Siyasət

Deputat: "AŞ PA azərbaycanlı girovların azadlığı üçün bütün mexanizmlərə əl atmalıdır"

31 Yanvar 2015 12:35
Baxış: 711
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında müzakirə edilən əsas sənədlərdən biri - Daimi komitə və Büronun hesabatı zamanı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva da iştirak edib.

Trend-in məlumatına görə, o, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Assambleyaya ünvanlanan müraciətinin yekun sənəddə öz əksini tapması istiqamətində çıxışını Parlament Assambleyasının katibliyinə təqdim edib və həmin sənəd nəşr edilərək Avropa Şurası Parlament Assambleyasında yayılıb.

Millət vəkili bildirib ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qurulmuş separatçı erməni rejimi tərəfindən girov götürülən azərbaycanlılar Həsən Həsənov, Ş.Quliyev və D.Əsgərova qarşı bütün beynəlxalq normaları pozaraq insanlıqdan kənar əməllər həyata keçiriblər:

"H.Həsənov vəhşicəsinə qətlə yetirilib, Ş.Quliyev və D.Əsgərova qarşı əziyyət və işgəncələr verilməkdə davam edilir və onlara saxta məhkəmələr quraraq hələ də girov saxlamaqda davam edirlər və bu günə qədər azad etməyiblər. AŞ PA bu məsələyə özünün sərt münasibətini göstərməklə bərabər, girovların azadlığa çıxması istiqamətində addımlar atmalıdır. Onların ailələri çağırış səsləndirərək AŞ PA-dan bu istiqamətdə addımlar atılmasını gözləyirlər. Düşünə bilirsinizmi, 20 ildən artıqdır ki, öz evinə dönə bilməyən, onu görə bilməyən bir insan dözə bilməyib öz evini görməyə gedir və ona qarşı bu cür insanlıqdan kənar əməllər edilir, əziyyətlər verilir. Biz çox ciddi narahatlıq doğuran bu məsələnin də məruzədə, yekun sənəddə öz əksini tapmasını istəyirik. Eyni zamanda, qəbulundan 10 il keçməsinə baxmayaraq, 1416 saylı qətnamənin bu günə qədər yerinə yetirilməməsinin nəticəsidir ki, biz bu müzakirələri apardığımız günlərdə Ermənistan silahlı qüvvələrinin növbəti təxribat addımlarının qarşısını alan zaman 3 gənc insan, 3 azərbaycanlı həyatını itirdi. Əgər bu qətnamə həyata keçsəydi və Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilsəydi, bu gənc insanlar həyatını itirməzdi. Mən Assambleyamıza üz tutaraq bu məsələlərə daha həssas yanaşmağa, müzakirələr aparmağa və 1416 saylı qətnamənin yerinə yetirilməsi istiqamətində səyləri daha da artırmağa, Ermənistana bu istiqamətdə ciddi təzyiqlər göstərməyə çağırıram".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.