasında Ə.Kərimli deyib ki, ABŞ və Böyük Britaniya səfirlikləri vasitəsilə müavininin hakimiyyətə işləməsi barədə məlumatlar əldə edib. AXCP sədri adıçəkilən səfirliklərin 3-4 ildir belə məlumatları topladıqlarını və yazılı şəkildə ona ötürdüklərini söyləyib. Düzdür, R.Nurullayev bütün bunları inkar edib, keçmiş sədrinə xəyanət etmədiyini bildirib, sadəcə, müstəqil fikirli, potensiallı siyasətçi olduğu üçün AXCP-də vurulduğunu deyib. Amma bununla belə, deyilənlər müxalifət partiyaları barədə bəzi ehtimallar yaradır. Birincisi, elə anlaşılır ki, Ə.Kərimli ABŞ və Böyük Britaniyanın ölkəmizdəki səfirliklərinin əlaltısıdır və burada yalnız onların maraqlarını güdür. Ona görə də həmin səfirliklər öz adamlarının ətrafını "qeyri-sağlam" qüvvələrdən təmizləyirlər. Belə münasibəti həmin səfirliklərlə hər hansı formada əlaqəsi olan digər müxalifət partiyalarına da şamil etmək olar. Digər ehtimal ondan ibarətdir ki, Ə.Kərimli ətrafındakı adamları belə bir vasitə ilə şantaj edir, qorxudur, kiminsə özündən irəli çıxmasının qarşısını alır. Əgər AXCP sədrinin keçmiş müşaviri Zərifə Məhəddinovaya qarşı vaxtilə "porno-kaset" şantajının olduğunu nəzərə alsaq, Ə.Kərimli üçün bu kimi vasitələrin bir ənənə halını aldığını da düşünmək olar.
Söylənilən versiyaların nə dərəcədə əsaslı olub-olmadığını öyrənmək üçün partiya sədrlərinin münasibətini öyrəndik.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev ABŞ və Böyük Britaniya kimi ciddi dövlətlərin Bakıdakı nümayəndələrinin Azərbaycanda siyasi müxalifətlə qeyd edilən səviyyədə yazışmalar həyata keçirməsini qeyri-real sayır. O bildirib ki, Azərbaycanda siyasi liderlərin ətrafını inandırmaq, yaxud yanlış yola istiqamətləndirmək üçün bu kimi məlumatlardan, belə taktikadan istifadə edirlər. Partiya sədri hesab edir ki, həmin dövlətlər Azərbaycanda müxalifətlə o tərzdə, o dərinlikdə əməkdaşlıq etməzlər: "Lakin mən başqa məlumatlar bilirəm ki, Azərbaycan müxalifətinin bəzi nümayəndələri özləri təşəbbüs göstərir, müxalifətçi yoldaşlarını çirkaba bulaşdırmaq, yaxud da adıçəkilən səfirliklərə xoş gəlmək üçün bərabər addımladıqları adamlar barədə "donos" ötürürlər. Onlar müxalifət formatının formalaşdırılması, bu barədə protokolun tərtibatı zamanı potensial rəqiblərini beynəlxalq dəstəkdən məhrum etmək üçün belə üsullardan istifadə edirlər. Fikrimcə, bütün hallarda belə çirkli üsullar ziyanlıdır. Nəzəri baxımdan o da mümkündür ki, böyük dövlətlər hökumətlərə, proseslərə təsir etmək üçün hansısa qüvvələrin davranışından, addımlarından yararlanmağa çalışırlar. Oturuşmuş dövlətlərin əksəriyyəti bu cür praktikadan tez-tez istifadə edirlər. Amma səfirliyin yazılı formada müxalifətə nə isə ötürməsinə inanmıram. Amma liderlər bəzən səfirliklərlə əməkdaşlığını mətbuatda qabartmaqla, cəmiyyətə və tərəfdarlarına ciddi dövlətlərin marağında olması barədə mesaj vermək məqsədi də güdə bilər".

Vəhdət Partiyasının (VP) sədri Tahir Kərimli isə mövzu ilə bağlı münasibətini açıqlayarkən, Azərbaycan müxalifətinin deqradasiyaya uğradığını, bu səbəbdən də böyük əsəbilik keçirdiyini diqqətə çatdırıb. O, müxalifətin sosial bazasının itirildiyini, keçmiş günlərin nostalji hisslərinə büründüklərini vurğulayıb. Partiya sədrinin fikrincə, müxalifət hər cür vasitələrə əl atır ki, keçmişi qaytarsın: "Bunun özü müxalifət üçün bir əsəbilikdir. Digər tərəfdən, vaxtilə radikal müxalifəti müdafiə edən xarici ölkə səfirlikləri də əsəbilik keçirməkdədirlər. Onlar müdafiə elədikləri şəxslərin Azərbaycan cəmiyyətində gözdən düşməsi ilə barışa bilmirlər. Bu səbəbdən həm müxalifətdə, həm də bəzi xarici səfirliklərdə bir cığallıq müşahidə olunmaqdadır. Bu, müxalifət partiyalarında hansısa aşınma ilə nəticələnir, daha çox avtoritarizmə yuvarlanırlar. Partiya sədri özündən başqa heç kimin fikirlərini qəbul etmir, istədiyi partiya üzvünü müstəqil düşüncəsinə görə cəzalandırır, tənqidə dözümsüzlük nümayiş etdirir, repressiyalara üstünlük verir və sair. Bununla yanaşı, həmin partiya liderləri öz fikirlərini sosial şəbəkədə, mediada ictimailəşdirmək üçün xarici dəstəyə də ehtiyac duyurlar. Dəfələrlə müşahidə etmişik ki, xarici ölkə səfirləri müxalifət partiyalarını görüşə dəvət edib, onlarla məxfi, mətbuata qapalı görüşlər keçirib, təlimatlandırıblar. İndi bu görüşlər sıx-sıx olmasa da, həmin partiyaların xarici səfirliklər vasitəsilə təlimatlandırılması indi də davam etməkdədir. Heç şübhə etmirəm ki, ABŞ və Böyük Britaniya səfirlikləri öz kəşfiyyatları vasitəsilə əldə etdikləri bəzi məlumatları Azərbaycandakı müxalifət partiyalarına da ötürürlər. Bununla onları öz maraqlarının müdafiəçisinə çevirir, verdikləri təlimatdan kənara çıxmağa qoymurlar. Ona görə də AXCP-nin keçmiş sədr müavini Razi Nurullayevin söylədiklərini təsdiq etmək üçün sübutu olmasa belə, bu, hər kəsə aydın mənzərədir. Azərbaycandakı bütün səfirliklər ölkədə gedən prosesləri yaxından izləyirlər. Amma onlar arasından bəziləri əldə etdikləri məlumatları təsir altına saldıqları müxalifət partiyalarına da ötürür, onları təlimatlandırır, bir növ səfərbər edirlər".

Kaspi.az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.