Siyasət

ABŞ-ı qara rəngli ərəb nağılı batırır

2 Mart 2015 00:10
0 Şərh     Baxış: 2 933

Səudiyyə Ərəbistanının dünya bazarlarında neft qiymətlərinin ucuzlaşmasının qarşısını almaq üçün əməli, yəni effektiv və konkret addımlar atmaq niyyətində olmadığını bəyan edəndə bu açıqlamaya ciddi əhəmiyyət verilməmişdi.
 

Doğrudur, Səudiyyə Ərəbistanı dünyanın ən iri neft hasilatçılarından və satıcılarından biridir, OPEK-in lider ölkəsidir və ümumiyyətlə, Fars Körfəzindəki monarxiyalar arasında şəksiz nüfuza malikdir.
 

Fəqət ABŞ da kiçik dövlət deyil və səudilərin ambisiyalarını puça çıxarmaq üçün yetərincə siyasi, iqtisadi, maliyyə və s. imkanlara malik qüdrətli imperiya sayılır.


Sayılır.
 

Belə deyil və səudilərin strategiyası özünü doğrultmağa başlayıb.
 

Birləşmiş Ştatlarda neft şirkətləri hasilatı rekord templərlə azaldır, minlərlə, on minlərlə işçiləri ixtisara salırlar. İnvestorlar isə ABŞ-ın neft sənayesinə sərmayə yatırmaq istəmirlər.
 

OPEK-in iyun ayında Ər-Riyadda keçiriləcək zirvə toplantısında Səudiyyə Ərəbistanının rəhbərliyi mövqelərini dəyişmək niyyətində deyil. Daha doğrusu, səudilər ötən ilin noyabrın 27-də açıqladıqları mövqelərində qalacaqlar və hasilatı azaltmayacaqlar.

Onların qətiyyətini neft bazarlarındakı vəziyyət daha da sərtləşdirir.
 

Sadəcə, ötən həftə Birləşmiş Ştatlarda 37 buruqda qazma işləri dayandırıb. "Baker Hughes Inc."in son hesabatına görə, hazırda ABŞ-da fəaliyyətdə olan buruqların sayı 2011-ci ilin iyul ayından bəri ən aşağı səviyyəyə düşüb və 1019-a bərabər olub. 2014-cü ilin dekabrın 5-dən bəri 556 buruqda qazma işləri dayandırılıb.
 

Aralarında "Royal Dutch Shell Plc" və "Chevron Corp." kimi nəhənglər də olan neft şirkətləri xərcləri sürətlə azaldırlar. Belə ki, son 4 ayda həmin şirkətlər xərclərində 50 milyard dollarlıq ixtisar ediblər.
 

Dünya bazarlarında "qara qızıl"ın ucuzlaşmasının dayanmaması ən böyük neft şirkətlərinə də ağır zərbələr vurub.
 

Məsələn, beynəlxalq "Moody's Investor Service" reytinq ağentliyi dünyada dəniz qazma işlərində lider olan "Transocean Ltd." korporasiyasının reytinqini "zibil" səviyyəsinə endirib.
 

Korporasiyanın borclarının ümumi səviyyəsi artıq 9 milyard dollara çatıb.

Xam neft hasilatının qismən azalmasının bir səbəbi də fevralda "qara qızıl"ın qiymətlərinin ötən ilin iyun ayından bəri 50 faiz geriləmənin 14 faizini bərpa edən səviyyədə bahalaşmasıdır.
 

Analitiklərin fikrincə, ABŞ-da neft hasilatının artımı apreldə dayanacaq. Birləşmiş Ştatların Energetika İnformasiyaları İdarəsi də 2015-ci illə bağlı hasilat proqnozunu sutkada 9,42 milyon barreldən 9,3 milyon barrelədək aşağı salıb.
 

Ekspertlər onu da vurğulayırlar ki, bu ilin 3-cü rübündə son 4 ildə ilk dəfə olaraq ABŞ-da hasilat həcmində geriləmə yaşanacaq.
 

Səudiyyə Ərəbistanının başladığı və OPEK-i də vadar etdiyi oyun bəhrəsini verir. Lakin bu oyuna görə OPEK çox baha qiymət ödəyib. Kartelə daxil olan ölkələrin xam neft satışlarından əldə etdikləri gəlirlər bu ilin sonunadək 37 faiz azalacaq.
 

İran istisna olmaqla OPEK üzvü olan 12 dövlətdən 11-də ötən ildəki 703 milyard dollarlıq toplam gəlir bu il ən yaxşı halda 446 milyard dollar təşkil edəcək.
 

Səudiyyə Ərəbistanının hökumətinin ötən ilin dekabrın 25-də yaydığı hesabata görə, bu ilin sonunadək krallığın büdcə kəsiri 3 dəfə artaraq ötənilki 54 milyard rialdan (14,4 milyard dollar) bu ilin sonunadək 145 milyard rialadək artacaq.
 

Səudilər bu ilin axırınadək neft hasilatının dəyişməməsi, yəni artırılmaması ilə bağlı OPEK üzvlərinin də ortaq mövqeyinə nail olub. Ər-Riyadın belə mövqeyi sadəcə, Venesuelanın sərt etirazlarına səbəb olmuşdu. Çünki dünya bazarlarında "qara qızıl"ın ucuzlaşması ilə yanaşı, kartelin hasilat səviyyəsini aşağı salmasından ən böyük itkilərə məruz qalmaqdadır.
 

Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, Venesuelanın ümumdaxili məhsulu bu ilin sonunadək təxminən 7 faiz aşağı düşəcək. Ölkə ağır vəziyyətdədir və Venesuela defolt, sosial partlayış astanasındadır.
 

Neftin ucuzlaşmasının ağır zərbələr vurduğu bir ölkə də İrandır. İki il ərzində İranın büdcəsi neft satışından əldə edilə biləcək 48 milyard dollardan məhrum olacaq.
 

OPEK üzvü olan dövlətlər hasilatı artırmaq fikrindədirlər və bununla bağlı Ər-Riyada təzyiqlər göstərərək niyyətlərinə çatmaq istəyirlər. Təşkilatın prezidenti Diezani Allison-Maduekenin dediyinə görə, kartel üzvü olan ölkələrin neft hasilatı nazirlərinin fövqəladə toplantısı istisna deyil.
 

Səudilər oyunlarının ilk mərhələsində qalib gəliblər, amma ABŞ ilə mübarizə hələ başa çatmayıb. Səudiyyə Ərəbistanı döyüşün birinci raundunda uğur qazanıb, bununla belə son qələbəyə hələ çox var. Dünya bazarlarında hələ də hasil edilmiş xam neft tələbatdan daha çoxdur. Qiymətlərsə OPEK rəqiblərini hasilatı daha da azaltmağa vadar edəcək səviyyədə aşağı düşməyib.
 

Üstəlik, qlobal iqtisadiyyatın neft hasilatından asılılığı daha da artacaq. Beynəlxalq Energetika Agentliyinin (İEA) hesablamalarına görə, ötən illə müqayisədə OPEK 2019-cu ildə sutkada 600 min barrel daha çox neft çıxarmalı olacaq.
 

"Qara qızıl" uğrunda böyük oyun davam edir.
 

Ərəblər bu oyunda sonadək davam gətirə biləcəklərmi - bilinmir.
 

Orxan Hun

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.