Siyasət

Budur sizin demokratiyanız, cənab Obama? - YENİLƏNİB - FOTO - VİDEO

28 Yanvar 2015 15:14
0 Şərh     Baxış: 5 507
14:57

"Hə də, belədir. Kimsə bu xoşagəlməz, pis rejimi düşmənləri arasında görmək istəməzdi. Amma bu rejimlə dost olmaq da, səmimi deyirəm, mümkün deyil. Amma Obama öz aləmində haqlıdır. ABŞ üçün Səudiyyə Ərəbistanı əsl dostlarından və ya diqqətə layiq müttəfiqlərindən də əzizdir. O səviyyəyə qədər ki, Obama onların, səudilərin qarşısında mil durur".

Bu sərt sözlər dünyaca məşhur britaniyalı jurnalist, yazıçı-publisist, CNN telekanalında əfsanəvi Larri Kinqi əvəzləmiş Pirs Morqanın yeni, "You wouldn't wish the vile Saudi regime on your worst enemy. But Obama is right - they are more important to us than most of our REAL friends. So get real and suck it up" ("Yaramaz Səudi rejimini qəfil düşmənləriniz arasında görmək istəməzdiniz. Amma Obama haqlıdır - onlar əks dostlarımızın əksəriyyəti ilə müqayisədə bizimçün daha önəmlidir. O səviyyəyə qədər ki, qarşılarında farağat dururuq") məqaləsindəndir.
 

Böyük əks-səda yaradan, sosial şəbəkələrdə aktiv müzakirə olunan məqaləni qısa ixtisarlarla təqdim edirik:
 

"ABŞ prezidenti Barak Obama tərkibində Con Kerri, Con Makkeyn, Kondoliza Rays və Nensi Pelosinin də olduğu ciddi, çoxsaylı nümayəndə heyəti ilə Səudiyyə Ərəbistanına yollanaraq dünyanın ən qəddar, müstəbid dövlət başçılarından birinin xatirəsini yad etdi.
 

Səudiyyə Ərəbistanının mərhum kralı Abdulla qadınlara çirkab kimi baxan, hətta qar adamlarını və dəbli saç düzümlərini yasaqlayan, insanları meydanda şallaqlayan, ölkədə insan haqları ilə bağlı bərbad duruma görə hakimiyyətə "gözün üstündə qaşın var" deyənləri edam edən rejimin başçısı idi.
 

Bütün bunlara 2001-ci ilin 11 sentyabr teraktlarında Səudiyyə Ərəbistanının vətəndaşları və qurumlarının iştirakı ilə bağlı çoxsaylı ittihamları da əlavə etsəniz, kral Abdullanın ölümünün amerikalıların çoxu üçün qəm yox, sevinc səbəbi olduğunu, bəlkə, anlayasınız.

Bütün bunlara rəğmən, Parisdə "Charlie Hebdo" qırğınını pisləyən yürüşə qatılmayan Barak Obama Ər-Riyada səhər qəzetinin dalınca qaçan Hüseyn Boltdan da sürətlə şütüyərək yollandı.
 

Orada isə Səudiyyənin kral ailəsinin üzvləri Barak Obamanın xanımı, Birləşmiş Ştatların birinci xanımı Mişel Obamaya əl də vermədilər.

Çünki Mişel Obama qadındır.

Qadınların avtomobil idarə etməsinin, küçəyə ailə üzvü olan kişi olmadan çıxmasının və seçkilərə qatılmalarının yasaqlandığı ölkə üçün təəccüblü hadisə deyil.
 

Obama Səudiyyə Ərəbistanında insan haqlarının ayaqlar altına salınmasını bilə-bilə bir kəlmə də demədi. O, islamı təhqir etməkdə suçlanaraq 10 il həbs və 1000 şallaq cəzası almış bloqer Raif Bədəvi barədə heç nə söyləmədi.

Halbuki Barak Obamanın üstündə titrədiyi söz azadlığı ilə bağlıdır bu məsələlər.

Budur sizin demokratiyanız, cənab Obama?!
 

Bəlalıdır, amma Obama haqlıdır.

İcazə verin, deyim niyə.
 

Dünən arvadımın Audi A5 avtomobilinin yanacaq çəninə Malibuda benzin vurdum. Kaliforniyada benzin bahadır. Birləşmiş Ştatlardakı orta qiymətlərlə müqayisədə təxminən 10 faiz baha.

Amma benzinə görə 39 dollar ödədim. Təəccübdən gözlərimi qırpırdım.

Halbuki 9 ay əvvəl elə həmin yanacaqdoldurma stansiyasında çəni tam doldurmaq üçün 67 dollar ödəmişdim.

Amerikada yanacaq ucuzlaşıb.
 

Ona görə təəccüblü deyil ki, Barak Obamanın ölkədəki reytinqi son 18 ayda ilk dəfə yüksəlib.

Yanacaqdoldurma stansiyasındakı qiymətləri görən amerikalılar sevinir və düşünürlər ki, bəli, Barak Obamanın iqtisadi siyasəti dürüstdür.

Obamanın az qala hər çıxışında o, iqtisadiyyatdan danışır.

Barak Obamanın populyarlığının artmasının səbəbkarları kimlərdir?

O? Ətrafı? Tərəfdaşları, işçiləri, məmurları?
 

Əsla.

Səbəbkar Səudiyyə Ərəbistanı, daha doğrusu, bu ölkədə çıxarılan neftdir.

Dünyadakı neft ehtiyatlarının 25 faizi Səudiyyə Ərəbistanındadır. Bu ölkə son vaxtlar elə sürətlə, şövqlə neft çıxarır ki, dünya bazarlarında qiymətlər sürəkli ucuzlaşır.

Onlar niyə belə edirlər?!
 

Nə qədər qəribə olsa da, Amerikanın neft sənayesinə zərbə vurmaq və bazarda payını artırmaq üçün.

Amerikada sürücülər ucuz benzindən vəcdə gəlir və anlamırlar ki, bununla demokratiyaya qənim kəsilmiş ölkələrdən birinin iqtisadiyyatına pullar axıdırlar.

Üstəlik, ABŞ-ın dəstəklədiyi Səudiyyə Ərəbistanının belə davranışı Rusiyada Vladimir Putinin başını dərdə salıb. Rusların dövlət budcəsinin gəlirlərinin 45 faizi neft satışlarının payına düşdüyündən Rusiya iqtisadiyyatı bərbad vəziyyətdədir.
 

İran iqtisadiyyatına ağlayan gərək.
 

Venesuelanı heç demirəm.
 

Bax, budur Obamanın ABŞ-dakı populyarlığının səbəbi, ölkə xaricində təsir imkanlarının artmasının təməli.
 

Səudiyyə Ərəbistanı İraq və Suriyada İŞİD terroruna qarşı mübarizədə, terrorçulara qarşı əməliyyatlarda Amerikanı dəstəkləyir.

Ona görə ABŞ və Səudiyyə Ərəbistanı müttəfiqdir.
 

Üstəlik, sələfləri ilə müqayisədə mərhum kral Abdulla pis adam deyildi.

Abdulla sərt mühafizəkardı, amma islahatların zəruriliyini anlayırdı.

Onu da unutmayaq ki, insan haqlarının qorunması məsələsində Birləşmiş Ştatlar ideal variant deyil.

ABŞ-ın bir çox ştatlarında edam cəzası hələ də var, terrorçuluqda şübhəli bilinənlərə işgəncələr verilir, adamlar heç bir ittiham və ədalətli mühakimə olmadan Quantanamo həbsxanasında saxlanılırlar.
 

ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanına getməli olduğu üçün, getdi.

Getməli idi.
 

O anlayır ki, Amerikanın milli maraqları və təhlükəsizlik məsələlərinin təminatında Səudiyyə Ərəbistanının dəstəyi ciddi məqamdır, çox mühümdür. Nə qədər acı olsa da, etiraf edlirəm ki, Britaniya və ya Fransa ilə münasibətlərdən də önəmlidir.

Bəzən həyatda olduğu kimi, siyasətdə də praqmat olmalıyıq.
 

Zaman bunu tələb edir".
 

Milli.Az


---------
15:14

Videonu izləmək üçün şəkilə klikləyin.

фото


---------
14:57
 

Böyütmək üçün şəkillərə klikləyin.

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.