Siyasət

Cənubi Qafqazda "əfqan təhlükəsi"

28 Yanvar 2015 13:32
Baxış: 930
Qlobal miqyasda müşahidə edilən geosiyasi proseslər Cənubi Qafqaz regionuna da təsirsiz ötüşmür. Burada həmin məkana coğrafi olaraq yaxın olan bölgələrdə cərəyan edən müxtəlif xarakterli hadisələri də nəzərə almaq lazım gəlir. Təcrübə göstərir ki, baş verənlərə Cənubi Qafqaz ölkələrinin hər biri özünəməxsus reaksiya verir. Ermənistan ənənəvi olaraq təhlükə və risk mənbəyi olaraq qalır. Onun Yaxın Şərq və Əfqanıstan istiqamətindən nüfuz edə biləcək radikal qruplar üçün açıq məkana çevrilməsi ehtimalı mövcuddur. Gürcüstan isə daha çox öz təhlükəsizliyini düşünür. Bu məqsədlə Tbilisinin Moskva ilə münasibətlərə düzəliş etməsinə çalışdığı da hiss olunur. Azərbaycan isə inamla əvvəlki xarici siyasət kursunu inkişaf etdirir.

Dəyişən şərtlər: region dövlətlərinin reaksiyası

Qərb-Rusiya qarşıdurmasının kəskinləşməsi müxtəlif regionlardakı geosiyasi vəziyyətə ciddi təsir edir. Böyük güclər maraqlarını müdafiə etmək üçün hər vasitəyə əl atır, hətta kəskin addımlar atmaqdan belə çəkinmirlər. Cənubi Qafqazda da bunu hiss etmək mümkündür.

İndi daha çox həmin məqam Gürcüstanda cərəyan edən hadisələrdə özünü göstərir. Rəsmi Tbilisi Avropaya inteqrasiya kursunu saxlasa da, Moskva ilə münasibətlərdə dönüş yaratmağa cəhdlər edir. Lakin bu, hələlik ölkədaxili siyasi mühitdə ziddiyyətlərin daha da qabarması ilə müşayiət olunur. Gürcüstanda bir sıra siyasi qüvvələr ölkənin Moskvaya getdikcə daha çox meyllənməsindən narahatdırlar.

Məsələ burasındadır ki, Tbilisi Ukraynaya yalnız humanitar yardım göstərmək fikrində olduğunu bildirib. Eyni zamanda, ölkə rəhbərliyi Rusiya prezidenti ilə görüşmək arzusunu da dilə gətirib (bax: Наира Айрумян. Грузинские страсти / Lragir.am, 29 dekabr 2014). Keçmiş prezident M.Saakaşvilinin tərəfdarları bunu dövlətin öz mövqeyindən geri çəkilməsi kimi qiymətləndirir, onun fonunda Gürcüstan hakimiyyətini kəskin tənqid edir.

Yaranmış vəziyyətə başqa bucaq altında baxdıqda isə Gürcüstan rəhbərliyinin kompromis axtarışında olduğunu hiss etmək mümkündür. Çünki burada təzyiqlər özünü göstərir. Bu haqda siyasi analitik C.Fridman bir qədər əvvəl öz fikrini bildirmişdi. O demişdi ki, "Moskva Baltikyanı, Gürcüstan və Polşaya təzyiqlərini genişləndirir" (bax: Андрей Сушенцов. США не сдерживают Россию / "МГИМО Университет", 26 dekabr 2014).

Lakin daha maraqlısı bu fikir ifadə edildikdən sonra baş verib. C.Fridman keçən ilin dekabrında Rusiyaya səfəri zamanı həmin mövqeyindən çəkilib. O hesab edir ki, nə ABŞ Rusiyanın qarşısını kəsir, nə də Kreml Gürcüstana təzyiq göstərir. Ekspertlər bu fərqləri təsadüfi hesab etməyib, məsələni Cənubi Qafqazdakı geosiyasi mənzərənin dəyişməsi ilə əlaqələndirirlər. Belə ki, rəsmi Tbilisiyə artıq Rusiya ilə ixtilafa girməmək tövsiyə olunur.

Bunun fonunda isə Rusiya ilə Ermənistanı birləşdirə biləcək dəmiryolu xəttinin çəkilməsi məsələsi müzakirə olunur. İndi Çeçenistan ərazisindən Gürcüstana belə bir çıxışın təmin edilməsi ideyası irəli sürülüb. Onun nə dərəcədə real olduğunu zaman göstərəcək. Ancaq əsas odur ki, bu istiqamətdə müəyyən axtarışlar davam edir.

Gürcüstanı bu cür addımlar atmağa məcbur edən konkret səbəblər vardır. Onlar Cavaxetiya, Abxaziya və Cənubi Osetiya faktorları ilə bağlıdır. Ukrayna nümunəsi göstərdi ki, Moskva lazım gəldikdə çox sərt addımlar ata bilir. Cavaxetiyadakı ermənilər sırasında Rusiya və Ermənistan vətəndaşları az deyil. Tbilisi qəbul etdiyi qərarlarla onları neytrallaşdırmağa çalışır. Ancaq Rusiya kimi böyük dövlətlə belə hallarda ehtiyatlı davranmaq lazımdır.

Maraqlıdır ki, Qərb də Gürcüstan rəhbərliyinə həmin məsələlərdə ehtiyatlı olmağı məsləhət görür. Belə çıxır ki, hazırda Rusiya-Gürcüstan münasibətləri Cənubi Qafqazı geosiyasi aspektdə çox həssas bir vəziyyətə gətirib çıxarıb. Ermənistan faktoru bu kontekstdə kifayət qədər ziddiyyətli təsir bağışlayır.

Sabitliyə təhlükə: İrəvan yeniləşə bilmir

Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv olduqdan sonra tamamilə Kremlin nəzarəti altına düşüb. Cənubi Qafqaz məsələsində də bunu müşahidə etmək olar. İndi Ermənistan üçün Rusiya ilə quruda əlaqə yaratmaq son dərəcə əhəmiyyətlidir. Bu baş verməsə, onun Avrasiya İqtisadi İttifaqına üzvlüyü öz mənasını itirmiş olur. Həmin səbəbdən rəsmi İrəvan Moskvanın Gürcüstan ərazisi vasitəsi ilə dəmiryolu xəttini işə salmaq cəhdlərini tam dəstəkləyir. Hətta buna silahlı yolla nail olunsa belə! Təbii ki, problemin bu aspektindən Tbilisi də xəbərdardır. Onun Ermənistanla münasibətlərinə həmin faktor ciddi təsir edir. Gürcüstan rəhbərliyi İrəvanla ehtiyatlı davranır.

Cənubi Qafqazda Ermənistanın geosiyasi roluna onun işğal etdiyi Azərbaycan torpaqlarından çıxmaq istəməməsi tamamilə mənfi məzmun verib. İrəvan bu istiqamətdə qeyri-konstruktiv xarici siyasətini davam etdirir. Rusiya tərəfdən təzyiqlərin artması, Əfqanıstandan gözlənilən "terror ixracı" və Yaxın Şərqdə baş verən son hadisələr Ermənistanı təhlükə mənbəyi kimi daha qorxulu edir.

İndi Ermənistan bu faktorların təsiri altında gözlənilməz addım ata bilər. Sirr deyil ki, son vaxtlar ekspertlər "əfqan təhlükəsi"ndən tez-tez danışmağa başlayıblar. Burada radikal dini qrupların Mərkəzi Asiyaya, oradan da yaxın regionlara nüfuz etməsini istisna etmirlər. Onların hədəfində Qafqaz da ola bilər. Çünki bu məkanda həm müsəlmanlar çoxdur, həm də o, mühüm geosiyasi rol oynayır. Ermənistan hakimiyyətinin bu fürsətdən yararlanmağa çalışmayacağına inanmaq çətindir. Onlar regionda süni surətdə məzhəb qarşıdurması yaratmağa, bu yolla da diqqəti Dağlıq Qarabağ münaqişəsindən yayındırmağa cəhd edə bilərlər. Eyni zamanda, Ermənistan Azərbaycan və Gürcüstanı bölgənin böyük dövlətləri ilə üz-üzə qoymaq istiqamətində də təxribatlar törədə bilər. Hətta erməni ekspertlər belə rəsmi İrəvanın müsbətə doğru dəyişə biləcəyinə inanmırlar. Onların sözlərinə görə, Ermənistan siyasi və geosiyasi yeniləşməyə qadir deyil (bax: Игорь Мурадян. Нейтралитет как последняя надежда / Lragir.am, 31 dekabr 2014).

Bu kontekstdə Yaxın Şərqdə cərəyan edən hadisələrin Cənubi Qafqaza təsiri məsələsini kənara qoymaq olmaz. Erməni terror təşkilatları radikal dini qrupların xidmətindən istifadə etməkdən çəkinməzlər. Xüsusilə İŞİD faktoru ciddi təhdidlərdən xəbər verir. Ermənistanın xarici siyasətində radikal qruplaşmalardan dəfələrlə yararlandığını nəzərə alsaq, məsələnin ciddiliyi daha aydın olar.

Ermənistanla əlaqəli bir məsələni də vurğulamağa ehtiyac duyuruq. Biz İranla münasibətlərdə meydana çıxa biləcək soyuqluğu nəzərdə tuturuq. Rusiya İrəvanın Tehranla yaxınlaşmasına həssaslıqla yanaşır. Digər tərəfdən, İranın Qərblə apardığı danışıqlarda irəliləyişin əldə olunması Tehran-Moskva-İrəvan xəttində münasibətlərin məzmununda dəyişikliklərə yol açır. O cümlədən Ermənistan İran üçün əvvəlki dərəcədə əhəmiyyətli ölkə sayılmaya da bilər. Bu əsasda radikal dini qrupların Cənubi Qafqaza sızması üçün əlavə şərait yaranmış olur.

Nəhayət, Azərbaycanın Cənubi Qafqazın geosiyasi mənzərəsinin formalaşmasında rolunu ayrıca vurğulamaq gərəkdir. Bakı müstəqil və konstruktiv xarici siyasəti ilə iki aspektdə regionun sabitliyinin təmini üçün böyük töhfələr verir. Onlardan biri iqtisadi inteqrasiyaya xidmət edən əlaqələrin yaradılması və inkişaf etdirilməsidir. Bunun üçün müxtəlif növ nəqliyyat əlaqələri həyata keçirilir. Asiya ilə Avropa arasında əməkdaşlığı təmin edən layihələr reallaşdırılır. Məsələn, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən dəmiryolu xətti inşa edilir.

Digər məqam enerji təhlükəsizliyinin təmini istiqamətində Azərbaycanın aktiv proqramlar həyata keçirməsi ilə bağlıdır. Son olaraq "Cənub qaz dəhlizi" adlı layihənin təməli qoyulub. Rəsmi Bakı həmin istiqamətdə siyasətini daha da genişləndirmək niyyətindədir.

Maraqlıdır ki, Azərbaycan indiki şəraitdə belə götürdüyü xarici siyasət kursundan zərrə qədər də kənara çəkilməyib. Gürcüstan və Ermənistan yeni şərtlərə adaptasiya olmaq üçün yollar axtarır, manevrlər etməyə çalışırlarsa, Azərbaycanın buna ehtiyacı yoxdur. Çünki ölkənin xarici siyasəti təməlindən düzgün və strateji məqamları nəzərə alınaraq qurulub.

Beləliklə, hazırda qlobal geosiyasətdə baş verən hadisələrə Cənubi Qafqaz ölkələri fərqli reaksiya verirlər. Ermənistan daha təhlükəli faktora çevrilirsə, Gürcüstan isə təhlükəsizliyini təmin etmək üçün müəyyən addımlar atmağa çalışırsa, Azərbaycan xarici siyasətini dəyişmədən inamla davam etdirir.

Newtimes.az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.